Qadın
problemi...
Rafiq Təmrazov:
“Uşaqlar ananı qabyuyan və ya paltaryuyan kimi görürlər”
Əntiqə
Qurbanova: “Bu həm də qadına qarşı iqtisadi
zorakılıqdır”
Bu
gün qatarda gələrkən həmişəki kimi
oturmağa yer tapmadım və ayaq üstə durmalı oldum.
Qarşımda üç qadın oturmuşdu. Bir-birilərinə
bənzərliklərindən bacı olduqlarını təxmin
etdim. Üçü də klassik ev qadını idilər,
axı həmin qadınların özlərinə məxsus
bir görünüşləri olur. Bir neçə stansiya
sonra qatara əlində kitablar, dəblə geyinmiş bir
qadın mindi. Qadın bəlkə də, bacıların
böyüyü ilə həmyaşıd olsa da, bəzək-düzəyi
ilə xeyli cavan görünürdü. Üstəlik
davranışlarından özünəinamın nə qədər
yüksək olduğu da hiss olunurdu. Bir müddət
sonra qadının telefonu zəng çaldı, ona cavab verdi,
danışığından önəmli bir iş sahibi
olduğu anlaşılırdı. Bacılar həmin o
qadına baxır, onun hər hərəkətini böyük
maraqla izləyirdilər, hətta qadın telefonla
danışarkən kitabların əlindən
düşəcəyi ehtimalı diqqətlərindən
yayınmadı, tez kömək etmək istədilər.
Nədənsə
bacıların elə baxmağı mənə çox pis təsir
etdi, bəlkə də onlar o qadından daha bacarıqlı
idilər, hansısa atanın, qardaşın, ya da həyat
yoldaşlarının icazəsi olmadığından təhsil
almamış, ya da işləməklərinə icazə
verilməmişdi. Əslində bir çox Azərbaycan
qadını həmin üç bacı ilə eyni taleyi
yaşamaq məcburiyyətində qalır. Ümumiyyətlə,
bizim kimi cəmiyyətlərdə qıza həmişə
ikinci dərəcəli yanaşma olur. Çox zaman da “qız
uşağı neynir oxumağı, Allah yaxşı bəxt
versin, ər çörəyi qismət eləsin”
yanaşması olur. Bu cür yanaşma yüzlərlə
qızın istəklərini ürəyində qoyur. Bir
qız tanıyıram ki, təhsilə, elmə çox
marağı var, soruşanda ki, bu qədər həvəsin
var, nə üçün ali təhsil almamısan? Dedi:
“İngilis dili müəlliməsi olmaq istəyirdim, elə
alındı ki, məndən böyük qardaşım
instituta girdi, mənim də hazırlaşmağım
üçün də əlavə xərc lazım idi, onu
çatdıra bilmədik, həm də o biri qardaşım
da hələ körpə idi, mən də ona
baxırdım”. Beləcə bir qızın arzuları
yarımçıq qaldı. Başqa bir hal qadınların
ailə qurduqdan sonra işləməyə icazə verilməməsi
ilə bağlıdır. Hətta iş o yerə
çatıb ki, oğlanın qızla tanış olarkən
ilk şərti ailə qurduqdan sonra işləməməsi
olur. Ailə qurmağa hazırlaşan qızdan da
yaxınlarının soruşduğu ilk sual “işləməyə
qoyacaq?” olur. Çoxdur belə nümunələr, amma nə
üçün qızları oxumağa, işləməyə
qoymurlar?
Dilarə Əliyeva
adına qadın hüquqları müdafiə cəmiyyətinin
“Din və maarifçilik” mərkəzinin rəhbəri Əntiqə Qurbanova bunun bəzən
mentalitet və ya dinlə əlaqələndirildiyini, amma bu
düşüncənin tamamilə yanlış olduğunu
deyir: “Tarixən türk qadını türk kişisi ilə
eyni mövqedə olub, çiyin-çiyinə vuruşub,
islam dinin də qadının hər zaman oxuması, işləməsi
təbliğ olunub. Lakin son zamanlar qadınlara qarşı
ayrıseçkilik edilir. Amma bəzən qadınlar özləri
buna imkan yaradır. Bəzi qadınlarımız tənbəllik
edirlər. Oxudu qurtardı, varlı bir kişi ilə ailə
qurandan sonra elə bilirlər ki, həyat ancaq bundan ibarətdir.
