«Hər pyes
şedevr ola bilməz»
Əli Əmirli:
«Teatrların pis vəziyyətdə olmasını
dramaturgiyamızın zəifliyində axtaran rejissorlara qətiyyən
bəraət yoõdur»
Dramaturq Əli
Əmirli. Onunla dəfələrlə görüşüb
müsahibə almaq istəsəm də bu təklifimi ona şəxsən
bildirə bilməmişəm. Bu günlərdə
Dövlət Gənc Tamaşaçılar Teatrında Əli
Əmirlinin ”M.S.S.-MƏN SƏNİ
SEVİRƏM” tamaşasının premyerasından sonra bu
xoşbəxtlik mənə nəsib oldu. Düzü, Əli
müəllimi həyatda ilk dəfə idi ki, belə
yaxından görürdüm. Əli Əmirli ilə səmimi söhbətdən
sonra bu qənaətə gəldim ki, o, səmimi, sadə,
dürüst və peşəkar dramaturqdur.
Bir çox aktyor-aktrisalarla
apardığım müsahibələr zamanı dəfələrlə
şahidi olmuşam ki, əksəriyyətinin yeganə arzusu
bu olub- Əli Əmirlinin əsərində oynamaq. Mən Əli müəllimin Akademik Milli Dram Teatrında
səhnələşdirilən əsərlərində hər
zaman fərqlilik və özünəməxsusluq, geniş
tamaşaçı rəğbəti hiss etmişəm.
Zənnimcə dramaturq üçün bundan böyük
xoşbəxtlik ola bilməz.
Beləliklə müsahibimiz dramaturq Əli
Əmirlidir.
- Əli müəllim,
“M.S.S.- Mən SƏNİ SEVİRƏM”
tamaşasının premyerasına
baxdım, çox bəyəndim. Sizi bir
daha təbrik edirəm. Səhv etmirəmsə
bu tamaşa vaxtilə Gənc Tamaşaçılar
Teatrının repertuarında başqa bir adla nümayiş
olunmuşdu. Bəs nə üçün
tamaşanın adını dəyişib məhz “M.S.S.-Mən
səni sevirəm” qoydunuz?
- Çox şadam ki, tamaşanı bəyənmisiniz.
Suala keçəndə isə deyim ki, siz
haqlısınız, bu əsər mənim teatr səhnəsində
tamaşaya qoyulan ilk əsərimdir. Ötən əsrin
90-cı ilində, SSRİ-nin can verdiyi bir dövrdə elə
Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ərizə”
adı ilə oynanmışdı, özü də çox
böyük uğurla. Premyeraya baxan görkəmli
sənətkarımız Həsənağa Turabov məni hərarətlə
təbrik etdi və Akademik Dram Teatrı ilə əməkdaşlıq
etməyə çağırdı. Tamaşa
on ilə yaxın teatrın repertuarında yaşadı.
Onu da qeyd edim ki, “Ərizə” respublika
müsabiqəsində qalib gəlsə də, onun əsil dram
əsəri, tamaşa kimi ərsəyə gəlməsi, məhz
tamaşanın rejissoru Möhsüm Mürsəlovun və
aktyor ansamblının istedadı sayəsində mümkün
oldu. Ədəbi materialla tamaşa
çox fərqli idi. Pyesi naqis bildiyimdən
onu ilk pyeslər kitabıma daxil də etməmişdim. Düz iyirmi ildən sonra mənim rejissor dostum Bəhram
Osmanov “Ərizə”yə əl yetirməyimi xahiş elədi.
