Boş qalan dolu kitabxanalar: kitablar var, bəs
oxucunu hardan tapaq?
Azərbaycan oxucusu rus dilli ədəbiyyata
üstünlük verir
Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən
uzaqlaşdırır. Qabaqlar hamımızın görüş
yerimiz, bilgi və elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri
ilə əvəzlənir.
5-10 il öncə
kitabxana salonlarında
“iynə atsan yerə düşməzdi”,
amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır. Milli.Az xəbər portalı bu dəfə kitabxanaları araşdırır.
İlk kitabxana eramızdan əvvəl olub
Kitabxanalar yazılmışları
bir araya yığan, qoruyan, onlardan insanların faydalanmasını təşkil
edən xalq evləridir. Bir çoxumuzun vazkeçilməz
qiraət və istirahət yeri hesab etdiyimiz kitabxanalar barədə nə bilirik?
Kitabxanalar xidmət
formalarına görə
milli kitabxanalar, ümumi və ya xalq kitabxanaları,
uşaq kitabxanaları,
məktəb kitabxanaları,
universitet kitabxanaları,
xüsusi kitabxanalar, şəhər kitabxanaları
və səyyar kitabxanalar kimi növlərə ayrılırlar.
Əsrlər boyunca
yazılan və bu gün nəşr
edilən milyonlarla kitab kitabxanalarımızı
hər gün bir az zənginləşdirir.
Lakin təəssüflə
qeyd etməliyik ki, son vaxtlar bu sahədə kəmiyyət artsa da, keyfiyyət azalıb.
Kitabxana sözü
fars və ərəb mənşəli
iki sözün birləşməsindəndir. İlk
kitabxanalar eramızdan
əvvəl yaradılıb.
Ən qədim kitabxanalardan birinin Asur hökmüdarı tərəfindən qurulduğu
məlumdur. Hökmdar
Asurbanipal tərəfindən
eramızdan əvvəl
625-ci ilə qurulan kitabxananın adı Ninova olub. Bu kitabxanalardakı kitablar üzəri şiş uclu alətlə yazılmış
gil lovhələr olub.
Misirdə eradan
öncə yaradılmış
İsgəndəriyyə kitabxanası
isə dövrünün
ən böyük kitabxanası idi. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə
kitabxanasının yanması
bir çox tarixi faktların izini itirib. Orta
əsr kitabxanaları
isə təxminən
1000 kitabı olan kiçik monastr kitabxanaları idi.
Avropanın ən böyük kitabxanalarından
biri bizdədir
Bizim ölkəmizdə
də ənənəvi
kitabxanalar mövcuddur.
Amma müasir dünyada qrafik, səsli və görüntülü kitabxanaların
olması barədə
yəqin ki, bir çoxunuzun məlumatı var.
İnternet kitabxanalarının
indiki qədər inkişaf etmədiyi dövrlərdə kitabxanalar
təhsilə və elmə ən böyük yardımçı
idi. Əslində, yenə də elədir, çünki bir çox nəşrlər var ki, onları internetdən əldə etmək olmur. Belə situasiyada kitabxanaların dəyərini
anlayırıq.
Azərbaycanın ən böyük kitabxanası olan M.F.Axundov adına Milli Kitabxana nəinki Qafqazda, eləcə də Avropa qitəsində, o cümlədən bütün
dünyada şöhrəti
olan ən böyük milli kitabxanalardan biri hesab edilir. 1923-cü ildə Milli Kitabxana 5 min nüsxə kitabla kiçik bir mənzildə işə başlayıb.
İndi kitabxananın
fondunda 5 milyona yaxın kitab var. Bir ildən çoxdur ki, kitabxanada elektron kataloq mövcuddur.
Kitab evləri niyə boşdur?
Mətbuatda tez-tez
“kitabxanalarda oxucu problemi var” fikri
dolaşır. Bununla razılaşmayan Milli Kitabxananın direktoru
Kərim Tahirov belə fikirləri doğru saymır. Onun sözlərinə görə, kitabxananın
oxu zalına adi günlərdə
500-800, şənbə və
bazar günləri isə 1000 nəfərdən
çox oxucu müraciət edir.
Tahirov deyir ki:
“Bizdə oxucu problemi yoxdur. Axı virtual oxucu anlamı da var. Bizim daimi
oxucularımız 38 min nəfərdir,
kitabxanaya gələnlər
orta hesabla 8 min, virtual
istifadəçilərimiz isə 90 mindən çoxdur”.
Amma gəlin
gerçəkçi bir
tərzdə baxaq, bu gün bizim
kitabxanadan istifadə edənlər kifayət qədərdirmi? Xeyr. Olduqca az oxucu
bu kitabxanaya baş çəkir. Səbəbləri çoxdur.
Ən başlıca səbəb isə, qış aylarında oxu zalının soyuq olması, istilik təchizatının
zəif və yaxud da ümumiyyətlə
olmamasıdır.
Dost-tanışdan “kitabxanaya gedirsənmi?” deyə sorduqda birmənalı olaraq əksəriyyət “xeyr” deyir. Amma səbəbini
hərə bir cür izah edir.
