Yunus Oğuzun “Əmir Teymur”unu oxuyarkən...

 

Mabədi var – onuncu sonuncu olmayacaq

 

Yunus Oğuz son illər sıraladığı tarixi romanları ilə bizi sevindirməkdə və heyrətləndirməkdə davam etməkdədir. Duyğumuzun birinci tərəfi uzun illərin tanışlığından, həmkarlığımızdan, bizim də daxil olduğumuz geniş oxucu auditoriyasının rəğbətini qazanmasından qaynaqlanır. Heyrətimizin də baiskarı özüdür. Ölkənin tanınan, ictimai-siyasi fikrə təsir göstərən “Olaylar” adlı qəzet və informasiya agentliyində gündəlik qayğıları başından aşdığı halda necə belə dolğun əsərləri yaratmasına çoxları kimi mən də cavab axtarmaqdayam. Yaxşı bilirsiniz ki, tarixi roman yazmaq dastan, əfsanə qələmə almaq qədər asan deyil.

 

 Burada hətta epizodik surətləri səciyyələndirərkən yüz illər, min illər yaşı olan qaynaqlara istinad etmək lazım gəlir. Söhbət tarixdə əbədi izi qalan fatehlərdən gedəndə isə nə vaxtsa təftiş, qınaq ünvanına çevrilməmək üçün gərək ölkələr dolaşasan, arxivlərdə qovrulasan. Yunusun “Atillası”nı, “Nadir şahı”nı, “Təhmasib şahı”nı xatırlayanda, “Əmir Teymur”unun “Zirvəyə doğru” adlı ilk kitabını vərəqləyəndə qələm dostumuzun ərməğanından fərəh duymaqla bərabər onun yaradıcılıq nümunələrinə tarixin dolanbaclarında dikiləcək müasir və sabahkı baxışları düşünməli olursan. Ona qədər də bu mövzulara müraciət edilib. Necəsi hamımıza bəllidir. Sinfi ideologiyalı cəmiyyətlərdə fatehlərlə bağlı mövzularda əsl həqiqətlərin qol-qabırğası sındırılıb. Fiziki və mənəvi represiya maşınları gerçəkliyi olduğu kimi göstərənlərin, yaxud bu niyyətə düşmək istəyənlərin üzərində gəzib. Nəticədə müasir nəslə barmaqla sayılacaq qədər obyektiv nümunələr miras qalıb. Fatehlərin tarixdəki roluna baxışlarda gülünc tendensiya özünü xüsusilə qabarıq biruzə verib. Türkdilli xalqlara məxsus qüdrətlərin yaradıcıları istilaçı, qəddar, bəşəri məsələlərə biganə despotlar kimi, Qafqazı, Orta Asiyanı, Sibiri top-tüfəng gücünə istila edənlər isə az qala xilaskar obrazında təqdim edilib. Postsovet məkanına acı miras kimi qalan belə nümunələr saysız-hesabsızdır. Altını indi də çəkməkdəyik. Zənnimcə fatehlərimizin real obrazları barədə ilkin təsəvvürlərimizin yaranmasında biz daha çox Qərb yazarlarına minnətdar olmalıyıq. Ona görə də Yunus bəyin bu boşluğun doldurulmasına xidmətləri müasirlik baxımından böyük önəm kəsb edir.

Tam qətiyyətlə deyə bilərik ki, Y.Oğuz Azərbaycan romannəvisliyində öz yerini tutub. “Əmir Teymur” isə “həvəsdi-bəsdi” qənaətlərinin üzərindən birdəfəlik xətt çəkib. Oxucunu nigarançılıqda saxlayan, ona yeni görüş vəd edən əsərin əksəriyyətimizin stolüstü kitabı olacağına şək-şübhəm yoxdur. Yəni mabədi var- yazıçının onuncu kitabı sonuncu olmayacaq. Əsər orijinal üslubuna görə əvvəlkilərdən fərqlənir. Söz, ifadə seçimi, xarakterləri açan lövhələr, dialoqlar yerli-yerində. Bu məsələlərdən dilimizin sərraflarından olan görkəmli alimimiz, Atatürk Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun kitaba ön sözündə geniş bəhs edildiyindən digər cəhətlər ətrafında təəssüratlarımı bölüşmək istərdim.

Kamil əsər yaratmaq niyyətinə düşənlər onu qarşıda yuxusuz gecələrin, narahat anların, gərgin axtarışların gözlədiyini nəzərə almalıdırlar. Yunus bəy də yaradıcılığın belə məziyyətlərini özünə yol yoldaşı edib.

Əsərdə Əmir Teymurun, yaxın silahdaşlarının, düşmənlərinin xarakterlərinə xas cizgilərin məharətlə verilməsi, idarəetmə, hərb sənəti, adət-ənənələr, ayinlər, musiqi alətləri və sair barədə səhih məlumatlar romanın qayəsində həm də maarifçiliyin məqsəd kimi dayandığını sübut edir.

