Məni 72 saat sementin üstündə yatırtdılar” 

Ramiz Əzizbəyli uşaqlığı, Hippokrat andına sadiqliyi, Zeynəb Xanlarova ilə bağlı planları və s. barədə danışdı. Xalq artisti, professor, Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri Ramiz Əzizbəylinin Milli.Az xəbər portalına müsahibəsi. Ramiz Əzizbəylinin adı bir neçə obrazla assosiasiya olunur - bacarıqlı kinorejissor, teatrda və kinoda müxtəlif xarakterli rolların mahir ifaçısı olmaqdan əlavə, həm də mahnıları qulağayatımlı avazla ifa eləyən duyğusal bir sənətkar. O, teatr və kino sənətimizin ən yaxşı ənənələrini özündə daşıyan incəsənət xadimidir. Hər iki sahədə istedad və bacarığının təzahürlərini qədərində sərf etməyi bacaran Ramiz Əzizbəylinin həyat yolu "incəsənət xadimi" təyini ilə çox üzvi şəkildə səsləşir. Dosye: Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. M.A.Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyət göstərməkdədir. 1987-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyib. Bu film bir neçə beynəlxalq festivalda Azərbaycan kino sənətini uğurla təmsil edib, Kiyev şəhərində keçirilən Ümumittifaq Kinofestivalda "ən yaxşı rejissor debütünə görə" nominasiyasının qalibi olub.

Onun 1992-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi isə müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissorun 2006-cı ildə çəkdiyi "Yalan" bədii filmi Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran həllindən biri hesab oluna bilər.

Ramiz Əzizbəyli aktyor kimi "Dərviş Parisi partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması" filmlərində rol alıb. "Hacı Zeynalabdin Tağıyev", “Qızıl Buta” mükafatları laureatı Ramiz Əzizbəyli bu gün də yaradıcılıq axtarışlarından, müəllimlikdən, Azərbaycan radiosunda "Gəl, səhərim" verilişinin aparıcılarından biri olmaqdan savayı, ictimai işlərlə də məşğuldur, çoxlu sayda ictimai təşkilatın üzvü və rəhbərlərindən biridir.

"Bircə Həsənağa Turabov kimi böyük aktyor bunu etiraf etdi"

- Mənim bu sənətdəki fəaliyyətim 57-ci ilin fevralından başlayır. O vaxt doqquz yaşım olmasına baxmayaraq, AzTV-nin uşaq redaksiyasında adıma hətta müvəqqəti əmək kitabçası da açılmışdı. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi üzvü idim. Azyaşlı olduğum üçün maaşımı özümə vermirdilər, poçta göndərirdilər, valideynlərim gedib götürürdülər. O illərdə verilişlər, teletamaşalar lentə yazılmırdı. Bir tamaşanı aylarla hazırlayıb bir dəfə canlı oynayırdıq. 59-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olundum. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi mənə həvalə etdilər.

İndi xatırlayanda görürəm ki, uşaqlığım çox gur keçib. Televiziyadakı, kinostudiyadakı işimdən əlavə, "Bənövşə" uşaq xorunun, 26-lar adına Mədəniyyət Evində (indi həmin binada Respublika Bankı yerləşir), Qaqarin adına Pionerlər Sarayında (indiki T.İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi), Fioletov adına Tibb İşçilərinin Mədəniyyət Evində (Neftçilər prospekti, 77 ünvanındakı həmin bina sökülüb) fəaliyyət göstərən dram dərnəklərinin üzvü idim. O vaxt mənimlə dram dərnəklərində olanlar mənim həvəsimə aktyorluq sənətini seçib görkəmli sənətkarlara çevrildilər. Bircə Həsənağa Turabov kimi böyük aktyor bir dəfə bunu etiraf etdi, dedi ki, mən başqa sənətin dalınca gedəcəkdim, bax, bu Ramizə baxıb aktyorluğu seçdim.

