Nərimanov Atatürk haqqında mahnını gizlində Xana oxudurdu...

 

...Şuşanın say-seçmə bəylərindən birinin evində böyük məclis qurulmuşdu.

 

Gözəlliyi ilə göz oxşayan mülkə Qarabağın bəy-xanları, ziyalıları, tanınmış şəxsləri toplaşmışdı. Başdan-başa Qarabağın milli xörəkləri, ləzzətli təamları ilə bəzədilmiş süfrənin arxasında bəziləri şirin-şirin danışır, bəziləri nəyinsə mübahisəsini edirdi. Bir sözlə, otaq səs-küyə qərq olmuşdu. Elə bu dəm məclisə sükut çökür... Əbülhəsən Xan Azər İqbal Sultan (tələbələrindən biri də Məmmədhüseyn Şəhriyar olub) “Kürdü Şahnaz” oxuyurdu. İfa qurtarandan sonra məclisdə olanlardan biri – “Segah İslam” deyə çağırılan xanəndə İslam Abdullayevin ağlına bir fikir gəlir. Muğamın sirlərini təzəcə öyrətməyə başladığı şəyirdini “imtahana çəkmək” istəyir: “Hə, İsfəndiyar, indi də sən öz məharətini göstər. Eşitdiyin bu muğamı sən də oxu, görək necə bacarassan”. Oğlan da elə bil bir himə bənd idi. Məclisdəkilərin ona diqqət kəsilməsinə baxmayaraq, əlini qulağının dalına aparıb eşitdiyi “Kürdü Şahnaz”ı bir oktava da zildən oxumağa başlayır. Hamı təəccüblə bir-birinin üzünə baxır. Çünki azyaşlı oğlandan bu cür ifanı heç kim gözləmirdi. Qonaqlar İsfəndiyarın ifasına, səsinə, bacarığına heyran qalır. Elə məclisdəcə hamı bir qərara gəlir - Əbülhəsən Xan sənətdə İran azərbaycanlılarının xanıdır. Sən də bu gündən oldun biz azərbaycanlıların Xanı. Beləliklə, 1915-ci ilin həmin günü 14 yaşlı İsfəndiyar Aslan oğlu Cavanşir dönür olur Xan Şuşinski. Və çox keçmir, o nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da bu ada layiq olduğunu, sözün əsl mənasında muğamın xanı olduğunu sübut edir...

 

Səsinin cingiltisindən rəflərə düzülmüş qablar silkələnirdi

 

İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşada anadan olub. Mənsub olduğu Cavanşirlər sülaləsi Qarabağ xanlarından sayılır. Pənahəli xan Cavanşir, oğlu İbrahim xan Cavanşir, Xurşidbanu Natəvanla eyni nəsildəndirlər. İsfəndiyarın atası Aslan ağa Qarabağ bəylərindən olub. Musiqini çox sevib, tar çalıb, evində məclislər qurub. Qarabağ xanəndələrini, şairlərini də bu məclislərə dəvət edib. İsfəndiyar da uşaqlıqdan belə bir mühitdə böyüyüb. Qrammofon valında İran musiqiçilərinə qulaq asıb. Muğam sədaları ilə böyüyən oğlanın ürəyində sənətə olan maraq və məhəbbət də gündən-günə artmağa başlayıb. Tanrının bəxş etdiyi fitri istedad isə öz yerində. İsfəndiyarın səsi o qədər güclü imiş ki, evdə oxuya bilmirmiş. Səsinin cingiltisindən rəflərə düzülmüş qablar silkələnirdi. Elə ona görə də Şuşanın dağlarına, Cıdır düzünə gedər, ağacların başına çıxıb orda ürəkli oxuyurdu. Oğlunun bu istedadını və həvəsini görən Aslan ağa axırda İsfəndiyarı Segah İslamın yanına aparmaq qərarına gəlir, xanəndədən uşağa muğamın sirlərini öyrətməyi təvəqqe edir. Beləliklə, məktəbə getməklə yanaşı, İsfəndiyar həm də xanəndədən xüsusi dərs alır. Günlərin birində isə bəy evindəki məclisdə İsfəndiyarın ifası hamını heyran qoyur. Məclisdəcə hamı bir ağızdan deyir ki, bu gündən adın olsun Xan Şuşinski.