Oxucu proloqdan hiss edir ki, Əmir Teymurla uzun, qanlı-qadalı yola çıxacaq. Fatehlik iddiasında, birləşdiricilik arzusunda olanlar üçün isə bu niyyətə düşüb yarı yolda qalanların uğursuz taleləri görüb-götürməli ibrət dərsləridir. Ustadı Seyid Berkenin “Qurultay səni Böyük Əmir seçdi. Bundan sonra nə etmək istəyirsən” –sualına Əmir Teymurun cavabı onun məramına aydınlıq gətirir: “Bütün Turanı qılıncımla birləşdirəcəyəm. Turanın əvvəlki qüdrətini qaytaracağam”. Teymuru da əmir, rəhbər seçən tayfaların qurultayıdır. Onun idealı saydığı Çingiz xan da eyni etimaddan sonra zəfər yollarına baş vurub. Yüz illərdən bəri Türk dünyasında yaşanan ənənəyə uyğun olaraq, tarixin yaddaşında qüdrətli hökmdar kimi qalacaq Nadirin də başına şahlıq tacı belə məclisdə qoyulacaqdı. Yazıçı bununla da bəşəriyyətin seçki tarixini özəlləşdirməyə çalışan Qərb, xristian dünyasına mesaj göndərir, onların ideoloqlarına bu iddiaya düşməzdən əvvəl Şərqə, xüsusilə Turana tərəf üz çevirməyi məsləhət görür. Doğrudur, müəllif “Nadir şah” romanında olduğu kimi yeni əsərində həmin mərasimi tam detallarına kimi təsvir etmir. Söhbətlərimizdən də bilirəm ki , buna gücü çatardı. Zənnimizcə bu, qədim Şərq, Turan demokratizmi barədə əvvəlki əsərdə kifayət qədər bəhs olunmasından irəli gəlib. Hər halda konkretliyin özü də tarixi varisliyə iftixar hissi istiqamətləndirir.

Əmir Teymur parçalanmış, bir-birinə qənim kəsilmiş türkdilli xalqları nə üçün vahid dövlət şəklində birləşdirmək istəyirdi? Yunus Oğuz bunun fəlsəfəsinə hökmdarın, müdriklərin dili, düşmənlərinin etirafları ilə aydınlıq gətirir. Bu ideyanın gerçəkləşdirilməsini haqq işi saydığından Tanrıdan, müqəddəs Qurandan, ona etimad göstərən xalqdan və bir də ulu Çingiz xanın ruhundan qüvvət alır. Xan yox, əmir titulu götürməsi həmin şəxsiyyətə ehtiramının böyüklüyündən, Çingiz xanı ustadı saymasından qaynaqlanır. Hərçənd bunu etməməyə əsasları da var idi. Səmərqənd Əmir Teymurun qurduğu dövlətin paytaxtıdır, tezliklə gözəllikdə tayı-bərabəri olmayacaq. Amma Çingiz xan bir vaxtlar burada daşı daş üstə qoymayıb. İti zəkaya, yaddaşa malik Əmir Teymur dövrünün bütün elmlərinə variddir, o cümlədən tarixə də. Tarix gör-götür, ibrət nümunəsidir. Təfriqə, kin yaddaşı da zədələyir. Əmir Teymurun bu mənada ulu həmkarının yürüş marşrutunu seçməsi onun böyüklüyünün təcəssümüdür.

 Hökmdarın həyatı boyu yanında olan, bütün taleyüklü məqamlarda məsləhətləşdiyi bir ustadı da var. Bu, Seyid Berkedir. Seyid Berke adi surət deyil. Ağıllı, uzaqgörən hakimlərin sarayının əzəməti, hörməti onun kimilərin sayəsində xüsusi dəyərə minib. Seyid hökmdar hüzurunda baş əymə öhdəliyindən azad yeganə şəxsdir. Əmir özünün daxili intuisiyası ilə yanaşı onun mükalimələrində, məsləhətlərində, hətta etirazlarında uğurlarını axtarır və hər dəfə yekunda yanılmır.

 Əmir son nəfəsində məzarının sevimli ustadının ayaqları altında salınmasını vəsiyyət edib. Bunu mənə Səmərqənddə qəbrin ziyarəti zamanı deyiblər. Yazıçının təqdim etdiyi obraz bu vurğunluğun məntiqi əsaslarının təcəssümüdür.

 Bəs uzun müddətli yürüşə çıxan hökmdar nələrə diqqət yetirməlidir? Möhtəşəm ordu yaradılması öz yerində, daha önəmli məsələ var ki, əksər hakimlər bu səbəbdən səfərlərini təxirə salmağa məcbur olur, yaxud geri dönürlər. “Ölkəsinə daxilindən tam əmin olmayan hökmdar yürüşə çıxmamalıdır!”- Teymur bunu aksioma kimi qəbul edir.

