XIX əsrin əvvəllərində
ermənilərin Şimali Azərbaycana köçürülməsi
XVIII əsrin
sonlarındakı Böyük Fransa inqilabı (1789-1794-cü
illər) ilə dünya tarixində böyük dəyişikliklər
başladı. Qısa bir müddət sonra Napoleon müharibələri
Avropanı bürüdü. Beynəlxalq münasibətlər
kəskinləşdi. Dövlətlərarası ziddiyyətlər
Şərqdə də özünü göstərdi.
Dünya tarixinin belə bir dönüş dövrü Azərbaycanı
ağır vəziyyətdə yaxaladı.
Nadir şahın (1736-1747)
öldürülməsi ilə Əfşarlar dövlətinin
parçalanması nəticəsində Azərbaycan ərazisində
iyirmiyədək müstəqil və yarım müstəqil
xanlıqlar yaranmışdı. Xanlıqlar sistemindən vahid
dövlət yaradılmasına keçid uğrunda çətin
bir mübarizə gedirdi. Lakin XVIII əsrin sonları-XX əsrin
başlanğıcında dünyada, o cümlədən
bölgədə meydana gələn tarixi şərait bu
prosesin başa çatmasına imkan vermədi. Azərbaycan
yeni əsrə belə bir vəziyyətdə qədəm
qoydu.
Rusiya imperiyası beynəlxalq münasibətlərdə
yaranan imkanlardan istifadə edərək Cənubi Qafqazda fəallığını
artırdı. Rus çarı I Pavel (1796-1801) 1801-ci il
yanvarın 18-də Şərqi Gürcüstanın ilhaq edilməsi
haqqında Manifest elan etdi. I Pavelin öldürülməsi
(1801, mart) nəzərdə tutulan məsələlərin həllinə
də təsir göstərdi. Yeni hakimiyyətə gələn
çar I Aleksandr (1801-1825) bu sahədə aydınlıq
yaratmaq məqsədilə 1801-ci il sentyabrın 12-də ikinci
Manifest verdi. Şərqi Gürcüstanın Rusiyaya ilhaqı
ilə Kartli-Kaxet çarlığından asılı vəziyyətdə
olan Qazax, Şəmşədil və Borçalı
sultanlıqları kimi Azərbaycan torpaqları da Rusiya
imperiyasına qatıldı. Beləliklə, Rusiya
imperiyası tərəfindən Azərbaycan
torpaqlarının işğalı başladı. Bu proses
1828-ci il Türkmənçay müqaviləsinədək
davam etdi. 1801-1828-ci illər ərzində Rusiyaya ilhaq
olunmuş Azərbaycan torpaqları şərti olaraq Şimali
Azərbaycan adlandırılır.
Rusiya imperiyası Şərqdə, o
cümlədən Azərbaycanda işğalçılıq
planlarının həyata keçirilməsində və
burada möhkəmlənməsində ermənilərə
böyük rol ayırmışdı. Ermənilər də
Rusiyadan istifadə etməklə müəyyən siyasi məqsədlərə
nail olmaq istəyirdilər. Bu dövrdə xüsusilə
intensiv inkişaf edən erməni
rusiyaşünaslığı və Rusiya ermənişünaslığı
həmin ideya siyasi məqsədlərə nail olmaq
üçün bir-birini tamamlayır, türk-müsəlman
varlığının məhvini hədəfə
alırdı.
XV əsrin sonuna aid «Mən
çariçanı gördüm» adlı anonim erməni poemasında
rus knyazı III İvanla (1462-1505) Bizans şahzadə
xanımı Sofiya Paleoloqun toyu təsvir olunur. Sofiya bu
münasibətlə III İvanın təklif etdiyi hədiyyələrdən
imtina edərək, ondan İstanbulun tutulmasını tələb
edir. III İvan isə Sofiyaya Qüdsü azad edəcəyini
və Eçmiədzinə qədər gedəcəyini
bildirir. Ermənilərin Rusiyaya ümidləri sonrakı
dövrlərə, xüsusilə XVIII-XIX əsrin əvvəllərinə
aid əsər və siyasi sənədlərdə də davam
etdirilir.
