Öz başımıza salınmalı “milli bomba”

 

Kino-rejissor Vaqif Mustafayev doğru düşündü, əla çəkdi

 

Azərbaycan kinosu barəsində söz düşəndə indi kimsənin fəxrlə danışması günümüzün qıtlığı sayılar. Ən yaxşı halda “O olmasın, bu olsun” və ya “Əhməd haradadır?” ən gözəl film kimi xatırlanar. Təbii ki, sovet dövründə kinoya diqqət və ayrılan böyük maliyyə vəsaiti adi sovet vətəndaşının da bəsit düşüncə tərzini qane edə biləcək filmlər çəkməyə tam imkan verirdi. Biz buraya konkret ideoloji formulanı, dünya kinosundan bixəbərliyi, yalnız ağ və qara rənglərdən ibarət olan adi həyat tərzini və proletariatın dahi rəhbəri sayılan V.İ.Leninin “Kino bizim üçün incəsənətlərin ən vacib olanıdır” fikrini də əlavə etsək, 20 il əvvəldə qalmış Sovet kinosunun uğurlarını başa düşə bilərik. Azərbaycan müstəqillik qazandıqdan sonra isə milli kinomuzun halına yanan gərək! Son illər Azərbaycan kinosu əsasən müxtəlif tele-kompaniyaların biznes marağı, özünü yeni bir ampulada sübut etmək cəhtləri və ya imkanlı şəxslərin cızma-qarası əsasında zorən çəkilən filmlərdən ibarət olub. Onlar öz teatrallığı, rejissor və operator qüsurları, montaj və səs keyfiyyətsizliyi ilə adi tamaşaçının da istehzasına səbəb olur. Sanki bir video-kameranı çiyinlərinə alıb və kino sənəti ilə məzələnmək istəyiblər. Buna baxmayaraq, son illər bizdə əsil kino çəkilmədiyini iddia etmək də doğru olmazdı. Bundan ötrü təkcə rejissor Vaqif Mustafayevin son filmlərindən hər hansı birinə baxmaq kifayətdir. Əsil sənət əsəri təkcə istirahət obyekti olaraq deyil, estetik təsir gücünə görə dəyərləndirilir. V.Mustafayevin komediya və ya tragikomediya xarakterli filmləri isə millətin təkcə estetik zövqünü oxşamır, həm də onu tərbiyələndirir, islah edir. Yumor təbabətin şirin həbləri kimidir – qarşı tərəfdə ədavət və qıcıq doğurmayacaq. Üstəlik, onun yaratdığı filmlər ölkədə Azərbaycan kinosu + Vaqif Mustafayevin filmləri formulasını diqtə edir. Əslində müasir Azərbaycan kinosu məhz elə Vaqif Mustafayevin filmlərindən ibarətdir. Qalanları lağlağı və ya bədii özfəaliyyət nümunələri sayıla bilər. Bir vaxtlar Sovet filmi dedikdə Avropada “Mosfilm”+ Gürcüstanfilm” formulasını qeyd edirdilər. Gürcüstan filmləri özünün orjinallığı və incə yumoru ilə fərqlənirdi. Digər bütün kinostudiyaların filmləri “Mosfilim”in köynəyindən keçir, hətta orada təsdiq olunurdu. Bu formulanı V.Mustafayev ilk dəfə 1988-ci ildə “Yaramaz” filmi ilə pozmuşdu. İndi isə ümumiyyətlə, Gürcüstan kinosu özünü “Vaqif Mustafayev” fenomeninin tərkib hissəsi kimi təsdiq etməyə çalışır. Gürcüstan kinomatoqrafçıları Vaqif bəyin filmlərində hər hansı formada (aktyor, operator, bəstəkar,...) iştirak etməkdən məmnundurlar. Onun çəkdiyi filmlərdə ssenaridən daha çox rejissor işi öndə durur və bəzən bu filmi büsbütün rejissor filmi olaraq qəbul edirsən. “Fransız”(1995), “Hər şey yaxşılığa doğru”(1997), “Yer ilə göy arasında” (1998), ”Milli bomba” (2004), “Yoxlama” (2006),.. Bu filmlər büsbütün rejissor tapıntıları ilə zəngindir. Bu səbəbdən o həm də filmlərinin ssenari müəlliflərindən biri kimi iştirak edir. Onun hədəfi birbaşa xalqın nöqsanları, vaxtını bitirmiş bir sıra