«İnsan alveri
bazarı bağlanmalıdır»
«Azərbaycanda uşaq əməyinin
istismarı geniş yayılıb»
Bəzi hesabatlarda Azərbaycanın traffikinq
qurbanlarının seksual və fiziki istismarında resurs
ölkə olmaqla bərabər, həmçinin traffikinq
marşrutunda tranzit ölkə olduğu bildirilir. Azərbaycan, Rusiya, Mərkəzi
Asiya ölkələrindən olan qadınlar Azərbaycan ərazisindən
keçərək Birləşmiş Ərəb Əmirliklərinə,
Türkiyə və Pakistana gətirilərək burada seksual
istismara məruz qalırlar. Fiziki istismara məruz
qalan kişilər isə, bir qayda olaraq, Türkiyə və
Rusiya ərazisində ucuz işçi qüvvəsi kimi
istifadə olunurlar. Bir sözlə, Azərbaycan
insan alverinin təyinat və tranzit ölkəsi, həm də
mənbəyidir.
Traffikinqlə
mübarizə üzrə Milli koordinator, daxili İşlər
nazirinin müavini Vilayət Eyvazov Milli Məclisdə hesabatla
cıxış edərkən bu faktı təsdiqləyərək
bildirib: «Traffikinq problemi hələ də hüquq-mühafizə
orqanlarının fəaliyyətində aktual olaraq qalır,
bu sahədəki cinayətlərin sayı artır».
Bütün sadalananlar, insan alveri kimi ciddi bir cinayət və
onun nəticələri ilə mübarizə istiqamətində
həyata keçirilən addımların zəruriliyini bir
daha təsdiqləyir.
Traffikinqlə mübarizyə öz töhfəsini vermək
məqsədilə "İnsan alveri qurbanlarına hüquqi
yardım" layihəsi həyata keçirilib. Layihə 3 mühüm
istiqaməti əhatə edib: Əhalinin maarifləndirilməsi,
qurbanlara hüquqi və mənəvi- psixoloyi yardım və problemin
mətbuatda necə əks edilməsinin, eləcə də,
traffikinqlə bağlı məhkəmə işlərinin
monitorinqi. İki il müddətində davam edən
layihə öz fəaliyyət dairəsinə təkcə paytaxtı
deyil, həmçinin traffikinq hallarının qeydə
alındığı bir sıra regionları - Sumqayıt, Gəncə,
Lənkəran, Mingəçevir, Şəmkir, Tovuz,
Xaçmaz, Şirvanı da daxil edib».
Məlumdur ki, traffikinq kimi ciddi bir problemlə mübarizə
qurbanlar, hüquq mühafizə orqanları və vətəndaş
cəmiyyənin birgə əməkdaşlığı ilə
aparılanda səmərə verə bilər. Bu əməkdaşlıq
qurbanların aşkar və müəyyən edilməsi, cinayət
hallarının araşdırılması və insan
alverçilərinin cəzalandırılması, ən nəhayət,
bu halların qarşısının alınması
üçün maarifləndirmə işlərinin aparılması
üçün zəruridir. İnsan
alveri qurbanlarına hüquqi yardım layihəsi mübarizənin
məhz preventiv mərhələsində əhəmiyyətli
addımlar atmağı nəzərdə tutulub.
Layihədən
birbaşa bəhrələnəcək hədəf qrupuna traffikinq
qurbanları – insan alverindən zərər çəkmiş
insanlar, eləcə də potensial qurbanlar- risk qrupuna aid olan küçə uşaqları,
dilənçilər, evsizlər, müxtəlif ziyanlı vərdişlərin
asılılığında olanlar, dolanışıq
ucbatından və ya ailədə üzləşdikləri
zorakılıqdan daimi yaşayış yerlərini tərk
edib şəhərə gəlmiş uşaq və yeniyetmələr
daxildir.
Qadın alverçilərinin
çoxlu adı və pasrortu olur
İnsan alverinin bir çox hallarda qrup şəklində
və ya himayədarların köməkliyi ilə həyata
keçirildiyi bildirilir. Ən gəlirli sahə olan bu alverlə vəzifəli
şəxslərin də məşğul olduğu istisna
edilmir. Ancaq nədənsə insan alverinə
qarşı mübarizə təbdirləri aparıldıqda
bir dəfə də olsun hər hansı vəzifəli
adamın adı hallanmayıb. Bu faktlar
öz təsdiqini tapmasa da bir çox ekspertlər və
ictimaiyyətin nümayəndələri sözügedən
insanların bu işdə əli olması
gümanındadı. "Hüquqi
Dövlət" Araşdırmalar Fondunun rəhbəri
Müzəffər Baxışov indiyədək insan alveri
cinayətlərinin törədilməsinə görə Azərbaycanda
bir nəfər də olsun vəzifəli şəxsin cinayət
məsuliyyətinə cəlb edilib cəzalandırılmadığını
bildirir. O, buna görə cəzaların sərtləşdirilməsini
vacib məsələ sayır: "Araşdırmalar göstərir
ki, bu cinayətin törədilməsində bu və ya digər
vəzifədə çalışan vəzifəli şəxslər
də iştirak edir. Hətta onlar bu cinayətlərin
törədilməsinə kömək də göstərirlər.
