Üzü gülən insan Allahın xoşbəxtidi

 

Mənsum İbrahimov: "Arxasında gözəl ailəsi olan sənətkarın uğurları daha çox olur"

 

Oktyabrın 1-də xalq artisti, görkəmli xanəndə Mənsum İbarhimovun 50 yaşı tamam olur. Yubiley ərəfəsində "OLAYLAR"a müsaibə verən xanəndə yubileyini əsasən yaxınları və dostları ilə qeyd edəcəyini dedi.

- Yubileyim münasibətilə fərqli tədbirlər hazırlanıb. Ad günümü əsasən yaxınlarım, ailəm və dostlarımla qeyd edəcəm. Amma tədbirlərin keçiriləcəyi də gözlənilir. Onu bilirəm ki, rayonlarda ad günüm münasibətilə tədbirlər keçiriləcək. Həmçinin konsertlər də planlaşdırılıb. Bunların gerçəkləşməsi isə vaxtdan asılıdı.

- Yaxınlarınızdan nə hədiyyə gözləyirsiniz?

- Əsas xoş söz, bir də telefon zəngidi. Budu mənim üçün önəmli. Mən maddiyyatdan uzağam. Dost və yaxınlarımın bir xoş sözü mənə bəsdi. Başqa heç nə istəmirəm onlardan.

-  50 yaş, 50 il az zaman deyil. Geriyə baxanda nəyə görəsə peşman olursunuz?

- Heç vaxt yaşadığım ömrə peşman olmamışam. Mən tərəzi bürcündənəm. Bu bürcdən olan insanların içində bir tərəzi var. Bu həyata qarşıdı. Mən riskli adamam. Bir işi yüz dəfə ölçüb biçib, əmin olandan sonra görərəm. Qərar qəbul etdimsə, o işi mütləq edəcəm. Heç kəs məni yolumdan döndərə bilməz. Çalışmışam ki, həyatda heç kimə zərər verməyim, heç kimin haqqını tapdamayım. Bu baxımdan yaşadığım ömrə görə Allahıma şükür edirəm. Çəkdiyim zəhmət hədər getməyib. Dönüb baxanda həyatda, ailədə, sənətdə hər şeyin qaydasında olduğunu görürəm. Çox gənc yaşından müəllimliyə başlamışam. Çox sevinirəm ki, tələbələrim bu gün mənim sənət yoldaşlarımdı. Artıq Opera və Balet Teatrının solistləri, Muğam Teatrının solistləridi. Böyük səhnələrdə-dövlət tədbirlərində çıxış edirlər, qastrol səfərlərində mənimlə çiyin-çiyinə çıxış edirlər. Bu da məni çox sevindirir. Sənətkarın izi onun yetirmələridi. Bu şifahi professional sənətdi. Əgər bizi öyrədiblərsə, biz də bunu öz yetirmələrimizə öyrətməliyik. Sənətçi illərlə öyrənir, püxtələşir və sənətkar halına gəlir. Əlbəttə ki, o öz təcrübəsini özündən sonra gələn tələbələrinə öyrətməlidi. Mən həmişə ifaçılıqla yanaşı, pedaqoji fəaliyyətə xüsusi önəm vermişəm. Çalışıram ki, dərs dediyim istedadlı gənclərə həm də dəstək olum, əllərindən tutub sənətə gətirim, xalqa təqdim edim. O baxımdan 50 yaş əlbəttə yarım əsrdi.

- Bəs yüzə nə qaldı?

- Heç bir insan deyə bilməz ki, ömrü nə qədərdi. Bunu yalnız Allah bilir. Allah nə qədər ömür veribsə, çalışmalıyıq ki, bu ömrü şərəflə yaşayaq. Heç vaxt övladlar valideynə görə utanmasın, əksinə adları çəkiləndə uşaqlar onlarla fəxr etsinlər. Mən nə qədər ömrüm var, çalışıram ki, digər sənətkarlarla birgə özümü muğamımıza, tükənməyən mənəvi sərvətimizə həsr edim. Eyni zamanda həm opera, həm də muğam sahəsində çalışacam tələbələr ortaya çıxarım. Mən həyatımdan razıyam. Bu yaşımda bütün fəxri adları almışam. Mən həmişə tələbələrimə də deyirəm ki, öz işinizlə məşğul olun. Heç vaxt ad üçün çalışmamışam. Düzdü, zəhməti qiymətləndiriləndə sənətkar üçün həmişə xoş olur. Onu daha da yaratmağa ruhlandırır. Mən ümumiyyətlə narazı, naüşkür insan deyiləm. Narazı insanları da sevmirəm. İnsan özü hər şeyə nail olmalıdı. Hər şeyə də qane olmalıdı. Mənim üçün əsas  xalqın məhəbbətini qazanmaqdı. Buna da nail olmuşam.

