Yasa toy tutan cəmiyyət...
Müasir toy mərasimlərimizin necə təşkil olunduğundan, yəqin ki, hər birimizin kifayət qədər məlumatımız
var. Qısa xatırlatma üçün
deyim ki,
toylarımız da elə
yas məclislərimiz kimi
“ən yüksək”
səviyyədə təşkil olunur. Yas çadırlarının
Avropa standartlarına uyğun sifariş edildiyini, süfrəni isə halva,
qənd və çaydan başqa bütün nemətlərin “bəzədiyini”
nəzərə alsaq, toyların
hansı səviyyədə olduğunu anlamaq çox da çətin
olmur. Sözüm onda deyil, on
birdədi...
Toy mərasimindən əvvəl elçilik, “həri”, nişan,
xınayaxdı və bayramlar var ki, həm oğlan, həm də qız evi üçün əməlli-başlı
məsrəfdir. Hər dəfə qız evi qarşı tərəfi “adlarına layiq
süfrə” ilə
qarşılamaq üçün gor borcuna da
olsa girir, oğlan tərəfi isə bunun əvəzində əli boş gəlmir. Əvvəllər bu məclislər necə keçirilirdi,
bilmirəm, amma onu bilirəm ki, nə dinimiz bədxərcliyi
qəbul edir, nə də cibimiz buna hazırdır.
Hər dəfə yeməklərə, hədiyyələrə
bu qədər xərc çəkməkdənsə, ailə
quracaq gənclərin
müəyyən ehtiyaclarını təmin
etmək daha düzgün
olardı.
Gənclərin
əksəriyyəti evləndikdən sonra
kirayə qalmaq məcburiyyətində
olur. Çünki həm evlərin qiyməti çoxdur,
həm də toya və toyaqədərki
məclislərə olunan məsrəflər
ev almaq haqqındakı düşüncələri
məhv edir.
Toy məclislərindəki menyuda ən azından 3 növ isti, 4 növ soyuq yemək, bir neçə cür kabab, 3-4 növ salat, 5 cür içki, çərəzlər, meyvə, tort, desert olur.
Əslində isə, Məhəmməd peyğəmbər (s) süfrədə iki cür yeməyin
israf olduğunu buyurub. Bu qədər yeməyin üzərindən məclisə
aş gəlir. Bir insan ən uzağı
3 boşqab yemək
yeyəcək. Bəs qalan yeməklər
nə olsun? Əlbəttə ki, əl
dəyilmişi atılacaq, qalanı isə sabahkı toy üçün
saxlanılacaq. Ta ki, zay olana qədər. Hərdən
zay olduğunun fərqində olmayıb məclisə elə
yemək təqdim edən restoranlara da rast gəlmək olur. Ən əsas
məsələ, yeni ailə
həyatına başlayan
gənclərə içki
ilə xeyir-dua verilir.
Spirtli içki ilə verilmiş xeyir-dua, haram buyurulmuş araqla qədəm qoyulmuş həyat
yolunda nə dərəcədə xoşbəxt olmaq olar?
Bu yaxınlarda olduğum bir toyda spirtli
içkilər menyudan
çıxarılmışdı. Bütün
nəsil qarşı olsa da, üç
aylıq mübarizədən sonra oğlan evi içkisiz toy etməyi bacarmışdı. Ofisiantları
“görməklə” su qablarında
gətirilən araqlar
da qadağan edilmişdi. Adətən 12-də bitməli olan toyların saat 1-ə, 2-ə kimi uzadıldığını görmüşdüm,
amma saat 10-dan
dağılmağa başlayan toyun birinci dəfə idi ki, şahidi
olurdum. Belə qərara gəldim ki, bizim toyları toy edən elə
içki imiş.
Bu gün toylar orta statistik ölkə vətəndaşının
illik büdcəsinin
30-40%-ini təşkil edir. İstər
MDB, istərsə də Qərb ölkələrindən fərqli
olaraq Azərbaycandakı
toy mərasimləri əhalinin xərcinin
əsas hissəsini təşkil edir. Bir toya xərclənən məbləğ və
addımbaşı rast gəlinən
şadlıq sarayları bunu
deməyə əsas verir. Bütövlükdə
200 nəfərlik bir
toy şadlıq
sarayından asılı olaraq təxminən 10 min manata başa gəlir. Bəzən
isə 15-17 min manata qədər qalxa bilir.
Büdcəmizi
nəzərə alıb, ayağımızı
yorğanımıza görə uzatsaq, sonda nə gəlinlə bəy
girov qalar, nə də
ailə toydan sonra borc ödəyər.
Yas məclislərimiz
isə başqa aləmdir.
Əvvəllər tünd rənglərdə
qurulan çadırlar indi
ağ rəngə
boyanıb, qapılı-pəncərəli,
xalçalı-döşəkli, bir
sözlə, avropa standartına uyğun şəkil
alıb. Süfrədə isə, tropik meyvələrdən tutmuş,
şokoladlı konfetədək hər şey
var. Sanki, ölən
adamın qohumları sevinirlər, yasa gələn adamlar da yemək üçün
gəlirlər. Hələ məclisdən sonrakı
söz-söhbətlərdən danışmıram. Ələlxüsus
qadınların söz-söhbətindən “ölü
yiyəsi” bilmir ki, yasını
saxlasın, yoxsa camaatın
“ağzını yığsın”.
Həqiqətə
qalanda isə, yas mərasimi
bu şəkildə
keçirilməlidir. Cəsədə qüsul
verilib kəfənə
bükülməli, cənazə namazı qılınıb,
dəfn olunmalıdır. Dəfndən sonra
qohum-əqrəba başsağlığı
üçün ölmüş
insanın evinə
yığışmalı, dualar
oxunmalı, halva çalınmalı və
çay verilməlidir. Bu
ehsan sayılır. Lakin
vacib deyil, müstəhəbdir.
Borcla verilmiş ehsanın isə savabı yoxdur.
Bugünkü yas məclisləri
isə toydan fərqlənmir. Yaslarda mollalara verilən məbləğ, süfrələrə
xərclənən və kirayə çadıra verilmiş pulu hesablasaq toylardan heç də fərqlənmədiyini
görərik. Doğrudur, yas
da, toy da
yaşayışımızın
ayrılmaz hissəsidir. Amma adı üstündədir: toy
toydur, yas isə elə
yasdır.
Cəmiyyətin
və fərdin nizamlı həyatını təmin etmək üçün lazımi
yerlərdə nemət və imkanlardan müəyyən
hədd daxilində istifadə etmək comərdlik,
bu həddən aşağı düşmək xəsislik, həddini
aşmaq isə
israfdır. Həddimizi
aşmamaq şərtilə, toyları yasa, yası da toya çevirməkdən
uzaq olaq...
Nigar Etibar
Olaylar.- 2011.-
11-13 iyun.- S.11.