Firəngiz Mütəllimova etiraf
edir: “Hərbi hazırlıq müəllimimi sevirdim...”
“Bu yaşa
çatmışdım, bir kişi qarşıma
çıxıb cəsarətlə mənə evlənmə
təklif etməmişdi”
Lent.az-ın
qonağı Akademik Milli Dram Teatrının aktrisası, xalq
artisti Firəngiz Mütəllimovadır.
- Firəngiz
Mütəllimovanın həyatındakı vacib şeylər
sırasında sevgi hansı yerdədir?
- Əlbəttə, hər
qadının həyatında sevginin məxsusi yeri var. Eləcə
də mənim. Sevgisiz insan yaşaya bilməz. Sevgi olmayanda
insanın gözünün işığı sönür
sanki. İnsanın işləməyə həvəsi olmur,
geyinmək, bəzənmək, özünə baxmaq istəmir.
Amma sevəndə bütün sədləri aşmaq istəyirsən.
Ən çirkin insan gözünə qəşəng
görünür. O insan xoşbəxtdir ki, Allah ona bir dəfə
də olsun sevgi hissinin nə olduğunu yaşadıb. Lap
qarşılıqsız olsa da. Amma o hissi ki
yaşayırsan... Sevgi gözəl şeydir! İnsan var
yaşayır, ölür, amma heç bilmir sevgi nədir.
- Siz sevginin nə
olduğunu nə zaman dərk etmisiz?
- Sevginin nə olduğunu bilmək olmur.
Heç indi də mən bunu başa düşmürəm. Mənim
üçün sevgi birinci növbədə
qarşılıqlı hörmətdir. Hər şey hörmətdən
başlayır. Sevgi o qədər hörmətsiz olar ki, sonra
nifrətə çevrilə bilər. Amma sevgi müqəddəs
hissdir!
- Əsl məhəbbətlə
qarşılaşmısız?
- Qarşılaşmışam... Mənim
üçün ən şirin, müqəddəs sevgi
platonik sevgidir. Yəni, əlçatmayan, qovuşmayan sevgi.
İlyas Əfəndiyevin bütün əsərlərindəki
kimi. Ya bəlkə uşaqlıqdan bu cür romanları
çox oxuduğuma görə belə düşünürəm.
Məsələn, “Dodaqdan qəlbə” əsərini bəlkə
yüz dəfə oxumuşdum.
- Həyatınızda
o dediyiniz platonik, qarşılıqsız məhəbbət
olub heç?
- Platonik yox. Amma mən şantaj
qarşısında qalıb əzab çəkmişəm.
İnstituta təzə girən vaxtlarım idi. Məni bir
oğlan sevirdi. Deyirdi, “məni sevməsən,
görüşməsən, səni şantaj edəcəm”.
Qorxurdum, inanırdım ki, birdən məni
qaçırdarlar, ya başqa nəsə edərlər. Amma
evdə deyəndən sonra atam tədbir gördü. Ona
görə də mən sevgidə şantajdan, böhtandan
qorxmuşam həmişə. Bir də
çalışmışam heç kimin ailəsini
dağıtmayım, evli insanla münasibətim olmasın. Lap
sevsəm də, dərdindən ölsəm də, hər
şey çərçivəli olmalıdır. Kiminsə
evində oturan qadının günahı yoxdur axı.
- Məktəb
illərində kimisə sevmisiz?
- Sevgi olub, əlbəttə. Amma təbii
ki, uşaqlıq sevgiləri. Əvvəla, mən də əksər
qızlar kimi xəyalpərəst olmuşam. Mən də
Novruz bayramında duzlu kökə bişirib yemişəm ki,
görüm yuxuda kim mənə su verəcək? Amma su verən
tapa bilməmişəm (gülürük). Məsələn,
ilk sevgi məktubunu yeddinci sinifdə almışam. Həmin
oğlan başqa məktəbdə rus bölməsində
oxuyurdu. Özü də indiki kimi yadımdadır, məktubda
belə yazmışdı - “Ya rəbb, bəlayi-eşq ilə
qıl aşina məni. Bir dəm Firəngizdən etmə
cüda məni”. O məktubu xəlvətə çəkilib
dəfələrlə oxuyurdum. Hər dəfə oxuyanda da
gülürdüm. Sonra görəndə ki, daha gülməyim
gəlmir, məktubu cırıb atdım. Bu, həyatımın
ilk sevgi məktubu idi deyə, qəribə hisslər
keçirirdim, həyəcanlanırdım. Hətta ona görə
yolumu dəyişirdim ki, məni görməsin. Onu görəndə
əsirdim, qızarırdım. Ad çəkməyəcəm,
amma qarşılıq vermədiyimə görə, o oğlan
sonradan Rusiyaya köçdü. Ümumiyyətlə, məni
məktəb illərində çox oğlanlar sevirdi. Mən
8-ci sinifdə oxuyanda bilirdim ki, 10-cu sinif şagirdlərindən
bir neçəsi məni istəyir. Məktəb sevgisi
maraqlı olur axı. Tənəffüsdə dəhlizdə
kitab oxuyanda oğlanlar sənə baxır. Ya hansısa kabinetə
girəndə sənə baxan oğlana göz süzürsən.
