Şamil Süleymanov: “Ramiz Rövşəni şapalaq vuran görmüşəm...”

 

Aktyor Şamil Süleymanovun dostunun 60 illiyinə qəribə hədiyyəsi

 

“Yaxın adam” kimi Ramiz Rövşəni seçmişdik, amma hansı yaxın adamının onun barəsində danışması daha düzgün olardı, bunu müəyyənləşdirmək asan deyildi. Ramiz Həsənoğlu, Cavanşir Quliyev, yaxud qələm dostlarından biri danışsın, yoxsa oğlu Rövşən, qardaşı Yaşar? Heç biri. Ramiz Rövşənin yaxın adamı elə bir adam olmalıdır ki, heç olmasa yarı Ramiz Rövşən olsun, yəni onun dünyasından, onun ruhundan biri, onun qədər həm qəribə, həm də adi.

 

 Bu axtarışlarda ikən aktyor Şamil Süleymanovla rastlaşdıq. Söhbət söhbəti çəkdi, Şamil Süleymanov təsadüfən Ramiz Rövşən barədə maraqlı əhvalatlar danışdı, elə bil başıma alma düşdü. Cəld qaçıb diktofonu gətirib qoşdum. Vəssalam, bu qədər asan...

 

Ramiz Rövşənlə əlbəyaxa

 

Ramiz Rövşənlə ilk dəfə görüşəndə bir-birimizdən xoşumuz gəlməmişdi. Təxminən 77-ci il idi, Moskva qatarına bilet almaq üçün növbəyə durmuşdum. Kənarda oturacaqda bir nəfər əyləşmişdi, daha doğrusu, yayxanmışdı. Geyimi səliqə-sahmanlı, özü iddialı, gözlərində qəm qarışıq dərinlik. Saatlarla növbəyə durandan sonra növbənin mənə çatmağına bir adam qalmış bu yerindən durub gəldi ki, mən sizdən əvvələm. Dedim ayə, filankəsin biri, üç saatdır burda ayaq üstdə durmuşam, özün üçün yayxanmısan orda, dedi gəlib qarşı oturacaqda da sən yayxana bilərdin. Növbədə nə fərqi var, oturmusan, yoxsa durmusan.

 

Ramizin 60 illiyini Məkkədə keçirmişəm

 

İki ildən sonra o, Moskvada ssenari kurslarını başa vurub, kinostudiyaya işləməyə gəldi və mən onu həm özüm üçün kəşf etdim, həm də mənə elə gəldi ki, dünya üçün. Əvvəlcə bir-birimizə tərs-tərs baxırdıq, amma hərdən gülümsəyirdi və bu, məni yavaş-yavaş yumşaldırdı. Sonralar onun bu keyfiyyətini də anlayıb, yüksək qiymətləndirdim. Nolsun ki, ilk dəfə görüşümüz ürəkaçan olmayıb. İlk təəssürat hələ heç nə demək deyil axı. Yaxşı ki, o bilet növbəsində əlbəyaxa olmamışdıq. Lap elə olsa da sonradan söhbətlərimizin gülüş mövzusu olacaqdı. Çünki Ramizlə məni bağlayan daxili qüvvə vardı, uyğunluq vardı. Əvvəl-axır yollarımız birləşməli idi. Sadəcə, Tanrı bizi bir şairlə aktyoru necə görüşdürmək lazımdırsa, elə görüşdürüb ssenari qurmuşdu ki, sonra gülməyə mövzumuz bol olsun. Biz Ramiz Rövşənlə o qədər yaxın dost olduq ki, “Ay işığı” şerini onun öz dilindən eşidən ilk xoşbəxt oldum. Bir gün indiki xanımıma vurulduğumu ilk ona dedim. O da bir dost kimi əvvəl qıza baxıb, sonra mənə xeyir-dua verdi. İndi çoxdandır artıq bir yerdə işləmirik, amma dostluğumuz davam edir. Mənim qızım Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna onun xeyir-duası ilə təhsil almağa getdi. Qızımın ilk şeirlərini Ramiz əmisi oxuyub, yaxşı rəy verib. Bütün rollarımda Ramiz Rövşənin şeirlərindən nə isə öyrənib həyata keçirmişəm. Həyatda “sirat körpü”sündən hər kəs keçməlidir. Onu özün təkbaşına keçə bilməzsən, bir yol göstərənin olmalıdır. Mənim üçün bu adam Ramiz Rövşəndir. İş elə gətirib ki, bir neçə il ardıcıl onun doğum günündə Məkkədə olmuşam. 60 illik yubileyində Məkkədən zəng eləyib demişəm ki, hazırda sənə veriləcək hədiyyəm yalnız namaz ola bilər.

