Qarabağ xanlarının əhali siyasəti
Azərbaycanın digər xanlıqlarında olduğu
kimi Qarabağ xanlarının da vəzifəsi
xanlığın sərhədlərini düşməndən
qorumaq və ərazisini genişləndirməklə
yanaşı, əhalinin sayının artırılması da
olmuşdur. Hər
hansı bir xanlığın ərazisində
vergi ödəyən əhalinin çox olması xanın gəlirinin də
artmasına səbəb olurdu. Bu səbəbdən də Qarabağ
xanları digər xanlıqların ərazisində yaşayan tayfaların Qarabağ
mülklərində məskunlaşmasına
çalışırdılar. Xanlığın
ərazisində əhalinin çox
olması həm də müharibə zamanı daha
çox silahlı dəstələr toplamağa imkan
yaradırdı. Həmçinin, xanlar ərazilərinə
edilən hər hansı bir təcavüz
üzündən xanlıq hüdudlarını tərk edərək
digər ərazilərə qaçmış əhalinin də
geri qaytarılması istiqamətində
işlər aparırdılar. Bəzi hallarda
xanlıq ərazisinə işləmək üçün
işçi qüvvəsi dəvət olunurdu ki, bu
da iqtisadi amillərlə
bağlı idi.
Qarabağ xanlığının əsasını
qoyan Pənahəli xan hələ Qarabağa gəlib
özünü müstəqil elan etməmişdən əvvəl
digər ərazilərin əhalisini öz tərəfinə çəkmək
istiqamətində işlər görmüşdü. Belə ki, Pənahəli bəyin qardaşı – Nadir şahın sarayında
eşikağası vəzifəsində çalışan Fəzləli
bəy öldürüldükdən [13, s.
17] sonra Pənahəli bəy onun yerinə eşikağası təyin olunmuşdu. Bir müddətdən
sonra Nadir şah Pənahəli bəydən şübhələnmiş
və ona qarşı rəftarı dəyişmişdi[7,
s. 79-80]. Qardaşının
aqibətini yaşamamaq üçün
Pənahəli xan 6 nəfər qohumu ilə sarayı tərk edib
qaçandan sonra bir müddət Zəngəzur
yaylağında, Qara Murtuza
bəyin yanında qaldı. Sonra Pənahəli
bəy öz tərəfdarlarını toplayaraq, inzibati mərkəzlərə
– Gəncəyə, Naxçıvana, Şəkiyə və
digər yerlərə basqınlar edərək, əhalini öz tərəfinə çəkmək üçün ələ keçirdiyi
qəniməti (mal-qaranı və atları) onlara
payladı. Əhməd bəy Cavanşir bunu belə təsvir edir: «Pənahəli bəy onu tutmaq üçün gələnlərlə,
habelə Dağıstan tərəfdən olan
basqınlardan ölkəni qoruyanlarla
mübarizədəki müvəffəqiyyətlərdən ruhlanaraq, gələcəkdə özü üçün
daha əlverişli şərait
yaranacağı təqdirdə əhalinin rəğbətini qazanmaq məqsədilə, xalqa
zülm edənlərə
qarşı amansız olmaqla, adi partizan dəstələri
başçılarına nisbətən daha
çox insanpərvərlik göstərirdi[4,
s. 179; 5, s. 40-41]».
1747-ci
ildə Nadir şah
öldürüldükdən sonra Pənahəli
xan 200-ə qədər süvari
ilə Qarabağa gəlib özünü
xan elan etdi. Pənahəli xan Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir
və başqa Qarabağ
tayfalarının Vətənə qayıtmağına şərait
yaratdı. Pənahəli bəy Qarabağ
ellərini qarşılamaq üçün
İran sərhəddinə kimi gedib onlara
kömək göstərdi, bu tayfaları
əvvəlki yurdlarında məskunlaşdırdı[7,
s. 80; 6, s. 128]. Ellərin camaatı var-yoxdan
çıxmış, soyulmuş, əziyyət
çəkmiş və yoxsul
olduqlarına görə Pənahəli xan
Şirvan, Şəki, Gəncə, İrəvan
və Qarabağın ətraf ellərini qarət etdi və bu yolla soydaşlarının maddi
vəziyyətini bir qədər yaxşılaşdırdı[11,
s. 126].