Bu meşşanlığın beynimizdən silinməsi
lazımdır. Bundan başqa qadınların itaətkar
olması da problemin bir səbəbidir. Çünki biz analar
qızlarımıza belə bir tərbiyə verir,
“qızım, ər evinə getdin, onların sözü
qanundur”. Qanun yaxşı şeydir, amma məcburi qaydada
heç nə etmək olmaz. Həmçinin nişanlı
olanda oğlan belə bir qayda qoyur “oxumusan, lap yaxşı, hətta
11 il orta məktəbdə, 5 il ali məktəbdə birlikdə
oxumuşuq, amma səni işləməyə qoymayacam” həmin
qız bir dəfə sual vermir ki, “bəs səbəb nədir?”
Əslində tam səbəb də göstərmək olmur.
Çünki bizim formalaşdırdığımız
kişi amili hələ də hegemon səviyyədədir”.
Sosioloq
Rafiq Təmrazov isə bu qadağanın səbəbini belə
açıqladı: “Bir çox kişilərdə belə
bir psixoloji problem, kişi eqoizmi, qadınlara ikinci dərəcəli
yanaşma var ki, bu da qadınların işləməyinə
qadağa qoyulmasına səbəb olur. Əgər onların
həyat yoldaşı hansısa bir kollektivdə işləyirsə,
orada başqa kişilərdə varsa, həmin kişilərdə
qeyri-normal psixoloji durum, diskomfort yaranır. Hətta təkcə
təhsilli qadınları yox, eyni zamanda ali təhsil
almamış qadınlar da var ki, onların
dünyagörüşü, təfəkkürü imkan verir
ki, hər hansı bir sahədə iş görə bilərlər,
amma onlara da imkan verilmir. Amma xeyli qadın var ki, onlar ya həyat
yoldaşlarını itiriblər, ya da ki, xarici ölkəyə
gedib-həmin o eqoist kişilər və bir dəfə də
olsun ailəsi ilə maraqlanmır- onlar müxtəlif işlərdə
çalışıb həm özlərini, həm də
uşaqlarının maddi ehtiyaclarını qarşılaya
bilirlər. İşləyən qadınlar daha
dünyagörüşlü olurlar, onların uşaq tərbiyəsində
də imkanları daha geniş olur. Həmçinin həmin
qadınların böyütdükləri uşaqlar da daha
dünyagörüşlü olur. Sadəcə, Azərbaycandakı
kişilər, xüsusən də ki, regionlardakılar məsələnin
bu tərəfini başa düşmürlər”.
İqtisadi asılılıq
İşləməyən qadın
həm də həyat yoldaşından iqtisadi cəhətdən
də asılı olur. Onlar hər şey üçün
kişiyə əl açır və bəzən kişilər
bu asılılıqdan istifadə edərək
qadınları onların dediklərinə əməl etməyə
məcbur edirlər. Əntiqə xanım deyir: “Bu həm də
qadına qarşı iqtisadi zorakılıqdır. Qadın
gözləyir ki, kişi ona neçə manat pul verəcək,
hətta elə olur ki, kişi deyir, “bu dəfə bunu al, o
biri qalsın gələn dəfəyə” yəni
qadının istəklərinə belə müdaxilə olur.
Ona görə qadınlar beyninə yeritmək lazımdır
ki, işləməklə sən həm də iqtisadi
asılılıqdan qurtulacaqsan. Amma bu iş də birtərəfli
olmamalıdır. Yəni işləmək o demək deyil ki,
qadın desin “mən işləyirəm, səndən
asılı deyiləm” bu kimi olmamalıdır, qadın ailə
problemlərini kişi ilə bərabər daşımaq məsuliyyətini
hiss etməlidir”. Sosioloq da qadının işləməsinin
həm ailənin büdcəsinə maddi dəstək
olacağını, həm də ən azından qadın
öz məsrəflərini ödəmiş olduğunu bildirdi.
Özünə inam hissi olmur
İqtisadi
asılılığı olmayan qadının özünə
inamı da olmur. O sərbəst fikir söyləməkdən,
nəyəsə etirazını bildirməkdən çəkinir.