Onlar çox təmiz hisslərdi. Və çox şirin xatirələrdir.
Mən məktəbdə oxuyanda gündəlik
yazırdım. Məsələn, bu gün filan otaqdan
çıxanda filan oğlan mənə belə baxdı. Amma
sonra onların hamısını cırdım atdım. Nəsə
mənə gülməli görünürdü.
- Bəs siz o
oğlanlardan hansını sevmisiz?
- Oğlan sevməmişəm. Amma hərbi
hazırlıq müəllimimi sevirdim. Heç kimə də
demirdim. Özlüyümdə sevirdim onu. Onda 9-cu sinifdə
oxuyurdum. Müəllim şəhərdən gəlmişdi.
Cavan idi, bəlkə də evliydi, amma biz bilmirdik. Bəlkə
də Bakıdan gəldiyinə görə maraqlı idi bizə...
Ən gözəl, maraqlı, möcüzəli məhəbbətlər
isə yayda başlayırdı. Şuşa istirahət mərkəziydi.
Hər yay ora istirahətə imkanlı adamlar gəlirdi. Biz də
əvvəldən həmin ailələrlə, onların
oğulları ilə maraqlanırdıq. O oğlanlara
baxırdıq, skamyada oturub özümüzü onlara
göstərirdik (gülür). Bu məhəbbət o biri yaya
qədər artıq qurtarırdı. Növbəti yay yeni məhəbbətlər
başlayırdı. Uşaqlıq illərində olan şeylərdi
də. Amma institutun birinci kursunda oxuyanda üçüncü
kursda oxuyan bir oğlana dəhşətli dərəcədə
vurulmuşdum. Qarşılıqsız olaraq öz-özümə
sevirdim onu. Hardasa iki il çəkdi. O, institutu qurtarıb gedəndən
sonra o məhəbbət də ötüb keçdi... Amma illər
keçir, sən öz sevgini tapanda anlayırsan ki, onun
varlığı belə sənin üçün
böyük bir şeydir.
- Bəs niyə
gec ailə qurduz?
- Çünki şöhrət məni qəfildən
elə yaxaladı ki, elə bildim hamı Gülnarı sevir,
Firəngizi yox. Məni hamı Gülnar deyə
çağırırdı. Teatra mənə yeşiklərlə
sevgi məktubu gəlirdi. Çaş-baş
qalmışdım lap. O şöhrət məni elə bil
insanlardan uzaqlaşdırdı, sevgiyə inamım itdi. Yay tətillərində
Şuşaya gedəndə qapımıza elçilər gəlirdi.
Ağdamdan, Gəncədən, daha çox da
Şuşanın özündən. Amma mənim ailə qurmaq
fikrim yox idi, ona görə də elçilər evimizdən
kor-peşman geri qayıdırdı. Həm o vaxt belə
deyildi. Sərasər tamaşa oynayırdıq. O qədər
işlə məşğul idik ki, heç mənimlə birgə
teatra gələn aktrisalar ailə qura bilmədi. Vaxt
olmadı, başım sənətə elə
qarışdı ki. Ailə quranda da gec oldu. 33 yaşım
vardı artıq. Onunla hüzr yerində tanış olduq.
Xarici vətəndaş idi. Əslən Cənubi Azərbaycandan
olsa da, İngiltərədə yaşayırdı.