Rus-erməni münasibətləri Kazan
xanlığının (1552) və Həştərxan
xanlığının (1556) işğalı, Osmanlı
dövləti ilə müharibələr (1635-1639, 1711,
1768-1774, 1787-1791-ci illər) zamanı genişlənir,
Rusiyanın Xəzərsahili torpaqları istila etmək məqsədi
ilə daha möhkəmlənir. Bu hadisələr zamanı
ermənilərin Rusiyaya köçürülməsi və
burada erməni koloniyalarının yaradılması
başlanır. Bu işdə I Pyotrun (1682-1725) erməni
xalqına fərmanı (1724, 10 noyabr) böyük rol
oynadı. Həmin fərmana görə Rusiyanın
işğal etdiyi torpaqlara ermənilərin
köçürülməsi və məskun olması
üçün yerlər ayrıldı. I Pyotrun siyasi xətti
onun varisləri, xüsusilə II Yekaterina (1762-1796) tərəfindən
davam etdirildi. 1801-ci il manifestlərində də Rusiyanın
planında ermənilərin rolu əksini tapırdı. Rusiya
müxtəlif yerlərdə yaşayan erməniləri yeni
işğal olunmuş torpaqlara gətirir, onların rus
qoşunları tərkibinə daxil olmasına şərait
yaradır, eyni zamanda yerli hakimlərə qarşı əməliyyatlara
cəlb edirdi.
Çar Rusiyası tərəfindən
ermənilərin XIX əsrin ilk qərinəsində Şimali
Azərbaycan torpaqlarına köçürülməsində
iki mərhələ ayrımaq olar: 1801-1828-ci il Türkmənçay
müqaviləsinədək olan dövr və Türkmənçay
müqaviləsindən sonrakı ilk illər.
1801-1828-ci illərdə Rusiya tərəfindən
ermənilərin Şimali Azərbaycana
köçürülməsi işğal prosesi ilə paralel
getmişdi. Bu dövrdə köçürülən ermənilərin
coğrafi mənbələrini, əsasən onların əvvəllər
gəldikləri və hələlik Rusiya işğalından
kənarda qalan Şimali Azərbaycan əraziləri təşkil
edirdi. Bununla birgə Osmanlı və Qacarlar dövlətlərinin
erməni təbəələrinin cəlb edilməsinə də
cəhdlər göstərilirdi.
Rusiya imperiyası 1804-cü ilin
yanvarında ermənilərin də yaxından iştirakı
ilə Gəncə xanlığını işğal etdi. 1805-ci
il may ayının 14-də Qarabağ, 21-də isə Şəki
xanlıqları ilə onların Rusiya himayəsinə
keçməsi haqqında Kürəkçay müqavilələri
imzalandı. Dekabr ayında isə Şirvan xanlığı
ilə belə bir müqavilə imzalandı. 1806-cı ildə
Dərbənd, Quba və Bakı xanlıqları, 1813-cü
ildə Talış xanlıqları ilhaq edildi. Rusiya
imperiyası eyni zamanda Qacarlar dövləti ilə də
müharibə (1804-1813) aparırdı. Müharibənin
sonunda bağlanan Gülüstan müqaviləsi ilə
Naxçıvan və İrəvan xanlıqları istisna
olmaqla Şimali Azərbaycan torpaqları Rusiya tərəfindən
tutuldu. Rusiya imperiyası işğal prosesində İrəvan
xanlığının tutulmasına xüsusi əhəmiyyət
verirdi. Bunun üçün xanlıq ərazisindəki ermənilərdən
istifadə edilir, digər tərəfdən onların
artıq Rusiya tərəfindən ələ
keçirilmiş ərazilərə miqrasiyası vasitəsilə
xanlığa zərbə vurulurdu. Qafqazdakı rus
qoşunlarının baş komandanı general P.D.Sisianov
İrəvan ermənilərinin Gəncəyə (Rusiya
işğalından sonra şəhərin adı dəyişdirilərək
Yelizavetpol qoyulmuşdu – K.Ş.) köçürülməsinin
təşkilinə çalışırdı. Qarabağ,
Şəki, Şirvan və digər Şimali Azərbaycan
torpaqlarının erməniləşdirilməsi də fəal
şəkildə davam etdirilirdi. Bu hal Şəki (1819),
Şirvan (1820) və Qarabağ (1822) xanlıqlarının ləğvindən
sonra daha geniş miqyas aldı.
1804-1813-cü illərdə rus-İran və
elə həmin dövrdə gedən rus-Osmanlı müharibəsi
(1806-1812) Rusiyanın işğalçılıq
planlarına son vermədi. 1826-cı ildə Rusiya Qacarlar
dövləti ilə yeni müharibəyə (1826-1828)
başladı. Müharibənin ilk dövrləri Qacarlar
üçün uğurlu olsa da sonra üstünlük
Rusiyaya keçdi. 1827-ci ilin mayında Naxçıvan,
oktyabrında İrəvan tutuldu. Beləliklə, Şimali Azərbaycanda
yaşayan ermənilərin Rusiya imperiyasının təbəəliyinə
keçməsi başa çatdı. Ermənilərin
köçürülməsinin yeni coğrafi mənbələri
kimi Qacarlar və Osmanlı dövlətləri əsas yerə
keçdi.