Məktəbli olanda bu qədər əlavə məşğuliyyət vaxtımın çox hissəsini alırdı, amma qəribədir ki, hər işi çatdırırdım. Oxuduğum 190 nömrəli məktəbdə də fəal şagird olduğum üçün "Artek"də də məni yaxşı tanıyırdılar. Rəsm dərnəyinə də gedirdim, qılıncoynatma, üzgüçülük, gimnastika, güləş, futbol, atçılıqla da məşğul olurdum. İndi səhhətimdəki nasazlıqlarla mübarizə aparmaqda bu fiziki hazırlıqlar öz rolunu oynayır. Yazıçılar Birliyinin üzvü olmağıma, keçən il "Cızma-qaralar" adlı bədii yaradıcılıq toplumun çapdan çıxmağına, bu gün də ictimai işlərə həvəsli olmağıma, film çəkəndə həm redaktor, həm də rəssam kimi iştirak etməyimə bütün bu məşğuliyyətlərin böyük təsiri olub. Valideynlərimə sonsuz minnətdaram ki, mənim üçün belə imkan yaradıblar.

Atamı on yaşım olanda itirmişəm. Ailənin kiçiyi olduğum üçün anam da, bacım da mənim inkişafım üçün bütün şəraiti yaradıblar. İncəsənət sahəsini seçdiyim üçün heç vaxt heç bir qadağa, sərhəd qoymayıblar. Əksinə, həmişə fəxr ediblər mənimlə. Çünki o vaxt televiziya yenicə yaranmışdı Azərbaycanda, mən də bu yeniliyin içində idim, hamı məni teleekrandan görüb tanıyırdı. Bu, doğmalarıma sonsuz qürur verirdi. Mən birinci dəfədir, özüm haqqında bu qədər danışıram. Heç vaxt uğurlarımı sadalamamışam, istedadlı, bacarıqlı olduğumu deməmişəm. Həmişə demişəm ki, mənim silahım mənim sadəliyim, səmimiyyətimdir.

- Orta məktəbi bitirəndə, görünür, başqa sahəyə üz tutmaq barədə heç düşünməmisiniz də...

- Elədir. Televiziyanın, kinonun, teatrın ab-havasında böyüdüyüm üçün başqa sahə haqqında düşünə bilməzdim.

 

"Ermənilər məni 72 saat nəm sementin üstündə yatırtdılar"

 

- Yəqin ki, o vaxtkı İncəsənət İnstitutuna dərhal qəbul olunmusunuz...

- Yox, təsəvvür edin ki, ixtisas fənnindən kəsildim. Çox sarsılmışdım. Belə olacağını təsəvvür etməzdim. Fikirləşirdim ki, əgər mən kəsilmişəmsə, bəs kimlər qəbul olunublar? Könüllü əsgər getməyi qərara aldım. Tiflisdə hərbi tibb məktəbini əla qiymətlərlə bitirdim. Təyinatımı Ermənistanın Leninakan şəhərinə verdilər. Oranın tibbi-sanitar hissəsinin baş tibbi təlimatçısı işdən çıxdığı üçün məni bu vəzifəyə təyin etdilər. Səkkiz ay işlədim bu vəzifədə. Ermənilərin bizi gözləri götürmədiklərini hələ o zaman gördüm. Hətta məni öldürmək istəyirdilər.

- Niyə?

- Qorxurdular ki, oradakı azərbaycanlılar birləşib bir qüvvəyə çevrilərlər. Hərbi hissədə Qubadan olan bir əsgər də var idi. Bir gün o, möhkəm sancılandı. Başa düşdüm ki, təcili əməliyyat olunmalıdır. Mərkəzi xəstəxanaya çatdırmaq üçün raport yazıb icazə istəməyə vaxt qalmamışdı, ölə bilərdi. Onda maşını icazəsiz götürüb oğlanı xəstəxanaya çatdırdım. Orada doğrudan da dedilər ki, bir az da gec çatsaydı, ölə bilərdi. Onunla bu vaxta qədər dostluq edirik. Nə isə, baş həkim bizim hissəyə məktub yazdı ki, baş tibbi təlimatçı əsgərin həyatını xilas etdiyi üçün mükafatlandırılmalıdır. Ermənilər bu göstərişi də özlərinə xas şəkildə yerinə yetirdilər.

