“Bu il Azərbaycana gələn
turistlərin sayının 2 mln. nəfəri keçməsini
istəyirik”
2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi
ilə bağlı bir neçə
otelin açılışı nəzərdə
tutulur. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, il ərzində Azərbaycanda
yeni turizm məkanlarının formalaşması üçün xüsusi
proqramların hazırlanması nəzərdə
tutulur: “Biz
arzulayırıq ki, turizm ilinin nəticəsi kimi artıq növbəti illərdə zonalarda
təsdiq olunmuş
layihələr üzrə işlər davam
etdirilsin və Azərbaycana
gələn turistlərin sayı çoxalsın. Ötən
il Azərbaycana ilk dəfə olaraq 1 mln. 900 min nəfərdən
artıq əcnəbi
gəlib, onlardan 1 mln.
500 min nəfərdən
çoxunu turist kimi qəbul etmişik. 2011-ci ildə
Azərbaycana gələn turistlərin sayında 2 mln. nəfəri aşmaq istəyirik. Bu ilin sonuna kimi
Azərbaycana 2 mln. ziyarətçi gəlsə, növbəti beş il müddətində
3 mln. nəfərdən
də artıq olmasını nəzərdə
tuturuq”.
Azərbaycanda müalicə turizmi ilə bağlı bir sıra layihələrin də
həyata keçirildiyini diqqətə
çatdıran Ə.Qarayev
Azərbaycanda artıq
bu tendensiyanın genişləndiyini vurğulayıb. Nazir Naxçıvandakı
duzlaq mərkəzini bu
sırada xüsusi qeyd edib: “Azərbaycanda turizm xidmətlərinin müxtəlifliyinin
təşkili mütləqdir. Artıq Naftalanda
böyük müəssisələr
açılır. Bu tipli
müəssisələr Lənkəranda da var. Bu
işin təkmilləşdirilməsinə
ehtiyac var. Dövlət başçısının
Azərbaycanda kurortologiya sahəsinin
inkişafı ilə bağlı xüsusi sərəncamına
müvafiq olaraq dövlət qurumları
artıq bununla məşğuldurlar. Biz kurortologiya sahəsində görüləcək
işləri “Turizm ili”
çərçivəsində ümumi plana daxil etmək niyyətindəyik”.
Olaylar.- 2011.- 3
mart.- S.2.