1748-ci
ildə Kəbirli mahalında Bayat
qalası inşa olunduqdan
sonra Təbriz və Ərdəbil vilayətlərinin
əhalisi və sənətkarlarının Bayat
qalasında məskunlaşması haqqında «Qarabağnamələr»də
məlumat vardır: «Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini,
onun rəftar və məhəbbətini
eşidən Təbriz və Ərdəbil vilayətlərinin
bir çox əhalisi
və sənətkarları belə öz
ailələri ilə birlikdə gəlib Bayat
qalasında yerləşdilər [11, s.
127; 14, s. 243]».
Mir
Mehdi Xəzani xan iqamətgahının
Bayat qalasından Şahbulağa
köçürülməsini elatla
bağlı olduğunu yazırdı. Onun yazdığına görə, Bayat qalası aranda yerləşdiyindən
«yay fəsli olanda elat əhli dağlara gedib, uzaq olurlar,
zərurət olanda onlara
əl yetişmir [12, s.
132]».
Göründüyü kimi
hər hansı bir təhlükə olanda xanlar elatlardan
silahlı dəstələr toplayırdılar, bu səbəbdən də iqamətgahlarının
elatlara yaxın ərazidə tikilməsinə
fikir verirdilər.
Qarabağ xanı Pənahəli
xanın öz siyasi
hakimiyyətini ətraf yerlərə yayması ilə
bağlı olaraq ona tabe olan əhalinin da sayı artır. Pənahəli xan Gəncə, Qaradağ,
Ərdəbil və Naxçıvan xanlarını öz təsiri altına aldı, mülklərini
cənub-şərqə və cənub-qərbə tərəf
genişləndirərək Tatev, Sisyan, Qafan, Mehri mahallarını özünə tabe etdi: «Pənahəli xan Mehri, Güney
mahallarını Bərguşada qədər Qaradağ
hakiminin əlindən alıb özünə
tabe etdi. Tatev və Sisyan mahallarını Naxçıvan hakimindən,
Zəngəzur və Qapan
mahallarını Təbriz bəylərbəyindən,
Kolanlıların məskəni olub
Uşacıq kəndindən Göyçə sərhəddinə
qədər uzanan Tərtər
çayı sahilindəki yerləri İrəvan hakimindən
aldı. Gəncə hakimlərinə aid
və Xudafərin körpüsündən Kürək
çayına qədər olan yerləri
də öz əlinə keçirdi[10,
s. 42; 18, s. 155; 11, s. 129; 13, s. 19-20]».
Pənahəli
xan hakimiyyətdə möhkəmləndikcə
Qarabağ xanlığına qonşu olan ərazilərdən
bir çox ellər
xanın himayəsinə sığınmağa başlayaraq, xanlığın ərazisində
məskunlaşmağa başlayırlar. Naxçıvan
elindən olub bir
minbaşıya tabe olan
Kəngərli eli, Borçalıdakı
Dəmirçihəsənlilərdən olub
bir minbaşıya tabe
olan Dəmirçihəsənli eli, yenə Borçalıdan olan
Cinni tayfası da Qarabağa gəlib Pənahəli xanın
himayəsinə sığındılar[10, s.
42]. Əhməd bəy Cavanşir
adı çəkilən tayfalarla
yanaşı digərlərinin də adını çəkir.
Onun
yazdığına görə Pənahəli xan
Nadir şah tərəfindən
sürgün edilmiş
yerli Qarabağ
elatlarından başqa qonşu
xanlıqlardan Qarabağa –
qaraçorluları, qızılhacılıları, dəmirçihəsənliləri,
boyəhmədliləri, səfikürdləri, cinliləri,
saatlıları, kəngərliləri və digərlərinin
müəyyən hissələrini də köçürüb
məskunlaşdırmışdı[4, s.