Könülsüz də olsa mən onun istəyini yerinə
yetirməyə girişdim və hiss etmədən yazıya
uydum, pyesə yeni personajlar daxil etdim, 50 – 60-cı illər
Bakısında 132 nömrəli məktəbdə dərs
demiş, kamil bir müəllim kimi haqqında rəvayətlər
söylənən Bilqeyis Məmmədovanın şəxsiyyətini
göz önünə gətirdim, müəllim peşəsinin
nüfuzdan salındığı bir vaxtda risk eləyib onun
timsalında müsbət müəllim surəti
yaratdım. Pyesi,
demək olar ki, səksən faiz dəyişdim, bədii
vurğunun motivini yeniləşdirdim və təbiidir ki, ad da
dəyişdi oldu “M.S.S. – Mən səni sevirəm”. Bir müəllif kimi təzə adın çox
uğurlu olduğunu düşünürəm. Ümumiyyətlə dram əsərinin uğur
qazanmasında ilkin şərtlərdən biri adın cəlbedici
və məntiqi olmasıdır. Sonra da iş elə gətirdi
ki, pyesi Bəhram Osmanov deyil, Cənnət xanım Səlimova
hazırladı səhnə üçün, amma bu pyesin
iyirmi ildən sonra yeni həyat qazanmasının səbəbkarı
olmuş, 10-a yaxın əsərimə səhnə
həyatı vermiş rejissor dostuma borcluyam.
- Əli
müəllim, bu gün sevgilərin çoxu xatirələşmir. Necə
düşünürsünüz, əsl sevgi hələ də
var?
- Nə qədər ki, insan var, sevgi də
olacaq, böyük məhəbbətlər də, elə var
da. Əfsanəyə, rəvayətə
çevrilən sevgilər indi də yaranır. Məgər Fərizə ilə İlhamın sevgisi
“Romeo və Cülyetta” sevgisindən zəifdir? Maşınla xəlvət bir küçə var, xəlvət
deyəndə, yəni mərkəzi küçə deyil,
ordan keçəndə çox iri qara şriftlərlə
uzun hasara “MƏN SƏNİ SEVİRƏM” sözlərinin
yazıldığını görürəm, qəlbimdən
xoş bir hiss keçir. Bəlkə də
pyesimə verdiyim adın ideyası elə o yazıdan gəlir.
- Son vaxtlar nədənsə
rejissorların əksəriyyəti sanballı dram əsərlərinin
yazılmamasından şikayət edirlər. Buna
münasibətiniz necədir?
- Mən sanballı deyəndə nəyin
nəzərdə tutulduğunu bilmirəm, bu hansı
ölçü vahididir, mənə
- Region
teatrlarının rejissorları müsahibələrində
müasir dram əsərlərinin yazılmamasından
şikayətlənirlər. Region teatrlarına
necə, əsər təqdim etmisinizmi? Və
ya gələcəkdə belə bir fikriniz varmı?
- Bir qayda olaraq region teatrlarına
oynanmamış əsər vermirəm. Səbəbi
çox sadədir, rayon teatrında əsər bir-iki dəfə
oynanır və unudulur. Sonra o əsər
şedevr də olsa Bakı teatrları onu yaxına buraxmaz.
Bu məsələdə təcrübəm də var.
“Varlı qadın”ı Dövlət Gənclər Teatrında
mərhum rejissorumuz
Hüseynağa Atakişiyev tamaşaya qoymuşdu,
pyesin ilk quruluşu idi. Ondan
dörd il sonra Bəhram Osmanov bu əsərə
“Azdrama”da quruluş vermək istəyəndə teatrın rəhbərliyi
qəti etiraz elədi ki, biz Gənclər teatrının
artığına qalmamışıq! Amma Bəhramın
istəyi və baş rolda oynamaq istəyən Siyavuş
Aslanın inadı qalib gəldi. Bu hələ
Bakı teatrlarıdır. Amma etiraf etməliyəm ki,
“Varlı qadın”ın Gəncə, Sumqayıt və Lənkəran
tamaşaları yüksək səviyyədə
hazırlanmışdı.
- Vaxtilə
kinoteatrlarda necə deyərlər iynə atsaydıq, yerə
düşməzdi. Lakin son vaxtlar insanlar istədikləri filmləri
videokasset, disk vasitəsilə əldə edib rahat tamaşa edə
bilirlər. Barmaqla sayılacaq qədər
kinoteatrlarımız qalıb. Necə
düşünürsünüz, teatrları da nə vaxtsa bu
aqibət gözləmir ki?
