“Sənətimin xalq arasında təbliğatı kölgədə qalıb”

 

Kamil Cəlilov: “Qaboy çox şıltaq alətdir, gərək onun nazı ilə oynayasan”

 

Azərbaycanda qaboy deyəndə ilk növbədə Kamil Cəlilov yada düşür. 50 ildən çoxdur ki, Kamil Cəlilov öz sehrli qaboyu ilə ürəkləri ovsunlayır. Qəribədir: ən dahiyanə musiqi, ən kədərli musiqidir. İlk baxışda belə məntiq yaranır ki, insan kədərli, qəmli musiqiyə qulaq asanda təbii ki, kədərin zilinə qərq olacaq, necə ki, olur. Zəif ağıl belə qənaətə gələr ki, artıq insan bu mərhələdən sonra bədbinləşəcək. Amma insan nəinki bədbinləşmir, əksinə, kədərli musiqiyə qulaq asandan sonra ruhlanır, həyata, dünyaya, özünə, yaşamağa inamı artır. Niyə? Ona görə ki, musiqinin mayasında doğmalıq, ümid var. Ruhun səsi olan musiqi həm də doğmalıq, ümid səsidir...

Xalq artisti, qaboy sənətinin yeganə təmsilçisi Kamil Cəlilov da nə vaxtsa qaboysuz qalacağını qətiyyən ağlına gətirmir. O, qaboyu havası, suyu, günəşi sayır. Ürəyinin istəyini qaboyla deyir. “Mənim istedadım Allahın mərhəmətindən, yaratmaq həvəsim isə xalqımın məhəbbətindəndir” deyir. Bu cansız alət onun üçün hər şeydir: ürəyinin sızıltılarını, ağrı-acılarını, fərəhini qaboyla ifa edir. Onun qaboyu insanların bir-birinə sevgisini və yadlığını insan kimi dil açıb deyir. Şübhəsiz, qaboy kimi əcnəbi bir alətdə möcüzələr göstərmək üçün insan fitrətən çox güclü olmalıdır. Kamil Cəlilovun qaboya əbədi sevgisinin yaranmasında müəllimi, böyük filosof Asif Ata mühüm rol oynayıb: “Təkcə fitri musiqiçi qabiliyyətinin olması azdır, gərək sənin qabiliyyətini istiqamətləndirən olsun. Mən bu sənətə təzə-təzə başlayan zaman Asif Ata duymuşdu ki, çalğımda tamam qəribəlik var. Mən ondan Konservatoriyada estetika dərsi almışam. Estetika dərsi başlayan kimi deyərdi ki, bir “Bayatı-Şiraz, ya “Zəminxarə” çal, dərsimizə başlayaq. Asif Ata əllərini alnında düyünləyir, dərin fikrə dalırdı. Hiss edirdim ki, o, öz dünyasındadır. Mənə deyirdi ki, sənin çalğın elə-belə çalğılardan deyil, bunu inadla davam etdirməlisən. Bir an da olsun arxayınlaşma, böyük gələcəyin var, musiqi duyumun hədsizdir. Hələ imkanlarını aşkarlamamısan. Bu sənətdə özünəməxsusluğunu sübut edəcəksən. Qaboyunun səsində insansevərlik, müdriklik var. Hələ o vaxtadək kim olduğumu hələ dərk etmirdim. Görəndə ki, Asif Ata çalğımı belə yüksək qiymətləndirir, özümə inamım artırdı. Deməli, bu çalğı insanlara, sabaha lazımdır”.

Kamil Cəlilovun “Zəminxarə”si qədər də “Segah”ı qəmlidir. Sanki göydən yerə gələn səs insanlara deyir ki, bir-birinizi sevin, yadlaşmayın. Kamil Cəlilovun çalğısı özünəməxsusdur, heç kəsinkinə oxşamır. Böyük sənətkar etiraf edir ki, xaraktercə çox sadədir, onu hətta bir uşaq belə aldada bilər, bu, azərbaycanlılara xas olan fitri inancılıq duyğusundan irəli gəlir. Ancaq sənətdə onu heç kəs aldada bilməyib, bundan sonra da aldada bilməyəcək.

Hazırda ömrünün 74-cü ilini yaşayan Kamil Cəlilov yetkin həyat və yaradıcılıq təcrübəsinə malikdir. Lakin bununla belə o bir an da olsun arxayınlaşmaq fikrində deyil: “Əsl sənətkar gözlərini əbədi yumana qədər sənətlə yaşayır. Bu sənəti alın yazısı, bir aqibət olaraq qəbul etmişəm. Mənə elə gəlir ki, hələ heç nə etməmişəm. Mən məhdudlaşmağı sevmirəm. Sənətdə daim yeni ümmanlar gərəkdir. Yaradıcılığım daim gurlayan, heç vaxt qurumayan çeşməyə bənzəyir. ”Bu gün bir əsəri ifa edirəm, sabah tamam yeni-yeni ideyalar, xallar gəlir. Son dövr ifalarımda xalqımızın unudulmaqda olan bəzi çalğılarına əbədi nəfəs vermişəm. Bütün dünya bəstəkarlarının əsərlərini hər xalqın öz dilində ifa edə bilirəm”.