Bütün dünyada qanunsuz narkotik və silah
dövriyyəsindən sonra insan alveri cinayətləri gəlirliliyinə
görə üçüncü yerdə durur. Bu baxımdan biz hesab edirik ki, Azərbaycanda insan
alveri cinayətləri üzrə obyektiv araşdırmalar aparılmır.
Həmin cinayətin törədilməsində
iştirakçı olan, yaxud həmin cinayətin törədilməsinə
kömək göstərən, təşkilatçılıq
edən bütün şəxslərin cinayət məsuliyyətinə
cəlb olunması təmin edilmir. Araşdırmalar
zamanı məlum olub ki, insan alverçilərinin əksəriyyəti
soyadlarını və istifadə müddəti başa
çatmadan pasrortlarını bir neçə dəfə dəyişən,
qeydiyyatda olduğu ünvanda yaşamayan, daimi iş yeri
olmayan, dəfələrlə xarici ölkələrdə
olan, daha çox 25-40 yaşlarındakı qadınlardır. İnsan alverçilərinin yüngül cəza
almasının səbəbinə gəldikdə isə bir
qayda olaraq cinayət məsuliyyətinə qadınların cəlb
edilməsi əsas amil kimi qeyd olunur. Əsaslandırma
ondan ibarət olur ki, ya onların səmimi peşmançılığı,
ya qadınların himayəsində azyaşlı və ya yetkinlik
yaşına çatmayan uşaqların olması nəzərə
alınır, yaxud təqsirləndirilənlərin qadın
olması nəzərə alınıb yüngül cəzalar
verilir. Ancaq bəzi müşahidəçilərə
görə, burada rüşvət amili də rol oynaya bilər».
M.Baxışov deyir ki, Azərbaycanda bir qayda olaraq hakimlərin
bu və ya digər cəzanın təyin edilməsində
maraqları olur: "Təcrübə də göstərir
ki, ya onlara siyasi sifariş verirlər, ya da külli miqdarda
rüşvət alıb bunun müqabilində yüngül cəzalar
təyin edirlər. Ancaq əlimizdə fakt
olmadığı üçün yalnız mülahizə əsasında
nəsə söyləmək olar. Azərbaycanda insan
alverinə qarşı mübarizə sahəsində heç
bir iş görülmədiyini demək də ədalətsizlik
olar. Ancaq problemlər də çoxdur. Məsələn,
hökmləri araşdırarkən məlum olur ki, eyni adam bir neçə dəfə
başqa-başqa şəxslərin adından ümumvətəndaş
pasrortu alıb. Bizi maraqlandırır ki, nəyə
görə indiyə kimi bir nəfər vəzifəli şəxs
məsuliyyətə cəlb olunmayıb".
Reallıqda bunu sübut etmək
çətindir
Vəkil
Osman Kazımov da insan alveri ilə bağlı baş verən
cinayətlərin arxasında bəzi vəzifəli şəxslərin
dayandığına şübhə etmir: "Məhz həmin
şəxslər bu cür cinayətlərə
"yaşıl işıq" yandırırlar. Ancaq Azərbaycan reallığında bunu sübut
etmək çox çətindir. Bəzən
zərərçəkmiş qismində elə şəxslər
təqdim olunur ki, hətta məhkəmə istintaqının
gedişində həmin şəxs Azərbaycanın
hüdudlarını aşıb fahişəlik etmək
üçün qonşu ölkələrə gedir. Bu barədə məhkəmə istintaqında
konkret faktlar var. Təbii ki, bu da həmin şəxslərin
himayə olunmasından xəbər verir".