Erməni katalikosu Nerses Aştaraketsi
köçürmə haqqında layihə hazırladı. Rus
yazıçı və diplomatı A.S.Qriboyedov (1795-1829) da bu
planın hazırlanması və həyata keçirilməsində
mühüm rol oynadı.
Nerses 1827-ci ilin noyabrında ermənilərin
köçürülməsinə rəhbərlik etmək
üçün Peterburqdan dəvət edilmiş və bu
zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı: «İndi
mən bizim erməni millətinin sədaqətli müdafiəçisi
cənab A.S.Qriboyedovdan əsir xristianlar haqqında mənim
xahişimi unutmamasını və onları olduğu hər
yerdə rus ağalığının qüdrətli
bayrağı altına qəbul edilməsini rica etdim… Mən həmçinin
İranda olan bütün ermənilər haqqında zat-alidən
[Qafqazdakı rus qoşunlarının baş komandanı
(1827-1831) İ.F.Paskeviç – K.Ş.] xahiş etdim və indi
mən cənaba (Qriboyedova) [bu barədə] yazıram və cənabınızdan
da rica edirəm: İvan Fyodoroviç Paskeviçi lütfən
sövq edəsiniz ki, barışıq zamanı İranın
hakimiyyəti altında olan şəhər və kəndlərdə
yaşayan ermənilərin böyük Rusiya imperiyası himayəsi
altında azad surətdə öz vətəni Ermənistana
qayıtması haqqında maddəni müqaviləyə daxil
etməyi unutmasın». A.S.Qriboyedov və İ.F.Paskeviç
ermənilərin İrandan köçürülməsini
müqavilə hazırlanarkən unutmadılar. Bu məsələ
öz əksini Türkmənçay müqaviləsinin XV maddəsində
tapdı. Həmin maddədə deyilir: «Şah həzrətləri…
Azərbaycan adlanan vilayətin (Cənubi Azərbaycan nəzərdə
tutulur – K.Ş.) bütün əhalisinə və məmurlarına
büsbütün və tam bağışlanma əta edir…
bundan başqa o məmur və sakinlərə bu gündən
başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən
Rusiyaya sərbəst keçmək, hökumət və yerli
rəisliyin heç bir maneəçiliyi olmadan onların
satlıq malına və ya əmlak və əşyalarına
hər hansı gömrük və vergi qoyulmadan tərpənən
mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt
verilir. Tərpənməyən mülkə gəldikdə isə
onun satılması və ya onun haqında könüllü sərəncam
üçün beş illik müddət müəyyən
edilir». Bu maddənin müəllifi Qriboyedov hesab olunur.
Göründüyü kimi XV maddədə konkret olaraq
«İran erməniləri»nin adı çəkilmir. Bu da
diplomatik səciyyə daşıyır, çünki məsələnin
ümumi şəkildə qoyulması onun real həyatda daha
geniş və məqsədə müvafiq şəkildə tətbiqinə
imkan verməli idi.
Müsəlman hakim təbəqələrin
tabeliyində olan erməni kəndliləri ilə bağlı
məsələ də bu dövrdə yenidən meydana
çıxdı. Baş qərargah rəisi Dibiçin
Paskeviçə göndərdiyi xüsusi «Qaydalar»da müsəlman
ali silkinin tabeliyindəki ermənilərə daxili
özünüidarə verilməsi ideyası irəli sürüldü.
Bu ideya mülki işlər üzrə hakim Velyaminov tərəfindən
mənfi qarşılanmışdı. Lakin Paskeviç
sonrakı fəaliyyətində bu ideyanı əsas
götürmüşdü.
Türkmənçay müqaviləsinin
bağlanmasından sonra Rusiya tərəfindən ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsinin
yeni mərhələsi başlandı. Onun xarakterik cəhəti
köçürmənin kütləvi şəkil alması,
coğrafi mənbələri (İran və Osmanlı
imperiyası) və s. ilə bağlı idi.
Ermənilərin
köçürülməsini təşkil etmək
üçün İrəvan və Naxçıvanda
köçürmə komitələri yaradıldı.
Köçkünlərə mühüm imtiyazlar verildi: onlar
6 il müddətində vergi və imtiyazlardan azad edildi, ermənilərə
İrandan ayrılan təzminat hesabına vəsait verildi və
i.a.
