“Poloni obrazının heç olmasa
üç cümləsi
Siyavuş Aslanın yadında qalıb?”
“Vaqif
İbrahimoğlu “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
tamaşasına görə 3000 manat qonorar alıb”
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil
İsrafilovun APA-ya müsahibəsi
- İsrafil
müəllim, əsaslı təmir olunmuş və dünya
standartlarına cavab verən Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında artıq iki tamaşanın premyerası
keçirilib. Bu tamaşalara münasibətiniz necədir?
- Fevralın 1-dən
başlamışıq və martın 10-da teatr
qapılarını tamaşaçıların üzünə
açıb. Aydın məsələdir ki, elə şeylər
var, onlar teatrın keçmiş ənənələri ilə
bağlıdır. Sözsüz ki, ilk bir neçə
tamaşa sadəcə sınaq tamaşaları olacaq. Kənardan
görünən kimi bəzi nöqsanlar bizim
özümüzə də görünür. Xüsusən nəzərə
alsaq ki, bəlkə kənardan baxanlar teatr mütəxəssisi
deyillər, amma biz mütəxəssisik və biz bütün
nöqsanları görüb daha yaxşı qiymətləndirə
bilirik. Səhvlərimiz bizə daha böyük hərflərlə
görünür. Amma bu o demək deyil ki, biz
dayanmalıyıq. Burada bizim bu
zamana kimi olan daxili problemlərimiz də rol oynayır.
Dramaturq, rejissor, aktyor, tamaşaçı, tənqidçi, səhnəqrafiya,
texniki heyətin mütəxəssis problemi var. Bütün
bunlar tamaşaların hazırlanmasında, aktyor
ifaçılığında, bütövlükdə
tamaşanın təşkilində özünü göstərir.
Bizim nəzərdə tutduğumuz mərhələ
2011, 2012 və 2013-cü illər üçün nəzərdə
tutulub. O səbəbdən də işə başlayan
kimi ilk və ya üçüncü, dördüncü
tamaşamızda birdən-birə böyük nailiyyətlər
gözləmək sadəlövhlük olardı. İştahamız böyükdür və nikbin
olmağa da əsasımız var.
-
Çıxışlarınızdan sonra çoxları
düşünürdü ki, artıq Akademik Milli Dram
Teatrına tamaşaçı başqa cür gələcək
və tamamilə fərqli hisslə ayrılacaq. Ancaq heç
bir tamaşanın nümayişi zamanı bunu görmədik...
- Məgər tamaşaçı həmin
tamaşaçı deyil ki? Teatrda nə dəyişib
ki? Binanın təmiri məgər
tamaşaya, məhsula dəlalət edir? Mən
söz vermirəm, amma deyirəm ki, biz yüksək keyfiyyətə
doğru gedirik. Rejissor həmin rejissor,
ifaçılar həmin ifaçılar, müəllif həmin
müəllif deyil ki?
-
İsrafil müəllim, axı siz söz vermişdiniz. Belə qənaətə gəlmək
olar ki, hələ istədiyinizi ala bilməmisiniz?
- Mən teatr işini təşkil edirəm.
Əgər quruluşçu rejissor olsaydım,
bu konsepsiyanın realizəsini
düşünmüşdüm, amma bu alınmadı. Təsəvvür edin ki, xəstə bir orqanizm
yataqda idi, mən hələ onu qaldırıb yataqda oturtmaq
istəyirəm. Sonra isə ayaq üstə
qaldırmaq, addımlamaq, qaçırmaq lazımdır.
Bu birdən-birə olmayacaq. Məgər
bunu məndən soruşan adam Azərbaycan
teatrının durumunu bilən, görən adam deyil ki? Nə dəyişəcək? Mən
gəlib möcüzə göstərəcəyəm? Amma biz o iddiadayıq və o
bacarığımız var. Biz əgər onu istəyiriksə,
başqa ritmlə addımlamalıyıq.
- Biz Akademik Milli
Dram Teatrının nə zaman istədiyimiz səviyyədə
görə biləcəyik?
