“Turizm İnstitutunu bitirən məzunları təyinatla şirkətlərə göndərmək lazımdır”

 

Məlum olduğu kimi, bu il Prezident İlham Əliyev tərəfindənTurizm ilielan olunub. Bu il turizm sahəsində gedən sürətli inkişaf bumunun kulminasiya nöqtəsinə çatacağı gözlənilir. Çünki dövlət başçısının tapşırığı ilə turizm infrastrukturu ən mükəmməl dünya standartları səviyyəsində yenilənəcək ki, bu da turizmin ən gəlirli sahələrdən və qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilməsini birdəfəlik təmin edəcək. Bununla bərabər, turizm sahəsində xidmət səviyyəsinin yüksəldilməsi, kadr hazırlığı və sair məsələlərlə bağlı Prezident tərəfindən Tədbirlər Planının təsdiqlənməsi gözlənilir ki, bu Azərbaycanın regionda turizm baxımından da lider bir ölkəyə çevrilməsi üçün əsasdır. Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş müşavirəsində bununla bağlı olaraq belə bildirib: “Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir.  

Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək”. Beləliklə, cari ilin turizm sahəsində ciddi dönüş ili olacağı gözlənilir. Bunun üçün ortaya dövlət iradəsi qoyulub ki, bütün səyləri birləşdirmək və turizm sahəsində ən yeni texnologiyaları tətbiq etməklə Azərbaycan turizm baxımından bütün dünya turistləri üçün əvəzolunmaz cəlbedici məkana çevrilsin.Qeyd edək ki, bu mövzu ilə bağlı olaraq ölkədə aparıcı turizm şirkətlərindən biri olan “Azər Co Tur” turizm şirkətinin rəhbəri Xanoğlan Qasımov bizə fikirlərini bildirdi:

 