"Qadın
Krizis Mərkəzi"nin rəhbəri Mətanət
Əzizova deyir ki, rəsmi statistikadakı rəqəmlərin
çoxu insan alverinə aid deyil: "Sutenyorluq və insan
alverçiliyi tam ayrı-ayrı cinayətlərdir. Çox təəssüf ki, bu gün beynəlxalq təşkilatlara
Azərbaycanda insan alverinə qarşı mübarizənin tam
həyata keçirildiyini sübut etməkdən ötrü
bu rəqəmləri təqdim edirlər. Eyni
zamanda belə fikir formalaşıb ki, insan alveri qurbanları
fahişəliklə məşğul olan insanlardır. Bu səbəbdən mənim fikrim var ki, 2009-cu ildə
keçiriləcək məhkəmə işlərinin insan
alverinə aid olub-olmadığını araşdırım.
Mümkündür ki, bəzi hakimlər də
məhz bu səbəbdən təqsirləndirilənlərlə
bağlı yüngül cəza çıxarırlar".
M.Əzizova
hökmlərin çıxarılması vaxtı maddi
marağın rol oynadığını da istisna etmədi:
"Cinayət işi qaldırılarkən iki maddə ilə
iş açılır, fahişəlik və insan alveri maddəsi
əsasında. Bu maddələrdən biri
yüngül, digəri ağır cəzanı nəzərdə
tutur. Görən nə maraq var ki, iki maddə
üzrə araşdırma gedir? Deməli,
burada maddi maraq rol oynayır. Bu gün
barmaqla sayılası dövlət strukturları və QHT-lər
var ki, insan alverinin nə demək olduğunu bilir. Çox təəssüf ki, bunu polis strukturları da bilmir".
"Təmiz
Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova
hesab edir ki, məhkəmələrin yüngül qərar
çıxarmasının bir səbəbi xarici ölkələrdə
hərtərəfli araşdırmaların aparılmasında
problem olması ilə əlaqədardır: "Digər tərəfdən,
insan alveri qurbanları özləri də
hüquqlarının qorunmasında fəal olmurlar. Bəzi hallarda onlar insan alverçiləri ilə
sövdələşməyə də gedirlər".
M.Zeynalova insan alverinə qarşı mübarizədə
əvvəlki dövrlərlə müqayisədə xeyli
işlərin görüldüyü qənaətindədir.
"Böyükləri cəzalandırmaq
vaxtıdır"
Ancaq insan alverinin qurbanları təkcə böyüklər,
daha doğrusu, qadınlar deyil. Dünyanın bir
çox ölkələrində olduğu kimi, Azərbaycanda
da uşaq əməyinin istismarı geniş yayılıb.
Ancaq qəribəsi odur ki, indiyədək bu
faktlarla bağlı heç bir məhkəmə istintaq
araşdırması ararılmayıb.
Azərbaycan
Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də
hesab edir ki, bu gün uşaqları dilənçiliyə
sövqetmə halları getdikcə artır: "Bizdə
valideynləri tərəfindən əməyi istismar olunan
uşaqlarla bağlı faktlar var. Tərəfimizdən bu
istiqamətdə təhqiqat işləri aparılır və
araşdırmalar gedir. Biz öz
hesabatımızı hazırlayıb DİN-ə təqdim edəcəyik.
Hazırda küçə uşaqları ilə
işləyirik. Konkret olaraq iki qardaşla
bağlı araşdırmamız var və onlara insan alverinin
qurbanları demək olar".
K.Ağazadə də uşaq əməyinin istismarı
ilə bağlı cinayətlərin
araşdırılmamasını anormal hal sayır. O da hesab edir ki, artıq
uşaqları istismar edən böyüklərin cəzalandırılması
vaxtı çatıb: "Küçə uşaqları potensial
risk qrupuna daxil olan şəxslərdir. Biz bu
istiqamətdə BŞBPİ ilə də əməkdaşlıq
edirik. Eyni zamanda 24 saat ərzində
"qaynar xətt"imiz insanlara hüquqi, mənəvi, psixoloyi
yardım göstərir".
Ancaq reallıqlar görülən işlərin yetərli
olmadığı qənaətini yaradır. Bununla belə,
DİN-də İnsan Alverinə Qarşı Mübarizə
İdarəsinin yaradılması mütəxəssislər tərəfindən
müsbət qəbul olunur. Güman olunur
ki, əgər belə bir qurum yaradılıbsa və ortada
müəyyən fəaliyyət varsa, deməli, gələcəkdə
insan alverinə qarşı daha ciddi mübarizə aparılacaq.
Ən azından insan ticarətindən bəhs olunan hesabatlarda
Azərbaycanın adının qabarıq göstərilməsinə
son vermək baxımından bu mübarizəyə ciddi ehtiyac
var. Millət və dövlət adına
böyük ayıb olan bu "bazarı" qapatmaq gərəkdir.
Yaqut
Azərbaycan Respublikası Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunur
Olaylar.- 2010.- 26
oktyabr.- S. 13.