Misir Mərdanov: “Azərbaycanda texniki peşə təhsilinin inkişafı üçün
imkanlar məhduddur”
Dünən Təhsil Nazirliyinin
təşəbbüsü ilə “Park-İnn” otelində peşə təhsili
mövzusunda tədbir
keçirildi. Tədbirdə peşə təhsilinin
və məktəblərinin vəziyyəti barədə jurnalistlərə
məlumat verən təhsil naziri M.Mərdanov bildirdi ki, peşə məktəblərinin bir çoxu ilə
bağlı vəziyyət ürəkaçan deyil: “Bakıda və rayonlarda fəaliyyət göstərən
texniki peşə məktəblərinin bir çoxunun ərazisi qanunsuz olaraq zəbt olunub”. Misir Mərdanov dedi ki, bu
məsələnin araşdırılması ilə
bağlı müvafiq icra
hakimiyyəti orqanlarına da
sorğular göndərilib. Təhsil Nazirliyi peşə təhsili müəssisələrinin ərazisinin
qanunsuz zəbt olunması faktı ilə bağlı
hüquq-mühafizə orqanlarına müraciət edib. Onun sözlərinə
görə, texniki peşə
müəssisələrinin ərazisinin qanunsuz zəbt olunması Bakıda və ölkənin əksər
rayonlarında qeydə alınıb: “Bu məsələ barədə
Təhsil Nazirliyinə vaxtaşırı məlumatlar daxil olur. Bu
məlumatlar ümumiləşdirilib və müvafiq
tədbirlərin görülməsi
üçün araşdırmalara
başlanılıb”. Misir Mərdanovun
sözlərinə görə, Azərbaycanda
texniki peşə təhsilinin inkişafı üçün
imkanlar məhduddur. Belə ki, həmin texniki peşə məktəblərinin texniki təminatı, maliyyə resursları və
iqtisadi imkanları müasir səviyyədə inkişafına
maneə törədir. Nazir bununla bağlı bildirdi ki, məzunların
işlə təmin olunmasında, ciddi problemlər var. Son 30 ildə peşə təhsili
ilə bağlı heç bir dərslik çap olunmayıb: “Avropa
İttifaqının maliyyələşdirdiyi
bir layihə çərçivəsində yalnız 9 vəsait
hazırlanıb”. M.Mərdanov daha sonra qeyd etdi
ki, Azərbaycanda peşə təhsilinin
inkişafı hökumətin müvafiq icra strukturlarını da narahat edir.
Bununla belə lazım olan resurslar hələ də
kifayət etmir. Tədbirdə
o da diqqətə
çatdırıldı ki,
hazırda ölkədə
fəaliyyət göstərən 108 texniki
peşə məktəbindən
55-də qaçqın və məcburi köçkünlər
məskunlaşıb: “Texniki peşə təhsili
müəssisələrinin texniki təchizat və maliyyə
imkanları olduqca məhduddur. Həmçinin
mövcud olan texniki peşə təhsili müəssisələrinin
24-ü yararsız vəziyyətdədir, 78-nin isə təmirə
ehtiyacı var”. Nazir bundan əlavə diqqətə
çatdırıb ki, texniki
peşə təhsili sahəsində ən
ciddi problemlərdən
biri də məzunların işlə təmin
olunması ilə bağlıdır. Onun sözlərinə görə, peşə təhsili
müəssisələrini bitirmiş 10 min məzundan cəmi 4 mini
işlə təmin olunub. 4 min məzun isə
hərbi xidmətə yollanıb: “Amma düşünürəm ki,
texniki peşə təhsili müəssisələrini bitirmiş məzunların
işlə təminatı ali
məktəbləri başa
vuranlarla müqayisədə
bir qədər üstündür”.
Nazir buna misal çəkərək
bildirib ki, bu il texniki
peşə məktəbini
10 min 602 nəfər bitirib: “Onlardan 3 min 607-si işlə təmin
olunub, 135 məzun isə
təhsilini davam etdirir”.