- Necə yəni?

- Məni həm mükafatlandırdılar, növbədənkənar məzuniyyət verdilər, həm də cəzalandırdılar - məzuniyyətdən qayıdandan sonra 72 saat nəm sementin üstündə yatmalı oldum. Səbəb də maşını icazəsiz götürməyimi göstərdilər. Əslində isə bu, bəhanədən başqa bir şey deyildi. Onları qıcıqlandıran o idi ki, bir azərbaycanlı o birini xilas edib. Belə-belə işlər. 71-ci ilin mayında xidmətimi başa vurub Bakıya qayıtdım. Yenə İncəsənət İnstitutuna imtahan verdim və yenə də ixtisas fənnindən kəsildim.

Kinostudiyada fəhlə kimi işə başladım, mədəni-maarif fakültəsinin qiyabi şöbəsini bitirdim. "Mozalan"ın süjetləri o vaxt yenicə çəkilməyə başlayırdı. İndi bu jurnal haqqında danışanda yaradıcıları arasında mənim də adımı çəkirlər. Bu, doğrudan da belədir – "Mozalan"ın ilk dövrlərində də, sonralar da çox yaxından iştirak etmişəm. 39 yaşında "Debüt" studiyasında "Pirverdinin xoruzu" filmini çəkdim. İlk filmimin uğurlu alınması məni həvəsləndirdi.

 

"Bəxt üzüyü"nün çəkilişləri üçün verilmiş puldan bir az ayırıb saxlamışdım"

 

- Və siz bir neçə teatrda tamaşaya qoyulmuş Vaqif Səmədoğlunun "Bəxt üzüyü" komediyasının çox fərqli ekran həllini tapdınız. Beləliklə də kinomuzda kassa gəlirinə və bədii keyfiyyətlərinə görə ən çox tamaşaçı toplayan hadisə baş verdi. Nədənsə son illər belə filmlərin sayı xeyli azalıb, ikisindən biri olur - ya sırf kommersiya maraqları üstün gəlir, ya da bədii keyfiyyətlər. Çox vaxt isə heç biri olmur. Hər ikisinin bir vəhdətdə meydana çıxması üçün vəsait amilinin həlledici olması da artıq öz çəkisini itirib. Məncə, zövqün və sərbəst düşünmək keyfiyyətinin korşalmasıdır əngəl törədən.

- Başqa sözlə, peşəkarlığın olmaması. "Pirverdinin xoruzu" filmindən sonra Zeynəb Xanlarova haqqında bədii film çəkmək qərarına gəldim. Vəsait ayrıldı, yaradıcı heyət təsdiq olundu. Altı Şərq ölkəsində çəkilişlər aparacaqdım. 90-cı ilin 20 yanvar hadisəsi hər şeyi alt-üst etdi, hər birimizin ovqatı korlandı. Zeynəb xanım dedi ki, belə bir vaxtda mən qırmızı paltar geyinib şux mahnılar oxuya bilmərəm. Amma mən bu filmi mütləq çəkəcəm. Necə ki vaxtilə vokal sənətimizin ustadı Rəşid Behbudova, aktyorluq sənətimizin görkəmli sənətkarı Nəsibə xanım Zeynalovaya həsr olunmuş "Bəxtiyar" və "Qaynana" filmləri ekranlara çıxdı, Zeynəb xanımın da yaradıcılığı bədii ekran həllini tapmalıdır. Çünki Zeynəb xanım da öz ifa tərzi ilə dünya səviyyəsinə çıxmağı bacaran müğənnidir.

Qalır təşkilati məsələləri həll edib faktura etibarilə Zeynəb xanıma bənzəyən aktrisa tapmaq. "Bəxt üzüyü"nə gəldikdə isə mən bu filmi çəkəndə imkan vermədim ki, kimsə mənə mane olsun. Əsəri necə görürdümsə, elə də çəkdim. Vaqif Səmədoğlu deyirdi ki, bu, artıq təkcə mənim əsərim deyil, çünki Ramiz Əzizbəyli bu əsəri hər tərəfə döndərib, mövzunun görünən tərəflərini də göstərib, görünməyən tərəflərini də.

