18 sentyabr -Milli Musiqi günüdür
Milli musiqimiz öz inkişaf zirvəsinə görə
Üzeyir Hacıbəyova borcludur
18 sentyabr. Milli laqeydlərçün
adi görünsə də, bu gün xalqımız
üçün böyük bayram günüdür. Bu
gün dahi Ü.Hacıbəyovun doğum günüdür.
Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd
edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz
inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova
borcludur. 1995-ci ildən bəri onun doğum günü
respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.
Üzeyir Hacıbəyov
Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar,
opera sənətinin banisi kimi daxil olmuşdur.
Azərbaycan, rus və
dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini
dərindən qavramış, doğma xalqının mədəniyyətini
yüksəklərə qaldırmaq məqsədilə
yazıb yaratmış böyük bəstəkar
ömrünün, təqribən 45 ilini bu işə həsr
etmişdir.
1908-ci ilin yanvarında
tamaşaya qoyulmuş ilk Azərbaycan operası «Leyli və Məcnun»un
müəllifi Ü.Hacıbəyov yeddi il ərzində
bir-birinin ardınca beş opera, üç operetta
yaratmışdır. «Leyli və Məcnun», «Əsli və Kərəm»,
«O olmasın, bu olsun», «Arşın mal alan» xalq arasında
tezliklə geniş şöhrət qazandı və indiyə
qədər səhnəmizdə müvəffəqiyyətlə
tamaşaya qoyulur. Bundan sonra o, Azərbaycan operasının
şah əsəri olan «Koroğlu»nu yaratdı. Bu dövrdə
o, respublikamızda musiqi təhsilini tədris etməyə, gənc
kadrların təhsil almasına, klassik və xalq musiqisini
öyrənib bədii xüsusiyyətlərini meydana
çıxarmağa, müasir musiqi formalarını
yaymağa, müxtəlif musiqi kollektivləri yaratmağa
müvəffəq olmuşdur. Ü.Hacıbəyov
böyük bəstəkar və musiqi nəzəriyyəçisi
kimi dünya şöhrəti qazanmışdır.
Ü.Hacıbəyov bəstəkar
fəaliyyətini getdikcə genişləndirərək
çoxlu mahnılar, romanslar, kantatalar və başqa musiqi əsərləri
yazmışdır.
Ü.Hacıbəyov,
eyni zamanda, görkəmli bir ədib idi. Onun ədəbi
yaradıcılığı iki istiqamətdə davam
etmişdir. O, həm dərin məzmunlu satirik felyetonlar,
publisistik əsərlər yazmış, həm də opera və
operettaların ədəbi məktəbini
yaratmışdır. Ü.Hacıbəyov dünya opera sənətində
silinməz iz qoymuşdur. «Koroğlu»dan başqa bütün
opera və operettaların mətnini özü yazan Üzeyir bəyin
librettoları mənasına və bədii keyfiyyətinə
görə sərbəst dram əsərləri kimi
yaşayır. «Ər və arvad», «O olmasın, bu olsun»,
«Arşın mal alan», «Əsli və Kərəm» insan
duyğularını ifadə edən gözəl səhnə
əsərləridir.
Böyük
axtarışlardan-milli musiqimizi, rus, Avropa və başqa
xalqların musiqisini dərindən öyrəndikdən sonra
Üzeyir Hacıbəyov öz şah əsərini-«Koroğlu»nu
tamamladı. «Koroğlu»nun ilk tamaşası Azərbaycan mədəniyyətində,
incəsənətində ən böyük bayrama
çevrildi.
Ü.Hacıbəyovun
opera sənəti, opera dramaturgiyası sənət tariximizdə
tamamilə yenilik idi və bu sənət faktı Yaxın
Şərqdə ilk dəfə olaraq Azərbaycanda yarandı.
Ü.Hacıbəyov həm də kamil bir
yazıçı və
publisist idi. Onun gözəl
felyetonları, ədəbi
səhnəcikləri, satirik,
publisistik yazıları
ədəbiyyatımızda özünəməxsus yer
tutur. Ü.Hacıbəyov Cəlil Məmmədquluzadənin
yaratdığı «Mola
Nəsrəddin» məktəbinin
qüdrətli nümayəndələrindən
biridir. Respublika Elmlər Akademiyası
tərəfindən toplanıb
çap olunmuş əsərləri meydana çıxandan sonra müasir oxucu Ü.Hacıbəyovun ədəbi
fəaliyyəti barədə
geniş təsəvvürlər
ala bilmişdir.
Ü.Hacıbəyovun əsərləri həm də xalqın azadlıq mübarizəsinə
xidmət etmiş ictimai məzmunlu, mili koloritli, tərbiyəvi əsərlərdir.
Nisə Rafiqqızı
Olaylar.- 2010.- 17 sentyabr.- S.11