- Bu məsələyə mən Azərbaycan
miqyasından yanaşmazdım. Bütün mədəni
ölkələrdə internet də var, video da, bizdən də
çox, amma kinematoqraf çox geniş fəaliyyət
göstərir, həm əsl sənət kimi, həm də
biznes kimi, teatrlar da o cümlədən. Deməli həyatımızda, məişətimizdə
baş verən texniki inqilabın heç bir günahı
yoxdu. Səbəbi başqa yerdə axtarmaq
lazımdır, məsələn, maddi rifah halında, təhsildə
və bunların nəticəsi olan ümumi mədəni səviyyədə.
Onda kino da olacaq, kitab da oxunacaq, teatr da
yaşayacaq, inkişaf edəcək, yeni məzmun, yeni keyfiyyət
qazanacaq.
- Qarabağ
problemi ilə bağlı son 20 ildə elə də geniş
tamaşaçı marağına səbəb olacaq əsərlər
yazılmır. Yazılanların əksəriyyəti də
şəbihdən, bayağılıqdan kənara
çıxmır. Bunu nə ilə izah edərdiniz?
- Qarabağ bizim təzə, həmişə
göynəyən yaramızdır. Yas yiyəsi
heç vaxt yaxşı, məzmunlu ağı deyə bilmir,
o çox vaxt şivən qoparır, amma yası urvata mindirmək
üçün dəvət olunan ağıçı elə
proqramla çıxış edir ki, hamını
ağladır, yandırır. Səbəb
sadədir, dərd ona o qədər də yaxın deyil, ona
görə də o düşünüb-daşınıb “sənət”
yaradır. Deməli faciəli tarixi hadisələri
bir xeyli aralıdan yazmaq lazımdır. Zaman,
vaxt ötməlidir. İndi Qarabağ hadisələrini
qələmə alan yazıçı
böyük risq eləmiş olur. Bununla belə tək-tük
əsərlər var: Aqil Abbasın “Dolu” romanı, Mustafa
Çəmənlinin “Fred Asif” sənədli-bədii
romanı, Vahid Qazinin “Ağdam – ruhlar şəhəri” silsiləsindən
olan esseləri.
- Tarixi
mövzulara necə, müraciət etmisinizmi? Gələcəkdə
tarixi əsərlər yazmaq planınızda varmı?
- Mənim bir dramaturq kimi əsas
materialım müasirlərimizin həyatı ilə
bağlı məsələlərdir. Mən
sosial, mənəvi, əxlaqi problemləri ailə-məişət
çərçivəsində göstərməyə
çalışıram. Tarixi mövzular
mənim ampluam deyil. Bununla belə yaxın
tariximizdən bəhs edən “Messenat”dan sonra mən bir qədər
uzaq keçmişə müraciət etmək qərarına
gəldim və “Bütün deyilənlərə rəğmən
və ya Ağa Məhəmməd şah Qacar” adlı tarixi
dramımı yazdım. Əsər “Azərbaycan”
jurnalında və mənim yaxın vaxtlarda Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə nəşr
edilmiş “Hasarın o üzü” kitabımda çap
olunmuşdur. Daha sonra isə Qurban Səidin
“Əli və Nino” romanının motivləri əsasında
eyni adlı pyes yazdım. Sualınıza
cavab olaraq deyim ki, gələcəkdə tarixi mövzularla
bağlı elə konkret planım yoxdur. Hazırda
teatr həyatından bəhs edən teatral bir pyes üzərində
düşünür, materialları sahmanlayıram. Pyes
hələ yazılmasa da, adı məlumdur: “İki aktrisa
üçün baş rol”.
- Əli
müəllim, sonda teatrsevərlərə ürək sözləriniz.
- Sizin sualların sayəsində çox
danışdım, daha sözüm qalmadı, amma teatr
tamaşaçılarımıza Belinskinin bir sualı ilə
müraciət edərdim: “Siz teatrı sevirsinizmi...”
Nisə
Rafiqqızı
Olaylar.- 2011.- 5
may.- S.12.