Uşaqlar niyə intihar edir? 

 

Psixoloji gərginlik, stress, uşaqların xüsusi ideologiyaya meyllənmələri intihara yol açır

 

Son illər Azərbaycanda uşaqlar arasında intihar hallarının artması müşahidə olunur. Baş verən intihar hadisələrinin səbəbləri müxtəlifliyi ilə fərqlənir. Fakt olan odur ki, azyaşlılar arasında intihar halları çoxalmaqda davam edir. Təhsil Nazirliyi intihar hallarının qarşısının alınması məqsədilə orta məktəblərdə psixoloqların keyfiyyətinin artırılması üçün xüsusi tapşırıqlar verib. Nazirlikdə hesab edirlər ki, psixoloqlar uşaqlarla daha ciddi məşğul olmalıdır. Mətbuatda uşaqların intiharı ilə bağlı yayılan məlumatlara görə, təkcə 2009-cu ildə 29 məktəbli intihar edib. Reallıqda isə uşaq intiharı ilə bağlı rəsmi statistik məlumatları əldə etmək qeyri-mümkündür. Hüquq mühafizə orqanları ümumiyyətlə intiharlarla bağlı statistikanın aparılmadığını bildiriblər. 2010-cu ildə uşaqlar arasında baş verən intihar halları doğrudan ba bu məsələ ətrafında ciddi düşünməyi tələb edir. Belə ki, cari ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin müdavimi intihar edib. Məktəbdən verilən məlumata görə, martın 30-da axşam yoxlanışı zamanı 1-ci kursun müdavimi, 18 yaşlı Tağıyev Ayxan Qəmbər oğlu sırada olmayıb. Müdavimin axtarışı zamanı onun meyiti məktəbin həyətində ağacdan asılmış vəziyyətdə tapılıb. Müdavimin özünü asaraq intihar etdiyi bildirilir. Onun hansı səbəbdən bu addımı atdığı hələlik məlum deyil. Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.

Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə saat təxminən 8:30 radələrində 129 saylı orta məktəbin həyətində törədilib. 1989-cu il təvəllüdlü Elxan Kərim oğlu Nəbiyev özünü məktəbin həyətindəki ağacdan asıb. Hadisə barədə dərhal Nizami RPİ-nin 24-cü polis bölməsinə məlumat verilib. Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsindən verilən məlumata görə, Yasamal rayon sakini, 16 yaşlı Adil Qurban oğlu Sadıxlı özünü Yeni Yasamalda qəsəbəsində təhsil aldığı 286 saylı orta məktəbin həyətindəki ağacdan asaraq intihar edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, A.Sadıxlının intihar etməsinə səbəb istədiyi qızdan rədd cavab alması olub.

10 yaşlı Səid Fəxrəddinov yaşadığı binadan özünü ataraq intihar edib. Valideynləri iddia edirlər ki, o, oxuduğu məktəbdə döyüldüyü üçün özünə qəsd edib. Anasının bildirdiyinə görə, oğlu ilə otaqda tək imiş, o, bütün günü baş ağrısından əziyyət çəkən oğlunu izləyib. Uşaq kompyuterin arxasına keçəndə anası qabları yumaq üçün mətbəxə gedib. O, mətbəxdə olanda isə Səid pəncərəni açaraq özünü yaşadıqları binanın dördüncü mərtəbəsindən aşağı atıb. Valideynlər hətta, müəllimlərdən birinin onların övladına qarşı seksual xarakterli zorakılıq törətdiyini bildiriblər. 

  Ekspertlər uşaqlar arasında intiharların artmasını müxtəlif səbəblərlə əlaqələndirirlər. Onların qənaətincə, uşaq intiharlarının sayının artmasını psixoloji gərginlik, stress, uşaqların xüsusi ideologiyaya meyllənmələriylə əlaqədardır. Ailələrin sosial vəziyyəti, uşaqların müxtəlif dini cərəyanların təsiri altına düşməsi, sevgi məcaraları ən nəhayət psixoloji problemlər azyaşlıların intiharına səbəb olan amillərdəndir. Təsadüfi deyil ki, intihar edən uşaqlar əsasən uğursuz ailələrdən çıxanlar, zorakılığa məruz qalanlar olur. Digər məsələ ondan ibarətdir ki, ailələrin çoxunda uşaqların problemlərinə yanaşma tərzi formalaşmayıb.

Bəzi valideynlərin dünyagörüşü azdır, uşaqlara az vaxt ayırırlar. Uşaqlar problemlə qarşılaşanda kimə, hara müraciət etmək lazım olduğunu bilmirlər. Valideynlər həmin problemləri yeniyetməlik dövrü ilə izah edir onların keçici olması ilə əlaqələndirirlər.

