Böyük səhnənin böyük Hamleti: Bu gün görkəmli aktyor Hamlet Xanızadənin vəfatının

ildönümüdür

 

Fuad Poladov: “Təlxək rolunu oynayana "xalq artisti" adı verdilər, o da

 Qacarı yaratmış aktyora - Hamletə "sağ əlim sənin başına” deyirdi"

 

Onsuz da Hamletin incikliyi az deyildi

 

Sabah - fevralın 3-də görkəmli aktyor Hamlet Xanızadənin vəfatının ildönümüdür.

 

Milli.Az xəbər portalı oxuculara xatırladır ki, Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan qəsəbəsində dünyaya gəlib. Atası ilə anası incəsənət sahəsində çalışmasalar da, dayısı Rəşid Behbudovun ansamblında dəfçalan, bibisi oğlu isə peşəkar tarçalan olublar. Atası Hamletin incəsənət sahəsinə getməyini o qədər də təqdir etmirmiş. Yəqin elə buna görə o, Tibb İnstitutuna daxil olub.

Amma çinli abituriyentlərə görə bir neçə gənclə birlikdə Hamlet Xanızadə də kənarda qalıb, sənədlərini İncəsənət İnstitutuna verib qəbul olunub. Tələbə ikən tədris teatrının, institutu bitirdikdən sonra Akademik Milli Dram Teatrının ümidverən aktyorlarından biri olub. 1970-ci illərdən kinoya, televiziya tamaşalarına dəvət olunmağa başlayıb. Onun səhnədə, kinoda, televiziyada yaratdığı onlarla obrazı göz önünə gətirəndə bu aktyorun amplua anlayışından qədər uzaq olduğunu görürük. Hamlet Xanızadə 1990-cı il fevralın 3-də insult nəticəsində dunyasını dəyişib. Vəfatından sonra Bakının Mərdəkan qəsəbəsinin sakinləri rəsmi qərar gözləmədən küçələrdən birinə onun adını verib.

Müasirimiz olan tanınmış teatr rejissorlarından birinin söhbəti zamanı Hamlet Xanızadənin şəxsiyyəti ilə aktyorluğu arasındakı təbəqənin nə qədər şəffaf olmasının fərqinə vardım – rejissorun gerçəkliyə əsaslanan tələblərinə baxmayaraq, Hamlet Xanızadə səhnə əsərinin qəhrəmanının (geniş mənada) həbsdə olarkən ən alçaldıcı işgəncələrə məruz qalmasını canlandırmaqdan vaz keçib, onu əyilməz, sınmaz cəngavər kimi təqdim edib. “Medalın iki üzü olur”. Məncə, aktyorun yaradıcılığının bu epizodu həm də onun şər qüvvələrin ən müvəqqəti üstünlüyünün belə istisnalığına nə qədər ürəkdən inandığının çox aydın mənzərəsidi. Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlində baş verən (və təəssüf ki, hələ də məntiqi, hüquqi, haqlı sonluğa yetməyən) hadisələr bir çox dəyərli vətəndaşlarımızın ömrünün qırılmasına səbəb oldu. Hamlet Xanızadənin də belə qismətə tuş gəlməsi nə qədər ağrılı olsa da, təəccüblü deyildi. Bu gün onun vəfatının 21-ci ildönümüdü. Sevilən aktyorun yaxın dostlarından, əsl mənada həmkarlarından biri xalq artisti Fuad Poladovla elə bu ərəfədə görüşdük. 

Fuad Poladov:

- Sağ olun ki, belə dəyərli insanları yad edirsiniz. Mənim “Azdrama”da iki dostum olub – Kamal Xudaverdiyev, bir də Hamlet Xanızadə. Təəssüf ki, ikisi də bu dünyanı tərk edib. Kamalla daha erkən başlayan dostluğumuz həmkar dostluğu deyildi. Yəqin ki, başqa-başqa sahələrdə çalışsaydıq, yenə də rastlaşıb dostlaşacaydıq. Amma sonrakı dövrdə tanış olduğum Hamletlə dostluğumuza səbəb məhz sənətimiz, peşəmiz, onun işgüzarlığı, aktyor məharəti, daim öz üzərində işləmək kimi keyfiyyəti oldu. Elə bil hiss edirdi ki, uzun ömür yaşamayacaq. Yorulmadan, istirahət etmək barədə düşünmədən işləyirdi. Təsəvvür edin ki, teatrda İblis, televiziyada isə Topal Teymur kimi obrazlar üzərində paralel işləmək aktyordan necə böyük qüvvə, hazırlıq tələb edir. Hamletin böyük səhnədə ilk rolu epizodik Xəstə obrazı idi. Amma elə bu kiçik rolda o, özünün başqalaşma məharətini elə ustalıqla göstərə bilmişdi ki, tez bir zamanda teatrın aparıcı aktyorlarından birinə çevrildi.

- Böyük kinoda son işi olan “Qətl günü” ekran əsərində yaratdığı obrazlardan biri də Xəstə obrazı idi. Aktyorların, xüsusən də təbiətcə həssas olanların rollarının onların taleyinə təsir etməsinə aid neçə-neçə nümunə məlumdu.

- Elədir. Belə paralelləri vaxtaşırı müşahidə edirik. Dediyim kimi rejissorlar onun başqalaşma istedadından vaz keçə bilməzdilər. Əslində Hamlet özü kinoya vaxt ayırmağını müvəqqəti hal hesab edirdi.

- Adi həyatda necə insan idi? Hərəkətlərində, davranışlarında nə ilə fərqlənirdi? Gənc aktyorlarla münasibəti necə idi?