Elə o vaxtdan İsfəndiyar Aslan oğlu Cavanşir Xan Şuşinski adı ilə fəaliyyət göstərməyə başlayır. Səsinin sorağı Şuşadan çıxıb bütün Qarabağa yayılır. Müxtəlif yerlərdə çıxışlar edir. Az sonra Ağdamda ilk dəfə olaraq “Qarabağ” ansamblını yaradır. O ansamblla həmin bölgələrdə konsertlər verir. Xankəndində keçirilən ənənəvi təbliğat-təşviqat konsertində isə Xan Şuşinski Cabbar Qaryağdıoğlu ilə tanış olur. Konsertdə Cabbar Xanın səsinə heyran qalır və “belə bir istedad sahibi mütləq Bakıya gəlməlidir. “Sən dünya səviyyəsinə çıxmalısan”, - deyə tövsiyə edir. Bundan sonra Xan Bakıya gedib gəlməyə, orda da tanınmağa başlayır. Məşhur sənət adamları ilə tanış olur. Dahi Üzeyir Hacıbəyov 1926-cı ildə yazdığı “Qara göz” mahnısını oxumaq üçün ilk dəfə Xan Şuşinskiyə verir. Hətta onu dəfələrlə Opera və Balet Teatrında işləməyə də dəvət edir. Lakin Xan razı olmur. Deyir “mən sənətkaram, muğam ifaçısıyam, aktyor kimi səhnəyə çıxa bilmərəm”. O vaxtlar Xanı İtaliyaya təhsil almağa da göndərmək istəyiblər. Bu, Xanın öz ürəyindən də keçib. Ancaq atası razılıq verməyib ki, “sən getsən, gəlib görəssən ki, mən ölmüşəm”. Xan da atasını və kiçik bacı-qardaşlarını qoyub getmir. Çünki anası Bəyimxanım (İbrahim xanın qızı Ağabəyimin adından götürülüb) da artıq rəhmətə getmişdi (Ermənilər kəndlərini yandırdıqları üçün ürəyi partlayıb ölmüşdü).

 

57 yaşında ikinci izdivacdan ilk qızı dünyaya gəlir

 

Xanın tez ailə qurmasının səbəbi də məhz bununla bağlı idi. Ailə başsız qalandan sonra 18 yaşlı Xan Tovuz xanımla ailə qurur. 35 ildən artıq müddətdə bu xanımla evli olur. Ər-arvad arasında heç bir anlaşılmazlıq olmasa da, ailənin bircə problemi vardı. Övladları olmurdu. Ancaq övlad həsrətinə baxmayaraq, Xan yenə də öz həyat yoldaşından ayrılmır. İllər boyu ona sadiq qalır. Ta o vaxta qədər ki, yoldaşı xəstələnir və özü Xanın ikinci dəfə evlənməsini istəyir. Birinci həyat yoldaşının razılığı ilə Xan Şuşunski ikinci dəfə evlənir. Onda artıq 56 yaşı vardı. Yaşının çox olmağına rəğmən, xoşbəxtlikdən, bu izdivacdan sənətkarın 4 övladı olur. 57 yaşında ilk qızı dünyaya göz açır. Xanın sevinci yerə-göyə sığmır. Uşağa anası Bəyimxanımın adını qoyur. Onun şəninə “Ay qəşəng ceyran” mahnısını yazır.

Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva Lent.az-a danışır ki, övladı olduğuna görə atası özünü çox xoşbəxt hiss edirdi. Uşaqlarının hamısı ilə xoş rəftar edirdi. Bir dediklərini iki etmirdi: “Atam özü deyirdi ki, “Süsən, sünbül” mahnısını oxuyanda öz taleyinə ağlayırmış. O mahnıda belə sözlər var axı: “Ömrü başa yetirmişəm, balam hanı, yarım hanı...” Atam uzun illər övlada həsrət qalıb. Yaşlı vaxtında bizi başına yığıb deyirdi ki, “mən indi dünyanın ən xoşbəxt adamıyam. Varım da, dövlətim də bu uşaqlardı. Gör neçə il onlara həsrət qalmışam”. Mənə anasının, qardaşıma atası Aslanın, bacılarıma da bacılarının adlarını qoyub – Zümrüd, Səadət. 4-cü övladı olanda atamın 63 yaşı vardı. Amma buna baxmayaraq çox sağlam kişi idi. Anam Suğra xanımla atam arasında 30 yaş fərq olub. Böyük yaş fərqinə baxmayaraq, çox xoşbəxt olublar. Çünki bir-birlərini başa düşürdülər, hörmət edirdilər. Ümumiyyətlə, atamın çox gözəl xasiyyəti olub. Uşaqla uşaq, böyüklə böyük kimi idi. Heç kimin xətrinə dəymirdi. 1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Konsert televiziya vasitəsilə göstərilirdi. Atamı orda görən kimi televizora yaxınlaşıb barmağımla atamı göstərərək birinci dəfə “dədə” sözünü demişəm. O vaxtdan da mən, daha sonra isə bacı qardaşlarım atama “dədə” deyə müraciət edirdik”.

 

Mircəfər Bağırovun əmrilə Xan 24 saat ərzində Şuşadan Bakıya köçürülür

 

Xan Şuşinski Bakıda ilk konsertini 1929-cu ildə filarmoniyada verib. Həmin gün filarmoniyada iynə atsaydın, yerə düşməzdi. Nəinki zalda, foyedə, hətta filarmoniyanın bağında da adam əlindən tərpənmək olmurdu. Filarmoniyanın pəncərələrini açıq qoymuşdular ki, çöldəkilər səsi eşidə bilsinlər. Xanı bir dəfə görmək üçün ağaca çıxanlar da vardı. Asayişi qorumaq üçünsə yol boyu atlılar düzülmüşdü. Misli görünməyən bu cür konsertdən sonra Xan Şuşinski Mircəfər Bağırov tərəfindən də qəbul olunur. Mircəfər Bağırovun əmrilə Xan, qardaşı Allahyar Cavanşirlə birgə 24 saat ərzində Bakıya köçürülür. Onların hər ikisinə mənzil verilir. Bundan sonra Xan Şuşinski fəaliyyətini daha da genişləndirməyə başlayır. Müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edir, dekadalara gedir: “1938-ci ildə Moskvaya dekadaya gedəndə atam Ağdamda olub. Ona çatdırmayıblar. Gəlib Mircəfər Bağırova deyiblər ki, Xan deyir mən getmirəm, burda toylarım var. Mircəfər çox qəzəblənib ki, qoy dekada qurtarsın, yanıma çağırtdırıb danışaram. Bundan xəbər tutan Üzeyir bəy, Mirzə İbrahimov, Səməd Vurğun Mircəfərin yanına gedib onun belə şey etməyəcəyini deyiblər. Xoşbəxtlikdən, Mircəfər Bağırov onlara inanıb. Bir dəfə da atam danışır ki, ölkədə Lermontovun yubileyi keçirilirmiş. Atama da deyiblər ki, Mircəfər Bağırovun tapşırığıdı – Lermontovun bir şeirini muğam üstündə ifa etməlisən. Atam bilmir neynəsin. Səhər Azərbaycan dilinə tərcümə olunmuş şeiri ona təqdim edirlər. Axşama kimi öyrənib tədbirdə ifa etməliydi. Amma nə qədər edibsə, şeiri əzbərləyə bilməyib, görüb ki, muğamla da uyğun gəlmir. Axırda çarəsiz qalıb şeiri balaca bir kağız parçasına yazaraq qavalın içinə qoyur. Konsertdə də kağıza baxa-baxa, heç nəyi bildirməməyə çalışaraq, xırdalıqlar edərək oxuyub. Bir sözlə işin içindən məharətlə çıxıb. Konsertdən sonra isə Mircəfər Bağırov özü də məəttəl qalıb ki, Xan bir gün ərzində şeiri necə tərcümə edib öyrənib”.

