“Tələbələr
orta məktəblərdə çoxlu təcrübə
keçməlidirlər”
Dövlətin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Bu proses ən ucqar bölgələrimizi də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb, orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılıb. Ölkə başçısı da təhsilin keyfiyyətinin artırılmasının çox vacib məsələ olduğunu bildirib: “İnsanlarımız, gənclərimiz elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə çalışa bilsinlər, biz Azərbaycanı irəliyə aparaq”. Bu gün mövcud problemlərin aradan qaldırılması təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər sırasındadır ki, bununla bağlı məhz həmin sahədə çalışan insanların fikirləri mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsində növbəti müsahibimiz Qobustan qəsəbəsi, A.Rzayev adına 223 saylı orta məktəbin Əməkdar müəllimi Ömürmalı İsmayılovdur:
- Uzun illərdir tədrislə məşğul olan bir pedaqoq kimi bu gün ölkədə təhsilin inkişafını necə dəyərləndirirsiniz?- Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın öz gələcəyini daha etibarlı və inamlı görmək əzmini nümayiş etdirir. Çox yaxşı haldır ki, Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən, elm və təhsilin inkişafını təmin edən layihələri dəstəkləyir. Xalqımızın ümummilli liderinin adını daşıyan fond bu sahəyə diqqət yetirməklə və bir çox layihələri reallaşdırmaqla Azərbaycanın gələcəyini təmin etmək işinə layiqli töhfələr verir. Onu da xatırladım ki, ümummilli lider Heydər Əliyev tərəfindən təhsilin inkişafı istiqamətində bir çox addımlar atılıb, hətta 1970-ci illərdə minlərlə azərbaycanlı gəncin respublikamızın hüdudlarından kənarda yüksək ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının və bu sahəyə verdiyi önəmin bariz ifadəsidir. Ulu öndər Heydər Əliyevin belə bir kəlamı vardı: “Təhsil millətin gələcəyidir”. Bu ideya hazırda Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir. Bu gün ölkədə təhsil inkişaf edir. Yeni məktəb binaları tikilməklə yanaşı bir qismi də təmir olunur. Eyni zamanda həm məktəblərə yeni texniki vəsaitlər verilir, həm də onlardan istifadə edən müəllimlər təkmilləşmə kurslarına göndərilirlər. Mən şəxsən bir pedaqoq kimi bu inkişafla razıyam. Çünki 20 il bundan öncə məktəblərdə bu inkişaf, müasir texnika yox idi. Bu da təhsilin inkişafında böyük rol oynayır. Bugünlərdə Bakıda təşkil olunan “Təhsildə İKT-nin tətbiqi - bilik, təcrübə, texnologiya” sərgisində bizim məktəb də iştirak etdi və bu tədbir mənim çox xoşuma gəldi. Bütün məktəblərdə bu sərgidə nümayiş olunan texnikalardan müəyyən qədər olsa, daha yaxşı nəticə əldə etmək olar. Bizim məktəbdə də kompyuterlər var. Ancaq yazı taxtaları köhnə formadadır, nümayiş etdirmə üslubunda (“ağıllı lövhə”) deyil. Şagirdlərimiz də sərgidə olan müasir texnikanı gördükdən sonra məktəbimizdə bunlardan olmasını arzu edirlər. Belə olarsa, maraq dairəsi daha da genişlənər. Eləcə də onların gələcəkdə daha savadlı gənclər kimi yetişməsinə nail ola bilərik.
- Son illər ali məktəbə qəbul
imtahanında demək olar ki, bütün ixtisas qruplarında
riyaziyyat tətbiq edilir. Bu, orta məktəbdə şagirdlərin
həmin fənnə olan marağının daha da artmasına
imkan verirmi?
- Ümumiyyətlə, elə bir ixtisas yoxdur ki, orada riyaziyyatdan istifadəyə ehtiyac duyulmasın. Bununla əlaqədar məktəblərdə riyaziyyat fənninə böyük diqqət yetirilir. Şagirdlərin hazırlıq səviyyəsi də əvvəlki illərə baxdıqda xeyli yaxşılaşıb. Qəbul zamanı artıq bu fəndən imtahan verəcəklərini bilirlər. Biz istəyirik ki, bütün şagirdlərimiz daha savadlı, bilikli olsunlar. Lakin bu da faktdır ki, daim savadlı şagirdlərlə yanaşı səhlənkar olanları da olub. Eyni zamanda bütün şagirdlərin ali məktəbə qəbul olması şərt deyil. Çünki cəmiyyətdə bütün təbəqənin insanları - fəhlə, usta, rəngsaz və digər texniki sahələrdə çalışanlar da olmalıdır.
- Bu gün repetitorlardan istifadəyə müxtəlif münasibətlər var. Sizcə, buna həqiqətən də ehtiyac varmı?
- Repetitordan
istifadəyə gəldikdə, buna müxtəlif
yanaşmalar var. Mənim fikrimcə, bəzən şagirdin məktəbdə
aldığı bilik lazımi səviyyədə olmur. Yəni
bu da ondan irəli gəlir ki, tədris zamanı şagird
özü səhlənkarlıq edir. Müəllim dərsi
başa saldığı vaxt şagird bəzi məqamları
anlaya bilmir. Bu məqsədlə də sonradan repetitordan istifadəyə
ehtiyac duyur. Bu o demək deyil ki, müəllimin tədris səviyyəsi
yetərincə deyil. Sadəcə şagird
anlamadığı sahəni daha yaxşı öyrənmək
məqsədilə bu addımı atır.
