“Siyasətə
qarışsam gərək “Varlığ”ı bağlayam və
İrana getməyəm”
Azərbaycan
Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət
göstərən “Qadın jurnalistlər Klubu”nun
suallarını bu dəfə cərrah-alim, İranda ilk dəfə
açıq ürək əməliyyatını gerçəkləşdirən,
Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin
və Paris Cərrahlar Akademiyasının üzvü,
“Varlıq” dərgisinın təsisçisi, türkologiyaya
aid yeddi cildlik kitabın müəllifi, Türk Dil Qurumunun fəxri
sədri, eləcə də İstanbul Universitetinin fəxri
doktoru Cavad Heyət cavablandırıb.
- Cavad bəy
“Varlıq” dərgisinin hazırkı fəaliyyəti barədə
nə deyə bilərsiniz?
- “Varlıq” dərgisi 33 ildir müntəzəm
şəkildə çap olunur. Bu dərgi İranda İslam
inqilabı ilə yaşıddır. Çünki ondan əvvəl
şah zamanında bizim ana dilimizdə Azərbaycan türkcəsində
jurnal çıxartmağa icazə verilmirdi. İslam
inqilabından sonra bizə nisbi dil azadlığı verildi ki,
biz ondan faydalandıq və mən bir neçə azərbaycanlı
dostumla bərabər jurnal çıxarmağa qərar verdik.
Amma bu jurnalın siyasi tərəfi olmayacaqdı
çünki siyasi tərəfi olsa ya hökumətin
sözçüsü kimi nəşr olunmalıdır, ya da
bağlanmalıdır. Halbuki bizim məqsədimiz
xalqımıza dilini, ədəbiyyatını, tarixini öyrətməkdən
ibarətdir. Xüsusilə İranda ana dilində məktəb
olmadığı üçün “Varlıq” o vəzifəni
də öhdəsinə götürür. Biz ilk başda
iş bölümü yaptıq, mən ədəbiyyat
tariximizi, dilimizin tarixini silsilə məqalələrlə
yazmağa başladım. Bu minvalla biz hər ayda bir, sonra iki
sonra isə üç ayda bir dərgini çıxartdıq.
Amma dərginin nəşr olunma araları artdıqca həcmləri
da artdı. Daha sonra mənim müəllifi olduğum silsilə
məqalələri bir yerə toplayıb kitab şəklində
çap elədik. Eyni zamanda dərgidə Türk
dünyasına, Şimalı Azərbaycan, Türkiyə,
Türkistan haqqında da məqalələr də
yazılır. Bu yazılar bir növ müdafiə vəzifəsini
yerinə yetirir. Çünki İranda şovinist zümrə
buranın Azərbaycan olduğunu qəbul etmirlər və
deyirlər Azərbaycan Ələtə qədərmiş. Biz
bunlarla mücadilə aparırıq və
yazdığımız məqalələrlə onlara cavab
veririk. Azərbaycan Dərbəndə qədərdir. Hətta
mən bir məqaləmdə qeyd etmişəm ki,
Şimalı Azərbaycanda yaşayan azərbaycanlılar bizdən
daha çox azərbaycanlıdırlar, çünki bizim
üç hüviyyətimiz var;(yəni,mənsubiyyətimiz)
biri iranlı, ikincisi türk,
üçünçüsü isə azərbaycanlı
olmağımızdır. Şimali azərbaycanlıların
isə bir hüviyyəti var, o da azərbaycanlı
olmalarıdır. Ona görə də kimsənin haqqı
yoxdur, bu hüviyyəti onlardan almağa. Hər millət
özü- öz adını təyin edər, başqası
ona ad qoya bilməz. İranda belə polemik məqalələri
şovinistlərin oxuya bilməsi üçün farsca
yazırdım. Hətta sonra “Varlıq”da çıxan məqalələrdən
60-ını seçib kitab şəklində nəşr
etdik. Bir hissəsi farsca idişonu da çevirdik.
Oxumağınızı tövsiyyə edirəm. 60 məqalə
mənim 33 ildə yazdığım məqalələrin bir
hissəsidir. Beləcə də “Varlıq” indi də davam
edir, dilimizi, ədəbiyyatımızı, kimliyimizi
tanıtdırır, müdafiə edir.
- “Varlıq” da
hazırda redaktor kimdir?
- Özüm.
- Yalnız
Tehrandamı çap olunur?
- Bəli, Tehranda nəşr olunur.
- İranda
başqa bu cür dərgilər varmı?
- Yox, ana dilində bir çox dərgilər
çıxdı, amma qapandı. Ya siyasətə
girdilər, ya da maddi baxımdan çətinliklərə
tuş gəldilər. “Varlıq” dərgisini
çətinliklə çıxardıram. Fədakarlıq şəklində. Bir gün Əbülfəz Elçibəy
zamanında Dilbər xanım (Tehranda Azərbaycan Səfirliyində
çalışırdı) mənə üç yüz
tümən pul gətirdi. Dedi ki, bunu Azərbaycan səfiri
(Nəsib Nəsibzadə) “Varlıq”a yardım
üçün verdi, amma mən qəbul
etmədim. Sonra burda Yazıçılar İttifaqında
yığıncaq keçiriləndə Əbülfəz
Elçibəy də orda imiş, Səbri Təbrizi
çıxışında deyib ki, siz sözdə yardım edirsiniz . Bu vaxt Əbülfəz
bəy yardım etmək istədiklərini amma mənim onu qəbul
etmədiyini anladıb. Biz heç bir yerdən
kömək almamışıq və almayacağıq da.