 

Nəriman Nərimanov Atatürkə həsr olunmuş mahnını Xana gizlində oxudardı

 

Bəyimxanım Verdiyeva maraqlı bir faktı da açıqlayır: “Atam o vaxt Müsavat hökumətinin əsgəri olub. Görüblər səsi qəşəngdi, ordudan uzaqlaşdırıblar ki, səsinə xələl gəlməsin. O zamanlar Nəriman Nərimanovla da tanış olub. Özü danışırdı ki, Nərimanov onun ifasında bir mahnını daha çox bəyənirdi. Bu da Mustafa Kamal Paşaya həsr olunmuş mahnı idi: “Yaşa, yaşa, yüz yaşa. Mustafa Kamal Paşa”. Nərimanov gizlində bu mahnını atama oxudub qulaq asırdı. Bunu heç kim bilmirdi”.

Ümumiyyətlə, Xan Şuşinskinin dost-tanışı, yaxın münasibətdə olduğu yoldaşları çox olub. Məsələn, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir onların qohumu idi. Tez-tez Şuşaya gələrdilər. Xanı da götürüb gedərdilər gəzməyə. Xan oxuyar, Cəlil də feyzyab olardı. Hüseyn Cavidlə yaxın münasibəti vardı. Onun qəzəllərini muğam üstündə oxuduğuna görə, bir il Xanın səsini əlindən alıblar - oxumağa qoymayıblar. 40-cı illərdə bəstələdiyi “Şuşanın dağları” mahnısına görə də başını çox ağrıdıblar. Niyə “başı dumanlı” yazdığına görə sorğu-suala tutublar. O da cümləni dəyişib yazıb: “Şuşanın dağları deyil dumanlı”. Səməd Vurğunla yaxın dost olub. Tez-tez birlikdə ova gediblər. Xan “Komsomol” poemasının bir hissəsini “Segah” üstündə oxuyub. Səməd Vurğun isə “Azərbaycan” şeirinin bir bəndində Qarabağı Xanın səsilə tərənnüm edib:

 

Könlüm keçir Qarabağdan,

Gah o dağdan, gah bu dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi

Qarabağın şikəstəsi

 

Bundan başqa Əliağa Vahid, Məmməd Rahim, İlyas Əfəndiyev, Süleyman Rüstəm və başqaları Xanı öz əsərlərində vəsf edib.

 

“Sən ki bu cür mərdlik etdin, evini yarmaq kişilikdən olmaz”

 

Bəyimxanım Verdiyeva atasının danışdığı maraqlı xatirələri yada salır. Məsələn, Qarabağda bir Abbasqulu ağa olub. Şura hökuməti qurulanda onun da var-yoxu əlindən alınmışdı. Ara-sıra tarzənliklə məşğul olurdu. Ona görə Xan bəzən onu da özü ilə birgə toylara, qastrollara aparırdı: “Qastrol səfərlərinin birində Abbasqulu ağa gülməli hərəkət edir. Həmin rayonun mərkəzində Leninin əlini irəli uzadan formada heykəli varmış. Bir də görürlər ki, bu Abbasqulu ağa heykəlin qabağında dayanıb nəsə danışır. Gedib ona qulaq asmağa başlayırlar. Abbasqulu ağa Leninin heykəlinə deyirmiş ki, “evimi, var-dövlətimi, heyvan sürümü aldın, indi nə istəyirsən məndən. Al, bu da sənin bir abbasın, əl çək məndən”. Bir dəfə də atam, yoldaşları və Abbasqulu ağayla birgə Şuşada “Əsli və Kərəm” tamaşasına baxmağa gedib. Tamaşanın Kərəmin keşişə yalvarma səhnəsi gəlib çatır. Kərəm keşişə neçə saat yalvarsa da, Əslini ona vermirlər. Axırı hövsələsi tükənən Abbasqulu ağa səhnəyə qalxır, tutur Kərəmin əlindən ki, hanı o Əsli? Əslini də səhnənin arxasından gətirərək deyir: “Səhərdən qalmışıq bir erməni keşişinin əlində. Bu yazıq Kərəm də elə hey yalvarır. A bala, Əslini verdim sənə, götür qızı get”. Sonra da üzünü camaata tutub deyir: “Ay camaat, tamaşa qurtardı. Evinizə gedə bilərsiz”. Təbii atamla olduğuna görə, bir söz deyib onun xətrinə dəyməmişdilər”.