adət-ənənələr, psixoloji qüsurlar və sosial eyiblərdir. Bu filmlərdə sətiraltı mənalarla yanaşı rejissorun öz dəsti-xətti də fərqlidir. Onun bədii filmlərində Tarkovskidən tutmuş Paracanova, Fellidən Ryazanova qədər hər cür məşhur rejissorların dəsti-xətti hiss olunur. Amma onların heç birində olmayan daha bir nüans var – millilik! “Milli bomba” filmində Əbdülqəninin atasının ayağı açılarkən “Alə bi dənə “Hopstop!” deyə rəqs etmək üçün musiqi sifariş verməsini heç bir dilə eyni qədər milli kaloritdə tərcümə etmək mümkün deyil. Sənətkarın bu filmi Vaqif bəyin təpədən dırnağa kimi milli sənətkar – Azərbaycan rejissoru olmasının ifadəsidir. Siyasi hadisələrin qaynadığı müasir dövrümüzdə “Milli bomba” filminə diqqətlə baxılması hamı üçün faydalıdır. Bakı mühiti, İçərişəhər, bakılı xarakteri və bir postmodernist azərbaycanlının düşüncə tərzi onun bu filmində aşkar hiss olunur. “Milli bomba” filmi digərlərindən həm də siyasi sarkazmın parlaq nümunəsi kimi fərqlənir. İlk baxışdan onun qəhrəmanları sanki dəli və ya psixoloji qüsuru olan adamlar təəssüratını bağışlayır. Əslində rejissor onların fərdiliyini bütün çılpaqlığı ilə aça bildiyi üçün məhz bu cür təəssürat yaranır. Tamaşaçını hər şeyin fövqündə saxlamaq və ona yuxarıdan baxa bilmək imkanlarını yaratmaq rejissorun estetik tərbiyə məqsədilə yaratdığı bir məqamdırsa, digər məqam isə bəzən onu filmdəki hadisələrin içinə daxil edə bilməsidir. Əgər tamaşaçı bu məqamlarda gözləri yaşarana qədər gülə bilirsə, bu heç də ucuz lağlağının deyil, çox ciddi gülüşün təzahürüdür. Filmdə bir çox siyasi məqamlara da “daş” atılır. Dəyib-dəymədiyini əsil tamaşaçı etiraf edə bilər. Filmin ilk kadrlarında-proloq hissəsində arabası ilə böyük bir daş aparan heykəltaraş təqdim olunur. Özlüyündə o, dövrün əsil həqiqətini ifadə edən, gözəl bir əsər yaradacaq və öz sənətini təsdiq edəcək. Və o “Daş atan adam” əsərini yaradır. Bu heykəli hər görən şəxs özündən asılı olmadan onun pozasını almağa çalışır. Çünki hər kəsin içində kiməsə, nəyəsə bir daş atmaq meyli var. Lakin komissiyanın “daş atmaq” hissi aşkar duyulan üzvləri də bu heykəli qəbul etmək istəmirlər. Çünki bu heykəldə konkret kimə daş atıldığı aydınlaşmalıdır. Sadəlövh heykəltaraş bu obrazın daşı polisə atdığını bildirir. Amma onun bu fikir pis qəbul olunur. Polisə atılırsa, deməli, dövlətə atılır. Belə əsər yaradan sənətçinin üzünə qapılar bağlana bilər. Sonrakı kadrlardan birində o öz “qəhrəmanının” çiyinlərinə rütbə ulduzu yonmağa məcbur olur. Onda da bu obrazı xalqa daş atdığına görə qəbul etmirlər. Nə hökumətə, nə də xalqa daş atmaq olmaz! Bunu edənlərin üzünə bütün qapılar həmişəlik bağlanacaq. Bəs kimə daş atmaq olar? Sənətkar öz əsəri ilə kimisə islah etməlidir. Daş atmadan diqqəti cəlb etmək olmur. “Milli bomba” filminin özü büsbütün daş atan adam obrazı kimidir. Burada hamının payına daş var- həm hökumətin, həm də xalqın. Vaqif Mustafayevin bir sıra digər filmləri kimi bu filmində də duz gölünün, yığılmış duz təpəciklərinin verilməsi müəyyən mənaları, daha çox da xalqın duza qoyulubmuş kimi qorunan bir sıra xüsusiyyətləri tənqid edilir. SSRİ dağılmış, ideoloji-siyasi tələblər