Mənsum İbrahimov “Qarabağ” muğam qrupu ilə səfərdə olub
“Belçikada
musiqişünas xanım bizə yaxınlaşıb söhbət
edəndə gözləri doldu”
Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq
artisti, “Şöhrət” ordenli Mənsum İbrahimov aprelin 1-dən
5-ə kimi qastrol səfərində olub. Məşhur xanəndə
“Qarabağ” muğam qrupu adı altında musiqiçiləri
ilə birgə əvvəl Belçikada, sonra Hollandiyada
konsert proqramları ilə çıxış edib.
Səfərdən qayıdan Mənsum
İbrahimov təəssüratlarını ilk olaraq Lent.az-a
bölüşüb. O bildirib ki, Hollandiyanın məşhur
Troppen teatrının təşkil etdiyi səfər çərçivəsində
ilk konsert aprelin 1-də Belçikanın Antverpen şəhərində
baş tutub. Anşlaqla keçən konsertdə Azərbaycanın
Belçikadakı səfiri Emin Eyyubov və səfirliyin əməkdaşları
da iştirak edib: “Konsert çox gözəl keçdi. Hətta
konsert başa çatandan sonra salonun rəhbəri –
musiqişünas xanım bizə yaxınlaşıb söhbət
edəndə gözləri doldu. Dedi “mən sizin musiqinizə,
muğamlarınıza valeh oldum. Bundan sonra mən sizin
musiqinizin təbliğatçısı olacam”. Biz ona Heydər
Əliyev Fondunun buraxdığı “Qarabağ xanəndələri”
diskini və öz albomumuzu hədiyyə verdik. Çox
böyük məmnuniyyətlə qəbul etdi və bizi
payızda orada daha bir konsert vermək təklifi irəli
sürdü”.
Mənsum İbrahimov Hollandiyada baş
tutan növbəti üç konsert barədə də məlumat
verib. Konsertlər aprelin 2-də Utrexdə, 3-də Amsterdamda
olub. Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərovun
da qatıldığı konsert tamaşaçılar tərəfdən
böyük maraqla qarşılanıb: “Səhəri gün
isə Haaqada “Əli və Nino” kitabının yeni
variantının təqdimat mərasiminə dəvət
aldıq. 24 ölkənin səfirinin, 2 nazir müavininin,
diplomatların da qatıldığı çox möhtəşəm
bir tədbir idi. Orada gürcü musiqiçilərilə
yanaşı, biz də “Qarabağ” muğam qrupu olaraq
çıxış etdik. Hətta gürcü musiqiçilərlə
birgə ifamız da oldu. Bütün mahnıları da
mikrofonsuz səsləndirdik. Çünki zalın gözəl
akustikası vardı. Elə orada da bizə yeni təklif gəldi.
Oktyabrda böyük bir konsert proqramı ilə
çıxış etməyimizi istədilər”.
Xalq artisti konsertlərin bu qədər
uğurlu keçməsində onu müşayiət edən
musiqiçilərin də böyük zəhmətini
xüsusi vurğulayıb: “Qeyd etdiyim kimi, hər dörd
konsertdə “Qarabağ” muğam qrupu adı altında
çıxış etdik. Bütün afişalarda,
proqramlarda da bu cür yazılmışdı. Hesab edirəm
ki, bunun özü də bir təbliğat vasitəsidir. Biz
musiqiçi olaraq Qarabağın Azərbaycanın əzəli,
əbədi torpağı olduğunu dünyaya bu cür
tanıdırıq. Bir ildir, hansı ölkəyə səfərə
getsək, “Qarabağ” ansamblının adını xüsusi
vurğulayırıq. Budəfəki konsertlərdə məni
əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovla
yanaşı, balabanda Nizami Allahverdiyev, nağarada Kamran Kərimov
müşayiət etdi. Çox xoş təəssüratlarla
geri döndük. Düzdür, xeyli gərgin səfər
oldu. İstirahət etmədən bir-birinin ardınca
ayrı-ayrı şəhərlərdə konsert vermək
çətin idi. Amma çəkdiyimiz zəhmət
qazandığımız uğura
dəydi”.
Olaylar.- 2011.- 7
aprel.- S.16.