- Əgər hər şey
yaxşı getsə, siz o səviyyəni 2013-cü ildə
görəcəksiniz. Bəzən iş quranda gərək
tərif olsun. Məsələn bir xanəndə səhnədə
oxuyanda, əgər tamaşaçılar ona əhsən
deyirsə, o bir az ruhlanır. Yaxud əksinə, kənardan kimsə öz söhbətini
edirsə, xanəndəyə diqqət etmirsə, təbii ki o
ruhdan düşür. Bu
yaradıcılıq, hissiyyat məsələsidir. Məgər, tək başına bu qədər tez
bir zamanda nə isə etmək mümkündür? İki aya hansı işlər görmək olar ki,
kimisə təəccübləndirəsən? Vaqif İbrahimoğlu Yuğ Teatrını
yaratdı, düz 10 ildən sonra Vaqif İbrahimoğlu
haqqında danışmağa başladılar. 10 il mən heç kimi inandıra bilmirdim ki, o
doğrudan da çox böyük istedad sahibidir. Eləcə də Bəxtiyar Xanızadə. Bu iki və ya üç aya olan bir şey deyil.
Digər bir tərəfdən, bəzən bədən,
orqanizm boş buraxılır və həkim diqqətindən
kənarda qalır ki, əvvəlki səhhətini bərpa
etmək çox zaman alır. Bunun
üçün uzunmüddətli bir müalicə
lazımdır. Heç kim öz
ayranına turş demir. Hamı özü,
yaradıcılığı, məharəti haqqında
çox yüksək fikirdədir. Birdən-birə
kiminsə və ya nəyinsə üstündən xətt
çəkmək insafsızlıqdır. İş görmək lazımdır.
- Sizdən teatr
mütəxəssisi kimi “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
tamaşası haqqında rəyinizi eşitmək istərdim.
- Bu tamaşada Yuğ Teatrının yolu,
estetikası var, mən bunu istəməzdim. İstəyərdim
ki, bu tamaşada Akademik Milli Dram Teatrının ənənələri
daha möhkəm olsun. Mən bununla
bağlı fikrimi bildirmişəm və qərara
alınıb ki, tamaşa üzərində müəyyən
dəyişikliklər
aparılacaq. Tamaşa bəzi hərəkətlərdən
təmizlənməli və səliqəyə
salınmalıdır. Hər teatrın öz yolu,
qanunları var. Vaqif müəllim bir qədər daha
yumşaq və bir az başqa cür etməli
idi. Amma bəzən 10 tamaşa arasında belə
tamaşa da olmalıdır.
- Əvvəlcədən
nəzərdə tutulduğu kimi, yəqin ki, rejissorlarla
iş qonorar sistemi ilə həyata keçirilir. Sirr deyilsə,
Vaqif İbrahimoğlu bu tamaşaya görə nə qədər
qonorar alıb?
- 3000 manat. Amma bu o demək
deyil ki, Amerikadan dəvət etdiyimiz rejissora da bu miqdarda qonorar
veriləcək. Onlar 3000 manata tamaşa
qoymazlar. Onlarla başqa cür
danışılır. Teatrımızda
aparıcı aktyorumuzun aldığı əmək haqqı
400 manat təşkil edir. Amma bu əmək
haqqını artırılması yönündə səy
göstərməliyik. Bunun
üçün də işləmək lazımdır.
- Yəqin
ki, qulağınıza çatmamış olmaz, aktyor heyəti
indi də sizdən narazıdır.
- Bilirsiniz, Tofiq Kazımov işləyən
dövrdə ondan nə qədər adam
narazı idi? Truppada 65 nəfər adam var,
onun 10-u və ya 12-si narazı olursa, bu, nə böyük faciədir?