Psixoloq uşaqlar arasındakı intiharları stress, ailədə məktəbdəki ayrıseçkilik, ailədaxili münaqişələr, sevgi stressləri, uşaqlara qarşı seksual zorakılıqlar, uşaqların asudə vaxtının düzgün təşkil olunmaması ilə əlaqələndirir.

O da faktdır ki, aşağı səviyyədə sosial müdafiə uşaqların fiziki, psixoloji seksual təzyiqlərdən qorunmasına mane olur.

Etiraf edilməlidir ki, ölkəmizdə uşaqlara qarşı zorakılığın qarşısını ala biləcək mükəmməl sistem yoxdur. Bu sistemi yaratmağa əsasən qeyri-hökumət təşkilatlarından bəzi cəhdlər var. Amma hal-hazırda konkret işlək bir mexanizm müəyyən edilməyib.

Psixoloqların fikrincə, övladları zorakılıqla üzləşmiş valideynlər bəzi hallarda polisə belə müraciət etmirlər. Çünki burdakı sistem gənc qurbanların psixologiyasına əlavə zərbələr vurur. Hətta uşaqlara qarşı zorakılıqların üstünün açılmasında valideynlərə yardım edə biləcək sosial işçilər yoxdur. Ona görə bu məsələdə ailə-məktəb münasibəti müəyyən rol oynaya bilərdi ki, hələlik bu əməkdaşlığın mövcudluğundan danışmağa dəyməz. Hazırki şəraitdə valideyn-məktəb əməkdaşlığı da çox zəifdir. Azərbaycan ailəsinin qapalılığı da buna təsir göstərir. Bu qapalılıq psixoloqların uşaqlarla birgə işləməsinə əngəl olur. Orta məktəblərdə psixoloqların işləməsi üçün lazımi şərait yoxdur.

Nəticə etibarilə cəmiyyətdəki fərdiləşmə, insanların bir-birlərinə ətrafda baş verənlərə soyuqluğu uşaqların özünə qapanmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, psixoloji problemləri olan, intihara meyilli uşaqlardakı dəyişiklikləri valideyn müəllimlər çox vaxt müəyyən edə bilmir, bu hallara diqqət yetirmirlər. Əslində isə bu vəziyyəti aşkar etmək elə çətin məsələ deyil. Məlumdur ki, intihar etməyi fikirləşən uşaqlar özünə qapanır, səliqəsiz geyinir, ya çox yatır, ya da gecələri yatmır, xəyallara dalır, ətrafındakılara baş verən hadisələrə diqqətsiz olur, gündəlik tutur, ən çox sevdiyi əşyaları başqalarına bağışlayırlar.

İntihar etmək fikrində olan uşaqlarda intihar üçün lazım olan alətlərə maraq oyanır, intiharla bağlı məlumatlar toplayır, bu barədə filmlərə baxırlar. Məhz belə uşaqların ortaya çıxarılmasında məktəb psixoloqları əsas rol oynamalıdır. Məlumata görə, məktəblərdə 100-150 şagirdə bir psixoloq düşməli olduğu halda, Bakının məktəblərində bəzən 1500 şagirdə bir mütəxəsis düşür.

  Digər qrup psixoloqlar hesab edirlər ki, intiharın baş verməsində ən əsas səbəb yeniyetməlik dövrünün psixoloji problemləridir. Şagirdlər o zaman intihar edirlər ki, üz tutmağa bir ünvan görmürlər. Bir çox hallarda isə intihar ümidsizlikdən baş verir. Uşaq ətrafında bir kimsə olmadığını görəndə, yalqızlıqdan çıxış yolunu özünü öldürməkdə görür. Uşaq elə hesab edir ki, mənəvi əzablardan qurtarmağın yolu elə budur. Araşdırma zamanı məlum olub ki, ailələrdə yaranan qeyri-normal psixoloji durum, valideynlər tərəfindən uşaqların başa düşülməməsi, onlara lazimi diqqət və vaxt ayrılmaması intiharlara səbəb ola bilər. Ona görə, müəllimlər ailəsindəki münasibətlərə görə, psixoloji sarsıntı keçirən uşaqların problemini duya biləcək qədər təcrübəli olmalı və hər bir uşağa, ailəyə fərdi yanaşmalıdır. Təəssüf ki, hələ də müəllim-valideyn, valideyn-psixoloq münasibətləri o səviyyəyə çatmayıb ki, intihar hallarının qarşısını ala bilsin. Bir çox hallarda isə valideynlər psixoloqlara müraciət etməyi özlərinə sığışdırmırlar.

 

 

Alim

 

Olaylar.- 2010.- 27 oktyabr.- S. 6.