Kamil Cəlilov aşıq musiqisini də dərindən duyub. Bunu onun son dövr yaradıcılığı sübut edir. Azərbaycan aşıq sənətinin ən məşhur incilərini qaboyla yaşadan sənətkar aşıqları da heyrətləndirib: “Şirvan Şikəstəsiçalmışam, Aşıq Şakirə həs etmişəm. Aşıqlar deyirlər ki, bu şikəstə balabanda belə alınmır, siz buna necə nail olmusunuz?”

Kamil Cəlilov hesab edir ki, hələ aşkarlanmamış imkanları daha çoxdur. O, daim yaradıcılığını cilalayır, onu adına, sənətinə layiq səviyyədə xalqa təqdim etmək üçün dayanmadan çalışır. Lakin böyük sənətkarımız onun ifalarının ekranlarda, radiolarda tez-tez səsləndirilməməsindən narazıdır: “Mən 50 ildən artıqdır ki, Azərbaycan musiqi mədəniyyətini, o cümlədən qaboy sənətini layiqincə təmsil edən yeganə sənətkaram. Bu gün məni məyus edən odur ki, mənim sənətimin xalq arasında təbliğatı kölgədə qalıb. Üstəlik çoxsaylı musiqi əsərlərinin mahir ifaçısı olmağıma baxmayaraq, demək olar ki, heç bir televiziya kanalı radio dalğalarında mənim kompozisiyalarımı səsləndirmirlər. Məni heç bir tədbirlərə dəvət etmirlər. Halbuki Azərbaycanda qaboy sənətinin ilk ifaçısı, yeganə təbliğatçısı, bu sənəti yaşadan, bugünkü nəslə öyrədən sənətkar mənəm. Azərbaycan televiziyasının qızıl fondunda video lentlərim, Azərbaycan dünya klassik bəstəkarlarının əsərləri bu günə kimi səslənmir. Qaboy sənətini xalqdan gizlədirlər. Axı məni xarici ölkənin vətəndaşları da tanıyırlar. Tez-tez mənə zəng edirlər. Niyə televiziya ekranlarında görünmürsünüz?-deyə pərəstişkarlarım mənə sual verirlər. 

UNESCO-nun İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın incəsənətə, mədəniyyətimizə böyük yol açdığı bir vaxtda illərlə mənim konsertlərimi vermirlər. Arzum budur ki, ürəyimdəkiləri ifa edə bilim. 

Mən hələ həvəsdən düşməmişəm. Bu yeganə qaboy sənətini axıradək davam etdirəcəyəm. Çox yaradıcılıq düyünləri var ki, hələ onları açmamışam. Arzum budur ki, heç olmasa onların yarısını açım. Cəsarətlə deyirəm ki, bu işləri məndən sonra görən olmayacaq. Qaboy sənətini yaşatmaq, davamçılarını yetişdirmək üçün heç bir şəraitim yoxdur. Qaboy çox şıltaq alətdir, gərək daim onun nazı ilə oynayasan. Qaboy ifa etmək hər adamın işi deyil. Gərək ilahi verin ola ki, bu işi bacarasan. Hərdən qaboydan istədiyimi ala bilməyəndə iştahım küsür. Ürəyimdə olanı xalqıma çatdıra bilməyəndə elə bil nəsə ağırlaşıram, özümə gələ bilmirəm. Bir balaca guşənin üzərində günlərlə, hətta aylarla işləyirəm. Yarımçıq işi sevmirəm. Ona görə çalğılarıma qulaq asanlar hələ bir səhv tuta bilməyiblər. Qoy gələcək nəsillər qulaq asanda desinlər ki, doğrudan da bu, sənətdir. Bunu Kamil Cəlilov yaradıb. Qoy məndən sonra gələn sənətçilərə bu çalğılar bir örnək olsun. Bilsinlər ki, necə əzablar çəkmişəm. Mən bu sənətdən ötrü yaranmışam. İstirahət nədir, bilmirəm. Gedəm tanışlarla oturam, boş vaxt keçirəm, olmayıb. Soruşanda ki, hobbiniz nədir, deyirəm ki, qaboy. İçkiyə-filana meylim olmayıb. Mən fərəhimi qaboydan alıram. Əsl fərəh olan yerdə balaca fərəhlərə ehtiyac olmur. Adətən qaboyu uzağı 50 yaşadək çalmaq olur. Mən bu yaşda da qaboy çalıram. Qaboyun çox möcüzələri var ki, onu sözlə ifadə etmək olmur. Həmişə istəmişəm ki, çalğılarımda özümü tapam. İnanıram ki, bu yaşdan sonra da dünyanı heyrətləndirə bilərəm. Hələ bundan sonra mənə ikinci nəfəs gəlir. İndiki çalğılarım daha yetkin olacaq”.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 4 may.- S.12.