Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə

 

1918-1920-ci illər

 

1918-ci il mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal bəyannaməsində vaxtilə Gülüstan və Türkmənçay müqavilələrinə əsasən, Rusiya imperiyasına qatılmış Şimali Azərbaycan torpaqlarının qanuni varisi olduğunu bəyan etdi. İstiqlal bəyannaməsinin birinci maddəsində deyilirdi: "Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüquqlu müstəqil dövlətdir". Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisinin hüquqi-siyasi cəhətdən  əsaslandırılmış xəritəsini nəşr etdirmişdi. Təbiidir ki, başqa Şimali Azərbaycan torpaqları kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ da Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə daxil idi. Lakin bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov (1862-1934) Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: "Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5, ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq - Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir ki, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir... Nəhayət, Qarabağın özündə erməniər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bunula belə, biz məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq".

Ermənilər Qarabağı ələ  keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti  nəzər alaraq, 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. X.Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənistan (Ararat) Respublikasının xarici işlər naziri S.Tiqranyan Qarabağ general-qubernatorluğu yaradılmasına etirazını bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz əsassız hesab olunmuş və həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilmişdi. Qarabağ general-qubernatoru ermənilərin ərazi iddiaları ilə yanaşı, əvvəlcə ingilislər, sonra isə amerikanlarla gərgin münasibətlər şəraitində fəaliyyət  göstərməli oldu. Lakin ermənilər Qarabağ general-qubernatorluğu ərazisində sülh yaranmasına imkan vermədilər.

1919-cu ilin sonları - 1920-ci ilin yazında Zəngəzurda erməni-daşnak silahlı quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırğınlar törətdilər.

Ermənilər Cavanşir qəzasında da sakitləşmirdilər. Onların qəzanın dağətəyi kəndlərinə hücumları adi hal almışdı. Erməni quldur dəstələri 1918-ci ilin yaz-yay aylarında qəzanın düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da çoxsaylı zorakılıq aktları etdilər. "Ermənilər Tərtər çayının qabağını kəsərək başqa istiqamətə  yönəldir və qəzanın aran kəndlərinin əkinlərini susuz qoyaraq, onlara böyük zərər vururdular. Hətta iş o yerə çatmışdı ki, aran kəndlərində içməli su belə çatışmırdı".

Qarabağın digər qəzası Cəbrayılda da erməni silahları dinc əhaliyə hücum edirdilər. 1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı. Vaxtilə Zaqafqaziya Ölkə Komitəsinin Dağılq Qarabağda məsul nümayəndəsi olmuş S.Şaduns 20 dekabr 1922-ci ildə bəzi həqiqətləri təhrif etməklə bərabər, bütün Qarabağın Azərbaycan Xalq Cümhuriyyətinə daxil olduğunu etiraf edərək yazırdı: "...Hələ Qarabağda Müsavat hakimiyyəti (Azərbaycan Xalq Cümhuriyyəti olmalıdır - Y.M. K.Ş) qurulanadək oraya türk hakimiyyət orqanları (Azərbaycan Xalq Cümhuriyyəti olmalıdır-Y.M.K.Ş) tərəfindən Qarabağ general-qubernatoru təyin edilmişdi və elə bu zaman daşnaklar tərəfindən yaradılmış yeni termin - "Dağlıq Qarabağ" termini meydana gəldi. Daşnaksütun partiyası Türkiyə Ermənistanında törətdiyi saysız-hesabsız qırğınlarla kifayətlənməyərək, Şuşanı türklərə təslim etdikdən sonra yalnız ermənilərin məskunlaşdığı dağlara qalxır və "son damla qanına qədər" vuruşmaq, lakin türklərə təslim olmamaq barədə qərar qəbul edir və bu zaman məhz burada həmin dövrdə özlərini beynəlmiləlçi adlandıran sosial-demokratlarla birlikdə Dağlıq Qarabağ hökuməti təşkil edilir. Daşnaksütun partiyası türklərlə müharibədən yayına bilsə də, çox keçmədən elə həmin Dağlıq Qarabağ kəndlilərinin təkidi ilə bu hissə (yəni Qarabağın dağlıq hissəsi - Y.M, K.Ş) düzən hissə ilə birləşdirildi və bütün Qarabağ Müsavat hökumətinə (Azərbaycan Xalq Cümhuriyyətinə - Y.M, K.Ş) tabe edildi." Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı   işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda öz suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə Azərbaycana xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin, Azərbaycan Xalq Cümhuriyyətinin varlığını təhlükə altında qoydu.