181; 8, s. 40]. Yuxarıda verilən məlumatdan
aydın olur ki, Pənahəli
xanın əhali siyasətində üç
istiqamət özünü göstərir:
Birincisi, Qarabağ ərazisində
əvvəllər yaşamış, lakin
sürgün edilmiş
tayfaların yenidən geri
qaytarılması və onların maddi vəziyyətinin
yaxşılaşdırılması; ikincisi, siyasi
hakimiyyətinin möhkəmləndirilməsi və ərazisinin
genişləndirilməsi ilə bağlı olaraq
qonşu xanlıqların ərazisindəki
Pənahəli xanın himayəsinə sığınan
tayfaların Qarabağ
xanlığının ərazisində məskunlaşdırılması
və onların hərbi gücündən istifadə edilməsi;
üçüncüsü, Bayat qalasının tikintisi
ilə bağlı olaraq Ərdəbil və
Təbriz vilayətlərindən gələn bir
çox əhali və sənətkarların
qalada yerləşdirilməsi.
Qalaların
tikintisi ilə bağlı olaraq Qarabağa gələnlərin
burada məskunlaşması sonralar da davam
etmişdir. Məsələn,
Şuşa qalası tikildikdən sonra qonşu Azərbaycan
xanlıqlarından (şəhər və kəndlərindən)
Qarabağ xanlığına gələnləri
müvafiq olaraq müəyyən
məhəllələrdə yerləşdirdilər. Şuşa şəhərindəki bəzi məhəllələrin
Təbrizli, Əylisli, Qazançalı, Köçərli,
Culfalılar və s.
adlandılılması, həmin məhəllələrdə
yaşayanların öz adlarına uyğun olan şəhər
və kəndlərdən gəlmələrini göstərir
[2, s. 53; 8, s. 45].
Bir çox hallarda Qarabağ xanları əhalisini böyük qırğınlardan qorumağa çalışırdılar. Məsələn, Ağa Məhəmməd
şahın Şuşa qalasını
mühasirəsi zamanı İbrahimxəlil xan
qala divarlarının
dağıldığını gördükdə qalada olan əhalinin şəhəri
tərk etməsinə izn vermiş,
gecə döyüşçülərindən ən qoçaq 200 nəfəri götürüb düşmənin arxasına keçmişdi[5, s. 60].
Qarabağ
xanlığında hakimiyyət uğrunda
gedən mübarizədə də elatlardan
istifadə olunurdu. Ağa Məhəmməd şah Qacar qətlə
yetirildikdən sonra Qarabağda
hakimiyyəti ələ almış Məhəmməd bəy
İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən
ağanın 500 nəfərlik qoşunla Qarabağa gəldiyindən xəbər tutandan sonra Qarabağ ellərini
Araz ətrafına köçürmək
və mübarizəni davam etdirmək istədi.
Lakin Məhəmmədhəsən ağa Kirs
dağındakı qalanın üç
versliyində Məhəmməd bəyə çatdı və
elatlar onun tərəfinə
keçdilər[11, s. 146; 7, s. 101; 5, s. 62]. Bu məlumatdan görünür
ki, elatların bu və
ya digər xanın tərəfində
olması onların qələbəsinə təsir göstərən
amillərdən biri idi.
Onu
da qeyd edək ki, Qarabağ ərazisində
baş verən siyasi
hadisələr, bu ərazinin Rusiya-İran müharibəsinin döyüş meydanına çevrilməsi
də xanların əhali siyasətinə təsir edən
amillərdən idi. 1805-ci ildən başlayaraq Rusiyanın
işğalçı siyasətinin məntiqi davamı olaraq Qarabağ
xanlığının ərazisində ermənilər
yerləşdirilməyə başlamış və
xanlığın ləğv edilməsinədək minlərlə
Azərbaycanlı ailəsi ruslar tərəfindən
sıxışdırılaraq xanlığın
hüdudlarını tərk etməyə məcbur olmuşdular. 1805-ci ilin
yayında Rusiya və Qacarlar
dövlətinin qoşunları arasında
Şuşa ətrafında gedən
döyüşlər zamanı təkcə bir
gecədə 20 min adam
Arazın o biri
tayına köçmüşdü [19, s. 426; 15, s.
39]. 1812-ci ildə Qacar qoşunları Qarabağa girərkən 3000-dək
qarabağlı tərəkəmə ailələrini əsir
götürmüş, onları 500 nəfərlik
qacar süvarilərinin nəzarəti
altında Muğanda - Lənkəran
xanının sərhəd mülkündə yerləşdirmişdilər.
