Azərbaycana qarşı ərazi iddiaları

 

Ermənilər Dağlıq Qarabağı, gürcülər qərb rayonlarını tələb edirdi

 

(Əvvəli ötən sayımızda)

 

 (Ermənilər Azərbaycan xalqının tarix və mədəniyyətinə dair fakt və həqiqətləri saxtalaşdırmaqla bərabər abidələrin görünüş və yazılarını da "erməniləşdirmişlər": 1.Əxi Təvəkkül zaviyəsi. XII-XIII əsrlər. Ermənilər bu abidəyə süni şəkildə xaç əlavə etmişlər. 2. Daş heykəl. Ağdamın Boyəhmədli kəndi. Heykəlin "erməniləşdirilmiş" variantı; 3. Daş heykəl. Bərdə. Ermənilər bu heykəli də saxtalaşdırmışlar)

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmaqdır. Erməni "siyasətçilərinin" susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu, siyasətçilər onları qabağa verdilər. (bu erməni separatçılığının tarixi ənənəsidir!). Tanınmış erməni yazıçısı M.Şaginyan (1888-1982) Dağlıq Qarabağ adlı kitabça (1927) çap etdirdi. Bu, kitabçada tarixi həqiqəti açıq-aşkar təhrif etdi. Ümumiittifaq oxucusuna saxta və tendensiyalı məlumat verdi.  1920-30-cu illərdə istədiklərinə nail ola bilməyən ermənilər 1941-1945-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Qr.Arutinov İ.Stalinə müraciət edərək Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti adı altında Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı. Həmin müraciətin mətnini Ümumiittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi G.M.Malenkov 1945-ci il 28 noyabrda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırova göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz rəyini bildirməsini ona təklif etdi. Bağırov bununla əlaqədar 1945-ci il dekabrın 10-da cavabını Moskvaya bildirdi. Bağırov cavabında yazırdı: "Tam məxfidir. Malenkov yoldaşa.  Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın Arutinov yoldaşın Dağlıq Qaabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumatverirəm: Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.  1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur.  1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir.  Müsavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərarası qırğının nəticəsində Azərbaycanın və Ermənistanın bir çox şəhərləri kimi, Şuşa da dağıdılmış və xarabalığa çevrilmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi.  1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan  Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.  Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir.  Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri - DQMV-nin hazırkı mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir.  Azərbaycan SSR-in bütün ali təhsil məktəbləri və texnikumları tələblərinin 20,5%-ni, əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir.  Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri - Azərbaycan K (b) P MK-nın katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.  Bununla belə, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin  Ermənistan SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən  azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.  Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır.  Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülmüşdür.  Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu  kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.  Eyni zamanda, ÜİK (b) MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Bu rayonların mədəni və  iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitinin və ona mədəni-siyasi işini yaxşılaşdırmağa imkan yaradardı.  ÜİK (b) MK-dan yuxarıda göstərilənlərdən əlavə, aşağıdakı məsələlərə baxılmasını xahiş edirik.  Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in  Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini  qoyurlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda, cəmi 9.000 gürcü-inqiloyun yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-in,  demək olar, yalnız azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.  Və nəhayət, biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə qatılması məsləsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir.  Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK (b) P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.   Azərbaycan K (b)P MK katibi M.S.Bağırov  10 dekabr 1945-ci il N=330, Bakı şəhəri"   Bu cavab bir sıra tədqiqatçıların diqqətini cəlb etmiş və onun barəsində müəyyən mülahizələr söylənmişdir. Lakin buna yenidən qayıtmağa ehtiyac vardır. Hər şeydən əvvəl: 1)O zamankı partiya bürokratiyası şəraitində Malenkovun təklifi kimi mürəkkəb məsələyə qısa müddətdə cavab verilməsi diqqəti cəlb edir. Bu göstərir ki, belə bir təklif Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi üçün gözlənilməz olmamışdır. 2)Mətnin siyasi, elmi-tarixi və tekstoloji təhlili də zəruridir. Bunların üzərində ləngimədən bir vacib məqama diqqət yetirək. Buradan aydın olur ki, bəzən iddia olduğunun əksinə olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən heç zaman qaçmamış, əksinə, ən yüksək səviyyədə onun müzakirəsinə və konkret təkliflərlə çıxış etməyə hazır olmuşdur və s. Məhz belə bir əsaslandırılmış mövqe o zaman Moskvanı Azərbaycana təzyiqdən çəkindirmişdi. Bununla belə, Ermənistan rəhbərliyi məqsədindən əl çəkməmiş, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən öz ata-baba torpaqlarından kütləvi surətdə deportasiyasına nail ola bilmişdi.  Lakin ermənilər bununla da Dağlıq Qarabağla bağlı separatçılıq fəaliyyətindən əl çəkmədilər. 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin "imzaladığı" petisiya Moskvaya təqdim edilmiş, bunun əsasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyi Ermənistan və Azərbaycana bu barədə məsələ hazırlamağı tapşırmışdı. Erməni separatçıları belə hesab edirlər ki, buna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə onun cəsarətli və qətiyyətli mövqeyi sayəsində ermənilərin separatçılıq təşəbbüsləri və bu niyyətlə Mərkəzdə göstərdikləri fəaliyyət uzun müddət heç bir nəticə vermədi.  SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbulu zamanı da ermənilər eyni inadla bu problemi ortaya atmağa çalışdılar. Lakin bu dəfə də heç nəyə nail ola bilmədilər. H.Əliyevin qətiyyəti sayəsində onun Azərbaycana rəhbərliyi (1969-1982) və SSRİ rəhbərlərindən biri olduğu dövrdə (1982-1987) erməni separatçılarının niyətlərinin canlanmasına yol verilmədi. 1984-cü ildə İrəvanda Z.Balayanın "Ocaq" kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırdı.   Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə  çap edilmişdir 

 

 

"Qarabağ real tarix-faktlar-sənədlər" kitabından

 

Olaylar.- 2010.- 23-25 oktyabr.- S. 15.