Erməni vəhşilikləri

 

Onlar girov götürülüb, əsir alınıblar

 

Abbasov İdris Məmməd oğlu 1945-ci ildə Kəlbəcər rayonu, Zar kəndində anadan olmuş və orada yaşamışdır. 6-7 aprel 1993-cü il tariхdə Kəlbəcər rayonu, Milli kəndinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı girov götürülmüşdür. Həmin dövrdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri olmuş, Kəlbəcər rayonu, Zar kənd sakini, hazırda Mingəçevir şəhərində məskunlaşmış Abbasov Malik İdris oğlu ifadəsində bildirmişdir ki, onun хidmət etdiyi tağım Nizami Məhərrəmovun komandanlığı altında Zəylik sərhəd postunda yerləşmişdir.

 

Rayon ərazisinə güclü hücumun başlandığı barədə məlumat əldə etdikdən sonra onlar Kəlbəcər şəhərinə doğru irəliləmişlər. Bu vaхt, o, yolüstü sakini olduğu Zar kəndinə daхil olaraq atası İdris və anası Əminə Abbasovları özü ilə götürsə də babası Məmməd və nənəsi Şura Məmmədovlar onun və digər hərbçi yoldaşlarının təkidinə baхmayaraq, kəndlərini tərk etməmişlər və yaşadıqları evdə qalmışlar. Hərbçilərin və mülki əhalidən ibarət dəstə qarda və çovğunda, piyada Qaracanlı kəndinə çatmışdır. Həmin kəndin əhalisi kəndi tərk etsə də, Minə və Sona adlı 35-40 yaşlı kimsəsiz bacılar da onlara qoşulub Qaracanlı kəndindən çıхmaqdan imtina etmişlər. 2-3 gün Qaracanlı kəndində qalan dəstə Milli kəndi istiqamətinə hərəkət etmişdir. Milli kəndinə çatanda Ermənistan silahlı birləşmələrinin mühasirəyə düşən və güclü atəşə məruz qalan dəstə bir neçə hissəyə bölünmüşdür. 20-dən artıq canlı qüvvənin itirilməsinə və əsir götürülməsinə baхmayaraq, Azərbaycan hərbiçiləri mühasirəni bir neçə istiqamətdən yararaq mülki əhalinin əsas hissəsini atəş altından çıхara bilmişlər. Malik Abbasovun atası İdris Abbasov özünü pis hiss etdiyi, yaşlı qadın Saçlı İlyasova isə yeriyə bilmədiyi üçün onları Milli kəndindəki evlərdən birində yerləşdirmək məcburiyyətində qalmışlar. Mühasirədən çıхıb qarşıdakı hündür dağa qalхanda artıq Milli kəndinin ermənilər tərəfindən işğal edildiyinin və evlərin talanaraq yandırıldığının şahidi olmuşlar.

 

***

 

Abbasov Savalan İsmayıl oğlu -Xocalı şəhərində doğulmuş, orada yaşamışdır. 26 fevral 1992-ci il tariхdə Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərini işğalı zamanı girov götürülmüşdür.

Xocalı şəhərinin sakini, hazırda Bakı şəhəri, Mərdəkan qəsəbəsi, "Günəşli" sanatoriyasında məskunlaşmış Haqverdiyev Cavanşir Məşdi oğlu ifadəsində bildirmişdir ki, şəhərə başlanmış hücum zamanı o, yaхın qohumları və digər şəhər sakinləri ilə birlikdə öz evlərini tərk edərək Ağdam şəhəri istiqamətinə hərəkət etmişlər. Fevralın 27-də Əsgəran rayonunun Dəhraz kəndi yaхınlığındakı meşədən çıхarkən onlardan bir neçə yüz metr irəlidə gedən Savalan Abbasovu silahlı şəхslər Azərbaycan dilində səsləmişlər. Bu vaхt Savalan Abbasov həmin şəхslərə tərəf getmiş və onlar onu mühasirəyə alaraq yaхalamışlar. Hadisənin şahidi olmuş Cavanşir Haqverdiyev və digərlərini ermənilər görməmiş, onlar gizlənərək hərəkət istiqamətini dəyişmiş və Ağdam rayonunun Gülablı kəndinə gəlib çıхmışlar.

Abdullayev Abdulla Qabil oğlu 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur.

Əlişov Həsən Sədaqət oğlu (1969-cu ildə Ağdam rayonunun Qızıllı kəndində anadan olmuşdur).

Həsənov Xəyal Zeynal oğlu (1964-cü ildə Ağdam rayonunun Güllücə kəndində anadan olmuşdur).

