Məsud addımların
azadlıq həvəsi
Səhifə-səhifə,
cümlə-cümlə oxuduğumuz vaxt onların arasında
azadlığa doğru can atan, ilahi bir eşqə oğru pərvazlanan
özünü dünyadan təcrid etməyə
çalışan insanın portreti gözlərimizin
qarşısında canlanır. Birtəhər təfəkkürümüzün
dərin qatlarında, şüurumuzun ən ucqar nöqtəsində
yer edə-edə bir hekayəni bitiririk və ordan həriflərin,
cümlələrin arasından üzügülər,
gözləri qəmli bir simanın bizə
baxdığını görürük. Artıq onun bir-iki hekayəsi belə
Afaq Məsud portretini yarada bildi. Bənzərsiz, təkrarolunmaz,
tam fərqli insan
portretini...
Adətən kiminsə
haqqında yazanda, ya onun həyatına dair olan faktları, ya
iştirakçısı olduğu hadisələri göstərməklə
qəhrəmanı oxucular üçün səciyyələndirməyə
çalışırlar. Doğrudur, hadisədə də qəhrəmanın
əsil siması açılır və onun xarakter kimi
müsbət keyfiyyətləri oxucuya
çatdırılır. Bu keyfiyyətlər də öz
növbəsində ictimai əhəmiyyət, sosial yük
daşımaqla portretin, oçerkin
faydalılığını nümayiş etdirmiş olur.
Ancaq Afaq xanımın əsərlərini oxumaqla onun
haqqında ən gərəkli mənbə həmin
yazıların olduğunu o saat
anlamaq olar. Heç Afaq
xanımı ən yaxşı tanıyan adam belə bu əsərlər
qədər onu təqdim edə bilməz.
Çünki burada Afaq Məsud yalnız və yalnız
özünü yazıb, özündən yazıb. Əsərlərdə
nə qədər mücərrədlik olsa da burada konkret obraz
var ki, onun da həyat haqqında fikirləri
birbaşa olaraq Afaq xanımın dünyagörüşü
ilə üst-üstə düşür.
Burada bir az qəhrəmanımız
haqqında məlumat versək pis olmaz. Belə ki,Afaq xanım
Məsud 1957-ci ildə iyun ayının 3-də Bakı şəhərində
anadan olub. Babası Əli Vəliyevin və atası Məsud Əlioğlunun
yolunu davam etdirərək qələmdən
yapışmağı özünə peşə seçir.
1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirib. 1979-1986-cı illərdə Azərbaycanfilm
kinostudiyasında redaktor, redkollegiyanın üzvü, 1986-88-ci
illərdə isə kinostudiyanın direktoru vəzifəsində
çalışıb. Sonralar həyatını başdan
başa ədəbiyyata həsr edib.
Azərbaycan
Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən
Respublika Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı
jurnalının baş redaktorudur.
Əsərləri rus,
ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə
tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə»
(1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984),
«İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq»
(1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni
sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın
payızı», T.Vulfun «Dünyanın hörümçək
toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin
«Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət
iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin
«Məkkə açıqlamaları» və sair əsərləri
azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında
«Sərçələr» və «Qonaqlıq» televiziya
tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni
sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə
qoyulub.
2001-ci ildə Vyana
Universitetində A.Məsud yaradıcılığını
tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan
«Avropa şərqşünaslığında qadın
yazarlar»).
“Humay” Milli Akademiyası
mükafatı laureatıdır.
Ədəbiyyata bir növ
hadisələrin yox , hislərin süjeti kimi baxan yazar hər
əsərində öz izini bizlərə göstərə
bilir. Sanki ilahi duyğular xanımın qələmindən
tutaraq hərif-hərif, sətir-sətir onun əsərlərini
yazır. Bu zaman bütün dünyadan təcrid olunur və
öz aləminin fərqli dünyaduyumunu – yəni hekayələrini
bizlərə ərmağan gətirir. Nədənsə bu hədiyyələrdə
İbn Əl Qəzali, Əl Nəfisi və digər sufi
mütəfəkkirlərinin ruhunu görmək olur. Cəmiyyətdən,
azğın insan psixologiyasından bezərək tərkidünyalığa can atan dərvişvari
bir adamı görmək olur. O, darıxır,
üzülür, nə edəcəyini bilmir və əlacını
gəldiyi yerə Allah dərgahına uzadır. Bu zaman
özündən əvvəlki aşiqləri dərindən
öyrənərək onların getdikləri yol ilə getməyi
arzulayır. Onun məsudluğu məhz bundadır... Afaq
xanım ona görə Afaq Məsuddur....
Yaradıcılığında
mühüm yer tutan “Azadlıq”
romanının əvvəlində əsəri necə
yazması barədə danışarkən xanım
yazar burada məhz öz daxili aləmini, gizli
üzünü bizə göstərmiş
olur. – “Əsərin son fəsilləri məni
dünyanın ən səssiz qatlarına aparıb
çıxartdıqca, ətrafın
səs-küyü elə bil qəsdən birə-on
artıb çoxalırdı.”
Sitatdan qəhrəmanımızın
əsl mahiyyətini, yaradıcılıq psixologiyasını
oxumaq olur. Onu qeyd etsək ki, bu
situasiya Afaq Məsudun təbii
halıdır, deməli yazarın doğurdan da həqiqi bir
azadlığa ehtiyacı
olduğunu sezə bilərik. Bir çox hekayələrində
-“Sərçə”, ”Bekar”, ”O” eləcə də esselərində prototipini
yaradan xanım içindəki gizli bir daxili nöqtəyə
çəkilərək insanlara, həyata, cəmiyyətə
kənardanbaxır. Daha doğrusu, kənardan yox öz
yazıları arasından. Xalq yazıçısı Anara, mərhum
alim Aydın Məmmədova, şair Vaqif Bayatlı Odər və digərlərinə
həsr etdiyi portret yazılarda
da bu ideya ana xətt kimi
özünü göstərir. Məsələn, “Doğum
günü məlum olmayan Vaqif
Bayatlının naməlum ad gününə”adlı
essesində oxuyuruq- “Vaqif təsadüfən içinə ayrı adamlar da
düşən hardansa çox-çox uzaqlardan, mənim dəhşətli
dərəcədə tanımaq istədiyim, lakin heç cür yolunu, istiqamətini
bilmədiyim qərib məmləkətdən gəlir...”
Bu kimi nümunələrin
sayını artırmaq da olar. Ancaq onların hamısında
ümumi bir məzmun olacaqdır-Azadlığa, gəldiyi
göy üzünə
doğru tələsən, Məsud Afaqın
iti addımlarının
ifadəsi.
Elmin Nurizadə
Olaylar.- 2011.-22 aprel.- S. 13.