- Dərs
vəsaitləri ilə bağlı problemlər varmı?
- Dərs
vəsaitləri ilə bağlı onu qeyd etmək istərdim
ki, kimya, biologiya və bir sıra digər fənlərdən
elektron dərslik var, disklər verilir. Ancaq indiyədək Azərbaycan
dili, ədəbiyyat və riyaziyyat fənlərindən
elektron dərsliklər yoxdur. Bunların olması çox
yaxşı nəticə verə bilər. Elektron dərslik isə
çox yaxşı tərtib olunur. Kitablara gəldikdə isə
hamısı çox keyfiyyətlidir, gözəl
illüstrasiyaları var. Bütün məsələlər,
çalışmalar, misallar çox yaxşı tərtib
olunub.
- Bəzən
belə bir fikir səslənir ki, bir vaxtlar riyaziyyat fənnini
tədris edən müəllimlər daha savadlı idi. Bu
gün orta məktəblərdə çalışan gənc
kadrların fəaliyyəti sizi qane edirmi?
- Bu
gün gənclər sırasında yaxşı kadrlar var.
Ancaq bu da bir faktdır ki, təcrübə də müəyyən
rol oynayır. Yəni 30-50 il təcrübəsi olan müəllimlə
ali məktəbi bu il başa vurub məktəbə gələn
gənc kadrlar arasında da fərq çoxdur. Yeni
çalışmağa başlayan müəllim istənilən
səviyyəyə çatması üçün öz
üzərində işləməlidir. Çünki ali məktəbdə
aldığı bilik orta məktəbdəki tədris səviyyəsini
tam əhatə etmir. Orta məktəbin dərs vəsaitləri
üzərində çalışmalıdır və
şagirddən hərtərəfli üstün
olmalıdır ki, onun qarşısına çıxarkən
tam, əhatəli öyrədə bilsin.Bir vaxtlar cəmi bir
pedaqoji ali məktəb var idi və o tədris ocağında
sırf müəllim hazırlanırdı. Hazırda isə
ali təhsil ocaqlarının sayı çoxdur və
xüsusilə də özəl ali təhsil müəssisələrini
bitirdikdən sonra müxtəlif ixtisas üzrə sadəcə
diplomlar verirlər ki, artıq müəllimsən. Ancaq onlar məktəbdə
təcrübə keçmirlər. Bir vaxtlar pedaqoji
institutlarda təhsil alarkən I kursdan V kursa qədər
vaxtaşırı 10-20 gün, bəzən bir ay məktəblərdə
dərsdə praktika keçirdik. Məsələn, hazırda
mən riyaziyyat dərslərimdə bunun şahidi olmuram. Yəqin
ki, bununla bağlı ölçü götürüləcək.
Təhsilimizin inkişafı bu sahədə də problemin həllinə
imkan verəcək.
- Bu, bir
faktdır ki, hazırda kişi müəllimlərin sayı
azlıq təşkil edir. Sizcə, bu, həmin peşəyə
marağın azalmasındanmı irəli gəlir?
-
Bilirsiniz, mənim fikrimcə, bunun səbəblərindən
biri maddi vəziyyətlə bağlıdır. Ailə
başçısı kimi kişinin maddi qazancı problemləri
həll etməyə imkan verməlidir. Əgər onun 12 saat dərsi
olarsa, o, 150 manat almalı olur ki, bu maaşla da kifayətlənmək
mümkün olmur. Ona görə də ailəsini təmin etmək
üçün başqa sahədə
çalışmağa məcbur qalır. Digər səbəblərə
gəldikdə isə bu, bir qədər fərqlidir. İndi bəzi
səbəblərlə bağlı müəllim
adını sanki ucuzlaşdırıblar. Həm müəllim
öz fəaliyyəti ilə bu şərəfli peşənin
adını yüksək tutmalıdır, həm də cəmiyyət
bu adı qorumalıdır.
- Təhsilin
inkişafı ilə bağlı hansı təkliflər irəli
sürərdiniz?
- Təhsilin
inkişafı istiqamətində görülən tədbirlər
davam etdirilməlidir. Bu istiqamətdə tədbirlərdən
biri kimi müəllim lazımınca təmin
olunmalıdır. Müəllim həm tərbiyəçi, həm
də müəllim kimi başqalarından geyimi,
davranışında fərqlənməlidir ki, buna görə
də maddi problemi olmamalıdır. Bundan başqa özəl
ali məktəbi bitirən məzunlar məktəbə
çalışmağa gələrkən
hazırlıqlı olmalıdır. Yəni onlar ali təhsil
almaqla yanaşı orta məktəblərdə çoxlu təcrübə
keçməlidirlər. Mövcud problemlərin həlli nəticəsində
təhsilimizin daha da inkişaf edəcəyinə
inanıram.
Nigar
Palitra.- 2011.- 8 fevral.- S. 12.