dəyişmişdir. Amma filmin qəhrəmanları olan soydaşlarımız dəyişə bilmir, buna görə də çox gülünc görünürlər. Əslində bu həm də ağlamalı məqamlardır. Filmin digər kadrlarında narıncı ayaqqabı geyinmiş qadının ayaqları böyük planda və səs qopararaq addımlayarkən verilir. Qadının əynində sarı rəngli kostyum var. Sarı rəng ayrılıq, ayaqqabı darısqallıq, sıxıcılıq, bunun qadına məxsus olması isə konkret məkanda arvadın hökmranlığına işarədir. Geniş canlanan məkan zəngin bir mənzilin görüntüsünü əks etdirir. Bu mənzilə gəlmiş televiziya işçiləri burada yaşayan kino- montajçının yaradıcılığının 40 illiyi münasibətilə çəkiliş aparmaq istəyir. Amma buna görə birinci olaraq arvadının (Nuriyə Əhmədova) onun barəsində fikirlərinə əhəmiyyət verilir. Bu isə bizim bəzi ailələrdə arvad fikrinin çox önəm daşımasına bir işarədir. Çəkiliş qrupunda səs yazısı ilə məşğul olan obrazın rus dilində danışmaq istəməsi və bundan ötrü rus dilində təhsil aldığını və rusdilli olduğunu bildirməsi də müəyyən mətləblərə işarədir. Digər obrazlar da eləcə rus dilini heç də rəvan və təmiz bilməsələr də, film boyu əsasən rus dilində danışırlar. Filmin baş qəhrəmanı olan Montajçı (Aftandil Maxaradze) çox zəngin bir mənzildə yaşayır. Amma o və ailəsi heç də firavan həyat keçirtmir. Montajçının həyatı və məhəbbəti də çox qəribədir. Buna baxmayaraq onun oğlu çox orjinal bir elmi ixtira üzərində işləyir. O, öz atası barəsində danışarkən, hamıya xas olan bir cəhət kimi daha çox özü haqqında danışır və “Milli bomba” hazırladıqlarını bildirir. Filmin əsas qayəsi də məhz bu mətləbin üstündə qurulur. Milli bomba üzərində tamamlama işləri gedir. Lakin bu bomba heç kəsin – heç bir düşmənin başına atıla bilməz. Ona görə də bombanı millət öz başına salacaq. Amma buna da qorxurlar. Çünki bu bombanı öz başlarına salsalar da, beynəlxalq ictimaiyyətin bunun təsirinin düşmən olan qonşu ölkəyə olacağını bildirəcəyindən ehtiyat edirlər. Bəli, dəyişmək, yeni dövrə, yeni tələblərə uyğunlaşmaq, inkişaf etmək və sərsəm həyatdan qurtulmaq üçün bomba altına düşübmüş kimi çox şey darmadağın edilməlidir. Lakin bunu ixtira edənlərin özünün də dəyişməyə böyük ehtiyacı var. İxtiraçı oğul (Arzu Hüseynov) subay və hələ ana qarşısında uşaq kimidir. Montajçı da özü barəsində məlumat verərkən öz anasını xüsusi diqqətlə qeyd edir. Atası ölərkən anası o qədər və elə yanıqlı ağlayır ki, sonra ağlamağa vərdiş edir. Adamlar onu öz hüzür məclislərinə aparmağa və o da ağlamağı ilə çörəkpulu qazanmağa başlayır. Hətta daha evdə də tapılmır, günü daim digər insanların hüzür məclislərində ağlamaq və ağlatmaqla keçir. Onu daimi iş prosesindən ayırmamaq üçün onunla yalnız telefon əlaqəsi saxlaya bilir və bu zaman ağlayaraq danışırlar. Bu isə xalqın daim ahu-zar etməsinə bir işarədir. Montajçı yaradıcılığının yubiley tarixi ərəfəsində kinostudiyaya dəvət olunur, həm təbrik, həm də işdən xaric edilir. Kinostudiyada iştahla salamlaşmaqdan savayı işçilərindən əlindən heç nə gəlmir. Kinostudiya rəhbərinin qapısı ağzında oturmuş katibə də artıq qocalmışdır və indi hər gələnə öz təzyiqini ölçdürür. Köhnə kino fəlsəfəsinin artıq yenilənməsinə işarə deyilmi? Amma bu işi