“İnanıram ki, bu yol işıqlı sabahlara, xoş gələcəyə aparır”

 

Noyabrın 3-də Akademik Opera və Balet Teatrında Azərbaycan Teleradiosu Günü təntənə ilə qeyd ediləcək. Ölkənin tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə 6 Noyabr – Teleradio Günü ərəfəsində belə tədbirin keçirilməsi artıq gələnək halını alıb. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları üçün bu dəfə ikiqat bayramdır. Çünki bu il Azərbaycan Televiziyası 55, Radiosu isə 85 yaşını qeyd edir. Bu gün teleməkanımızda yetərincə televiziya və radio fəaliyyət göstərir. Bu teleradioların hər biri bu və ya digər dərəcədə Azərbaycan Teleradiosunun şinelindən çıxıb. Teleməkanda elə bir telekanal tapmaq olmaz ki, orada Azərbaycan Televiziyasının məktəbində yetişmiş kadrlar çalışmasın.

Bu gün Azərbaycan Televiziyası bütün dünyada yayımlanır. Və beləcə Azərbaycan tarixi, mədəniyyəti, ölkəmizdə gedən yenidənqurma işləri, əldə olunan uğurlar, ölkəmizlə bağlı həqiqətlər bütün dünyaya çatdırılır. Bu təbliğat tək televiziya əməkdaşlarının fəaliyyətinin nəticəsi deyil. Zaman-zaman televiziyada qonaq olan ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri də bu işdə öz töhfələrini əsirgəmirlər.

Müsahibimiz tez-tez Azərbaycan Televiziyasında qonaq olan dilçi-alim, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərovdur.

- Nizami müəllim, respublikamızın ən qocaman teleradiosu yubiley ərəfəsindədir. Siz, bir vətəndaş, bir alim olaraq onun fəaliyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə, qarşıdan gələn Azərbaycan Teleradiosu Günü münasibəti ilə bütün teleradio işçilərini təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram. Bu il həm də Azərbaycan Televiziyasının 55, Dövlət Radiosunun isə 85 yaşı tamam olur. Bu əlamətdar yubileylər münasibəti ilə də hər iki qurumun əməkdaşlarına öz təbriklərimi çatdırıram.

Yeniləşmiş Azərbaycan Televiziyası, ilk növbədə, akademik televiziyadır. Milli-mənəvi dəyərlərimizin qorunub-saxlanması baxımından bu televiziyanın rolu əvəzsiz və inkarolunmazdır. Eləcə də Azərbaycan barədə həqiqətləri dünyaya çatdırmaq missiyasını milli televiziyamız uğurla daşımaqdadır.

Azərbaycan Televiziyası bu gün həm rəsmi xəbərin ilk qaynaqdan çatdırılmasında, ölkənin ictimai-siyasi, sosial həyatının ən aktual məsələlərinin çözülməsindən, eləcə də tariximizin, elm və mədəniyyətimizin, idmanımızın təbliğində, çoxminli tamaşaçı ordusunun maarifləndirilməsində ön cərgədədir.

Ayrıca, Azərbaycan Teleradiosunun türk dünyası ilə bağlı proqramlarını da qeyd etmək istərdim. İxtisaslaşdırılmış “Mədəniyyət” telekanalının məhz bu bazada yaradılması isə olduqca təqdirəlayiqdir. Kanalın qısa müddətdə özünə böyük tamaşaçı auditoriyası toplaması məni çox sevindirir.

- Sizcə, Azərbaycan Televiziyası teleməkanda nə ilə fərqlənir?

- Azərbaycan Televiziyası, eləcə də Radiosu çox zəngin maddi-texniki bazaya sahibdir. Burada olan texnika, yayım aparatları, studiyalar yayımda keyfiyyətə birbaşa təsir göstərən amillərdəndir.

Nə xoş ki, bu amillər öz əksini proqramlarda da təcəssüm etdirir. Telekanal ən keyfiyyətli, dəyərli maddi-texniki bazaya sahib ola bilər, lakin tamaşaçı marağı doğurmayan proqramlar sərgilədikdən sonra bu bazanın nə önəmi qalardı? AzTV bu baxımdan çox fərqlənir. Televiziya proqramlarında keyfiyyət, ciddilik, maarifçilik, belə deyək, dövlətçilik ruhu qorunub-saxlanılır. Azərbaycan Televiziyasında ana dilində gözəl, səlis, anlaşıqlı və bilgili danışılır. Dahi alman alimi Vilhelm Humboldt deyirdi: “Xalqın dili onun ruhu, xalqın ruhu onun dilidir. Bundan da güclü olan eynilik təsəvvür etmək çətindir.” Azərbaycan Televiziyasında dilimizlə bağlı təqdim olunan verilişlər xalqın tarixi ədəbi gücünün, etnolinqvistik yaddaş enerjisinin oyadılmasına, səfərbərliyinə, bu günə nəqlinə, transformasiyasına – bu cür böyük milli, strateji məqsədlərə xidmət edir. Bu həm də, ümummilli lider Heydər Əliyevin Azərbaycan dili və ədəbiyyatı ilə bağlı hər zaman tövsiyə etdiyi bir xətt, Azərbaycançılıq ideologiyasının, milli özgürlük təfəkkürünün praktik kütləviləşməsinə yardımçı olan bir istiqamətdir.