Pulumuz çatmazsa dərgini bağlayacayıq.
Məncə, “Varlıq” indiyə kimi öz
işini görüb.
- “Varlıq”a
görə təqiblərə məruz
qalmısınızmı?
- Xeyir. Dərgi hökumətin
sözçüsü deyil. Hökumət
İslami hökümətdir. Amma bizdə şah
zamanından qalma çox paniranistrlər, panşovinistlər,
panfarsistlər var. Onlar bizi türk qəbul etmir, Bu cəfəngiyyatdır,
biz xalis türkük, yalnız oğuz türkləri deyilik,
uyğur da, qıpçaq da bizə qarışıb. Oğuzlar Xəzərin cənubundan,
qıpçaqlar isə şimalından gəliblər.
- Bəs
yerli türklər hansılardır?
- Yerli türklər də bunlarla
qarışıb. Bizim Azərbaycanda çox əskidən
türklər vardı, amma əksəriyyət şimaldan,
Orta asiyadan gəlib. Onların bir hissəsi
ruslarla, macarlarla birləşib xristian olub, bir hissəsi
Gürcüstana gedib, bir hissəsi isə Azərbaycana gəlib.
Ona görə nə qədər şimala gedirsən
qıpçaq faizi çoxalır, nə qədər cənuba
gedirsən qıpçaq faizi azalır.
- Cərrah kimi
çox böyük işlər görmüsünüz. Amma
sonra türkçülüyə meyllənmisiniz ki, dərgi
də bu işlərimizdən biridir. Azərbaycanda
daha çox da bu işlərinizə görə
tanındınız. Bu nədən irəli
gəlirdi?
- Mən liseyi bitirdikdən sonra tibb
fakültəsinə qəbul oldum. Və
üçüncü sinifə qədər orda oxudum. Sonra mən İrandan Türkiyəyə oxumağa
gedən 100 nəfərin içərisində İstanbula
getdim. O zaman Fransaya getmək şansım da var idi. Bu
fikrimi atama deyəndə mənə bu sözləri dedi
“Oğlum, mən səni Bakıya göndərmək istəyirdim,
amma aramızda dəmir pərdə var. Mən səni
İstanbula göndərirəm ki, tibb elmiylə yanaşı
dilimizi, ədəbiyyatımızı, tariximizi də öyrənəsən”.
Yanılmadı, mən bütün bunları
Türkiyədə öyrəndim. İrana
gələndən sonra türk dilini, tarixini oxumağa davam
etdim. Mənim həm həkimliyə, həm
də dilimizə eşqim vardı. Dilimizə
sarıldıqca eşqim daha da artdı. Gördüm
ki, biz nə qədər də alim olsaq da Türk
dünyasına qarşı cahilik. Çünki
bizim tarixdə xüsusilə pəhləvilərin
zamanındakı tarixdə türklər yarıvəhşi
xalq kimi qələmə verilirdi.
- Azərbaycana
ilk gəlişinizi necə xatırlayırsınız?
- 1971 –ci il idi. Moskvada Beynəlmiləl Cərrah Qurultayı
keçirilirdi, məni də İran nümayəndəsi kimi
dəvət etmişdilər. Sovetlər
Birliyinin İrandakı səfirliyinə getdim və onlara
bildirdim ki, mən Bakı yolu gedirəm, amma onlar icazə vermədilər.
Mən də Əmniyyət Müdirliyinin
baş cərrahı idim, onlara söylədim, onlar dərhal mənə
viza aldılar. Qorxumdan anestizimi də
yanıma aldım.
- Bəs niyə
qorxdunuz?
- Çünki bizim üçün Sovet
dünyası qorxulu idi. Bu təhlükəni
göz önünə alaraq bura gəldik. Sizləri bizə elə tanıtmışdılar
ki, guya siz ruslaşmışsınız. Fikir
verin, şahla Stalin türk düşmənliyində bərabər
idi. Təbrizdən Culfaya qatarla gəldim.
İki Culfa vardı biri çayın o
tayında biri bu tayında. Dünyada belə
şey yoxdur. Culfada körpüyü keçdik və
bizi beş saat saxladılar. Amma
yanımızdakı farsları rahatlıqla buraxdılar.
Yaxınlaşıb bunun səbəbini
soruşanda, dedilər ki, “bizə belə
tapşırıblar, çünki İran casusluğunu siz edə
bilərsiniz. Çünki onlar dili bilmirlər”.
Bakıya gəldim, burda elə mehribanlıq
gördüm ki, gözlərim doldu. Elə nisgilli
sözlər eşitdim ki... Bakıda
üç gün qaldım. Burda tibb elmləri doktoru Nurəddin
Rzayevlə tanış oldum.