Kiminə görə indi virtual aləmdə kifayət qədər vəsait var, evdən çıxmadan da istədiyin kitabı əldə etmək olur. Kimisi hesab edir
ki, kitabxanalarda mühit normal deyil, qayda-qanun yoxdur. Başqa birinin fikrincə axtardığını
tapa bilmirsən, ədəbiyyat qıtlığı
var.
Milli Kitabxanadakı
şəraitin normal olmasından
oxucular razılıq edir, amma oradakı
vəsaitin yalnız tələbələrə və
elmi işçilərə
gərəkli olduğunu
deyirlər. Ən yeni ədəbiyyat, dünya şöhrətli
kitabları burada tapmaq müşkül məsələdir. Tapsan da “viran” olmuş,
bəzi vərəqləri
çıxarılmış halda olacaq.
Hansı dildə kitablara üstünlük
verilir?
Həm kitab
bazarında, həm də kitabxanalarda böyük əksəriyyət
rusdilli ədəbiyyata
üstünlük verir.
Belə ki, araşdırmamıza görə,
kitab alıcılarının
12 faizi azərbaycandilli,
80 faiz oxucu rus dilində kitab alır. Yerdə qalan 8 faizlik bir qisim
isə ingilis, fransız, alman və s. dillərdə olan vəsaitlərdən istifadə edir. Burada həm ictimai-siyasi situasiyanın,
həm cəmiyyətin
mənəvi-psixoloji, sosial-iqtisadi
durumunun, həm də düşüncə
tərzinin önəmli
rolu var.
Birincisi, etiraf
etməliyik ki, Azərbaycan dilində ciddi ədəbiyyat, elmi-texniki çox azdır. İkincisi, kitab oxumağa maraq aşağı səviyyədədir. Etiraz
edənlər ola bilər. Amma etiraz etməzdən öncə ətrafınıza
fikir verin, sonuncu dəfə yaxınlarınızın, ətrafınızdakıların
ciddi bir şey oxuduğunu nə zaman müşahidə
etmisiniz?
Rus dilində
kitablara üstünlük
verənlər bu seçimi müxtəlif fikirlərlə izah edirlər. Bir qisim oxucu hesab
edir ki, azərbaycandilli kitablar olduqca bəsit, ötəri və “həvəskar” yazılır.
Peşəkarlıq az
hiss olunur.
Başqa bir
qism oxucunun fikrincə rus dilindən öz dilimizə tərcümə
edilən kitablar da yaxşı deyil, çünki tərcümə üzdən,
dayaz edilir, keyfiyyətsiz iş görülür, dilçilik
qanun-qaydalarına əməl
edilmir. Üçüncü
qism isə hesab edir ki,
bizim dilimizə tərcümə edilən
ədəbiyyat xarici dilli vəsaitin necə deyərlər “tör-tüküntüsü”dür. Tərcümə üçün
hər hansı bir kitab götürülür
və tərcümə
edilir. Kim yazdığına,
necə yazıldığına,
nədən yazıldığına
önəm verilmir.
Yazıçını rüsvay edən tərcümələr
Yeri gəlmişkən,
bir şeyi qeyd etmək yerinə düşər:
Bu günlərdə məhşur
yazıçı Çingiz
Abdullayevin bir neçə kitabını
aldıq. Bildiyiniz kimi, Çingiz Abdullayev rusdilli yazardır, bütün əsərlərini də
rus dilində yazır.
Onun əsərlərini
Azərbaycan dilində
oxumaq istəyənlər
isə elə bir tərcümə ilə rastlaşırlar ki, sanki bu
tərcüməçi qarşısına
dünya şöhrətli
yazarı rüsvay eləmək məqsədi
qoyub.
Kitabı rus
dilindən tərcümə
edən “Çıraq”,
“Nurlar” kimi nəşriyyat evlərində
dilimizin qrammatik qaydalarını bilən bir savadlı tərcüməçi yoxdur
deyəsən. Çünki
öz dilimizə tərcümə edilərək
nəşr edilən kitablardakı səhvləri
sayıb qurtarmaq mümkün deyil. Bir kitablardakı yüzlərlə səhv
heç başadüşülən
deyil.
“Bir
insanın dəyəri
onun oxuduğu kitablarla ölçülür”.
Bunu Herbert Spencer deyib.
Sözsüz ki, söhbət mənəvi
dəyərdən gedir.
Con Lilton
isə deyib ki, əgər siz bir insanı
öldürsəniz, Tanrının
güzgüsünü, ağıl
sahibini öldürmüş
olursunuz. Əgər ağıl məhsulu olan bir kitabı
yox etsəniz ağılın özünü
yox etmiş olursunuz. Çünki Tanrı bunu bağışlamır.
Makedoniyalı İsgəndər yandırdığı
saysız-hesabsız kitablarla
nə qədər günah alıbmış…
Eləcə də ərəblər “bu kitablarda yazılanlar Quranda varsa artıqdır,
yoxsa küfrdür” düşüncəsi ilə
dünyanın ən böyük kitabxanalarını
yandırmaqla nə qədər böyük günaha batıblar...
milli.az
Olaylar.- 2011.- 4 mart.- S.6.