“Əsəblərim tab
gətirmədi, indi-indi özümə gəlirəm”
Məşhur aktrisa
Türkiyənin “SHOW TV” kanalından
altıaylıq aparıcılıq təklifini qəbul etməməsinin,
"Facebook"u sevməməsinin səbəblərini
və başqa sirlərini
açıqladı. Xalq artisti
Firəngiz Mütəllimova Milli.Az xəbər portalına teatrdakı sarsıntıları,
polislə "toqquşma"ları və sevgisi haqqında
danışdı. Belə
insanlar haqqında deyirlər ki, Tanrı onu ovqatının
xoş vaxtında yaradıb. Onun zahiri
görünüşünün doğurduğu xoş təəssürat
ünsiyyət zamanı nə azalır, nə də artır
- yalnız harmonik bir bütövlük qazanır. Səhnəmizin,
ekranımızın Günəş bənizli, qaynar
gözlü aktrisası olan Firəngiz Mütəllimova bəxti
gətirən sənətkarlardandı.
Teatr və kino tarixində onlarla misal var
ki, zahirən cəlbedici olan aktrisaların istedad və
bacarıqdan da xali olmadıqlarının fərqinə varan
heç tapılmayıb, ya da bu, belə hal yalnız bir dəfə
baş verib. Nə yaxşı ki, Firəngiz xanımla birgə
sənətsevərlərin də bəxti gətirib -
yaradıcılığının ilk dövrlərində
teatr və televiziya tamaşalarında canlandırdığı
obrazların parlaq silsiləsi bu günədək davam edir. Onunla
“Qanlı Nigar” (müəllif Sadıq Şəndil,
quruluşçu rejissor Namiq Ağayev) tamaşasının məşqindən
yarım saat əvvəl görüşdük.
- Firəngiz
xanım, “Azdrama”da baş verən dəyişikliklər
teatrın indiki aktyor və keçmiş rejissor heyətinin
açıqlamalarında o qədər də təqdir olunmur.
Bəs siz baş verənləri necə
qarşıladınız?
- Hər bir sahədə islahatlar
aparılmalıdı. Amma bizim teatrda bir müddət elə vəziyyət
yarandı ki, mənim əsəblərim tab gətirmədi -
üç ay müalicə olundum, indi-indi özümə gəlirəm.
(Təbəssümlə əlavə edir) Evdəkilər
demişkən, baxışlarım düzəlib.
-
Yaranmış vəziyyət konkret olaraq sizə hansı dərəcədə
aid idi ki?
- Elə ən kəskin dərəcədə
həm konkret mənə aid idi, həm də həmkarlarıma.
İslahatlar axı, ən pis şəkildə rejissorlara aid
oldu. Amma gərək bizim rejissorlar qalaydılar. Otuz
üç ildi bu teatrdayam, birinci dəfə idi özümə
qarşı o cür münasibət görürdüm. Yenə
də deyirəm, islahat yaxşı şeydi. Təbii ki, yeni
aktyor, rejissor nəslinin yetişməsinə şərait
yaratmaq lazımdı. Amma ömrünün bir neçə
onilliyini bu səhnəyə bağlamış, istedadı,
bacarığı artıq etiraf olunmuş insanlar elə
münasibətə layiq deyillər. Heç kim demir ki,
cavanlara yol açılmasın, amma onların yolu əvvəlki
nəslin zəhmətinin üstündən xətt çəkmək
hesabına açılmamalıdı. Şəxsən mənim
gənclərə münasibətim çox
yaxşıdı. Hər kəsin öz yeri var, hər
birimizin sənəti, zəhməti tərəziyə
qoyulmalıdı. Bax, bunu unutmaq lazım deyil. “Azdrama”nın səhnəsində
özünü rahat hiss etmək üçün gərək
bu teatrda doğulasan. Nə isə, daha bu barədə
danışmaq istəmirəm. İndi hətta fikirləşirəm
ki, çox nahaq yerə o cür əsəbiləşmişdim...
- Yeni
repertuarın hazırlanmasına cəlb olunmusunuz, baş rolun
ifası sizə həvalə edilib. Əsas rolun yeganə
ifaçısısınız, yoxsa dubyorunuz da var?
- Bəli.
Əsas ifaçı olduğum üçün
razılığımı alandan sonra dublyor verdilər.
