Özünü qayadan atsın… Xuraman... Qasımova???
Bu ölkədə hətta
ağacdələnlər gövdəyə dimdik
döyüb qurd axtaranda da ritm
tuturlar
“Özünü
qayadan atdı Xuraman…”
Bu Səməd Vurğunun Vaqif əsərindən bildiyimiz
məşhur misradı… Amma söhbət xəyanət
etdiyinə görə əri Vaqifin atdığı Xuramandan
yox, bu həftə 60 yaşını qeyd etmiş Xuraman
Qasımovadan gedir. Və burada da xəyanət söhbəti
var. Ona xəyanət edilib. Bu xəyanəti edən isə ümummilli
zövq həzrətləridir. Onu, onun Azərbaycanın himni
qədər dəyərli səsini, əfsanəvi
ifasını “Cancana”lara, “Mən səni görmək istəsəm
hara gəlim”lərə, “O mənim olmalıdır”lara dəyişən
zövq.
Xuraman xanımın ad günü
özünəməxsus şəkildə qeyd olundu. Yəni
onun özünə məxsus. Baxmayaraq ki, artıq çoxdan
nə Xuramanın özü, nə də adı onun
özünə məxsusdur. Və bu ad günü valideynin
qoyduğu adicə bir “Xuraman” adının günü
olmamalıydı. Bu ad günü Xuramanın Azərbaycana
qoyduğu adın günü kimi qeyd olunmalıydı. Amma təəssüf.
Xuraman Qasımovanın ad günü Azərbaycan mədəniyyətinin
bayramına çevrilmədi. Səslərini şou-biznesin-
aşnalarının qucağında orqazm harayına qataraq
nota köçürən seks kənizlərindən fərqli
olaraq Xuraman Qasımova öz bayramını sükutla qeyd
etdi. Görünür bu da bir etiraz aksiyası
növüdür. Aclıq kimi. Belə də demək olar:
Xuraman Qasımova səs aclığı elan edir. Bəlkə
də ölmüş ümummilli zövqümüzün
xatirəsinə bir dəqiqəlik sükut!
Niyə belə
olur?
Niyə bu
baş verir?
Bir yandan Azərbaycan dəyişir,
inkişaf edir. Gələn il ölkəmiz "Eurovision"
mahnı müsabiqəsini qəbul etməyə
hazırlaşır. Böyük musiqi hərəkatı
gözləyirik. Bu yaxşıdır!!! Amma indi bir problem də
var axı. Xanımlar və cənablar artıq hamı
oxuyur!!! Bax bu pisdir! Bu ölkədə hətta ağacdələnlər
gövdəyə dimdik döyüb qurd axtaranda da ritm tuturlar. Əcəb
ölkədi… Əlbəttə, Xuraman Qasımova ara
müğənnisi deyil, toy tutmur, hansısa kəlpeysərə,
pəzəvəngə qarışıb musiqimizlə birlikdə
alt-üst olmur… Xuraman Azərbaycanın klassik musiqi
ifaçısıdır. Bikini deyil, lifçik deyil,
ağır yana kostyumdur… Ciddi və yaraşıqlı…
İndi isə Sizə bir sirr
açacağam. Bilirdinizmi Azərbaycanı SSRİ-nin tərkibindən
çıxaran şəxs məhz Xuraman Qasımova və
onunla bir barrikadada çarpışan daha bir neçə nəfər
olub. Bəli, bəli… Məhz Xuraman və daha bir neçə
nəfər… O, Azərbaycanı SSRİ-dən
çıxararaq İtaliyaya aparıb, Yunanıstana aparıb…
Bayrağımız hələ yoxkən o özü bayraq
olub… Hüzurundakıları Azərbaycanın ayağına
qaldırıb.. O bizim Səs Gerbimiz olub. Bəs biz? Bəs biz
neynirik? Xuraman Qasımovaya yanaşmağımızdan gələcəyimizin
şəklinin necə olacağı asılıdır. Bu gələcək
kimə oxşamalıdır: buna, buna, buna, yoxsa buna? Əstəğfürullah!
Mən digər musiqi istiqamətlərində
qan tər və sair mayelər tökənlərimizin xətrinə
dəymək istəmirəm, onların
qaldırdıqlarının bayraq olduğuna inanmalarında qəbahət
görmürəm. Amma Xuraman Qasımova bizi Baxla, Çaykovski
ilə, Hacıbəyovla, Puşkinlə, Bayronla
calaşdırır… Başa düşürəm.
İnsanların bir tində xlor, o birində istefa,
üçüncü küçədə zibil yeşiyinə
atılmış uşağın boğazında biçarəlik
rolunda qışqırdığı bir vaxtda, sunami, meşə
yanğınları, vulkan püskürmələri, Qurani-Kərim
yandıran əbləhin çağırışları.
Berti Foqtsun Vaqif Cavadova almanca qışqırması fonunda
üvertura, ariya eşidilmir. Amma gərək eşidək.
Xuraman Qasımova küssə də, incisə də. Biz onun səsinə
doğru getməliyik. Onun tələbələri
dünyanın müxtəlif ölkələrindən
Bakıya gəlməli, onun boğazından su içməlidir…
Bu həftə Xuraman Qasımova 60
yaşını qeyd etdi. Amma hara etdi bu qeydi? Öz dəftərçəsinə,
bloknotuna, yaxın qohumlarından birinin telefonunun yaddaşına… Amma Xuraman Qasımova Azərbaycanın Tarixinə
qeyd olunmalıdır.
Onun adını biz yazmalıyıq
ora. Dövlət. Onun konkret strukturları.
Mitinq harayları, zavod kürələri, mühərriklərin
uğultuları… yalnız
bunlar tarixin mülkiyyəti olmamalıdır.
Xuraman neyləsin ki, belə böyükdür?
Xuraman neyləsin ki, onun səsinin qalxdığı ucalığa
bizim qulağımız
yetişmir. Xuraman
neyləsin ki, orta statistik zövqümüz onu Rəqsanəyə dəyişib…
Özünü Vaqifdəki adaşı
kimi qayadanmı atsın?! Xuraman Qasımova Opera və
Balet teatrına ad gətirdi. Amma onun adını
oradan götürdülər.
Bu sırada Fidan
və başqalarının
da adı var. Amma indi mən
Xuramandan danışıram.
Böyük Xuramandan.
Səsin 212-ci əsrində,
obrazlı desək,
4-cü oktavada yaşayan
Xuramandan… Bağışlayın,
xanımlar və cənablar!!! O belə uca olanda biz nə oluruq: səsimiz çatmırsa,
səviyyəmiz çatmırsa,
başımız çatmırsa
və başlıcası
boyumuz çatmırsa…
Üzr istəyirəm, alçaq
görünmürük ki?
Alçaq olmuruq ki???
Olaylar.- 2011.-
14 iyun.- S.11.