“Orta məktəblərdə tədris vəsaitləri o qədər də qənaətbəxş deyil”

 

Müasir texnologiyaların inkişafı digər sahələrlə yanaşı təhsilə də təsir göstərib. Son illər ölkəmizin ümumtəhsil məktəblərində müasir informasiya texnologiyalarının tətbiqinə start verilib. Hətta “2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu da bir faktdır ki, təhsil sisteminin informasiyalaşdırılması prosesində müəllim əsas yer tutur. Bu sahədə müvəffəqiyyət məhz müəllimin informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərinin səviyyəsindən və onun bu sahədə olan vərdişlərinin tədrisdə tətbiqindən birbaşa asılıdır. Təhsilin informasiyalaşdırılmasında müəllimin əsas yer tutması dünya səviyyəsində artıq qəbul olunub.  

Dünya təcrübəsi göstərir ki, məktəblərin kompyuterləşməsi, zəruri proqram təminatı ilə təchiz olunması, infrastrukturun qurulması heç də tam olaraq müvəffəqiyyətə gətirib çıxarmır. Bir sıra ölkələrdə texniki təchizatın və infrastrukturun son standartlara uyğun olmasına baxmayaraq müəllimlərin bu prosesə cəlb olunması, onların İKT-nin tədrisdə istifadəsində bilikli olması sonda müsbət nəticəyə gətirib çıxarır. Hazırda ölkəmizdə bu sahədə müəllimlərin fəaliyyəti, adıçəkilən sahə üzrə mövcud vəziyyətlə bağlı təhsil işçilərinin özləri hansı fikirdədir?     Layihə çərçivəsində növbəti müsahibimiz Yasamal rayonu, 225 saylı orta məktəbin informatika müəlliməsi Roza Qasımovadır:

- Gənc kadr kimi təhsilin inkişafı sizi qane edirmi? 

- Təhsilin inkişafı getdikcə yaxşılığa doğru gedir. Artıq hansı üsullarla dərslər keçdiyimizə, metodları tətbiq etdiyimizə, hansı qurğulardan istifadə etdiyimizə və istifadə edilən proqramlara nəzər salsaq, görərik ki, bugünkü təhsilimiz dünya təhsil sisteminə doğru böyük addımlar atır. Bunlar xarici ölkələrin təhsilindən götürülən nümunələrdir ki, biz o proqramlardan istifadə edirik. Bu, onlarda eksperiment olaraq keçilib və gözəl nəticələr verib. Biz bu nəticələri görürük və ölkəmizdə bir neçə məktəbin simasında bunu göstərməklə bütün məktəblərə nümunə oluruq. Onlara göstəririk ki, bu cür dərs keçəriksə, şagird üçün daha effektli olar və şagird müəllimin müdaxiləsi olmadan da dərsləri öyrənə bilər. Yəni burada şagirdin dərsi mənimsəməkdən başqa yolu qalmır. Şagird oyun formasına baxaraq müxtəlif interaktiv şəkildə istər-istəməz dərsə cəlb olunur. Elektron təhsil bizdə yavaş-yavaş reallaşır və nəhayət, bu elə bir həddə çatmalıdır ki, məktəblərimizdə müəyyən sayda texniki vəsaitlərimiz olsun, onlar vasitəsilə dərsləri bu cür keçə bilək, həm müəllim, həm də şagirdlər üçün asan olsun.  Bu gün bir sıra müəllimlər xaricdə təcrübə keçirlər. Xaricdə keçirilən təcrübələrin təbii ki, effekti olacaq. Orada gördüklərimizi tətbiq edirik və görürük ki, xaricdəki bəzi təlim metodlarını keçməkdə fayda var.

- Belə bir fikir var ki, elektron təhsil şagirdin fikrini daha çox cəlb etməyə imkan verir. Bu, nə dərəcə də doğrudur?

- Şagirdlərin informatikaya marağı daha çoxdur. Çünki gənc nəsil İKT-yə daha çox meyillidir. Onlar kiçik yaşlarından artıq bu texnologiyanı gördükləri, maraqları olduğu üçün daha tez qavrayırlar və reaksiya verə bilirlər. Bir vaxtlar texnologiya bu qədər inkişaf etməmişdi. İndiyədək ənənəvi üsulla dərs keçmə metodu tətbiq edilirdisə, bu, həm müəllim üçün yorucu olurdu, həm çox enerji sərf edirdi, həm də şagird yorulurdu. Əgər şagird bütün dərsi mətn olaraq qəbul edirdisə, indi 45 dəqiqə ərzində slaydla bütün mövzunu mənimsəmək mümkündür. Müəyyən maraqlandırıcı metod tətbiq etməklə 3-4 dərsi 45 dəqiqəyə sığdıra bilirik. Nəinki şagirdlər, biz özümüz də ekranda maraqlı bir görüntü olduqda istər-istəməz diqqətimizi cəlb edir. Demək, bunu şagirdlər üçün daha da maraqlı etmək imkanları var. Yəni cavabların gizlədilməsi, cavabın gətirilməsi, bir işarəylə sual və cavabın oldugunu göstərməklə marağı artırmaq olur. Bəzən elə olur ki, onlar özləri izahı çıxarırlar. Burada intellektual səviyyə rol oynayır. Yəni belə dərslərin olması intellektual səviyyənin güclənməsinə çox təsir göstərir.Bizim məktəb fəaliyyətinə gəldikdə, digər məktəblərdən o qədər də fərqli deyil. Demək olar ki, hələ bu istiqamətdə addımlayırıq, hələ kompyuterlərin sayı da o qədər çox deyil. Ancaq çalışırıq ki, ən azından informatika və digər açıq dərslərimizdə şagirdləri o qurğulara alışdıraq ki, gələcəkdə elə bir imkan yarandıqda bütün şagirdlər bu texnologiyalarla davranmağa, işləməyə alışsınlar.