Həmin ilin dekabrın 21-də
Kotlyarevskinin başçılıq etdiyi rus hərbi dəstələri
Qarabağdan olan tərəkəmə
ailələrin yerləşdiyi Lənkəran
xanlığının sərhəddinə daxil
olaraq, qacar dəstələrini
dağıtmışdı. Əsirlikdən azad
edilən 3 minə qədər qarabağlı tərəkəmə
ailələri yenidən Qarabağda yerləşdirildilər
[17, V c. , sən. 851, 853; 9, s. 87-88].
1816-cı
ildə İbrahimxəlil xanın oğlu
Əbülfəht ağa ilə 4 min ailə Qarabağı tərk etmişdi [17, VI c. , sən.
1261, s. 834; 5, s. 198]. I Rusiya-İran müharibəsi
illərində Qarabağ
xanlığının əhalisinin sayı 10 min
ailədən 5 min ailəyədək
azalmışdı [17, VI c. , h. II, s.
579]. Qarabağ əhalisi bu illərdə Şimali
Azərbaycanın digər əyalətlərinə də
köçürdülər. XIX əsrin əvvəllərində
Qarabağdan Şamaxı
xanlığına 1500 ailə köçmüş
və köçüb gələnlər
Şamaxı xanlığının Qoşun
mahalında 8 kənd salmışdılar [3, v.
5]. Qarabağ əhalisinin bir
hissəsi isə Şəkiyə köçmüşdü
[17, V c. , sən. 660, s.
551; 15, s. 39].
Bəzi
hallarda xan ailəsinə
məxsus olan mahalın kəndləri öz ağaları ilə birlikdə Qarabağ xanlığını tərk
edirdilər və bir müddətdən sonra yenidən xanlığa
qayıdırdılar. Əhalisi yalnız azərbaycanlılardan
ibarət olan 5 kənddən ibarət Baqabürd mahalında 243 ailə vardı. Bu mahalın
sakinləri Əbülfəht xana məxsus
olmuş və o, Qacarlar dövlətinə keçərkən
sakinlər də arxasınca getmişdilər. 1822-ci ildə
baqabürdlülər geri
qayıtmış və yenidən öz
kəndlərində məskunlaşmışdılar [22, s. 77; 5, s.
185]. Məhəmməd Hüseyn
bəyin idarəsində olan Püsyan mahalı 29 kənd və oymaqdan ibarət idi və burada 612 ailə yaşayırdı. Mahal əhalisi əsasən azərbaycanlılardan,
yalnız 6 erməni ailəsindən ibarət idi.
Əslən qarabağlı olan 20
oymağın əhalisi bir müddət
əvvəl Qacarlar dövlətinə
qaçmış və rus məmurları
tərəfindən siyahıyaalınma keçirilən zamandan cəmi bir neçə
ay əvvəl geri
döndüklərindən ailələr vergilərdən azad olunmuşdular. Digər 9 kənd və oymaq isə
müxtəlif şəxslərə məxsus idi
və əhalisinin bir hissəsi Qacarlar dövlətinə köçüb,
sonra geri
qayıtmışdılar və bu ailələrin
əksəriyyəti Qacarlar dövlətindən
Məhəmməd Hüseyn sültanla birgə dönmüşdülər.
Xanlıq ləğv olunan ərəfədə
Çovundur mahalının Qapan çayının sol
sahilindəki hissəsi də Püsyan
mahalı ilə birgə idarə olunurdu. Bu hissəyə 6 kənd və oymaq daxil idi.
Həmin kənd və oymaqlarda
cəmi 269 ailə məskunlaşmışdı. Vergi ödəməyənlərin
sayının çox olması ailələrin
əksəriyyətinin vaxtilə Qacarlar
dövlətinə köçməsi və
siyahıyaalınma aparılarkən yenicə qayıtması
ilə bağlı idi [22, s.
146-151; 5, s. 187].
Acnan-Türk mahalında yaşayan azərbaycanlıların böyük hissəsi birinci
Rusiya-İran müharibəsi zamanı Qacarlar dövlətinə və Türkiyəyə
qaçmışdılar. Qarabağ
xanlığı ləğv olunan ərəfədə
139 cəbrayıllı ailə Qacarlar
dövlətinə qaçmışdı [5, s.
189, 198].