- Dünya teatr
təcrübəsində dublyor amilinə münasibət birmənalı
deyil. Bəzi teatrların rəhbərləri bu üsulla
işləməyin qəti əleyhdarları olsalar da,
dublyorlardan imtina etməyənlər də az deyil. Sizcə,
dublyor sistemi rolun ifaçısının müəlliflik
imzasını solğunlaşdırmır ki?
- Yox, qətiyyən! Əslində,
dublyorla tamaşa hazırlamaq iki heyətlə işləmək
deməkdi. Bu, hər cəhətdən teatr üçün
o qədər də rahat deyil. Amma aktyorlar üçün təbii
ki, çox rahatdı. Başqa işlərimizi
planlaşdırmağa da vaxtımız qalır. Yaradıcılıq
baxımından da heç bir mənfi cəhəti yoxdu. Əksinə,
rəqabət hissi güclənir. Bir-birimizin məşqlərində
iştirak edirik. Dublyor çalışır ki, əsas
ifaçının elədiklərini təkrarlamasın. "Hər
dəfə səhnə arxasına keçəndə
paltarları tər içində olurdu"
- “Qanlı
Nigar”ın əvvəlki quruluşunda da iştirak etmisiniz. İndiki
quruluş o vaxtkından fərqlənir?
- Təbii ki ayrı-ayrı rejissorlar
olduğu üçün quruluşlar da fərqli
olmalıdı. O vaxt bu əsərə Vaqif İbrahimoğlu
quruluş vermişdi. Super bir tamaşa
alınmışdı.
- Təsəvvür
eləyirəm...
- Hə, Nigarı Amalya xanım
oynayırdı. Mən isə onun qızını. İndiyə
qədər yadımdadı - Amalya xanımla Yaşar Nuri elə
coşqu ilə oynayırdılar ki, hər dəfə səhnə
arxasına keçəndə paltarları tər içində
olurdu. Bu dəfə də maraqlı tamaşa
alınmalıdı - musiqili, nəğməli.
Personajlarımız həm danışacaqlar, həm də
oxuyub-oynayacaqlar.
- Sənətdə
olduğunuz bu illər ərzində məşq prosesində
obraza əlavələriniz olub, yoxsa həmişə müəllifin
yazdığını, rejissorun dediyini edirsiniz?
- Yox, dəyişikliksiz, improvizəsiz
mümkün deyil. Aktyorun roluna özünün
baxışı olmalıdı. Məsələn, mən
personajın uzun-uzadı danışmağını sevmirəm,
bilirəm ki, belə şeylər tamaşaçını
yorur. Obrazın hansısa hərəkətini qəbul etməyəndə
isə onu başqa cür təqdim etməyə
çalışıram.
- Sizi
vaxtaşırı seriallarda görürük. Nə verir
aktyora serialda çəkilmək?
- Cəmi iki serialda çəkilmişəm
- “Bəyaz həyat”, bir də “Bacanaqlar”. Bu yaxınlarda bir
serial çəkilişindən imtina elədim. Çünki
çəkilişlər yay ərzində başa
çatmalıdı ki, serial sentyabrda efirə
çıxsın. Mən isə bu yay yalnız istirahət
etmək istəyirəm. Serialda çəkilmək aktyora
heç nə vermir. Bizdə elə yüksək qonorar da
yoxdu. Amma boş qalmaqdansa, bu da bir növ məşqdir də.
Həm də populyarlığı artırır.
- Bəs
böyük kinoda işləriniz nə yerdədi?
- Sonuncu dəfə Şamil Nəcəfzadənin
“Qala” filmində çəkilmişəm.
"Facbeook"u, tanışlıq
saytlarını sevməyən aktrisa internetdə nə
arayır?
- Firəngiz
xanım, bizdə dünya, ya da heç olmasa MDB miqyasında
tanınmağa layiq aktyorlar az deyil. Buna nail olmaqdan ötrü
hansısa təşəbbüslər, cəhdlər etməmisiniz
ki? Ya bəlkə əlinizə hansısa fürsətlər
düşüb?
- Təşəbbüs, cəhd eləmək
üçün maddi vəsait lazımdı. Fürsətlər
isə, bəli, düşüb. Məsələn, Türkiyənin
“SHOW TV” telekanalından altıaylıq aparıcılıq təklifi
almışdım. Amma bu təklifi qəbul etsəydim, gərək
burdakı işlərimi yarımçıq qoyaydım.
- Bəs yerli
telekanallarda yenidən aparıcılıq etməyi
düşünmürsüz?