Ötən əsrin 30-cu illərində Cabbar, Seyid və Xan Opera və Balet Teatrında konsert verirdi. Tarda onları Qurban Pirimov müşayiət edirdi. Cabbar Xanı yoxlamaq məqsədilə “Heyratı” oxuyanda ona keçid verir. Amma bir oktava yuxarıdan. Xan da ustalıqla bunun öhdəsindən gəlir. Onda Cabbar Qaryağdıoğlu əlini Xanın kürəyinə vuraraq “mən səni yoxlayırdım. Sən də məharətlə bunun öhdəsindən gəldin. Gələcəyin oxuyanı sənsən” deyir və qavalını ona verir.

Xan Şuşinski görkəmli tarzən Qurban Pirimovla yaxın dost olub. Qızı danışır ki, hər səhər filarmoniyaya gedəndə onu da özlərilə aparırdılar. O da filarmoniya bağında əylənən uşaqlara qoşulub doyunca oynayardı: “Bir də gördüm ki, uşaqlardan biri babasını çağırır. Bunu eşidən kimi qaçıb atamdan soruşdum ki, bəs mənim niyə babam yoxdur? Atam əvvəlcə tutuldu, sonra da Qurban Pirimovu göstərərək sevincək dilləndi ki, babana nə gəlib? Bəs bilmirsən ki, sənin baban Qurbandı? O gündən Qurban Pirimov oldu mənim babam. Qurban əmi bizə doğrudan da əsl baba nəvazişi göstərirdi. İlk dəfə maqnitofon alanda hamımızı evinə dəvət etmişdi. Yeyib-içdikdən sonra atamla babam dedilər: “Qızım, indi biz çalıb-oxuyacağıq, sən isə konferansyelik edəcəksən. De ki, çalır babam Qurban, oxuyur atam Xan, danışır Bəyimxanım...”. Onların dediyi kimi də etdim. Axırda mənə qəşəng servis hədiyyə etdilər.

Bir dəfə bizi ad günü məclisinə çağırmışdılar. Atam bir az nasaz olduğuna görə getmədi, evdə qaldı. Gələndən sonra dedi “bilirsiz nə olub? Evdə oturmuşdum. Birdən qapının zəngi çalındı. Gördüm üzü çopur kişidi. Dəvət etdim içəri. Gəldi oturdu. Çay gətirdim qoydum qabağına. Yemək təklif etdim, istəmədi. Dedim bir nərd oynayaq? Oynadıq. Sonra durdu ayağa. Dedi “gərək sənə deyim, yoxsa bu kişilikdən olmaz. Mən Bakıda birinci oğrubaşıyam. Fikrimiz vardı bu gecə sənin evini yaraq. Amma sən ki bu cür mərdlik etdin, kişi kimi qapını üzümə açdın, qabağıma çay qoydun, hal-əhval tutdun, evini yarmaq kişilikdən olmaz”. Biz bu hadisəni eşidəndə şoka düşdük. Atam bu cür insan olub. Sovetin xan, bəy adına qəti qadağa qoyduğu dövrdə Xan adını qazanaraq 50 ildən artıq müddətdə həm sənətinin, həm də şəxsiyyətinin xanı olaraq mədəniyyətə xidmət edib. Azərbaycan musiqi tarixində ilk dəfə o, 1943-cü ildə əməkdar artist adını almadan, SSRİ xalq artisti adına və “Şərəf” ordeninə layiq görülüb. Qadın müğənnilə ilk dueti də atam oxuyub – Şövkət Ələkbərova ilə. Atamın səsi o qədər güclü olub ki, hətta öz səsi olduğuna inanmayıblar. Bülbül xatirəsində yazıb ki, dekadaların birində Rusiyanın bir qrup sənətçi, ziyalıları yaxınlaşıblar. Deyiblər ki, Xanın boğazına baxmaq istəyirik. Bülbül də səbəbilə maraqlanıb. Cavab veriblər ki, “insanda belə bir güclü səs ola biləcəyinə inanmırıq. Yəqin o, boğazına səsgücləndirici aparat qoyub”. Atamın səsilə bağlı belə şübhələrin olması təbii idi. Hətta son gününə qədər onun səsi yerində olub, öz təravətini itirməyib. Sadəcə, ömrünün axırlarında şəkər xəstəliyi tutdu. Dodağı tez-tez quruduğuna görə oxuya bilmirdi”.