Yuxarıda
qeyd etdiyimiz kimi bəzən xanlar öz ərazilərinə əlavə işçi qüvvələri cəlb etməli
olurdular. Qarabağ xanlığında taxılın məhsuldarlığının
yüksək olması əlavə işçi
qüvvəsinə ehtiyac yaradırdı.
Rəiyyət, rəncbər və xanın təşkil etdiyi qüvvələrin məhsulu toplamağa qüvvəsi
çatmadığından xan muzdlu adamlar tutmağa məcbur olurdu.
Muzdla tutulmuş «biçinçi,
üç gün
müddətində bir çetvert
çəltiyi biçərək, onun
1/15-ni alırdı. Buğda, arpa və darını biçənlər isə
məhsulun 1/10-nu alırdı. Biçinlə və pambıq
yığmaqla Qarabağda çox
adam məşğul olur,
bundan əlavə İranla
sərhəd rayonlarda, Qaradağ
əyalətindəki kəndlərdən də gəlirlər
[21, s. 289; 1, s. 44]».
Qarabağ
xanlığında sələmçiliyin geniş
yayılması kəndlilərin müflisləşməsinə
gətirib çıxardığından, var-yoxdan
çıxmış kəndlilər öz
yurdlarını tərk edib getməli olurdular. Xanlar
boşalmış yerləri doldurmaq məqsədilə
digər xanlıqlardan kəndliləri həvəsləndirmə
yolu ilə, ya da zorla Qarabağa
gətirirdilər. Bu kəndlilərə torpaq sahəsi
ayrılır, onlar müəyyən
müddətə vergilərdən azad edilir, imtiyazlı şərtlərlə toxum, iş heyvanı, kənd
təsərrüfatı alətləri ilə təmin
edilirdilər. Əvəzində həmin kəndlilər
müəyyən vaxtlarda ağanın təsərrüfatında
işləməli idi[20, s.
78; 5, s. 172]. Qarabağ
xanlığında təsərrüfatın genişlənməsini
təmin etmək məqsədilə əhalinin bir yerdə daimi
yaşamasına, oturaq həyat keçirməsinə
böyük əhəmiyyət verilirdi. Qarabağ
xanları müəyyyən səbəblərdən doğma yurdlarını tərk edənləri
öz yerlərinə qaytarmağa
çalışırdılar. Digər tərəfdən Qarabağ xanlığında rəncbərlərin
qaçması o qədər adi hal almışdı ki, Qarabağ xanı
onların qaçmaması və ya geri qaytarılması istiqamətində tədbirlər
görməyə məcbur olmuşdu. Belə
ki, ayrı-ayrı xanlar
qaçqın kəndlilərin geri
qaytarılması haqqında razılığa gəlmişdilər.
Məsələn, Qarabağ xanı
İbrahimxəlil xan şamaxılı Mustafa xanla saziş
bağlamışdı. Bu sazişə
görə şamaxılı Mustafa xan onun ərazinə
qaçmış Qarabağ ailələrini
İbrahimxəlil xana geri
qaytarmağı öhdəsinə götürmüşdü
[16, s. 85]. Geri
qaytarılan rəiyyəti xan əvvəlki
kəndlərində məskunlaşdırırdı. Deməli,
xanların əhali siyasətinə təsir edən amillərdən
biri də xanlıqda sələmçiliyin
geniş yayılması idi.
Beləliklə,
Qarabağ xanlarının əhali siyasəti
nəticəsində Qarabağda kəndlərin
sayı və əhalinin sıxlığı təxminən iki dəfə artmışdı. Ara müharibələri, xarici
basqınlar və daxili çəkişmələr
Pənahəli xanın hakimiyyətə
başladığı dövrdə Qarabağ
əhalisinin öz ərazilərini tərk etməsi və təsərrüfat
dağınıqlığı ilə xarakterizə olunurdusa, Pənahəli və İbrahimxəlil
xanın gördüyü tədbirlər
nəticəsində yaşayış yerləri
çoxaldı və Şuşa şəhəri
salındı. Qarabağ
xanlığında 1 şəhər və 638 kənd var idi, əhalinin ümumi sayı isə 90 min
nəfər olmuşdur.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
İradə Məmmədova
Olaylar.- 2011.-8 iyul.- S.15.