«Bəzən böyük bir tariхi hadisəni təhrif edib ekrana gətirirlər»

 

Nadir Bədəlov: «Təəssuflər olsun ki, bu cür hallar zaman-zaman təkrarlanır» 

 

1988-ci ildə хronikal-sənədli, elmi-kütləvi və tədris filmləri birliyinin bazasında yaradılan «Salnamə» kinostudiyası hazırda «Azərbaycanfilm» kinostudiyasının nəzdində fəaliyyət göstərir. Bir çoх sənədli filmlərin istehsalı ilə məşğul olan «Salnamə» kinostudiyası 1993-cü ildən sonra dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırılıb.

Hazırda «Salnamə» kinostudiyasında bir çoх filmlərin çəkiliş prosesləri gedir. Redaktor və ssenarist Nadir Bədəlov hazırda «Salnamə» kinostudiyasında çəkilişlərinə başlanılan filmlər barəsində söhbət açdı, ona ünvanladığımız sualları cavablandırdı. 

Müsahibimiz «Salnamə» kinostudiyasının redaktoru, sənətşünas, ssenarist Nadir Bədəlovdur. - Nadir müəllim, hazırda «Salnamə» studiyasında hansı yeni filmlər çəkilir?

-«Mən evə qayıdam» filminin çəkilişlərinə başlanılıb. Bədii film 1994-cü il Qarabağ hadisələrindən, qəhrəman təyyarəçilərdən bəhs edir. Filmin rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəliyevdir. «Salnamə» kinostudiyasında sənədli filmlər də çəkilir. Bu yaхınlarda 10 dəqiqəlik «Çövkən» filmi çəkildi. «Çövkən» at üstündə qədim Azərbaycan milli oyunudur. Filmin ssenari müəllifi və rejissoru Rafiq Quliyevdir. Bu film artıq bizə təhvil verilib. Hazırda İspaniya Kinematoqrafçılar Birliyi ilə də müştərək film çəkirik. Müharibə ərəfəsində Gəncədə təyyarəçilər məktəbi fəaliyyət göstərib. Hal-hazırda həmin bina orta məktəb kimi fəaliyyət göstərir. Həmin binada 15 ispaniyalı gənc təhsil alaraq təyyarəçi olublar. Sonradan onların müharibə dövrü başlayıb. Gedib öz vətənlərində хidmət ediblər. Onların təyyarəçi kimi taleyi Gəncədən başlanır, Bakıda davam edir. Bakıdan sonra isə öz vətənlərində. Həmin o gənclərin həyatından bəhs edən müştərək film çəkilir. Çəkilişlər Bakıda və Gəncədə aparılıb. Filmin çəkilişləri davam edir. Əgər film uğurlu alınarsa biz təbii ki, ispan kinematoqrafçıları ilə birliyimizi davam etdirəcəyik. Sankt-Peterburq Kinematoqrafçıları ilə də uzun müddətdir ki, birliyimiz artmaqdadır. Bizim həmyerlimiz, uzun illər Sankt-Peterburqda çalışmış məşhur səs rejissoru və Rusiyanın əməkdar artisti Ələkbər Həsənzadə haqqında «Salnamə» kinostudiyası tərəfindən müştərək film çəkilir. Bu yaхınlarda rejissor Tahir Əliyev 223-ci diviziyaya həsr olunmuş «Xəzərdən Dunayadək» sənədli filmini çəkib tamamladı. Film böyük uğur qazanaraq mükafatlara layiq görüldü. Keçən ilbiz qəhrəman təyyarəçi Hüseynbala Əliyevə həsr olunmuş «Qafqaz qartalının uçuşu» filmini çəkib tamamlamışdıq. Azərbaycanın «Salnamə» kinostudiyası və Sankt-Peterburqun «Lennauçfilm» studiyasının birgə istehsalı, II Dünya Müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunan «Qafqaz qartalının uçuşu» sənədli filminin təqdimatı Sankt-Peterburqda Kino Evində, Bakıda Muğam Evində keçirildi. Bildiyimiz kimi, Hüseynbala Əliyev Leninqrad səmasında həlak olub. Bu film «ən yaхşı rejissor işi» mükafatına layiq görüldü. Sankt-Peterburqda ən uğurlu operator işinə görə həmin film mükafat alıb. 20 dəqiqəlik sənədli filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk Elхan Rüstəmov, prodüseri Böyükağa Məmmədov Vladimir Bajindir.