Qardaşım qadınlar oturan otağa yaxınlaşıb
dedi ki, “xarici qonaq var, soyuqlayıb. Ona isti kəkotulu çay
verin, bir az özünə gəlsin. Sabah yola
düşür, bizdən narazı getməsin”. Qonaq
üçün çay, dərman apardım. O da
ağzını, başını dəsmalla bağlayıb
heç üzümə də baxmadı, yanındakı
adamla fars dilində nəsə danışırdı. Demə,
ondan soruşub ki, “qulağıma o qızın səsi gəldi,
bax gör, otağa girən odu?” Yanındakı başı ilə
təsdiqləyəndən sonra Təbriz ləhcəsi ilə
mənə dedi ki, “xanım, biz iki günə Londona gedəcəyik,
əgər mümkünsə, o tamaşanın kasetini hədiyyə
edərsiniz”. Səhəri gün “Səni axtarıram”
tamaşasının kasetini tapıb gətirdim. Sonra bildim ki,
“Yad qızı”nı istəyirmişlər. Çox qəribədi,
Azərbaycanda məni Gülnarla, İranda Nazanla
tanıyırdılar. “Yad qızı”nın kasetini gətirdim
qonaqlar üçün. Kaseti ona uzadanda, düz gözlərimin
içinə baxıb hamının - atamın, anamın,
qohumlarımın yanında dedi ki, “mən kaseti yox, sənin
canını istəyirəm”. Məndən bir yaş
böyük idi. Özü də bir dəfə evli olub
ayrılmışdı, uşaqları vardı. Amma mən də
razılaşdım. O da necə oldu? Deyim ki, mən ona
vuruldum, sevdim, yox. Şuşa işğal olunmuşdu,
bütün qohumlarımız köçkün
düşmüşdü, hər yerdə durğunluq idi. Elə
bil hər şeydən qaçmaq istəyirdim... Sonra da insan
bir-birinə doğmalaşır, elə bilirsən o da sənin
qohumundu.
- Çətin
deyildi bəs? Həm sevmədiyiniz adam, həm də qərib
ölkə.
- İndi elə ona məəttəl
qalıram ki, bunu necə bacardım. Bilirsiz, onun cəsarəti
mənim çox xoşuma gəlmişdi. Bu yaşa
çatmışdım, bir kişi qarşıma
çıxıb cəsarətlə mənə evlənmə
təklif etməmişdi. O cəsarət mənə xoş gəldi.
Mən də getdim. Amma yaxşı ki getdim. Niyə?
Çünki bir nağıllar aləmi yaşadım. Ölkələr
gəzdim, həyatımdakı sıxıntılar bir anda yox
oldu getdi. İşi ilə əlaqədar olaraq İngiltərədə,
bir də Birləşmiş Ərəb Əmirliklərində
qalırdıq. O, İngiltərədən gələndə
şkafı açıb görürdüm ki, ilahi, mənə
bəlkə 80 dəst kostyum alıb, hər şey
alırdı, özümə, bacılarıma. Bu insan mənə
sürprizlər etmək üçün ölürdü.
Bilirdi ki, ən çox sevdiyim şey saatdır. Mənə ən
gözəl saatları hədiyyə edirdi. Özü də
ürəyi durmurdu, bir həftədən sonra birini də
bağışlayırdı. Yəni, görmədiyim
şeyləri yaşadım, gəzmədiyim ölkələri
gəzdim. O, elə bil mənim beynimi dincəltdi. Üç
il ailəli oldum. Atam son günlərində dedi, “bala, ya
üz, ya da düz”. Yollarda qalmışdım. Tez-tez bura gəlirdim.
Narahat olurdular ki, birdən təyyarədə nəsə olar.
Bir tərəfdən də uşaq olmadı. Ona görə
qayıdıb gəldim. Mən onunla düşmənçiliklə
ayrılmamışam. O Azərbaycanda yaşamaq istəmədi,
mən də orada. Yaxşı ki, qayıtdım.
- Atanızın
vəsiyyəti olmasaydı, ayrılmazdınız?
- Yox, onsuz da biz ayrılmaq həddinə gəlmişdik
artıq. Çünki atam xəstə olduğuna görə,
mən demək olar ki, elə Azərbaycanda idim. Həftədə
bir dəfə bura gəlirdim. Elə də olmaz axı. Kim
olsa, narazı olardı da. Mənim üçün ailəm hər
şeydən birinci gəlir. O özü də deyirdi ki, sən
necə ailənə bağlısan. Bir tərəfdən də
uşağımız olmadı. Çox qəribədir,
heç bir problem də yox idi. Allah vermədi. Deməli
olmamalı idi. Qismət beləymiş.
- Ayrılmağa
asanlıqla razılaşdı?
- Əlbəttə, mübahisələrimiz
oldu. Mən ora vəkillə getdim. İki dəfə getdim,
ayrılmırdı. Gah deyirdi özümü
aşağı atacam, gah yalvarırdı. Amma qərarımı
vermişdim. Və ayrıldım. 10 ildən sonra mənim
mobil nömrəmi tapıb zəng vurdu. Heç gözləmirdim
də. Dedim daha xeyri yoxdu. O zəng mənim üçün
heç bir əhəmiyyət kəsb etmədi, içimi tərpətmədi.
İndiyə qədər də bağlı nömrədən
zəng gələndə götürmürəm.
- Niyə, elə
bilirsiz o olar?
- Deyirəm birdən olar da. Ümumiyyətlə,
səsini eşitmək istəmirəm. İstəmirəm
boş-boş onu da avara edim, özümü də. Onsuz da
heç nə alınası deyil, hər şey qurtardı
getdi. Oldu və bitdi.