- Bugünkü tədris vəsaitləri sizi qane edirmi?

- Orta məktəblərdə tədris vəsaitlərini o qədər də qənaətbəxş hesab etmirəm. Bu gün bizim tələbatımızı ödəmir. Eləcə də qurğular, yüklənən proqramları da buna aid etmək olar. Məsələn, proqramlar 2003-cü ilin proqramıdır, amma biz bununla işləməyə məcburuq. Hazırda 2011-ci ilin proqramı mövcuddur və şagird də bunu tələb edir. Mən onlara 2007, 2008 və digər versiyaları öyrətmək məcburiyyətində qalıram. Biz müəllim kimi əlimizdən gələn yardımı edirik. Ancaq istərdik ki, daha yaxşı olsun. İnternetə qoşularkən şagirdi sürət, kompyuterin yaddaşı maraqlandırır. Biz onlara zəif sürətli, yaddaşlı kompyuter verdikdə onlar bunu başqa yerdə olanlarla müqayisə edirlər. Biz istərdik ki, bu müqayisə yaxşı yönümlü olsun.

- Son illər abituriyentlərin informatika ixtisasına marağının artmasını müşahidə edirsinizmi?

- Abituriyentlərin informatika sahəsinə marağının artmasına gəldikdə, indi bu vacibdir, hətta magistraturaya qəbulda da informatika tətbiq edilir. İnformatika elə bir fəndir ki, onun içərisində sintez gedir və burada riyaziyyat, məntiq, qurğularla davranışlar var. İnformatikaya ona görə üstünlük vermək lazımdır ki, bu İKT-ni bilmədən indiki gənclər yeni dövrlə ayaqlaşa bilməzlər. Yuxarı siniflərdə onların bu sahəni daha çox öyrənməsi vacibdir. 10 il bundan əvvəl bunu deyə bilməzdik, amma indi elə bir dövrdəyik ki, bu məhz onlar üçün tələb olunur. İnformatikanı gözəl mənimsəməlidirlər və bu, universitetlərdə, magistraturada, işə qəbul zamanı da tələb olunur. Məntiq və informatika bütün bölmələrdə ən ümdə öyrəniləcək bir fəndir.Bugünkü gənclərdə fərq çoxdur. Məsələn, ailədə ona hər bir böyük imkanlar yaradılır, ailə qayğısı və nəzarəti var. Amma o, bəzən istəmədən internetdən lazımsız materiallar götürə bilər. Bu da onun şüuruna, davranışına təsir edə bilər. Burada müəllimlərin də üzərinə böyük vəzifə düşür. Şagirdləri düzgün yönəltməlidirlər. Dərs prosesi olmasa da, internetdən elə maraqlı material götürə bilərik ki, onlar bizim maraq dairəmizdə olsun. Mən şagirdlərin internetə qoşulmasına nəzarət edirəm ki, görüm daha çox hansı saytlara baxırlar, hansı xəbərləri götürməyə meyil edirlər. Daha çox bunu onlara bildirmədən edirəm. İnternetdən istifadə ilə bağlı onları uzun müddət nəzarətdə saxlamaq olmur. Yəni valideyn daim onun yanında ola bilmir. Təlim-tərbiyə bağçadan başlayır və bu zaman valideynlə paralel olaraq tərbiyə doğru qurulursa, həyatda onun uğurunu görə bilirik. Uşaqlarda kiçik yaşlarından düzgün fikir formalaşdırmalıyıq. Amma bu düzgün olmadıqda görürük ki, yuxarı siniflərdə şagirdlərdə problemlər yaranır. Burada ya valideyn, ya da müəllim olaraq hardasa onlarda axsamalar getdiyini görə bilirik. Bu gün bağçalarımızdan çox şey tələb olunur. Məktəblərdə şagirdlərlə işlədikdə görürük ki, bağçadan hazırlıqlı gələn uşaqlarla digər şagirdlər arasında xeyli fərq var. Mən 1-11-ci siniflərdə dərs keçirəm və görürəm ki, bağçada olan uşaqların intellektual səviyyəsi daha yüksəkdir. Onlar fikirlərini daha yaxşı, sərbəst ifadə edə bilirlər. 

- Bu gün gənclərə peşə olaraq müəllim olmalarını tövsiyə edirsinizmi?

- Mən praktik olaraq 3 ildir tədrislə məşğulam. Bu, istəkdən asılıdır. Müəllimlik sənəti çox çətindir, məsuliyyətli olduğuna və şagirdlərin tələbi böyük olduğuna görə bu sənət məsuliyyətli sənətdir. Amma kiminsə bacarığı varsa və özünü cəmiyyətə xeyir verə biləcək bir şəxs kimi görürsə, mən müəllim olmasını məsləhət görərdim. Müəllimlik ən şərəfli peşədir. Bütün sənətlərin müəllimi var. Mən bu sənəti sevmişəm və məhz müəllimə olmaq üçün bu sənəti seçmişəm. Sənət seçərkən müxtəlif istiqamətlər olur. Mən müəllimlərimi özümə ideal götürərək, hər bir müəllimimdən müəyyən bir xarakteri, metodları uşaqlıqdan toplayaraq həqiqətən də bu sənətin vurğunuyam, ürəklə çalışıram və öyrətməyi sevirəm.

 

 

Nigar

 

Palitra.- 2011.- 9 fevral.- S. 12.