 

 

Qarabağ 1920- 1980-ci illərində

 

6.1. Sovet hökumətinin Qarabağın ərazisini bölüşdürməsi

 

Rusiyada Sovet hakimiyyəti möhkəmləndikcə, çar Rusiyası sərhədlərinin bərpa edilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində möhkəmlənən XI Qırmızı Ordu hissələrinə respublikanın işğalı planını reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar verildi. Azərbaycan Parlamenti daxilində sovet dövlətini müdafiə edən qüvvələr və Qarabağda erməni-daşnak separatçılarının qaldırdıqları mart qiyamı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti XI Qırmızı Ordunun süngüləri ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla, Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı.

 

 

Dağlıq Qarabağa muxtariyyət verilməsi

 

1920-1923-cü illər

 

Dağlıq Qarabağ: coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı

 

Bu problemin şərhi üçün əvvəlcə Dağlıq Qarabağın coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı üzərində dayanaq. Relyefinə görə, Qarabağ aran (düzən) və dağlıq hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini tapmışdır. Məsələn, tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A.M. Skibitki "Qafqaz böhranı" adlı məqaləsində yazırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yaylası həmin əraziyə daxil idi". Aydın olduğu kimi, çar Rusiyası tərkibində olduğu zaman Qarabağın ərazisi, daha doğrusu, keçmiş Qarabağ xanlığının torpaqları müxtəlif inzibati bölgülərə məruz qaldığından, Qarabağ anlayışı əvvəlki inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Qarabağ anlayışı öz əvvəlki mənasını yenidən özünə qaytardı. S.Şadunsun yuxarıda göstərilən fikrindən aydın olduğu kimi, elə Dağlıq Qarabağ termini də bu zaman daşnaklar  tərəfindən meydana gətirildi. Bu zamandan Dağlıq Qarabağ anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə başladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bu anlayış inzibati-siyasi məna kəsb etməyə başlayır, Azərbaycan-Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda əsas anlayışlardan birinə çevrilir. Elə bu zaman Dağlıq Qarabağın coğrafi baxımdan əhatə dairəsində də dəyişiklik baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi, "Qarabağ yaylası 1923-cü ildə muxtariyyət almış və Muxtar Dağlıq Qarabağ Vilayəti və ya Azərbaycanın yeni sərhədləri daxilində qısaca olaraq Dağlıq Qarabağ adlanmışdır. Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV): yaradılması tarixi, əsas hadisələri sinxronlaşdırılması və buradan irəli gələn nəticələr. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının prinsipial məsələlərini müəyyən etmək, daha doğrusu, bu prosesi tam aydınlığı ilə təsəvvür etmək üçün əsas hadisələrə mənsubiyyəti üzrə sinxron şəkildə diqqət yetirək. Azərbaycanın Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Bu dövrdə Sovet Rusiyası Qayqazın sovetləşdirilməsi planını həyata keçirməkdə davam edir, yeni sovet dövlətlərinin sərhədlərinin müəyyənləşdirilməsi prinsiplərini irəli sürməklə mövcud və gələcək dövlətlərin fəaliyyətini nəzarət altına almağa cəhd göstərirdi. Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu Qafqaz Cəbhəsi Hərbi-inqilabi şurasına 7 iyul tarixli təlimatında bu məsələyə toxunmuşdu. Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə (1920,29 noyabr) xarici sərhədlərlə yanaşı, sərhədlər daxilində də bölgülərin aparılması kəskinləşdi.

 

 

Yaqub  Mahmudov,

 

Kərim Şükürov

 

Olaylar.- 2010.- 21 sentyabr.- S. 15.