Əlavə olaraq bildirək ki, doğrudan da bu gün peşə təhsilinin kifayət qədər problemləri mövcuddur. Məsələn, bazar iqtisadiyyatının tələblərinə müvafiq olaraq rəqabətədavamlı ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün texniki peşə təhsili müəssisələrinin əksəriyyətinin maddi-texniki bazası günün tələblərinə cavab vermir. Hazırda istifadə edilən bütün avadanlıqlar köhnəlib. 1991-ci ildən peşə məktəbi və peşə liseylərinə tədrisin əyani və təlimin texniki vəsitələri, yeni nəsil kompyuterlər, müasir konstruksiyalı dəzgahlar, maşın-mexanizm və cihazlar ayrılmır. Texniki peşə təhsili müəssisələrində ümumtəhsil və ixtisas fənn kabinetlərində, laboratoriyalarda kənd təsərrüfatı texnikası, kompyuterlər və digər avadanlığın miqdarı normativ sənədlərdə nəzərdə tutulduğundan azdır. Respublikanın peşə məktəbi və peşə liseylərində çalışan ixtisas fənn müəllimləri arasında mühəndis-pedaqoqların sayı kifayət qədər deyil. Son bir neçə ildə respublikanın texniki peşə təhsili müəssisələrində təhsil alan şagirdlərin sayı xeyli azalıb. İnkişaf etmiş ölkələrdə əsas təhsil pilləsi məzunlarının 40-60 faizi texniki-peşə məktəblərinə qəbul olunduğu halda bu rəqəm Azərbaycanda 5-8 faiz təşkil edir. Texniki peşə təhsilinin dövlət standartlarının olmaması yeni tədris plan və proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında çətinliklər yaradır.Dövlət büdcəsindən ayrılan vəsait tədris-maddi bazanın inkişafı və möhkəmləndirilməsi, xammal, yanacaq və sürtgü materillarının alınması, şagirdlərin sosial müdafiəsi (təqaüd, yemək, xüsusi geyim, yataqxana, sağlamlıq - idman və mədəni - kütləvi tədbirlər-İ.), kommunal xidmətlər, bina, qurğu və digər tikililərin əsaslı təmiri, mühəndis-pedaqoji işçilərin ixtisasının artırılması üçün tələb olunan xərcləri tam ödəmir. O da qeyd edilməlidir ki, təhsil sahəsində islahat proqramlarının tələblərinə, dövlət təhsil siyasətinə, həmçinin YUNESKO-nun texniki peşə təhsili ilə əlaqədar konseptual prinsiplərinə və inkişaf etmiş ölkələrdə bu sahədə olan qabaqcıl təcrübəyə əsaslanmaqla texniki peşə təhsili ilə bağlı bir neçə il bundan öncə konsepsiya hazırlanıb. Konsepsiyada respublikada texniki peşə təhsilinin inkişaf mərhələləri, bu təhsil sisteminin məzmunu və vəzifələri, habelə gözlənilən nəticələr öz əksini tapıb. Konsepsiyanın hazırlanmasında fasiləsiz təhsil, davamlı insan inkişafı, təhsilin humanistliyi və demokratikliyi, şəxsiyyətyönümlü, texniki peşə təhsili sahəsində dövlət siyasəti, ölkə iqtisadiyyatının və əmək bazarının tələbatına uyğun ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsi və gənclərin bərabər təhsilalma imkanları prinsipləri əsas götürülüb. Konsepsiyanın əsas məqsədi ölkə iqtisadiyyatının ixtisaslı fəhlə kadrlarına olan tələbatının ödənilməsində texniki peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək, təhsil sahəsində islahatlara uyğun olaraq texniki peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, islahat və xidmət sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlamaqdan ibarətdir. Göstərilənləri reallaşdırmaq üçün təhsil sistemində prioritet istiqamət dərin biliyə, bacarığa, yüksək peşə hazırlığına, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik və onu daim inkişaf etdirməyə qabil olan şəxsiyyət formalaşdırmaqdan, ümumbəşəri dəyərlərə yiyələnən müstəqil və yaradıcı düşünən vətəndaşlar tərbiyə etməkdən ibarət olmalıdır. Ekspertlər bildirirlər ki, problemləri aradan qaldırmaq üçün bir sıra tədbirlər həyata keçirilməlidir. Məsələn, texniki peşə təhsilinin məzmununu müasir tələblər baxımından yeniləşdirmək üçün normativ-hüquqi bazanı təkmilləşdirmək, texniki peşə təhsilinin müəssisələrinin maddi-texniki bazasını yeni təlim avadanlığı hesabına yeniləşdirmək, tədris prosesinin kompyuterləşdirməsi, yeni təhsil texnologiyalarının tətbiqi üçün tədbirlər görmək vəzifəsi qarşıda durur. Bundan başqa texniki peşə təhsilini əmək bazarının dəyişən tələbinə uyğunlaşdırmaq məqsədilə bu sahə üzrə yeni ixtisas və ixtisaslaşma klassifikatorunu hazırlamaq, peşə təhsili müəssisələrində kadr hazırlığı ölkə iqtisadiyyatının inkişafına və əmək bazarının tələblərinə uyğun yüksək texnologiyalı istehsal və xidmət sahələrinə istiqamətləndirmək, kadr hazırlığını ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şərait yaratmaq lazımdır. İqtisadiyyatın qeyri-dövlət sektoru üçün kadr hazırlığına xüsusi diqqət yetirmək, regionların sosial-iqtisadi inkişafı proqramlarına uyğun olaraq ölkədə qeyri-neft sektorunu sürətli inkişaf etdirmək məqsədi ilə kənd təsərrüfatı, turizm, emal və xidmət sahələri üçün kadr hazırlığını genişləndirmək bu sırada görülməsi lazım gələn ciddi məqamlardandır. Mütərəqqi təhsil formalarından istifadə etməklə fasiləsiz peşə təhsili sistemini daha da təkmilləşdirmək və bu yolla işçilərin iş yerində təhsilini davam etdirilməsi üçün şərait yaratmaq da vacibdir. İxtisas fənləri üzrə yeni texnologiyaları özündə əks etdirən, tədris plan və proqramlarını, dərslik və dərs vəsaitlərini hazırlayıb nəşr etdirmək də bu işdə dönüş yarada bilər. Həmçinin texniki peşə təhsilinin müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, əmək bazarında rəqabətədavamlı, yüksək ixtisaslı kardlar hazırlayan yeni tip-pilləli komplekslər yaratmaq və bu işlərin təşkilində müvafiq beynəlxalq və yerli müəssisələrin təcrübəsindən geniş istifadə etmək, texniki-peşə təhsilinin müəssisələrini mühəndis-pedaqoqlarla təmin etmək üçün respublikanın ali təhsil müəssisələrində mühəndis- pedaqoqların, Bakı Sənaye-Pedaqoji Texnikumunda peşə məktəbi və peşə liseylərinin istedadlı məzunlarından istehsalat təlimi ustalarının hazırlanması işini təşkil etmək kimi məsələlər də reallaşdırılmalıdır.
İlkin
Palitra.- 2011.- 9 fevral.- S. 7.