- Dediniz ki, heç kəsə zərər yetirmədən yaşamışam, sənətimlə məşğul olmuşam. Sizə sənətdə, şəxsi həyatda zərər yetirənlər çox olub?

- Olub, əlbəttə olub. Heç bir insanın həyatı hamar ola bilməz. Xüsusilə də sənət adamı. Muğam ifaçılarınkı isə heç vaxt asan ola bilməz. Muğam janrı daşlı-kəsəkli yollardan ibarətdi. Bizim sənətə gəldiyimiz vaxtlar çox çətin zamanlar idi. Sovet dönəmiydi. Bir dövlət televiziyası idi, həm də böyük senzura var idi. Bu günki kimi deyildi, gənclərə qarşı xüsusi qısqanclıq var idi. Yaşlı sənətkarların qısqanclığı da varıydı. İndi özümüz əllərindən tutub meydana çıxarırıq. Üzeyir Hacıbəylinin 100 illiyi ilə bağlı 5-ci Respublika Musiqi Müsabiqəsi keçirilirdi. Həmin müsabiqədə iştirak edərək laureat oldum. Şövkət Ələkbərova da münsiflər heyətinin üzvlərindən biri idi. Şövkət xanımla bizim tanışlığımız başladı. Onun məsləhəti ilə də məni Opera və Balet Teatrına işə götürdülər. İlk rolum da Zeyd olub. Amma 6-7 il müddətində mən Zeyddən başqa rol oxumadım. Bəlkə də mənə inamsızlıqdan irəli gəlirdi, teatrda böyük ustadlar vardı. Qısqanclıqlar da vardı. Amma indi mən özüm gənclər hazırlayıb, baş rollara təqdim edirəm. İndi gənclərə meydan verilir. Əgər gəncin qabiliyyəti varsa, niyə də oxumasın? Yoxdusa getsin başqa işlə məşğul olsun. Mənə gəlincə isə, prinsipallıq nəticəsində, mənə Məcnun rolunu verdilər. 6 aya qədər Hafiz Quliyevlə işlədim. Məni hazırladı bu rola. 6 aydan sonra tamaşaçılara təqdim olundu. O gündən, bu günə qədər Azərbaycan səhnəsinin Məcnunuyam. Mən qısqanclıq hisslərinə təbii baxıram, əsəbləşmirəm. Bəlkə elə bu məni daha çox işləməyə, mübariz olmağa sövq elədi. Üzərimdə çox çalışdım. Bəlkə onlar mənə pislik etməklə əslində yaxşılıq etmiş oldular. Mən heç kimdən inciməmişəm. Həmişə də o sənətkarların hörmətini saxlamışam. Bu gün də o qısqanclıq var. Paxıllıq o insanlar edir ki, istədikləri dərəcəyə çata bilmirlər. Onların işləri peşəsi başqasının uğuruna qara yaxmaqdı. Hər şeyi qara görən insanlar var. Onlara kömək etmək lazımdı. Ona görə də inkişaf olan yerdə yalnışlıqlar, səhvlər olur. Belə şeylərə gülüb keçirəm. Həmişə dostlarım mənə deyir ki, sən daş atanlara gül atırsan. Allah onların da qəlbinə insan salsın. Deyinən insanlara qulaq assan vaxtın gedəcək. Tələbələrimə deyirəm ki, ancaq çalışın. Çalışan insanlara sənət qalacaq. Mən insanları, həyatı çox sevirəm və həyatımdan məmnunam. İnsan həmişə özü-öz həyatını çətinləşdirir. Mən isə əksinə, problemlərdən uzaq olmağa çalışmışam.

- İçinizdəki Məcnunun neçə yaşı var?

- Bəlkə Füzulinin yaşı qədər. Xasiyyət, xarakter uyğun gəlməsə, mən Məcnunu oynaya bilməzdim. 112 tamaşa oxumuşam. İçimdə Məcnunluq olmasa mən bu obrazı yaşayıb, oynaya bilməzdim. Elə-belə oxusaydım, tamaşaçı bunu qəbul etməyəcəkdi. 17 il  az müddət deyil. Yaxşı mənada çalışıram hər şeyin məcnunu olum.

- Heç həyatda Məcnunluq etmisiniz?