İqtisadi islahatlar da iki əsas istiqamət götürür: qiymətlərin tənzimlənməsi, ədalətli ölçü, mizan-tərəzi. Acgöz darğaya və köməkçisinə bazar meydanında Teymurun qurduğu məhkəmə təbəələrində adil, qayğıkeş hökmdar barədə baxışları möhkəmləndirir.

Əsər əmirin dövlətin saraydan kənar idarəçiliyində möhkəm şəbəkəyə malik olması təsəvvürlərini formalaşdırır. Ölkə daxilindən kənarda baş verən proseslərlə bağlı onu məlumatlandıran şəbəkələr mövcud olsa da Teymur bir neçə mənbəyə istinad etmədən qəti mühakimələr çıxarmır. Xüsusi inam və etiqada layiq görülənlər sırasında tacirlərə diqqət yetirilməsi isə anlaşılandır. Əslən Şirvandan olan tacir Ağbaba surəti isə müəllif tapıntısı sayıla bilər. Bu, bitkin obrazdır. Ticarəti, bazar qayda-qanunlarını yaxşı bilən Ağbaba tacirdən çox siyasətçi, təbliğatçı təsiri bağışlayır. Onun hərəkət trayektoriyaları yürüş istiqamətlərinə işarədir. Hökmdar tacirin vasitəsilə Şirvanda, Azərbaycanda baş verən hadisələrdən xəbər tutur onu Miranşahın nalayiq hərəkətləri barədə məlumatları alan kimi əsəbiləşir, adil hökmdar təki görəcəyi tədbirləri müəyyənləşdirir.

Romanda Dehli ilə Səmərqəndin müqayisəsi, ustad Nəimi və Nəsimi ilə bağlı sorğular, Hafizin bu şəhərə aid məşhur bəndə görə Əmir Teymurla üzləşməsi əsərin oxunaqlılığını artıran məqamlardandır. Müəllifə burada daha bir sağol düşür. Bildiyimiz kimi, “Nəsimi” filmində Nəiminin Əmir Teymur tərəfindən edam edildiyi təsvir olunub. Y.Oğuzun kitabından belə qənaətə gəlmək olur ki, bu qətlin əmirin hökmünə bağlanması əsassızdır. Hökmdar hiddətləndiyi şairləri də sözün qüdrətinə görə bağışlayıb. Alimlərə, üləmalara, şairlərə xüsusi diqqət yetirib, dərvişləri yaxşı eşidən qulaqları, tacirləri görən gözü, müjdəçiləri hesab edir.

Tacir Ağbabanın Dehli və Bursadakı görüşlərinə diqqət yetirək. Sultan Bəyazidin “Teymur necə adamdır” sualını olduğu kimi cavablandırmaq cəsarət tələb edir: “Həm qəddar, həm mərhəmətli, həm xəsis, həm də səxavətli, həm zəif, həm də güclüdür, həm nifrəti var, həm də məhəbbəti”. Açmasını özü dilə gətirir. Bu sözlər birləşmiş Avropa qoşunlarını darmadağın edən İldırım Bəyazid kimi möhtəşəm hökmdarın önündə səslənir. İ.Bəyazid də fatehdir, türkün-türkün dostu olmasını istəyir. Fəqət əsərdən göründüyü kimi xristian dünyası, Roma papası, Vatikan hərb meydanında həyata keçirə bilmədiklərini fitnə-fəsadla, qardaşı qardaşa qarşı qaldırmaqla reallaşdırmaq niyyətindədirlər. Əfsuslar olsun ki, buna nail də olurlar. Növbəti kitabda bunları ürək ağrısı ilə izləyəcəyik.

Əsər Türk dünyasının hərb tarixinin öyrənilməsi baxımından da müstəsna əhəmiyyətə malikdir. Düşərgə salınması, ordunun, hissələrin tərkibi, geyimlər, taktiki seçim və sair barədə məlumatlar Əmir Teymurun sərkərdə məharətindən xəbər verir. O, döyüşlərə elmi nəzərdən yanaşır. Münəccimlər və din xadimləri ilə məsləhətləşir, Quran açır, ayələrin hökmünə əməl edir. Məhəmməd Peyğəmbərin 92 adına ehtiram olaraq Hindistana 92 minlik qoşunla yürüşə çıxır. Təlalib döyüşündə çayın keçilməsi, dağlarda qarapaltarlıların təqibi, Dehlinin alınması hərb tarixini bəzəyən möhtəşəm əməliyyatlar sayıla bilər. Fillərin zərərsizləşdirilməsi zamanı tətbiq edilən metoddan yüz illər sonra Nadir şahın Hindistanda bəhrələnəcəyi, ordunun döyüşlərə davul, təbil və qaraney sədaları ilə çıxması dövrün musiqi alətləri barədə maraqlı məlumatlardır.

Kitab oxucunu intizarda saxlayan sonluqla bitir. Qarşıda 7 illik səfər dayanır. Necə, bax bunun yaşantılarını müəllif kitabın ikinci hissəsində təsvir edəcək.

 

 

Əflatun Amaşov

 

Olaylar.- 2011.- 11-13 iyun.- S.9.