“Avroviziya”
müsabiqəsinin keçirilməsi üçün dəniz
sahilində yeni konsert kompleksi tikilir”
Heydər Əliyev Fondunun Rusiya təmsilçisi
bu tikinti barədə məlumat verib
“Azərbaycanda
“Avroviziya” müsabiqəsinin keçirilməsi
üçün dəniz sahilində yeni konsert kompleksi tikilir.
Buradan açılan cazibədar panorama indidən adamı
çəkir”.
Modern.az
saytının xəbərinə görə, bu sözləri
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri
Leyla Əliyeva baş redaktoru olduğu “Baku” jurnalının
iyul sayında yazdığı məqalədə qeyd edib. L.Əliyeva
müsabiqə üçün yeni konsert kompleksinin inşa
olunacağını qeyd edib.
“Bakı
“Avroviziya-2012”yə hazırlaşır. Aşpazlar və
stilistlər, şəhər bələdçiləri,
xalça satıcıları, taksi sürücüləri,
polislər - onların hamısı bu hadisəni öz şəxsi
həyatında baş verən uğur kimi qəbul edir.
Gözlənilən bayramda inşaatçılar özlərini
ən vacib şəxs hesab edirlər. Axı, Avropadan hər
zaman bir gün ərzində on minlərlə qonaq qəbul
etmirsən.. Öz güclərinə inanan
inşaatçılar əmin edirlər ki, “Avroviziya”
müsabiqəsinə indiyə qədər olmayan həcmdə
sahə hazırlayacaqlar”-deyə Leyla Əliyeva bildirib.
“Bakılılar
öz təbiəti etibarı ilə nikbindirlər. Onlar
inanırlar ki, bu işin öhdəsindən gələcəklər.
”Avroviziya” bayramı ən yüksək səviyyədə
keçiriləcək. Yeni səviyyədə inşa ediləcək
konsert kompleksi Azərbaycan paytaxtına gələcəkdə
də lazım olacaq”-deyə baş redaktor vurğulayıb.
Qeyd
edək ki, Azərbaycanda hələki bu nüfuzlu mahnı müsabiqəsinin
keçiriləcəyi yer barədə rəsmi məlumat
açıqlanmayıb.
Göründüyü
kimi Təşkilat Komitəsi yeni konsert kompleksinin tikilməsinə
qərar verib.
Modern.az
saytının əldə etdiyi məlumata görə, bu
kompleks Bayılda, Dövlət Bayrağı Meydanın
yanında tikilir. Adının çəkilməsini istəməyən
mənbə saytımıza bildirib ki, hazırda burada iki növbəli
iş rejimi tətbiq olunub. Bildirilib ki, obyekt gələn ilin
mart ayınadək hazır olmalıdır.
Qeyd
edək ki, Prezident İlham Əliyev iyulun 7-də Bakı
şəhərində müasir İdman-Konsert Kompleksinin
inşa edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda
qeyd edilib ki, Bakı şəhərində beynəlxalq
standartlara cavab verən müasir İdman-Konsert Kompleksi
inşa ediləcək.
Prezidentin iyulun 11-də
imzaladığı digər sərəncamla Bakı şəhərində
müasir İdman-Konsert Kompleksinin tikintisini təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə ilkin olaraq 6 (altı) milyon manat məbləğində
vəsait ayrılıb.
2012-ci
ilin may ayında Bakı şəhərində “Avroviziya–2012”
mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin
etmək məqsədi ilə Təşkilat Komitəsi
yaradılıb. Hökumət üzvlərinin təmsil
olunduğu Təşkilat Komitəsinə YUNESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban Əliyeva sədrlik edir.
İyulun
4-də Heydər Əliyev Fondunda gələn ilin mayında
Bakıda “Avroviziya–2012” mahnı müsabiqəsinin
keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk
iclası olub.
Təşkilat
komitəsinin sədri Mehriban Əliyeva qarşıda
müsabiqənin ən yüksək səviyyədə
keçirilməsi kimi böyük məqsəd və vəzifələrin
durduğunu diqqətə çatdırıb.
Modern.az
saytı “Avroviziya–2012”yə hazırlıq işlərilə əlaqədar
ən son məlumatları öyrənmək üçün
Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə
saxlayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, bu məsələ
müsabiqənin keçirilməsi üzrə Təşkilat
Komitəsinə aiddir.
Olaylar.- 2011.- 21 iyul.-S.8.