Aktyor rolsuz qalanda, ifaçılığa imkan
yaradılmayanda narazı olur. Gəlin baxın,
hazırda paralel olaraq beş tamaşa
hazırlanır, səhər gəlib axşam gedirlər. Əgər hansısa aktyor axşam hansısa toya
tamada gedə bilmirsə və məşq etməlidirsə,
necə narazı qalmasın? Mən
onları razı salmaq üçün deyim ki, tamaşanı
at, get tamadalıq elə? Hər kəs
baş rol oynamaq istəyir, amma bir pyesdə iki-üç
baş rol var. Fikrimcə, istənilən yaradıcı insan
enerjisini gəlib teatrda qeybətə yox, səhnə fəaliyyətinə
sərf etməlidir. Mən bu teatrda yox
idim, bu teatrdan bütün tamaşaçılar,
teatrşünaslar, mütəxəssislər narazı idi.
Nədən narazı idilər? Bu aktyorlar heç bunu düşünüblər?
Niyə bizim ziyalılarımızın
böyük bir qismi teatra gəlmirdi? Amma “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
tamaşasının premyerasında necə ziyalılar
iştirak etdi. Onlar heç vaxt teatra gəlməyən
adamlar idi. Bilirsiniz bu, nədən qaynaqlanır?
Çünki repertuarda olan tamaşalar da
maraqlıdır, aktyorlar da əvvəlki kimi işləmirlər.
Vaxt var idi, saat 12-də, 1-də teatrda aktyor
tapmaq olmurdu.
- Sizcə, aktyor
heyətini necə razı salmaq olar? Bunun
üçün hansı yollardan istifadə etmək
lazımdır?
- Heç bir yoldan istifadə etmək
lazım deyil. Aktyor heyətini razı salmaq hələ
heç bir teatr xadiminə müyəssər olmayıb.
Bu yaxınlarda İtaliyaya səfərim
zamanı dünyanın çox tanınmış
rejissorlardan biri ilə görüşdüm. O dedi ki,
aktyorlar dəcəl və tərbiyəsi unudulmuş bir
uşaqlardır. Onların dəcəlliyi ilə
barışmaq lazımdır, müəyyən tərbiyədən
kənar hərəkətlərini də bəzən qəbul
etmək lazımdır, ancaq onlarla işləməkdən
başqa çarə yoxdur. Bizim teatr sənətinin
tarixində məşhur insanlar olub – Ədil İskəndərov,
Mehdi Məmmədov, Tofiq Kazımov... Mən
Tofiq Kazımovun zamanında teatrda işləmişəm və
onun tələbəsi olmuşam. Həmin
Tofiq Kazımovdan aktyorlar məgər razı idilər?
Bilirsiniz nə qədər narazı adam
vardı? İndikindən də qat-qat çox.
Ondan yalnız Şəfiqə Məmmədova,
Amaliya Pənahova, Səməndər Rzayev, Hamlet Xanızadə
razı idi. SSRİ xalq artisti
İsmayıl Dağıstanlı ondan razı deyildi. Bu faktdır. Mehdi Məmmədov
məşq prosesində nə qədər dərman qəbul
edirdi. Hətta dəfələrlə məşq
zamanı aktyorların ucbatından teatrdan küsüb getmişdi.
Bu gün bir aktyora baş rol verilir, o da deyir ki teatrda hər
şey yaxşıdır, sabah ikinci rol
verilir, deyir yaxşı deyil. Bu rejissor səni
bu rolda görür, digər isə başqa rolda. Amma sən həmişə baş rol istəyirsən.
Bunu necə təmin etmək olar? Axı
teatr rəhbəri xidmətçi sahə deyil! Teatrın bir strategiyası var. Teatrın Azərbaycan
cəmiyyətində yerini müəyyən etmək
lazımdır. Azərbaycan teatrının ən məşhur
sənətkarını Avropada, MDB ölkələrində kim tanıyır? Heç kim
tanımır. İndi də mən
çalışıram elə edək ki, teatrımız Azərbaycan
mədəniyyətinin daşıyıcısı, təmsilçisi
olsun və bunu tanısınlar. Bunun
üçün də aktyor gərək müasir aktyor tipinə
malik olsun. Sənətə münasibət
dəyişilməlidir.