Kino elə şeydir ki, gərək rejissor nəzərdə tutduqlarını çəkməkdən qorxmasın, özünə güvənsin. Əgər fikirləşsə ki, yox, burada bu söz işlənməsin, kimsə nəyəsə işarə etdiyimi düşünər, burada bu obraz olmasın, kimsə özünü tanıya bilər, onda film yalnız uduzur. Filmin müəllifi rejissordur, ədəbi materialın müəllifi də, aktyorlar da ona arxalanmalıdırlar. Mən güclü aktyorların arxasında gizlənməyi qəbul etmirəm. "Yalan" filminə Mədəniyyət və İncəsənət Universitetindəki müəllim yoldaşlarımı, tələbələrimi də çəkmişdim.

Çox məşhur aktyorlarla işləyə, onların iddiasına dözə bilmirəm. Rejissor aktyorun şıltaqlığı ilə durub-oturmamalıdır. Aktyor nə qədər qüdrətli olsa da, başa düşməlidir ki, filmin tam mənzərəsini görən rejissordur. Yoxsa bəzi aktyorlar film boyu ön planda qalmaq istəyirlər. Bəs o biri aktyorlar, filmin ümumi mənzərəsi, bütöv ekran, ansambl anlayışları necə olsun? Görürsüz, mənim filmlərimdə çəkilən aktyorlar sonra başqa filmlərdə böyük rollar oynamayıblar. "Bəxt üzüyü"nün çəkilişləri üçün Sədrəddin Daşdəmirov adlı iş adamı vəsait ayırmışdı. Mən hər ehtimala qarşı həmin vəsaitdən bir az ayırıb saxlamışdım. Filmin çəkilişləri başa çatandan sonra o məbləği Sədrəddin bəyə verəndə dedi ki, öz aranızda bölüşdürün. Mən də o pulla çəkiliş qrupunun hər bir üzvünü mükafatlandırdım.

"Məşədi İbadın partiyasını ilk dəfə Üzeyir bəy bəstələdiyi kimi oxudum"

- Kinorejissorluqda belə uğurlu təcrübələrinizin olmasına baxmayaraq, cəmi üç film çəkmisiniz. Başqa təkliflər, təşəbbüslər olmadı?

- Təbii ki oldu. 97-ci ildə Ramiz Rövşən “Ölü kimdi, diri kim” adlı ssenari yazdı. Bütün məsələlər həll olunsa da, obyektiv və subyektiv səbəblərdən iş dayandı. Yaxşı ki “Yalan” filmi ilə problem yaranmadı. 2005-ci ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkdiyim bu film müxtəlif nominasiyalar üzrə mükafatlar qazansa da, rejissorun əməyi nədənsə diqqətdən qaçıb. Özü də maraqlı burasıdır ki, hər mükafatın təqdimatından sonra çoxları mənə yaxınlaşıb deyir ki, əslində sənə də mükafat verilməliydi. Amma nominasiyaları müəyyənləşdirəndə mən yada düşmürəm.

- Kino sahəsində böyük islahatlar başlayıb, film istehsalı intensivləşib. Sizin də yeni ekran əsərləriniz olacaq?

- Mədəniyyət və Turizm Nazirliyinin ekspertlər şurasından keçmiş bir ssenarinin çəkilməsi mənə tapşırılıb. Hələlik adını açıqlaya bilmərəm. Bircə onu deyə bilərəm ki, bir neçə aya çəkilişlər başlayacaq.

- Bəs aktyor kimi hansı işlərinizi gözləyək?

- Oqtay Mirqasımın çəkdiyi “Qisas almadan ölmə” filmində baş rollardan birində çəkilirəm. Televiziyada isə Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibətilə Ramiz Həsənoğlu “Mürafiə vəkilləri”ni hazırlayır, mən Ağamərdan bəy rolunda çıxış edəcəm. Bundan başqa Anarın ssenarisi əsasında Mirzə Fətəlinin həyat və yaradıcılığı haqqında “Sübhün səfiri” adlı filmdə Hacı Qara rolunu oynayacam.