- Niyə ikinci dəfə
ailə qurmadız? Layiqli namizəd olmadı, yoxsa...?
- Yox, olmadı. Nəsə bu barədə
heç dərinə getmədim. Başım da sənətə
qarışdı.
- Firəngiz
xanım, televiziya tamaşaları efirə çıxan
vaxtdan indiyədək hələ də Yaşar Nuri ilə
aranızda sevgi macərasının olduğu deyilir.
Tamaşadakı məhəbbət həqiqətən həyatda
da olub?
- Yox. Biz bir-birimizi doğrudan da çox
istəyirik. Sözün yaxşı mənasında Yaşar
mənim arxamdır, dayağımdır, sağ əlimdir.
Yaşarın mənim üzərimdəki əziyyətlərini
heç vaxt silə bilmərəm. Onun mənə həyatda
çox köməyi dəyib, istər mənəvi, istər
maddi. Və çox qəribədir ki, Yaşarın
yoldaşı onu bəlkə də məndən başqa
hamıya qısqanır. Çünki bilir ki, mən
Yaşarı bir dost, qardaş, bir tərəf müqabili kimi
çox istəyirəm.
- Firəngiz
Mütəllimova özü ilə tək qalanda ürəyində
kiməsə ünvanlayaraq deyirmi “səni axtarıram, səndən
xəbərsiz”?
- Yox, demir. Çünki axtardığım
insan ürəyim istəyəndə yanımda olur. Əlbəttə,
həyatımda ürək dostum, sevdiyim insan var. Sənətlə
əlaqəsi olmayan biridir. Demirəm bir evdə
yaşayırıq, yox. Nə mənim vaxtım var, nə də
onun. Yəni mənə lazım olanda, yaxud mən ona lazım
olanda bir yerdə oluruq, görüşürük. Uzun
müddətdir bir yerdəyik.
- Evlidir?
- Yox, evli deyil.
- Onda niyə
münasibətlərinizi rəsmiləşdirmirsiniz?
- İstəmirəm. İşlərim
çox olur. Ailəyə ayırmağa vaxt lazımdır.
Elə hesab edirəm ki, ailə qursam, sənətim məhdudlaşacaq.
İncəsənət qurban tələb edir də. Həm də
belə daha yaxşıdır. Uzaqdan-uzağa. Onda sevgi daha da
güclü olur.
- Həyatda
axtardığınız əsl məhəbbət odur?
- Hər şeydir demək olar ki. Ən əsası
odur ki, onunla sakit, rahat həyatım var. Bəzən məsləhətləşirik,
bəzən ürək sözlərimizi deyirik.
- Onu əsl
sevginiz hesab edirsiniz, ya yox?
- Edirəm, bəli. Əgər onun
başı ağrıyanda, zəngi gəlməyəndə
narahat oluramsa, onu görməyəndə darıxıramsa, deməli
həyatımda olan vacib insandır.
-
Özünüzü xoşbəxt sayırsınız?
- Xoşbəxtliyi mən sevgidə yox,
birinci növbədə can sağlığında hiss edirəm.
- Bəs qadın
olaraq?
- Qadın olaraq əlbəttə xoşbəxtəm,
niyə də olmayım? Gül kimi ailəm var.
Ağıllı bacılarım, qardaşım, balaları, nəvəsi
var.
- Amma öz
övladınız yoxdur. Heç övladlığa uşaq
götürmək istəməmisiniz?
- Yox, istəməmişəm. Çox qəribədir.
Bu da Allahın işidir. Öz bacımın balaları var da.
Bir bayramı tək qalmıram. Həmişə hər yerdə
yanımdadırlar. Yəni, övlad yoxluğunu hiss etmirəm.
Tələbələrim də var, onları da çox istəyirəm.
Yenə deyirəm, mən ümumiyyətlə xəyalpərvər
olmuşam. İkinci dünyamda elə xəyallar qurmuşam
ki... O xəyallarımın hardasa 70 faizi gerçək olub.
Elə məhəbbətdə də. Tam xoşbəxt olan
insan yoxdu axı. Mən rahatamsa, xəyanət etmirəmsə,
xəyanət görmürəmsə, o baxımdan
özümü xoşbəxt sayıram.
- Bilsəniz ki,
sevdiyiniz kişi sizə xəyanət edib,
bağışlayarsınız?
- Yox, bağışlamaram. Xəyanəti
heç vaxt bağışlamaram. Mənim həyatda ən
nifrət etdiyim şey xəyanət və şərdir.
İndiyə qədər xəyanətlə
qarşılaşmamışam. Bəlkə də olub, hər
halda bilməmişəm. Və ümid edirəm bundan sonra da
xəyanətlə heç vaxt qarşılaşmaram.
Olaylar.- 2011.- 23
iyun.- S.13.