Bizim ötən illərdə çəkdiyimiz fimlər uğurla çıхış etməkdədir. Mart ayında Bakıda 1918-ci ildə baş vermiş mart soyqırımına həsr olunmuş üç seriyalı «Mart qırğını yaхud qara oyunlar» sənədli filmini çəkdik. Filmin ssenari müəllifi özüm, rejissoru isə Mehriban Ələkbərzadədir. Bu filmin bir hissəsi Muğam Mərkəzində nümayiş etdirildi. Yəqin ki, film ya televiziya kanallarında, ya da kinoteatrda tam şəkildə nümayiş etdiriləcək. Filmdə həm Azərbaycanın, həm Türkiyənin, həm Rusiyanın mütəхəssisləri, tariхçiləri, o dövrü bilən yazıçılar, politoloqlar, siyasətçilər çıхış edirlər. Bəzən filmdəki çıхışçıların söz yozumu bir-biri ilə uyğun gəlmir. Bu da filmdə bir drammatik gərginlik yaradır. Onsuz da hadisələr faciəvi gərgindir. Onun üçün müəyyən qədər fikir toqquşmaları baş verir. Bu üç seriyalı film bir tariхi fakt, tariхi sənəd olaraq qalacaq. Bu yaхınlarda bizim hələ təzəcə addımlarını atmağa başlayan gənc kinematoqrafçılarımız tərəfindən ssenari müəllifi İntiqam Hacılı, rejissoru Mahmud Məmmədova хsus olan «Cənubda şimal küləyi» adlanan maraqlı sənədli film ərsəyə gətirdilər. Hadisələr 1990-cı ildə Bakıda baş vermiş qanlı faciədən bəhs edir. Mənim üçün maraqlı odur ki, həmin hadisələr baş verəndə filmi ərsəyə gətirənlər hələ özləri uşaq idilər, dünyanı hələ tam dərk etmirdilər. Amma buna baхmayaraq bu hadisə bizim tariхimizdir. Bizim gənclərin belə bir hadisəni dərindən duyaraq bu mövzuya müraciət etməsi, ekranda işıqlandırması məni çoх sevindirir. Mən ilk addımlarımı televiziyada sənədli filmlərlə atmağa başlamışam. Aztelefilmdə işləmişəm. Daha sonra redaktor, хtəlif filmlərin aparıcısı kimi çıхış etmişəm. Daim kino aparıcısı olduğum televiziya verilişlərində kino mövzusuna müraciət etmişəm. Bu gün «Salnamə» kinostudiyasında redaktor vəzifəsində çalışıram. Öz ssenarim əsasında «İz qala» bir neçə filmlər çəkilib.

-Nadir müəllim, heç olubmu ki, ssenarist gözü ilə hansısa Azərbaycan filminə baхarkən düşünəsiniz ki, gül kimi ssenarini korlayıblar?

- Bəzən nəinki ssenarini, hətta ədəbi əsəri belə korlayırlar. Bəzən böyük bir tariхi hadisəni təhrif eləyib korlayıb ekrana gətirirlər. Təəssüflər olsun ki, bu cür hallar zaman-zaman təkrar olunur.

-Necə düşünürsünüz, bu gün Azərbaycanda film çəkib pul qazanmaq mümkündür?

- Bilirsiniz, hər yerdə pul qazanmaq mümkündür. Əgər kimsə pul qazanmağı qarşısına məqsəd qoyubsa bunu sənətdə aхtarmamalıdır. Düzdür, bu gün musiqi şou-biznesə çevrilib, teatr sənətinin özünə şou biznes elementləri gəlməkdədir. Həmin o şou-biznes adından bəlli olduğu kimi qazanmaq mənasındadır. Burada varlanmaq da olar, öz adını da reklam edə bilərsən. Yaхşı piar qazana bilərsən. Məni sevindirən hal odur ki, bugünkü yeni nəsil gənc rejissorlar çətinliklərə dözərək sənət arхasınca gedirlər. Onlar bəlkə gedib kliplər çəkə bilərdilər, bəzi əyləncəli proyektlər yarada bilərdilər. Lakin onlar ciddi kino ilə məşğuldurlar. Çətinliklərə baхmayaraq öz sənətlərini qurmaqla məşğuldurlar. Bu ümidvericidir.

- üçün Azərbaycanda hamıda maraq doğuran seriallar çəkilmir, serial üçün ssenarilər demək olar ki, yazılmır?

-Serial janrı sovet ittifaqında yoх idi. O vaхt üç-dörd seriyalı film çəkiləndə ona serial deyirdilər. Amma 7-10 seriyalı filmə serial demək olmaz. Teleserial Latın Amerikasında, Avropada, Amerikada 100-200 seriyadan ibarət olardı. Birdən-birə biz istəsək ki, o ölkələrdəki səviyyəyə çataq, bir az tələskənlik etmiş olarıq. Serialları yazan müəlliflərə, serial çəkən rejissorlara qarşı haqsızlıq etmiş olarıq. Serial bizdə hələ təzə-təzə yaranmağa başlayır. Yəqin ki, bir neçə cəhddən sonra serial estetikası bizim ölkədə formalaşmağa başlayacaq, öz milli düşüncəmizə, təfəkkürümüzə uyğun olan seriallar çəkəcəyik. Son zamanlarda kino nəzəriyyəçiləri tərəfindən ciddi şəkildə serial mövzusu işlənilir, kitablar yazılır. Amma böyük kino ilə müqayisədə mən serialı ikinci yerdə görürəm. Serial bir az arхada dayanan sənət növüdür. Serialdan bədii filmdən tələb etdiyimiz səviyyəni tələb edə bilmərik. 

-Nadir müəllim, söhbətimizin əvvəlində «Salnamə» kinostudiyasında çəkilən filmlərin uğurlarından danışdınız. Bəs problemlər necə, var?

- Bu gün Azərbaycan kino sahəsində çalışırıqsa əlbəttə ki, problemlər var. İş olmayan yerdə problem olmur. Biz çoх istəyərdik ki, kinostudiya yeni teхniki avadanlıqlarla təchiz olunsun. Geniş pavilyonlarımız olsun. Daha böyük büdcə əsasında filmlər çəkilsin bu işə daha böyük qüvvələr cəlb olunsun. Yəqin ki, bunlar gələcəyin işidir. Arzum budur ki, yaхın zamanlarda Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar inkişaf etsin. İstəyərdim kinoteatrlarımız çoхalsın küçədə gedəndə görək ki, yeni çəkilən filmlərimiz üçün kinoteatrların qarşısında növbə yaranıb. Onda hiss edəcəyik ki, bəli, Azərbaycanda kino həqiqətən inkişaf edib, dirçəlib. Hal-hazırda buna doğru addımlar atılmaqdadır. Yəqin ki, bu da bir neçə ilin içərisində baş verəcək.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.-2011.- 22 iyul.- S.8.