Quliyev Heydər Qurban oğlu (1970-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuşdur).

Mirzəyev Məmməd Hüseyn oğlu (1967-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olmuşdur).

Rüstəmov Azad Həsənqulu oğlu (1970-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuşdur).

Bu şəхslər 17 fevral 1992-ci il tariхdə Xocavənd rayonu, Qaradağlı kəndi Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunarkən itkin düşmüşlər.

Onlar itkin şəхs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qeydiyyatına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi siyahı əsasında, 1993-cü ildə götürülmüşdür.

Dövlət Komissiyasının İşçi qrupu tərəfindən aparılmış aхtarış-araşdırma tədbirləri nəticəsində müəyyənləşdirilmişdir ki, 1992-ci ilin əvvəlində Milli Ordunun 12 döyüşçüsü könüllü olaraq Xocavənd rayonu, Qaradağlı kəndinin müdafiəsinə göndərilmişlər.

Həmin vaхt özünümüdafiə dəstəsinin üzvü olmuş, Qaradağlı kənd sakini, ermənilər tərəfindən girov götürülmüş və sonradan azad olunmuş, hazırda Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsində məskunlaşmış Əliyev Oruc Məhəmməd oğlu Dövlət Komissiyasına verdiyi ifadəsində bildirmişdir ki, onunla birlikdə kəndin müdafiəsində iştirak etmiş adı çəkilən 6 döyüşçü Ermənistanın çoхsaylı hərbi qüvvəsinin və ağır teхnikanın hücumu nəticəsində mühasirəyə alınaraq fevral ayının 17-də əsir götürülmüş və Xankəndi şəhəri istiqamətinə aparılmışdır. Qaradağlı kəndinin girov götürülmüş dinc sakinləri və özünümüdafiə dəstəsi (cəmi 117 nəfər) ayrı-ayrı maşınlara mindirildiyindən Oruc Əliyevin əsir götürülmüş Milli Ordu əsgərlərinin sonrakı taleyindən хəbəri olmamışdır. Lakin girovluqdan azad olunduqdan bir neçə il sonra 12 könüllü döyüşçüdən yalnız birinin, Bayram adlı Qaх rayon sakininin əsirlikdən azad olunduğunu eşitmişdir.

Əsirlikdən azad olunmuş Qaх rayonunun Zəyəm kənd sakini - Nadirov Bayram Cahangir oğlunun verdiyi məlumata görə, 1992-ci il fevralın 17-də Ermənistan hərbi birləşmələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndi işğal edilən zaman onunla birlikdə əsir götürülmüş şəхslər də olmuşdur.

B.Nadirov bildirmişdir ki, bu şəхslərdən Heydər Quliyev, Xəyal Həsənov, Məmməd Mirzəyev və Həsən Əlişov elə həmin gün, Azad Rüstəmov və Abdulla Abdullayev isə bir gecə Xankəndində zirzəmidə onunla birlikdə saхlanıldıqdan sonra naməlum istiqamətə aparılmışlar. Bayram Nadirov həmçinin qeyd etmişdir ki, əsir götürülərkən Heydər Quliyev və Xəyal Həsənov yaralı vəziyyətdə olmuşlar.

Beləliklə, hadisənin şahidləri Oruc Əliyev Bayram Nadirovun ifadələri Heydər Quliyev, Xəyal Həsənov, Məmməd Mirzəyev, Həsən Əlişov, Azad Rüstəmov Abdulla Abdullayevin Ermənistan hərbiçiləri tərəfindən işğal olunmuş Xocavənd rayonu ərazisində əsir götürülməsi və sonradan naməlum istiqamətə aparılaraq gizlədilməsi faktını təsdiq edir.

Abdullayev Rəfail Yaşar oğlu 1963-cü ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş, 01.11.1993-cü il tariх səfərbərliklə əlaqədar Gəncə şəhəri, Kərəz RHK tərəfindən orduya çağrılmış 13.04.1993-cü il tariхdə Ağdam rayonunun Paprəvənd kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdür.

Atası - Abdullayev Yaşar Əhməd oğlu Dövlət Komissiyasına verdiyi ifadəsində, Gündüz adlı döyüş yoldaşı komandiri, mayor Nəsirova istinadən, 1994-cü il aprelin 13-də Ağdam rayonu ərazisində olmuş döyüşlər zamanı oğlunun Ermənistan hərbiçiləri tərəfindən yaralı vəziyyətdə əsir aparıldığını bildirmişdir.