- Təbii ki, hər bir normal insan kimi yeyib-içməyi də xoşlayırdı. Bir dəfə bulvardakı çayxanada oturmuşduq. Birdən hay-küy qopqu, eşitdik ki, kimsə özünü dənizə atıb. Hamlet həmin dəqiqə o tərəfə qaçdı. Mən tələsik çayçının pulunu verib həmin yerə gələndə gördüm ki, Hamlet qayışini çıxarıb özünü dənizə atmış adama uzadıb ki, onu xilas etsin. Bir azdan bulvarın işçiləri, polislər də gəlib o adamı dənizdən çıxartdılar. Qayıdanda mən yarızarafatla dedim ki, sənin qayışın bir insanı ölümdən qurtardı. Onun yerişi də qəribə idi – pəncələrinin üstündə yeyin-yeyin gedirdi. Bir dəfə dedim, ay Hamlet, söhbət eləyirik axı, bir az asta-asta addımla da, elə bil uçursan. Bir az duruxub cavab verdi ki, nə bilirsən, bəlkə uçacam?. Hamletlə ünsiyyətdə olmaq zənginləşmək demək idi. Onunla hər bir söhbətin sonu sənətə gəlib-çıxırdı. Neçə dəfə olub, onların evlərində oturub o qədər söhbət etmişik ki, bir də görmüşük gecədən keçib. Belə olanda deyirdi ki, gedək səni ötürüm. Bu ötürmək də söhbətin küçədə davam etməsinə çevrilirdi. Teatrda da lazım gələndə fikrini bildirməkdən, məsləhət verməkdən çəkinmirdi. Bir az nailiyyət əldə edən kimi bəzi aktyorların birdən-birə davranışlarının necə kəskin dəyişdiyini az görməmişik. Belələri çox uzağa gedə bilmirlər. Çünki dərin adam deyillər, uğurları isə ötəri parıltıdan başqa bir şey deyil. Hamlet isə əsl istedad sahibi idi. “Ağac bar verdikcə başını aşağı əyər” deyimi ona çox yaraşırdı. İblis, Molla Abbas kimi rolları ifa etmək hər bir aktyorun arzusudu. Hamlet bu obrazların əvəzolunmaz ifaçısı idi. Kim onun yerində olsaydı, başqalarına yuxarıdan aşağı baxardı. Amma Hamlet bu işləri ilə nə qədər fəxr etsə də, nə öz üzərində işləməyi unudurdu, nə də başqalarına münasibəti dəyişirdi. Onun dostları, həmsöhbətləri arasında alim də var idi, sürücü də, rəssam da. Belə insanın gənclərlə münasibəti necə ola bilər? Yalnız xeyirxah. (fikirli-fikirli) Hamletin ürəyi çox geniş idi. Amma belə geniş ürək də ağrı-acını çəkməkdən yorulur və bir gün dayanır.

- Hamlet Xanızadəni şəhid aktyor da adlandrırlar. Sizin üçün bu barədə danışmaq sözsüz ki, daha ağırdı. Çünki onun “Qətl günü”ndəki obrazlarını səsləndirmək məhz sizin öhdənizə düşmüşdü. Bu film isə mübaliğəsiz demək olar ki, həmin dövrün ən dolğun ekran həlli idi.

- Hamlet doğrudan da şəhid aktyor idi. 20 Yanvar hadisəsi onun dünyadan köçməsini tezləşdirdi. O hadisə hamımıza çox pis təsir eləmişdi. Amma Hamlet heç cürə özünə gələ bilmirdi. Mən onu axtaranda bilirdim ki, gedib Şəhidlər Xiyabanında tapacam. Hər gün baş çəkirdi ora. Bir gün xəbər gəldi ki,elə orda halı xarablaşıb, xəstəxanaya aparıblar. Gəlib gördük ki, artıq keçinib. (gözləri dolur) Qətl günü”nü səsləndirməyə çatmadı. Gülbəniz xanım (filmin quruluşçu rejissoru mərhum Gülbəniz Əzimzadə - red.) mənə zəng edib dedi ki, siz çox yaxın olmusunuz, Hamletin yerinə sən səsləndirsən yaxşıdı. Bu, mənim üçün çox ağır idiitkinin acısı hələ çox təzə idi. Buna görə ik-üç günə tamamlanmalı olan işi bir həftəyə başa çatdırdıq. Bilirsiz, həmin ərəfədə Hamlet teatrdan uzaqlaşmışdı. Amma bir az əvvəl dediyim kimi bu müvəqqəti idi. Yalnız vaxtaşırı gəlib repertuardakı rollarını ifa edirdi. Amma bir gün, 80-ci illərin ortaları idi, çox pis hadisə oldu. Həmin günFəryadtamaşasını oynamalı idik. Hamlet gəlmişdi ki, səhnəyə çıxıb rolunu ifa etsin. Məlum oldu ki, günortadan həmin rolun sözlərini başqa bir aktyora əzbərlədiblər ki, səhnəyə elə o aktyor çıxsın. Hamlet bunu biləndə çox sarsıldı. Sakitləşdirməyə çalışsam da, görürdüm ki, bu münasibəti həzm edə bilmir. Onsuz da onun incikliyi az deyildi. Dəfələrləxalq artistiadına təqdim olunsa da, bu adı ona verməmişdilər. Halbukiİblistamaşası Dövlət mükafatına layiq görülmüşdü, ondan sonra Hamlet Molla Abbas obrazını canlandırmışdı. Təsəvvür edin ki, Təlxək rolunda çıxış edən aktyoraxalq artisti” adı verirlər, o da Qacar obrazını yaratmış aktyorun - Hamletin başına sağ əlini qoyub deyir ki, sağ əlim sənin başına. Belə məqamlar insanın səhhətində öz izini qoymaya bilməz...

 

Olaylar.- 2011.- 3 fevral.- S.10.