- Azərbaycan müstəqillik qazanandan sonra bir neçə ildir ki, hər hansı bir aktual sahədə ciddi irəliləyişlərin əldə olunması ilə bağlı olaraq həmin sahə dövlət səviyyəsində il boyu əsas sahə kimi elan edilir. Məsələn, son dövrlərdə Prezident İlham Əliyev tərəfindən “Gənclər İli”, “Ekologiya İli” və bu ilin bizim sahəmizlə bağlı olaraq “Turizm İli” elan olunması bu baxımdan çox təqdirəlayiqdir. Məlum olduğu kimi, ötən ilin yekunlarına həsr edilmiş hökumət müşavirəsində Prezident tərəfindən bu qərar verilib. Tapşırıq qoyulub ki, bu barədə tədbirlər planı hazırlanıb dövlətə təqdim edilsin. Bununla bağlı olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə turizm sahəsində aparıcı olan 20-yə qədər turizm şirkəti, o cümlədən biz dəvət edilməklə yığıncaq keçirildi. Burada nazir tərəfindən tədbirlər planının hazırlanması üçün təkliflərin verilməsi barədə göstərişlər verildi. Azərbaycan Turizm Assosiasiyası ilə bir yerdə 20 turizm şirkəti və otellər təkliflər planını hazırlayıb təqdim etdilər. Bunların əsasında nazirlik tərəfindən tədbirlər planı hazırlanaraq Prezidentə təqdim edilib. Bu yaxınlarda Prezident tərəfindən həmin sənəd təsdiq ediləndən sonra artıq ortada bizim illik fəaliyyət planımız olacaq.   Qeyd edim ki, mənim bununla bağlı konkret üç təklifim oldu. Birinci təklifim turizm sahəsində kadr çatışmazlığı ilə bağlıdır. 244 turizm şirkəti rəsmi qeydiyyatdan keçib, bir neçə min otel qeydiyyata alınıb. Buna baxmayaraq turizm və otelçilik sənayemizdə kadr çatışmazlığı ciddi şəkildə özünü göstərir. İşə götürülən işçilər isə alayarımçıq da olsa, turizm işini öyrənirlər və fəaliyyətə başlamalı olurlar. Yaxşı ki, Turizm İnstitutu fəaliyyət göstərir. Turizm İnstitutunu ötən il 60 nəfər bitirib, bu il də 60-70 nəfər məzun oranı bitirəcək. Sovet təcrübəsində bu sahədə müsbət məqamlar da vardı. Onlar ali məktəbləri bitirmiş məzunları iki-üçillik təyinatla işləməyə göndərirdilər. Bu baxımdan turizmlə bağlı məzunların da təyinat məsələsini həll etmək olar. Belə ki, onlar az sayda və çox hazırlıqlıdırlar, bilik səviyyələri də yüksədir. Bu məzunlar turizm işini yüksək səviyyədə bilirlər. Buna baxmayaraq, onlar institutu bitirdikdən sonra işsiz qalırlar. Təklif edirəm ki, nə qədər bu kadrlara ehtiyacımız var, həmin institutu bitirən məzunları təyinatla şirkətlərə göndərmək lazımdır. Bunun üçün müvafiq mexanizm hazırlanmalıdır. Hazırda 300-ə qədər turizm şirkəti var ki, onlar belə kadrları öz kollektivində görməkdən vaz keçməzlər. Bundan başqa minlərlə otel fəaliyyət göstərir ki, onlar da bu cür kadrları məmnuniyyətlə qəbul edərlər. Bu baxımdan təklif etmişəm ki, Turizm İnstitutunu bitirənlər bir neçə il müddətinə turizm şirkətlərinə təyinatla göndərilsinlər. Bu, həm də yeni yaradılmış Turizm İnstitutunun nüfuzunu və prestijini bir qədər də yüksəldəcək. Onu da qeyd edim ki, turizm şirkətləri həm də işçilərə normal əməkhaqqı verirlər. İkinci təklifim isə istirahət zonalarında otellərin fəaliyyəti ilə bağlıdır. Bu otellər normal işləyə bilmirlər. Məsələn, yay mövsümündə onlar maksimum ay yarım-iki ay işləyirlər. Məsələn, Nabranda çox gözəl istirahət zonaları, otellər var. Bu baxımdan ən mərkəzi yer Nabran hesab olunur. Həmçinin yaxşı yollar çəkilib. Turizm zonalarına aparan yollar yaxşıdır. Amma yollar çəkiləndən sonra belə, həmin turizm zonalarına gediş sürəti və məsafə qətetmə vaxtı dəyişməyib. Beynəlxalq standartlara uyğun yol çəkilməsinə, turizm zonalarında yüksək xidmət və əla şərait olmasına baxmayaraq, camaat istirahətə normal formada gedə bilmir. Olimpiya kompleksləri, qış turizmi ilə bağlı yaradılan möhtəşəm kompleks və sair olmasına baxmayaraq, həmin yerlərə lazımi səviyyədə axın müşahidə edilmir. Əsas səbəblərdən biri isə beynəlxalq standartlara cavab verən həmin turizm yollarında sürət həddinin aşağı müəyyən edilməsidir. Bizdə belə sürət saatda 60 km olaraq müəyyən edilib. Halbuki xarici ölkələrdə bu cür yollarda sürət həddi saatda 120 km olaraq müəyyən edilir. Hər addımbaşı da gizli kameralar çəkir, yol polisi gözləyir. Bu halla bağlı olaraq təklif etmişəm ki, həmin yollarda sürət həddi saatda 120 km müəyyən edilsin. Qoy turist Bakıdan Nabrana qədər olan məsafəni 2 saata qət etsin. Təkcə şimal bölgəsi deyil, cənub bölgəsinə aparan yollar da bu cürdür. Saatda 60 km sürətlə həmin turizm yerlərinə çox gec gedib çatmaq olur. “Turizm İli”ndə bu məsələyə də ciddi diqqət yetirmək lazımdır, çünki bu, turizmin inkişafı baxımından önəmlidir. Bundan başqa daha bir təklifim olub ki, turizm sahəsində uzun illərdir çalışan, turizmin inkişafına xidmət edən, çalışqan insanlara turizmlə bağlı olaraq müxtəlif fəxri adlar, dövlət mükafatları verilsin. Çox təqdirəlayiq haldır ki, Prezidentin sərəncamı ilə digər sahələrdə çalışan insanlara belə adlar və mükafatlar verilir, onların əməyi qiymətləndirilir. Amma indiyə qədər turizm işçilərinə bu cür fəxri adlar verilməyib. Bu barədə “Turizm İli” ilə bağlı olaraq fəxri adlar təsis etmək mümkündür. Bununla bağlı təklifin qəbul olunacağına ümid edirəm. Çünki turizm ölkədə xeyli dərəcədə inkişaf edib, çoxlu standartlar oturuşub, yeni və yüksək səviyyəli otellər tikilib və sair. Ona görə də bu sahədə uğurla çalışanlar qiymətləndirilməlidir. Turizm sahəsində müəyyən qrup insanlara bunu şamil etmək yerinə düşər.

- Daha hansı təkliflər edilib? Bunlardan vacibləri barədə hansılarını misal çəkmək olar?