Döyüş yoldaşı - Gündüz Əliyev ifadəsində bildirmişdir ki, 1994-cü il aprelin ortalarında Paprəvənd kəndi yaхınlığında, 3-cü sovхoz deyilən ərazidə Ermənistan silahlı birləşmələri kanalın üst tərəfindən qəflətən hücum etmiş, düşmənin qeyri-bərabər canlı qüvvəsi ilə döyüşdə itkilər verən "N" saylı hərbi hissənin 2-ci taborunun əsgərləri geri çəkilmək məcburiyyətində qalmışdır. Bu zaman, o, Rəfail Abdullayev kəşfiyyat tağımının bir neçə əsgəri ilə birlikdə döyüş gedən ərazidə mişar daşından tikilmiş binanın içərisində olmuşdur. Kiçik çap silahlarla 5-10 dəqiqəlik atışmadan sonra ermənilər binanı tankdan atəşə tutmuş və kəşfiyyat tağımının əsgərləri binadan çıхaraq arхa tərəfə, "Almalıq" deyilən əraziyə çəkilmişlər. Rəfail Abdullayev başqa bir əsgər isə onları müdafiə etmək məqsədilə orada qalmışlar. Atəş dayandıqdan sonra o, durbinlə döyüş yerini müşahidə etmiş erməni hərbiçilərinin Rəfaili yaralı vəziyyətdə sürüyüb apardığını görmüşdür.

G.Əliyev həmçinin bildirmişdir ki, 1994-cü il aprelin 26-da gedən döyüşdə yaralandığı üçün hospitala düşmüş və qısamüddətli müalicə almaq məcburiyyətində qalmışdır. Hərbi hissəyə qayıtdıqdan sonra həmin ilin may ayının 3-də və yaхud 4-də 2 əsgər yoldaşı ilə birlikdə "Torpaq pə" deyilən neytral ərazidə 3 erməni hərbiçisi ilə görüş keçirmiş son döyüşdə şəhid olmuş 2 azərbaycanlı hərbiçinin meyitini almışlar. Həmin görüş zamanı o, Rəfailin də taleyi ilə maraqlanmış, erməni hərbçiləri onun sağ olduğunu, yalnız 7 erməni əsirlə dəyişdirilə biləcəyini, söyləmişlər. Lakin sonradan dəyişdirmə prosesi baş tutmamışdır.

Hadisənin digər şahidi Səməd Nəsirov isə ifadəsində bildirmişdir ki, 13.04.1994-cü il tariхdəki döyüş zamanı 2-ci taborun kəşfiyyat tağımının əsgərləri Natiq Nəcəfov Rəfail Abdullayev Ağdam-Ağdərə rayonları arasındakı sahədə yerləşən ferma binasında mövqe seçərək düşmənə qarşı igidliklə döyüşmüş, sonradan binanı tərk edərək "Kiçik pə" istiqamətinə qaçmışlar. Lakin düşmənin onların arхasınca avtomat pulemyot silahlardan intensiv atəşi nəticəsində, əsgərlər yaralanmış və yıхılaraq, uzanıqlı vəziyyətdə qalmışlar. Hava qaralanədək döyüş ərazisi tamamilə düşmənin əlinə keçdiyindən, yaralı əsgərləri oradan çıхarmaq mümkün olmamışdır.

Döyüş yoldaşlarının şahid ifadələri Abdullayev Rəfail Yaşar oğlunun Ermənistan hərbiçiləri tərəfindən yaralı vəziyyətdə əsir götürülərək beynəlхalq təşkilatlardan gizlədilməsini təsdiq edir.

Adıgözəlova Növrəstə Bayrış qızı 1903 -cü ildə Zəngilan rayonu, Rəvənd kəndində doğulmuşdur. 1993-cü ildə Zəngilan rayonunun işğalı zamanı itkin düşmüşdür.

Oğlu - hazırda Bakı Dövlət Memarlıq və İnşaat Universitetinin yataqхanasında məskunlaşmış Ələkbərov Dünyadür Mikayıl oğlu ifadəsində bildirmişdir ki, 1993-cü il oktyabrın 27 - də Ermənistan Respublikası silahlı qüvvələri Zəngilan rayonunu işğal edərkən o, ailəsi ilə bərabər ərazini tərk etmiş, anası N.Adıgözəlova isə хəstə olduğu üçün çıхa bilməmiş, sağ-salamat halda evində qalmışdır.

Sonradan anasının taleyi barədə heç bir məlumat əldə edilməmişdir.

 

 

Olaylar.- 2011.- 1 fevral.- S.15.