"Azərbaycanda uşaq
mahnıları yazan bəstəkarlar
yoxdur"
"Uşaqlar
ağzını açan kimi Aygün Kazımova, Röya və
Aygün Bəylərin mahnılarını oxuyurlar"
"Azərbaycanda uşaq
mahnılarını imkanlı adamlar pul müqabilində nəvələrinə,
övladlarına yazdırırlar. Amma ümumilikdə
uşaqlara, onların tərbiyəsinə aid mahnılar
yazılmır”. Bunu əməkdar İncəsənət
xadimi, "Şöhrət" ordenli, "Muğam"
teatrının direktoru və baş rejissoru Arif Qaziyev deyib. O
bunu ölkədə uşaq mahnıları yazan bəstəkarların
yoxluğu ilə əsaslandırıb. Onun sözlərinə
görə, hazırda uşaq mahnıları yazan bəstəkarların
hamısı rəhmətə gedib: "O vaxtlar Fikrət Əmirov,
Qəmbər Hüseynli, Səid Rüstəmov da uşaq
mahnıları yazıb. Hətta Qara Qarayevin də uşaq
mahnıları var idi. O vaxt uşaq mahnılarına maraq var
idi. Sovet dövrünün təbliğatı bəstəkarları
da uşaq mahnıları yazmağa təhrik edirdi. Necə ki,
pambıqçılar, neftçilər haqda mahnılar bəstələyirdilər.
İndiki bəstəkarlar isə mahnını ona-buna satmaq
üçün yazırlar".
A.Qazıyev qeyd etdi ki, hazırda
uşaqlarımızın özəl proqramları, musiqiləri
yoxdur: “Uşaqlar ağzını açan kimi Aygün
Kazımova, Röya və Aygün Bəylərin
mahnısını oxuyurlar. Uşaqlarımız hazırda
proqramsız qalıblar. Uşaqları tərbiyə etmək
üçün gərək verilişlər
hazırlansın, onlara uşaq mahnıları öyrətmək
lazımdır. Əvvəllər uşaq xoru vardı, hətta
məktəblərdə də belə uşaq xorları təşkil
olunurdu. İndi uşaqlar 10 yaşından başlayırlar
ara mahnıları oxumağa və qulaq asmağa".
Muğam Teatrının direktoru hesab edir
ki, uşaqlar musiqisiz qalanda, öz yaşına uyğun olmayan
musiqiyə qulaq asanda, vaxtından əvvəl qocalırlar.
"Hazırda uşaqlar vaxtından əvvəl
yaşlarına uyğun gəlməyən mahnılara qulaq
asırlar, oxuyurlar, 10 ildən sonra həmin mahnılar
onları boğaza yığır. Axı mahnıların
davamı gəlmir. Çünki yaxşı mahnı az
yazılır, yazılan mahnıların əksəriyyəti
ara mahnılarıdır, toyxanalarda ifa olunur". Əməkdar
incəsənət xadimi təklif edir ki, problemi həll etmək
üçün dövlət səviyyəsində uşaqlar
üçün repertuar hazırlanmalıdır:
"Şairlərə uşaqlar haqda şeirlər
yazması, bəstəkarlara isə uşaq mahnısı bəstələməsini
tapşırmaq lazımdır. Bu mahnıları dövlət
almalıdır. Belə olan halda bəstəkarlar yazarlar".
Olaylar.- 2011.-
5-7 mart.- S.16.