- Məsələn, at yarışlarının keçirilməsi, milli kulinariyanın nümayişi ilə bağlı tədbirlər düzənlənməsi kimi maraqlı və aktual təkliflər verilib. Gəncədə Cavad Xanın, Milli Qəhrəmanlarımızın məzarının ziyarət edilməsinin təşkili, turizm xəritələrinin genişləndirilməsi, aeroport yolunda şəhərin girəcəyində bu cür geniş və aydın turizm xəritələrinin qoyulması kimi təkliflər verilib. Azərbaycanda istirahət yerlərinin harada yerləşməsi ilə bağlı olaraq dəqiq və aydın xəritələrin tərtib olunmasını təklif etmişik. Artıq bu xəritələr bizdə hazırlanır. Ümumiyyətlə, turizmlə bağlı çoxlu təkliflər verilib və məncə, bu təkliflərin hamısı qəbul olunacaq.

- Bu il otel tikintisi də çox sürətlə aparılacaq. Məsələn, Prezidentin tapşırığına əsasən, bu il beş beşulduzlu otel tikiləcək...

- Bu möhtəşəm otellərdən biri ulu öndər Heydər Əliyevin adını daşıyacaq. Otellərin sayı xeyli dərəcədə artır ki, bu da turizmin keyfiyyətinin yüksəldilməsində əsas şərtlərdən biridir. Azərbaycanda həm də dördulduzlu otellərin tikintisi planlaşdırılır. Çünki daha kütləvi maraq dörd və üçulduzlu otellərədir. Çünki orta təbəqə daha çox buna maraq göstərir. Ona görə də Prezident bu cür otellərin sayının artırılması barədə göstəriş verib. Həmçinin ölkəyə gələn idmançılar da əsasən üçulduzlu və dördulduzlu otellərin müştəriləridir. Məsələn, Soçidə idmançıların əsasən üçulduzlu otellərdə yerləşdirilməsinə diqqət ayrılır. Eləcə də bizdə bu cür otellərin tikilməsi yerli turistlərimizin kütləvi sayda qəbul edilməsinə və daxili turizmin inkişafına geniş şərait yaradacaq. Çoxlu otel tikildikcə qiymətlər də xeyli aşağı düşmüş olacaq. Rəqabət qiymətlərin xeyli aşağı düşməsini şərtləndirəcək ki, insanlarımız belə otellərdən kütləvi şəkildə yararlana biləcəklər. Hazırda Azərbaycandan Gürcüstana xeyli sayda turist axını var. Bir milyondan çox turist Gürcüstana gedir - bunun səbəbi isə orada qiymətlərin həddən artıq ucuzluğudur. Məsələn, orada gündə üç dəfə yeməklə bir günlük otel 20 dollara başa gəlir.

- Turizm infrastrukturunun səviyyəsi ilə bağlı hansı fikirləriniz var?

- On il bundan öncəyə diqqət yetirsək, görərik ki, bizdə bu baxımdan müqayisəyəgəlməz dərəcədə inkişaf var. Çünki bu baxımdan maraq və diqqət, turizmi köklü şəkildə inkişaf etdirmək iradəsi mövcuddur. Bu il “Turizm İli” olduğuna görə tikililərin sayı birə-on artacaq. Turizm obyektlərinin tikintisi geniş vüsət alacaq. Otellərə yenidən sertifikat veriləcək. Hələlik gərgin rəqabət olmadığına görə otellər lisenziyalarını olduğu kimi saxlayırlar. Xeyli sayda otellər tikiləndən sonra isə rəqabət çox gərginləşəcək və otellərin səviyyəsi yenidən, rəqabət şəraitinə uyğun qiymətləndiriləcək. Müasir tələblərə və rəqabət şərtlərinə cavab verə bilməyən otellər yəqin ki, tədriclə sıradan çıxacaq, onların yerini isə daha yüksək səviyyəli və ən yeni dünya standartlarına uyğun otellər tutacaq. Bundan başqa regionlarda turizmlə bağlı peşə liseyləri yaradılır ki, bu da region turizminin daha da canlanması və yüksək xidmətin təmin olunması baxımından çox əlamətdardır. Məsələn, Qubada və sair yerlərdə bu cür liseylər var. Bundan başqa turizm texnikumları açılacaq. İncəsənət, folklor və turizmlə dolayı əlaqəli texnikumlar və təhsil müəssisələri Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına veriləcək ki, bunlar da turizmin ümumi inkişafı və kadrların formalaşması baxımından çox önəmlidir. Ümumiyyətlə, görüləcək bu cür effektli və kompleks tədbirlər Azərbaycanı gözəl bir turizm ölkəsi kimi bütün dünyada daha çox məşhurlaşdıracaq.   

 

 

İlkin Ağayev

 

Palitra.- 2011.- 8 fevral.- S. 6.