 

“Yaxşı ki, atam Şuşanın, Qarabağın işğal olunmasını görmədi”

 

Qızı deyir ki, Xan rəhmətə gedəndə 78 yaşı vardı. Amma yanaqları hələ də qırmızı idi. Çünki çox sağlam idi. O yaşlarında belə cavan oğlan kimi at çapırdı. Ona görə də vəfatına inanmaq olmurdu. Bir müddət “Leçkomissiya”da müalicə də almışdı. Amma nədənsə gündən-günə arıqlayırdı. Vəfatından bir gün qabaq isə qızına zəng vurub yanına gəlməsini istəyir: “Səsi çox yaxşı gəlirdi deyə inanmazdım ki, nəsə olar. Sonradan anam dedi ki, mənlə danışmaqdan ötəri özünü nə qədər ələ alıb. Atam dedi, qızım təcili gəl Bakıya, səni görmək istəyirəm. Mən onda Gəncədə yaşayırdım. Ora gəlin köçmüşdüm. Həyat yoldaşım “Göy göl” Ansamblının yaradıcısı Fikrət Verdiyev orada yaşayır, fəaliyyət göstərirdi. Zəngdən 1 saat sonra mindik qatara. Səhər saat 6-da Bakıya çatmalıydım. 10-a 20 dəqiqə işləyəndə zəncir boyunbağım birdən-birə qırıldı düşdü yerə. Demə, elə həmin vaxt atam rəhmətə gedib. Gəlib çata bilmədim. Buna görə hələ də özümü bağışlaya bilmirəm. Çox görmək istəyirdi məni. Nə sözü vardısa bilmirəm. Bacım danışır ki, təsadüfdən həmin vaxt efirdə “Göy göl” Ansamblının konserti göstərilirdi. Atam deyib ki, başımı qaldırın, heç olmasa Fikrəti görüm. Bir az baxıb, “nə qəşəng çalırlar”, - deyib, sonra da başını yavaşca yastığa qoyub. 10 dəqiqə sonra keçinib. 1979-cu il martın 18-də... Vidalaşma mərasimi filarmoniyada keçirilirdi. Səid Rüstəmov göz yaşları axıdırdı. Habil Əliyevin kamanı atamın mənə bəstələdiyi “Ay qəşəng ceyran” mahnısını çalaraq, elə bil mənim dilimlə həzin-həzin ağlayırdı. Küçələr insan axını ilə dolu idi. Fəxri Xiyabanda isə Nəriman Həsənzadə bədahətən bu şeiri dedi:

 

Bir heyrət bürüyüb məni bu yerdə

Dolmuş izdihamla Fəxri Xiyaban

Tabutu çiyində, səsi efirdə

Susan da Xan idi, oxuyan da Xan.

 

Hərdən fikirləşirəm, yaxşı ki, atam Şuşanın, Qarabağın işğal olunmasını görmədi. Buna əsla dözə bilməzdi, ürəyi partlardı”.

 

 

 

Olaylar.-2010.-15 sentyabr.-S.12