- İki
ay müddətində biz Siyavuş Aslanı teatrda görmədik. Niyə əsaslı təmirdən
çıxmış teatra gəlmir? Bəlkə
sizdən incik düşüb?
- Siyavuş Aslan xəstə idi,
özünü yaxşı hiss eləmir. O, necə
sağaldı, müalicə pulunu haradan aldı? Bir adam bir başqasının səhhətini,
yaşını, xidmətlərini nəzərə
alırsa, ondan necə incimək olar? Əgər
bütün bunlara baxmayaraq yenə də inciyirlərsə,
buna nə ad vermək olar? Onun səhhətində
problem var və o səbəbdən də səhnəyə
çıxa bilmir. Azərpaşa Nemətov
“Hamlet”i bərpa etməlidir, Siyavuş Aslan da orada Poloni rolunu
oynayıb. Poloninin heç olmasa
üç cümləsi bu gün Siyavuş Aslanın
yadındadır?! Teatrda kiminsə xətrinə
dəyəcək heç bir hal, heç bir münasibət
yoxdur. Mən aktyorları sevməsəm,
onlarla işləyə bilmərəm. Mən
onları sevməyə məhkumam.
- İsrafil
müəllim, yenə də qayıtdıq keçmiş söhbətlərə . Rejissor xoşladığı
aktyoru Otello, aktrisanı Dezdemona görəcək, kimi bəyənmirsə,
istedadı yerə göyə sığmasa da, o aktyoru həmin rolda görməyəcək. Axı sizə kimi də teatrda bu siyasət hökm
sürüb.
- Əvvəla rejissor
özünün və tamaşaçının düşməni
deyil. Heç kəs buna getməz.
İkinci tərəfdən bu “köhnə
hamam, köhnə tas deyil”. Tamaşanın
müəllifi rejissordur. Mənə elə
bir aktyor və ya aktrisa göstərin ki, hansısa rolu oynamaq
istəyir və o rolu ona vermirlər. Bütün aktyor
heyətinə bildirmişəm, kim
hansı əsərdə hansı rolu oynamaq istəyirsə, gətirsin,
o əsəri hazırlayaq. Amma deyin görək, bizdə
mütaliəsi olan insan çoxdurmu? Bu dəqiqə
İtaliya pyesi desəm, 30 il bundan əvvəl
yazılan pyesləri gətirərlər. Amma
son 30 ildə yazılanlardan xəbərsizdirlər.
- Akademik Milli Dram
Teatrının neçə faizi dediyiniz keyfiyyətlərə
malikdir?
- Təqribən 20-25 faizi. Ona
görə də teatrın vəziyyəti belədir. Ona görə teatrda hər şey sizə bu qədər
maraqsız gəlir. Mənim çox
böyük arzumdur ki, teatrın yüksəlişini
görüm. Başqa iddiam yoxdur, nalayiq
işlər mənim düşüncəmdə yoxdur. Heç kəslə də qərəzim yoxdur.
Başqa ölkələrin teatrlarına baxanda
ağzımın suyu axır. Axı bizim
aktyorlarımız doğrudan da istedadlıdırlar, sadəcə
onların istedadı qablaşdırılmayıb,
yonulmayıb, saçı var, amma daranmayıb, darağı
qoyuram qabaqlarına, onlar götürüb daramırlar.
- Görkəmli
aktyorlarımız Fəxrəddin Manafov, Fuad Poladovu Milli Dram
Teatrının səhnəsində görmək bizlərə
nəsib olacaqmı?
- Azərpaşa Nemətov “Hamlet”i bərpa
etdikdən sonra, “Hacı Murad” tamaşasına
başlanılacaq və Fuad Poladov o tamaşada baş rolu
oynayacaq. Bundan əlavə, iki
başqa layihə də var ki, Fuad müəllim onlarda da rol
alacaq. Fəxrəddin Manafov isə
hazırda xəstədir, onun onurğasında problem var və
intensiv müalicə alır.
Olaylar.- 2011.- 8
aprel.- S.12.