Çap mətbuatı müasir media texnologiyalarına qoşulmalıdır”

 

“Mətbuat canlı orqanizm kimi daim hərəkətdə olmalı və cəmiyyətin önündə getməlidir”

 

Day.Az Media Şirkətinin direktor müavini Sevda İlhamqızının “Olaylar” İnformasiya Agentliyinə müsahibəsi

 

- Azərbaycanda Milli Mətbuat Günü ərəfəsindəyik. İllər keçdikcə mətbuatın fəaliyyətində hansı dönüş yaranır? 

- Azərbaycanda milli mətbuat bildiyiniz kimi, ilk olaraq insanların maariflənməsinə xidmət edirdi, daha sonra operativ məlumatlandırılmasında, cəmiyyətdə plüralizm və tolerantlıq ideyalarının formalaşmasında böyük rol oynayıb. Mətbuat cəmiyyətin güzgüsüdür, artıq onsuz bir toplumu təsəvvür belə etmirik.

Milli mətbuatımız təbii ki inkişaf edir, Azərbaycanda mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onların bir hissəsi daimi nəşr olunan dövrü mətbuatdır. Gündəlik çap olunan qəzetlərin sayı kifayət qədərdir. Mətbuat orqanları sırasına mütəmadi olaraq yeni nəşrlər qoşulur.

  Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb, "Mətbuat haqqında" Qanun qəbul edilib, Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, hər il dövlət büdcəsindən mətbuata birdəfəlik yardımlar ayrılır. Bu işlər də mətbuatın inkişafına və dəstəklənməsinə köməklik edir.

- Çap mətbuatının öz yerini internet mediasına verməsi firki getdikcə möhkəmlənir. Mətbuatı bu gedişlə nə gözləyir?

- Bu fikir tək bizdə deyil, bütün dünyada formalaşıb. “Çap mətbuatı oxucularını itirirmi”, “internetə uduzurmu” sualları çox aktualdır.

Doğrudur, internet demək olar ki, dünyanı öz cənginə alıb. Hər bir şey, bütün yaşam internet məkanına köçürülür, orda özünə yer eləyir, möhkəmlənir insanlar da bu virtual həyatın içinə düşüb bu axınla gedirlər. Mətbuat da virtual axına qoşulub. Daha doğrusu, mətbuatın internet forması - internet media formalaşıb. Necə deyərlər, “özünü tutub xeyli populyarlaşıb. Amma bu, o demək deyil ki, özündən əvvəlki, ənənəvi mətbuatı tamamilə sıradan çıxarıb. Ümumiyyətlə, dünyada əksər ölkələr çap mətbuatını qoruyub saxlamağa çalışırlar. Dünyaca tanınmış, nüfuzlu qəzetlər var ki, hətta elektron KİV- rəqabətdə heç uduzmur, bu gün çox böyük gücə malikdirlər ictimai fikri formalaşdırmağa qadirdirlər. Həmin nüfuzlu qəzetlər öz peşəkarlıqlarını qorumaqla müasir tendensiyalara doğru inkişaf etməklə öz mövcudluqlarını saxlayırlar. İnformasiya texnologiyaları hər qədər inkişaf etsə , klassik mətbuata bağlı insanlar var o auditoriya gündəlik olaraq qəzetləri izləmək vərdişini saxlayır.

- Milli mətbuatımız yeniləşir, yoxsa ənənəvi simasını saxlayır?

- Yeniləşərək ənənəvi funksiyasına sadiq qalmalıdır. Müasir tələblərə cavab vermədən inkişaf etmək mümkün deyil. Bizdə mətbuat orqanları yeni inkişaf tendensiyalarına qoşulmalıdır. Həm düşünürəm ki, ana funksiyasını mütləq saxlamalıdır. Mətbuat yalnız tərəfsiz olaraq cəmiyyətin məlumatlanması, maariflənməsi, mütərəqqi ideologiyaların cəmiyyətə ixracı kimi təməl prinsiplərdən uzaqlaşmamalıdır.

Yenilikçilik lazımdır. Ümumiyyətlə, qəzetçilik işinin oturaq arxaik üslubdan çıxarılması lazımdır. Çevik, daim yeniləşən, cəmiyyətdəki inkişafla ayaqlaşa bilən struktur olmalıdır mətbuat. Özünün reklam bazarını, biznesini formalaşdırmaq da mətbuatın özünü inkişaf təbdirlərindən biri olmalıdır. Bir sözlə, mətbuat canlı orqanizm kimi diri, daim hərəkətdə olmalı cəmiyyətin önündə getməlidir.

- Yeni standartlara uyğunlaşmaq üçün nələr çatmır, etmək lazımdır?

- Dünya təcrübəsindən nümunələr götürmək olar. Məsələn, baxın Böyük Britaniyanın məşhur “The İndependent”, “The Telegraph”, “The Guardian”, ABŞ-ın “The Vashington Post” qəzetlərinə. Bu nəşrlər o qədər inkişaf ediblər ki, bu gün onların hər biri bir media institutudur. Bu qəzetlərin internet səhifəsi böyük bir portaldır, ən məşhur xəbər saytları ilə, agentliklərlə rəqabətə girməyə qadirdir. Hər gün yenilənirlər, “on-line” rejimdə işləyirlər hər bir məlumatı orda tapmaq mümkündür. Analoji olaraq ticarət təsisatı ilə müqayisə etsək, sanki böyük bir meqa-marketdirlər, siz istədiyiniz hər bir şeyi o saytlarda tapa bilərsiniz. Yəni, bu qəzetlər öz ölkəsinin əhalisinin məlumat almaq təlabatını ödəyirsə, onların internet versiyalarını isə bütün dünya oxuyur. Orada bütün dünyanı əhatə edən çox böyük informasiya bazasına, geniş multimedia məhsullarına, fotoarxivə, videolara, musiqiyə belə rast gəlirsiniz, geniş sosial şəbəkəyə çıxırlar, yorucu olmayan maraqlı reklam təqdimatları var s. Bir sözlə, öyrəniləsi məqamları çoxdur. 

Bir dünyada qəzetçilik anlayışının yerini xəbərçilik funksiyası tutur. sürətlə sosiallaşma prosesi gedir. İndi bütün dünyada sosial media formalaşır. Xüsusilə internet məkanında sosial xəbər şəbəkəsi getdikcə yerini möhkəmləndirir bu da ənənəvi mətbuatı kölgədə saxlaya bilər. Sosiumun internetləşməsinin qarşısını almaq mümkün deyil. Üstəgəl , informasiya texnologiyalarının günü-gündən inkişafı. Məsələn, peşəkar olmasa da, həvəskar, şəxsi məlumatlandırma şəbəkəsi yaranır. İndi hər bir kəs istədiyi məlumatı, foto video görüntünü, audio səsi, yazılı informasiyanı sosial şəbəkələrdə, bloqlarda, saytlarda yaya bilir. Bunlar bir növ KİV-lərin alternativi sayıla bilər. 

Bu qədər yeniliklər müasirləşmələr içərisində çap mətbuatı sadəcə klassik model kimi qalacaq - əgər bu axına düşməsə özünü inkişaf etdirməsə. Odur ki, çap mətbuatı mütləq şəkildə müasir media texnologiyalarına qoşulmalıdır. Təbii ki, özünün çap versiyası da təkmilləşməlidir.

Azərbaycanda mediaşünaslar çox azdır, demək olar ki, yoxdur. Amma qəzetçilər var onlar bu məsələlər barədə ciddi düşünməlidirlər.

 

 

Olaylar.-2011.- 20 iyul.-S.14.