 

Ramiz saçını daramayan, əyyaş şairlərdən deyil

 

Ramiz Rövşəndə ən çox sevdiyim keyfiyyət “mən şairəm” deyib qəribəliyinə uymamasıdır. Bəzən “mən şairəm” deyib anormal həyat tərzi keçirirlər. Güləndə qəhqəhə çəkirlər, ağlayanda isterikaya düşürlər. Şair guya gecə yatmamalıdır, əyyaş olmalıdır, saçın daramamalıdır. Bunların heç biri Ramizdə yoxdur. Tam normal insandır, səliqəli-səhmanlı.

Dünyada nə qədər azərbaycanlı varsa, hamısı özünü Ramizin dostu bilir.

 

Demə şairinki dil davasıdır

Şapalaq vurmağa qolumuz da var.

 

Onu qəşəng şapalaq vuran da görmüşəm, necəsini soruşmayın, deməyəcəm, öldürər məni.

Bir az başımızda ağlımız da var...

Çox ağıllı adamdır, hələ onun sapdırdığını görməmişəm. Bir dəfə onun özünü təriflədiyinin şahidi olmuşam, onu da gözəl edir. Hamıdan yaxşı tərifləyir özünü, çünki düzünü deyir.

Ramiz Rövşən tək şair deyil, bunu hamı bilir. Tarkovskinin ali ssenari kurslarını bitirib və gözəl ssenari müəllifliyi var.

Azərbaycan kinosunda mənə həsr etdiyi bir söz var. “Papaq” yaxud “Evlənmək istəyirəm” filmində deyir ki, “bu bəyzadələr də yaxşı hərifləyiblər Şamili”.

 

Qardaşına deyir ki, dədəni gətir, mən də onu udum

 

Ramizin kiçik qardaşı ilə yaş fərqi Ramizin atası ilə özü arasında olan yaş fərqi qədərdir. Bir dəfə Ramiz eyvandan baxırmış görür ki, kiçik qardaşı Yaşarla Ramizin oğlu Rövşən futbol oynayırlar. Yaşar Rövşənə deyir ki, ə, sən heç futbol oynaya bilmirsən ki. Rövşən də deyir ki, balacayam axı, sən heç mənim dədəmlə oynaya bilərsən? Yaşar qayıdır ki, get dədəni çağır, udum. Ramiz Rövşən də eyvandan Yaşara deyir – sən də get dədəni gətir, mən udum. Ramiz Rövşənin dəhşətli yumoru var, adamı öldürüncəyə qədər güldürə bilər. Ramizlə eyni gündə Kommunist Partiyasına qəbul olmaq üçün ərizə vermişik və partiya dağılıb. Dostlar onu məcbur etdilər ki, kinostudiyanın rəhbəri olmağın üçün gərək Kommunist Partiyasına üzv olasan, olmursan ki, səni kinostudiyaya direktor təyin etmirlər. O da ərizə yazdı, mən də dostumla bərabər güdaza getdim. Ərizəni verdiyimiz gün partiyanın fatihəsi verildi. Ramiz Rövşən deyir ki, peyğəmbərlər Allahın elçiləri, şairlər onun “şpiyonları”dır. Özü belə deyir, amma əsil şairlər xüsusi yaradılmışlardı. Allahın dərgahında sorğu-sula çəkilməyəcəklər. Həzrəti-Peyğəmbər meracda olanda bir qapı da göstərdilər, üstündə qıfıl vardı. Soruşdular ki, bu nə qapıdır? Dedi dünyanın ən gözəl, ulu, müdrik sözləridir ki, onu yalnız şairlər öz fəhmləri ilə bilərlər. Birini götürərlərsə, Tanrı onlara ikisini açar, ikisini götürərlərsə, dördünü verər. Bu, yalnız şairlər üçün keçərlidir. Ramiz Rövşən o sözlərdən ən çoxunu götürə bilən kəslərdəndir ki, ardınca da ona daha çoxu verilib...

 

Olaylar.- 2011.- 7 dekabr.- S.11.