- Yox, yox.
- Pedaqoji fəaliyyətdən,
teatrdakı məşqlərdən, dəvət olunduğunuz
verilişlərin çəkilişlərdən nəfəsinizi
dərəndə vaxtınızı necə keçirirsiniz?
- Vaxtım olanda tikiş tikirəm, daha
doğrusu, paltarlarıma bəzək əlavələri edirəm.
Ev işləri ilə məşğul oluram, dibçəklərdə
çoxlu güllərim var, onlara qulluq edirəm. Klassik ədəbiyyatı,
teatr nəzəriyyəçilərinin əsərlərini
yenidən oxuyuram. Evdə trenajorum var, özümü formada
saxlamaq üçün hər gün iki saat idmanla məşğul
oluram, piyada gəzməyi sevirəm, bu da yaxşı
idmandı. (gülərək) “QAİ”-lər imkan versələr.
Tez-tez saxlayıb soruşurlar ki, Firəngiz xanım, niyə
piyada gedirsiz, maşın lazımdısa, təşkil eləyək.
Mən də deyirəm ki, çox sağ olun,
vaxtaşırı piyada da gəzmək lazımdı. Bir
müddət idi ki internetə baş çəkmirdim.
İndi yenə məlumatlanmağa başlayacam.
- Deməli,
internetdən yalnız bu məqsədlə istifadə edirsiz. Bəs
"Facebook"la, ya da başqa tanışlıq, ünsiyyət
saytları ilə maraqlanmırsız? Məsələn,
Lyudmila Duxovnaya maraqlanır.
- Mən Duxovnayanı çox istəyirəm.
Bir dəfə mənə demişdi ki, cavan qalmaq istəyirsənsə,
çalış daha çox komik rollarda
çıxış elə. Elə belə də
alınıb - komik rollarım da var, lirik də, dramatik də.
Amma mənim nədənsə "Facebook"a, başqa
tanışlıq, ünsiyyət saytlarına marağım
yoxdu. İnternetdən yalnız maariflənmək məqsədilə
istifadə edirəm. Dünya teatr prosesindəki yeniliklərdən
xəbər tutmağa, ya da hansısa dərman, müalicə
üsulu haqqında məlumat almağa
çalışıram.
"İndi də
böyük sevgi yaşayıram"
- Son zamanlar internetlə
- Elədi, mən də belə cütlüklər
haqqında eşidirəm.
Hətta ola
bilər ki, o evliliklər uzunömürlü
ailələrə çevrilsinlər.
Amma türklər demişkən, kişi
ilə qadın arasında gərək elektriklənmə baş versin. Yazışmada necə elektriklənmə
baş verə bilər? Məncə adi tanışlıq
forması daha yaxşıdı. Baxışmaq lazımdı, yazışmaq
yox.
- Siz
yaşından, cinsindən
asılı olmayaraq, demək olar ki, hamının sevimlisisiniz. Əks cinsin bu boyda
rəğbətini qazanıb,
onu qoruyub-saxlamaq təbiətinizdən gələn,
izaha sığmayan cəhətdi. Amma hansısa qaydalar da yəqin ki
yox deyil...
- Elədi, uşaqdan-böyüyə kimi
mən sevənlər
çox olduğunu həmişə görmüşəm.
Buna görə hər kəsə hədsiz minnətdəram.
O ki qaldı əks cinsin rəğbətini qazanmağa,
kişilər deyingən,
bir də ağıllı olduğunu
nümayiş etdirən
qadınları xoşlamırlar.
Qadın sənət adamının, xüsusən
də aktrisanın tam
mənada xoşbəxt
olması isə bir az çətin başa gəlir. Bunun üçün gərək axı sırf qadın xoşbəxtliyi yaşayasan.
Xoşbəxtlik isə sevgidi.
Sevgi gözün işığıdı.
Fərqi
yoxdu, qarşılıqlı
sevgi olsun, ya qarşılıqsız,
əsas odur ki, sevməyi bacarasan. Niyə aktrisalar çətinliklə
ailə qururlar? Çünki aydınlaşdırmaq
çətindi - evlənmək
təklifi edən adam bir
qadın kimi sənə vurulub, yoxsa sənin sənətinə...
- Həyatınızda
böyük sevgi olub, ya da
varmı?
- Bəli olub və var. İndi də böyük sevgi yaşamaqdayam.
Olaylar.- 2011.- 17 may.- S.12.