- Təbii ki. Amma mən səhnədəki kimi səhraya düşməmişəm. Mən Qarabağda, kənddə böyümüşəm. Kənddə bir pərdə, adət-ənənə var. Həyatdakı Leylim sevdiyim insan-həyat yoldaşımdı. Ailə hər bir insanın həyatında, xüsusilə sənət adamının həyatında xüsusi önəm daşıyır. Çoxları deyir ki, sənət adamının ailəsi olmamalıdı. Tamamilə razı deyiləm. Bir insanın əxlaqı ya var, ya da yoxdu. Sənətin buna aidiyyatı yoxdu. Bir insanın tərbiyəsi yerindədisə, o ailəsinə bağlı olacaq. Arxasında gözəl ailəsi olan sənətkarın uğurları daha çox olur. Mən Allahıma, ailəmə, vətənimə bağlı insanam. Bunsuz uğur mümkün deyil. Gözəl ailəsiz sənətdə hansısa uğur qazana bilərsən, amma həyatda tək olacaqsan. Gənc ikən bunu anlamaya bilərsən, amma bəlli yaşa çatdıqdan sonra tənhalığın dəhşətini anlayırsan.

- Zəmanəmizin Məcnunları yox dərəcəsindədi. Bu pis, ya yaxşı əlamətdi?

- Mən belə deməzdim. Bəlkə də bunu gündəlik həyatımızda hiss etmirik. Sadəcə məhəbbət sözünü o qədər ucuzlaşdırmışıq ki, bu məsələyə qeyri-ciddi yanaşırıq. Əslində o hissi insan bəyan etmir, yaşayır. Bu gün də Leylilərimiz, Məcnunlarımız çoxdu. Sadəcə onu görə bilmirik. İlham və Fərizənin hadisəsi elə dövrümüzün Leyli və Məcnun hadisəsidi. Biz adi həyatda sənə qurban olum, səni çox istəyirəm, canımdan keçərəm deyirik. Amma anı gələndə bunu edirikmi? Xeyr. Çünki can çox şirin şeydi. Həqiqətən canından çox sevdiyin zaman canını ona qurban verə bilərsən. Dünya məhəbbətin üstündə qurulub. Məhəbbət olmasa, dünya məhv olar. Hər şey məhəbbətin üstündə qurulub. Məhəbbətsiz həyat mümkün deyil. Qəlbində məhəbbət olmayanlar nəyə görə yaşadıqlarını bilməyən insanlardı. İnsanı yaşadan da, həyat eşqi verən də qəlbindəki məhəbbətdi. Qəlbində məhəbbət olan insanlar heç kimə nifrət bəsləyə bilmir. Fikir versəz görərsiniz ki, sevən insanların üzü həmişə gülür. Üzü gülən insan Allahın xoşbəxtidi. Allah sevgini hər insana vermir. Sevginin əzabı, çətinliyi olur. Bu bir sınaqdı. Həyatın marağı onun enişli-yoxuşlu olmasındadı.

- Xanəndələr muğam oxuyarkən gözlərini yumduqları zaman nəsə görür, hiss edirlər. Maraqlıdı, Mənsum İbrahimov muğam zamanı gözlərini yumarkən nələr görür?

- Muğam bir fəlsəfədi. Gözünü yumub fantaziyana daxil olursan. Muğam yaradıcı insanın qəlbinin improvizəsidi. Sənətkarlar gözlərini yumduqları zaman ətrafı görmürlər. Özlərinə qapanırlar. Artıq orda qəlbindəki o fantaziyanı görürsən. Əsər belə doğulur. Mən gözümü yumanda öz aləmimə daxil oluram. Bu aləmdə hər şey var. Bu mənəvi aləmdi, maddiyyat yoxdu. Sanki Allahıma xitab edirəm.

- Son illər sənətkarlar hey deyirlər ki, sənətə qiymət verilir və bu bayağı sənəti sıradan çıxaracaq. Sizcə bayağılığın sıradan çıxması hiss olunur?

- Bu barədə çox danışılır. Təkliflər olur ki, senzura olsun. Sovet dönəmindəki senzura göstərdi ki, bu heç də kömək edən vasitə deyil. Muğam müsabiqələri keçirildi. Yol budu. Xalqa yaxşıları göstərməlisən. Artıq təsadüfi sənətə gələnlər istər-istəməz sıxışdırılır. Bu gün nə qədər yeni səslər gəldi. Tamaşaçı artıq göür. Heç bir qadağa lazım deyil. Biz inkişaf teməliyik. Mən yeniliyə yaxşı baxıram. Amma professoinal yeniliklərə. Soyunmaq yenilik deyil. İnsanın təfəkküründə yenilik olmalıdı. .

 

 

Gülər Nizamiqızı

 

Olaylar.- 2010.- 24 sentyabr.- S.11