Hazırlıq tədbirləri həyata
keçirildikdən sonra köçürmə
başladı. İrandan köçürülən ermənilərin
sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu illər
rus-türk müharibəsinin gedişində və müharibədən
sonra Türkiyədən də 90 minədək erməni
köçürüldü. Köçürmənin əsas
istiqaməti Cənubi Qafqaza yönəlmişdi. N.Şavrov
1911-ci ildə Peterburqda nəşr olunmuş «Zaqafqaziyada Rusiya
mənafeyinə yeni təhlükə» adlı kitabında
yazırdı ki: «hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min
erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus
deyil və bizim tərəfimizdən
köçürülmüşdür».Ermənilər
köçürülərkən onların Şimali Azərbaycan
torpaqlarında, xüsusilə Naxçıvan, İrəvan və
Qarabağda yerləşdirilməsinə mühüm əhəmiyyət
verilirdi. Nersesin layihəsinə görə rus ordusunun
tutduğu bölgələrdən – Təbriz, Xoy, Salmas,
Marağadan bütün ermənilər Naxçıvan,
İrəvan və Qarabağ vilayətlərinə
köçürülməli idi. Onun bü tələbi
köçürmə işində canfəşanlıq edən
ermənipərəst güruh tərəfindən
ardıcıl şəkildə həyata keçirildi.
Yuxarıda adı çəkilən N.Şavrov da qeyd edirdi
ki, müharibədən sonrakı iki ildə (1828-1830-cü
illər) biz Zaqafqaziyaya İrandan 40 min, Türkyədən 84
min erməni köçürmüş və onları ermənilərin
azlıq təşkil etdiyi İrəvan və Yelizavetpol
quberniyalarında … yerləşdirmişdik. Onlara 200 min desyatin
xəzinə torpağı ayrılmış, onlar
üçün müsəlmanlardan 2 milyon manatlıq
xüsusi sahibkar torpağı satın
alınmışdır. Yelizavetpol quberniyasının
dağlıq hissəsi və Göyçə gölü
sahili həmin ermənilərlə məskunlaşdırılmışdır.
Ermənilərin
köçürülməsi nəticəsində Qarabağ,
İrəvan və Naxçıvan bölgələrinin əhalisinin
etnik tərkibi əsaslı dəyişikliyə məruz
qaldı. Əgər Qafqazdakı rus qoşunlarının
baş komandanı (1816-1827) Yermolovun sərəncamına əsasən
Qarabağ əyalətinin 1823-cü ildə
aparılmış «təsviri»nə görə buradakı 20
minədək ailədən 1,6 minədək olan hissəsi (cəmi
8,4 %) erməni idisə, 1832-ci il məlumatına görə
ermənilərin xüsusi çəkisi 34,8 %-ə
qalxmışdı.
Rusiya tərəfindən işğal
edilənədək İrəvan xanlığının əhalisinin
20 %-dən bir az çoxunu ermənilər təşkil edirdisə,
1834-1835-ci illərdə bu rəqəm 46 %-i
ötmüşdü. Naxçıvanın da etnik tərkibi
eyni dəyişikliyə uğramışdı. Əgər
köçürülməyədək Naxçıvan dairəsində
434 erməni həyəti var idisə, köçürülmə
nəticəsində bura 2285 ailə gətirilmişdi.
Bütövlükdə Naxçıvan vilayətinə
(Ordubad dairəsi daxil olmaqla) 2551 ailə
köçürülmüşdü.
Ermənilərin
köçürüldükləri Şimali Azərbaycan
torpaqlarında sayı artdıqca həmin torpaqları ələ
keçirmək üçün etnik təmizləməyə
əl atdılar. 1905-1906 və 1918-1920-ci illərdə ermənilərin
azərbaycanlılara qarşı soyqırımı baş
verdi. Bununla kifayətlənməyən ermənilər 1988-ci
ilin fevralında vaxtilə qonaq kimi gəldikləri Qarabağ
torpaqlarını Azərbaycandan qoparmaq üçün
keçmiş sovet dövləti rəhbərliyinin köməkliyi
ilə separatist hərəkətlərə başladılar.
Həmin siyasət getdikcə genişlənərək Ermənistanın
işğalçı müharibəsinə çevrildi, Azərbaycan
ərazisinin 20 %-i tutuldu. Azərbaycan xalqı və dövləti
Ermənistanın işğalçı siyasəti ilə
heç vaxt barışmayıb və onun nəticələrini
aradan qaldırmaq üçün bütün istiqamətlərdə
fəal iş aparır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Kərim
Şükürov
Olaylar.- 2011.-
28 aprel.- S.15.