görməli olanlar kinoda faşist rollarını ifa edərək özləri də faşıstə çevrilənlərdir. Onlar yeniliyi heç nə yaratmadan, köhnənin hər nəyini dağıtmaq, o cümlədən sənətkarları uzaqlaşdırmaq, kino lentləri yandırmaq və sairlə həyata keçirdirlər. Kinoya yeni gələn insanların isə bu barədə təsəvvürü Əbdülqəni (Y. Nuriyev) qədərdir. O prodüsserin rejissordan daha yaxşı olduğunu anlayıb, prodüsser olmağa çalışır. Onun damların üstü ilə gedərək sponsor axtarması müasir prodüserlərin çox yuxarıdan getməsinə, yəhudi icmasına yuxarıdan aşağı baxaraq yardım istəməsi isə milli təkəbbürə və səriştəsizliyə işarədir. Maliyyə çatışmazlığı ucbatından rejissor Mamedi də (Əjdər Həmidov) öz filmindən ayırır, zorla eşiyə atırlar. Amma o ruhdan düşmür. Rejissor və montajçı maliyyə, lent, hətta montaj dəzgahı olmadan belə xəyalən film çəkməyə və onu xəyalən də montaj etməyə başlayırlar. Xəyalən böyük işlər quran və elə onu xəyalən də həyata keçirdən bizlərin dolğun obrazı deyilmi? İşdən çıxarılan kimi mənzilini satmağa məcbur olan montajçının sonra bu pulu bölməsi də çox maraqlıdır. O, 3-cü, 4-cü dərəcəli hər şeyə böyük məbləğdə pul ayırır, amma sonda dolanışığa pul qalmır. Əlində olan vəsaitini mənasız şeylərə sərf edib, sonra ac qalan azərbaycanlı kimi. Ən çox vəsait (50 min) isə “Milli bomba” üzərində işlərin tamamlanmasına ayrılır. Öz evini satmış olduğu adamlar onun ailəsi ilə tanış olarkən baş verən bir məqam da çox maraqlıdır. Bu ailənin evdə qalmış qızı (Səidə Quliyeva) ilə görüşərkən ixtiraçının əlində tutduğu xarab elektrik lampası yanır. Bütün həyatı boyu rəqs edən, amma nəhayət ayaqları tutulan baba bunu görcək məhəbbət elektrikinin yarandığını başa düşür. Deməli, ixtiraçı onun nəvəsi ilə evlənməlidir. Sonra hətta özləri oğlan evinə elçi düşürlər. Lakin qız elçilikdən sonra ixtiraçı ilə görüşüb onu təbrik edərkən bu dəfə onun əlindəki lampa yanmır. Əvəzində qaynanası onunla görüşərkən lampa yanır. Milli qaynanaların kürəkənə qarşı daha çox diqqət, qayğı və iltifat göstərməsinin bu da bir gülünc ifadəsi! Babanın məhz nəvənin toyunda ayaqları açılır və o, həyatının son rəqsini oynayaraq dünyadan köçür. Amma onun ölümü də (köhnəliyin tamam aradan qalxması) vəsiyyətinə uyğun olaraq kino çəkilişinə pul ayrılmasına səbəb olmur. Duzlaqdan ibarət olan qəbristanlıqda dünya tamam lərzəyə gəlir. Bu zaman özünü yetirən ixtiraçı dünya ictimaiyyətinin milli bombadan istifadə etməyə icazə vermədiyini bildirir. Axı bu bomba öz başımıza salınacaq! Heç demə buna görə heç olmaz! Bu isə onları sevindirir; deməli, onlar kiməsə hələ lazımdırlar. Öz başımıza öz milli bombamızı salmağa da ixtiyarımız olmadığı halda biz bu dünyadan nə gözləyirik? Film boyu montajçının qəribə gülüşü də diqqəti cəlb edir. Bu bir ağız “Hah!” ifadəsindən ibarətdir. Vaqif Mustafayevin “Milli bomba” filminə baxaraq onu doğru- dürüst təhlil və əxz edə bilmiş tamaşaçının sonda hər şeyə qarşı bir ağız “Hah!” edərək istehza və rişğənd edə bilməsi milli bombanın onun da öz təpəsində partlaması deməkdir. Bu zaman bir kənar nəzərində bir ağız “Hah” edərək gülməsi lazımdır. Bəli, “Hah!”

 

 

Hafiz Mirzə

 

Olaylar.- 2011.- 4 may.-S.10.