Ömür boyu kim ona çörək verirsə ondan
asılı olur. Bu da onun bir insan kimi formalaşmasına təsir
edir. Əntiqə xanım da qadınlara liderlik hissinin
aşılanmasını vacib sayır: “Amma təəssüfdoğurucu
bir məqam da var ki, adətən işləyən
qadınların əksəriyyətinin ailə problemi olur, ya
onlar ayrılmış olur, ailəli olanlarda da ailədə
problemlər yaranır. Kişilərin düşüncəsinə
görə, qadın yalnız müəllim və ya həkim
işləyə bilər, digər işlərdə işləmək
olmaz. Amma qadınlarımızda liderlik hissi
aşılamalıyıq, bu o demək deyil ki, hər bir
qadın mütləq millət vəkili, spiker
olmalıdır, ən azından o evdə, yaxın ətrafında
nəyə isə təsir etməyi bacarmalıdır. 16-17
yaşında ailə quran qız nə bilir ailə nədir? Əlbəttə,
kişi desə işləmə o da işləməyəcək,
çünki onda daxili bir qorxu olur kişidən. Ona görə
mütləq qızlarımızda özünəinam hissini
aşılamalıyıq, amma bu çox zaman birtərəfli
olur və ifrata varılır, həmin qız
özbaşına evdən gedir və s. səbəb olur. Amma
hər şeyi yerində etməklə qadınlarda
özünə inamı formalaşdırmalıyıq”. Rafiq
müəllim də işləməyin qadınlar
üçün çox önəmli olduğunu bildirdi:
“İşləyən qadınlar ictimai həyatda daha aktiv
olur, daha lazımlı hesab edirlər. Onların həm
övladlarına, həm də cəmiyyətə faydası
olur. Bu da onların həm özünə inamını
gücləndirir. Mən hətta düşünürəm
ki, bələdiyyə işində qadınların rolu
artırılmalıdır. Çünki bələdiyyə
yerli özünüidarəetmədir, Burada nə qədər
çox qadın olsa, problemlər daha mütəşəkkil,
nizamlı həll olunar”.
Hər şeyi atam bilir
Özünə
inamı olmayan qadına nə kişinin, nə
övladlarının, nə də digər ailə üzvlərinin
inamı olmur. Mütəxəssislər də həmin
qadınlara hörmətin az olduğunu bildirdilər. Ə.Qurbanova
deyir: “Belə ailədə uşaqlar gözünü
açıb görür ki, ana atadan asılıdır, onlar
da asılı olur. Onlar atadan qorxur, heç bir problemi ona deyə
bilmirlər. Ana ata ilə uşaq arasında vasitəçi
olur, amma problemi ata həll edir. Hətta ataya xoş gəlsin
deyə, yalan danışır, ananı
aşağılayırlar. Əgər ana desə ki, “ bu
iş belə olmalıdır” uşaqlar cavab verəcək ki
“bəlkə atam qoymadı”. Bütün bu hallar
qadının alçaldılmasına, ikinci dərəcəli
olmasına gətirib çıxarır”.
R.Təmrazov isə bildirdi ki, əgər
qadın işləyirsə, həmin ailədə həm
qadın-kişi, həm də uşaqlarla münasibət
normal olur. Həmin ailələrdə böyüyən
uşaqların da dünyagörüşü fərqli olur. Əgər
qadın məcburi şəkildə işləməyə
qoyulmursa həmin ailədə hər zaman gərginlik olur, bu
uşaqlara da təsir edir. Uşaqlar ananı qabyuyan və ya
paltaryuyan kimi görürlər. İctimai məsələlərdə
müzakirə aparanda uşaqlar “sən bilən məsələ
deyil” cavabını verirlər. Qadına ikinci dərəcəli
insan kimi yanaşma atadan uşağa keçir. Həm də məlumdur
ki, uşaq müəyyən yaş həddinə çatana qədər,
eşitdiklərini və gördüklərindən öyrənir,
mahiyyətini dərk etmirlər. Onlarda belə bir fikir
formalaşır ki, “atam nə dedi o düzdür, amma anam
heç nə bilmir, əsas atanın dediyidir”. Sosioloq
düşünür ki, bu problemin həlli üçün
isə həm qadınlar mübarizə aparmalı, həm də
kişilər daha tolerant yanaşmalıdırlar. “Onlar
düşünməlidirlər ki, əgər mənim işlədiyim
kollektivdə qadın çalışırsa, deməli mənim
həyat yoldaşım da hansısa bir kollektivdə
çalışa bilər. Konservativ kişilər
liberallaşmalıdırlar”.
Gülxar Şərif
Olaylar.- 2011.- 2 noyabr.- S.8.