- Sizi teatr tamaşasında, Hüseynağa Atakişiyevin ən uğurlu quruluşlarından biri olan Gənclər Teatrının "Ər-arvad" səhnə əsərində görən tamaşaçı kimi deyə bilərəm ki, səhnə ilə də "yaxşı yola gedirsiniz". Bəs niyə teatrdakı rollarınız elə də çox deyil? Dəvət eləmirlər, ya özünüz istəmirsiniz?

- Teatrdakı rollarım doğrudan da çox deyil. “Ər-arvad”dan başqa, İrəvan teatrında “O olmasın, bu olsun” operettasında Məşədi İbadı oynamışam. İkisinin də rejissoru mənim dostum, rəhmətlik Hüseynağa Atakişiyev idi. Teatrlardan çox dəvətlər olur. Qəbul eləməməyimin bir neçə səbəbi var. Əvvəla, teatrdakı intensiv iş rejimi - günorta məşq, axşam tamaşa - məni yorur. İkincisi, dəvətləri çox vaxt ona görə qəbul etmirəm ki, truppanın digər üzvlərinin rollarına münasibəti məni qane etmir. Məşq zamanı özümü güclə saxlayıram ki, məsləhət, göstəriş verməyim. Özü də teatrda hansısa rolda çıxış eləyəndən sonra uzun müddət o obrazın təsiri altında qalıram, qəhrəmanımın sarsıntılarını ürəyimə salıram.

“Ər-arvad” tamaşasından sonra ürəyim ağrımağa başladı. Mənimki kinodur. Özü də rejissorluq. Burada özümü tam ifadə edirəm, lider oluram. 70-ci illərin axırında “muzkomediya”ya, Əsgərin partiyasını ifa eləməyə dəvət etdilər. Ariyanı oxudum, amma nədənsə məni xora götürdülər. Teatrın rəhbərliyinin bu hərəkəti yaman yer eləmişdi mənə. Amma “O olmasın, bu olsun” tamaşasında bacarığımı göstərə bildim. İlk dəfə olaraq Məşədi İbadın partiyasını orijinalda bəstələndiyi kimi oxudum. Məsələ burasındadır ki, Üzeyir bəyin partiyaları nadir hallarda dəqiq oxunur. Xüsusən, operettalarında. “Arşın mal alan”la “O olmasın, bu olsun” axı əslində operettadır.

Bizim Musiqili Komediya Teatrının aktyorlarının səs imkanları kifayət qədər olmadığı üçün bu əsərləri musiqili komediya adlandırırıq. Hüseynağa Atakişiyev İrəvan teatrında “O olmasın, bu olsun”u qoyanda ilk dəfə olaraq Məşədi İbadın partiyasını Üzeyir bəy bəstələdiyi kimi oxudum. Üzeyir bəy isə bu partiyanı o biri baş rollar olan Sərvərlə Gülnazın partiyası kimi lirik tonda bəstələyib. Məşqdə bu cür ifa eləyəndə rejissor da, musiqi rəhbəri Sərdar Fərəcov da vərdiş etmədiklərindən təəccüblənmişdilər.

- Bədii yaradıcılıq toplunuzu nəşr etdirmisiniz. Bəs diskinizi çıxartdırmaq fikriniz yoxdur?

- Mən paralel olaraq həm aktyor, həm də müğənni kimi fəaliyyət göstərmək fikrindən və imicindən uzağam. Ona görə yalnız kino musiqimizdən ibarət disk tərtib etmək istəyirəm.

- Son dövrdə çəkilən filmlərimizlə tanışsınız?

- Demək olar ki, yox. Təqdimatlara, premyeralara dəvət eləmirlər. Görünür, yaradıcı kontakta girmək istəmirlər.  milli.az

 

 

Olaylar.-2011.-12 iyul.- S.13.