AzTV-ni teleməkanda fərqləndirən ən başlıca cəhət isə bu kanalın “rəsmi kanal” statusunun olmasıdır. Ölkə rəhbərləri ilə bağlı bütün məlumatların, onun xarici səfərlərinin, ölkəmizə gələn rəsmi qonaqlarla görüşlərinin ilkin informasiya mənbəyi məhz AzTV-dir.

- Bildiyiniz kimi, “Mədəniyyət” və “İdman” kanalları AzTV-nin nəzdində fəaliyyət göstərir. Bu kanalların məhz AzTV-nin nəzdində yaradılması bəziləri tərəfindən birmənalı qarşılanmadı. Sizin buna münasibətiniz necədir?

- “Mədəniyyət” və “İdman” kanallarının yaradılması bir zərurət idi. Bu gün idman cəmiyyətimizə bir gündəlik tələbat qismində daxil olub. Böyükdən kiçiyə hər kəs idman dünyasında baş verənlərlə yaxından maraqlanır. Ölkəmizdə idmana olan qayğını, bu sahədə görülən işləri, qazanılan uğurları da nəzərə alsaq, etiraf etməliyik ki, ayrıca idman kanalının yaradılmasına ehtiyac var idi. Hər bir kanal yeni yarananda çətinlikləri olur, ayaq üstə dura bilməsi, auditoriya toplaması üçün mütləq zaman gərəkdir. Bu kimi çətinliklərlə üzləşməməsi üçün idman kanalının AzTV-nin nəzdində yaradılması, düşünürəm ki, məntiqli addım oldu. Yuxarıda da qeyd etmişəm, AzTV-nin maddi-texniki bazası imkan verdi ki, yeni yaradılan kanal böyük çətinliklərlə üzləşmədən teleməkana daxil olsun.

“Mədəniyyət” kanalına gəlincə, AzTV-nin idman sahəsində qazandığı təcrübə “Mədəniyyət” kanalının fəaliyyətində özünü, təbii ki, göstərməli idi. Özünüz baxın, çox qısa zamanda bu kanal görün nə qədər populyarlıq qazanıb..? Ölkədə təşkil olunan elə bir mədəniyyət tədbiri yoxdur ki, o “Mədəniyyət” kanalında nümayiş etdirilməsin. Hansı kanal bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanla bağlı təşkil olunan tədbirləri lentə alıb, tamaşaçılara çatdırmaq iqtidarındadır? Bu məsuliyyətli işin öhdəsindən AzTV, dolayısıyla “Mədəniyyət” kanalı çox peşəkarlıqla gəlir.

- Bildiyiniz kimi, Azərbaycan Televiziyası bütün dünyaya yayımlanır. Sizcə bunun nə kimi uluslararası anlamı, önəmi var?

- Yuxarıda da qeyd etdiyim kimi, bu gün dünyada müharibələr, əsasən, informasiyanın çatdırılması fonunda gedir. Çağdaş dövrümüzdə hər bir insanın düşüncələri uğrunda amansız mübarizə gedir. Bu baxımdan təbliğatın, özəlliklə televiziya təbliğatının rolu olduqca böyükdür. Müstəqilliyin ilk illərində Azərbaycanın dünyada tutduğu mövqe yəqin ki, hər kəsin yadındadır. Müqayisə etdikdə nə qədər böyük uğurlara imza atıldığı görünür. Bu uğurların davamlı olması üçün televiziyalar da səfərbər fəaliyyət göstərməlidir.

AzTV dünyaya Azərbaycan tarixini, mədəniyyətini çıxarır. Paralel olaraq türkçülük təbliğ olunur ki, bunun da nəticəsində türksoylu ölkələr arasında əlaqələr genişləndirilir.

Azərbaycan Radiosunun dilimizin təbliğatı ilə bağlı gördüyü işlər isə ayrıca vurğulanmalıdır. Bu gün Azərbaycan Radiosu Güney Azərbaycanda yaşayan soydaşlarımız üçün bir məktəb funksiyasını daşıyır. Məhz bu radionun da əməyi nəticəsində bu gün Güney Azərbaycanda yaşayan soydaşlarımızın hər biri doğma ana dilində danışa bilir. Bundan böyük önəm nə ola bilər?

- Son olaraq, teleradio əməkdaşlarına sözünüz, tövsiyyəniz?

- Bir daha, Teleradio Günü, peşə bayramı münasibətilə başda AzTV əməkdaşları olmaqla bütün televiziya və radio əməkdaşlarını təbrik edirəm. AzTV bu gün doğru yolla addımlayır. İnanıram ki, bu yol işıqlı sabahlara, xoş gələcəyə, inkişafa aparır. Arzu edirəm, AzTV teleməkandakı nüfuzunu, bayraqdarlığını daim qoruyub-saxlasın, dünyanın aparıcı kanalları cərgəsində layiqli yerini tutsun.

 

 

Həmsöhbət oldu: Ə.Yolçu

 

Olaylar.- 2011.- 2 noyabr.- S.5.