- İkinci dəvətdə
də o sizi çağırdı?
- Bəli, amma deyim ki, ikinci dəvətdə
artıq Nəbi Xəzri də var idi. Mənə
göndərdiyi məktubuna cavab olaraq yazmışdım ki, mən
cərraham və yalnız cərrahın dəvəti ilə
Bakıya gələ bilərəm. Ondan
sonra ayağımız açıldı və müstəqillikdən
sonra isə daha tez- tez gəldik. Prezident mənə ev verdi və məni bakılı elədi.
- Sizin
Ümummilli lider Heydər Əliyevlə
tanışlığınız 1971 - ci ildə
başladı?
- Onu partiya zamanından
tanıyırdım. Çıxışlarını
çox bəyənirdim, mən belə anlamışdım
ki, kommunist olsa da ürəyi azərbaycanlıdır. Sonra 20 yanvar qırğını oldu və o öz
etirazını bildirdi. O zaman mənim ona sevgim çox
artdı. Anladım ki, bu adam Azərbaycanın
həqiqi lideri ola bilər. O Naxçıvana
getdi, Əbülfəz Elçibəy onu bura – Bakıya dəvət
etdi. O sırada Qarabağ məsələsi ortaya
çıxdı, ermənilər rusların yardımı ilə
torpaqları işğal etdilər. Mən burdan
gedəndə Kəlbəcər də işğal olundu.
Mən bunu Tehranda eşitdim və çox
narahat oldum, Türkiyə səfirliyinə zəng elədim.
Səfirlə görüşdüm,
ağladım, sonra da küfr etdim. Dedim ki, ruslar ermənilərə
yardım edir, bəs bizimkilərə kim
yardım etsin? Yadımdadır, çox acı sözlər
dedim. Mənə təklif etdi, Süleyman Dəmirələ
məktub yazım. Gecə evə getdim,
xanımım yatandan sonra ağlaya- ağlaya o məktubu
yazdım. O, məktub çox tarixi məktub idi. Mətni
təxmini belə idi: “Acaba, Nuri paşa, Əli İhsan
paşa, Ənvər paşaların nəsli kurumuşmu? Sizin
politik əlaqələriniz var, ordakı millətçilər
neynir, ölmüşmü onlar? Mən bu anda
Allahdan onlara qurtuluş və ya özümə ölüm
istəyirəm”. Ertəsi gün məktubu
səfirə göstərdim, o da Ankaraya Süleyman Dəmirələ
göndərdi. Məktubu oxuyub Süleyman
bəy demişdi ki, doktor bəyə söyləyin ki, biz əlimizdən
gələni elədik, yenə də edəcəyik, amma
dünya bizim qarşımızdadır. Bu
məktubu Heydər Əliyev Bakıdan Nyu -Yorka gedərkən
Bəxtiyar Vahabzadə təyyaradə ona oxumuşdu. Heydər Əliyev çox təsirlənmişdi.
Mən Bakıya gələndə məni
görüşə dəvət etdi. O vaxtdan
dostlaşdıq, bura gələndə mütləq
görüşərdik, məni dostu kimi təqdim edərdi. Çox müstəsna, dahi bir şəxsiyyət
idi. Türk dünyasının son yetirməsi
idi. Prezident İlham Əliyevlə də
çox yaxşı münasibətlərimiz var.
- Cavad bəy,
İranın ermənipərəst mövqeyinin olması
artıq heç kimə sirr deyil. Bu mövqeyə iran xalqının münasibəti necədir?
- İran xalqı elə sizlər kimi
düşünür. Onlar ermənipərəst
deyillər. Bizim Təbrizdə Ermənistan
adlı ermənilərin yaşadığı məhəllə
var. Yağış yağanda onlar eşiyə
çıxmazdılar, çünki xalq onları murdar bilərdilər.
Hökumətin siyasəti başqa, xalqın
hissləri başqadır. Siyasət
anasız - babasız bir şeydir.
- Bəs Urmuya
gölünün qurudulması məsələsini necə
qarşıladınız?
- Əlbəttə, mən də bir azərbaycanlı
kimi çox narahatam və bundan əzab duyuram. Amma
eşitdim ki, hökumət gölü köhnə halına
qaytarmaq üçün büdcə ayırıb, amma bilmirəm
bu büdcə bəs edəcəkmi?
- Sizcə,
Dünya Azərbaycanlıları Konqresində mövcud olan
qarşıdurma hara aparacaq? Siz hansı tərəfi
haqlı hesab edirsiniz?
- Mən siyasətə
qarışmadığım üçün bunlardan xəbərim
yoxdur. Bilirəm ki, siyasətə girişsəm,
gərək “Varlıq”ı bağlayım və İrana getməyim.
-
Çıxışlarınızdan birində söyləmisiniz
ki, Dünya Azərbaycanlıları Konqresini milli birliyə dəvət
edirəm.
- Mən belə söz deməmişəm.
Mənim atam İranda siyasətin öndə
olan adamlarından olub. Ona görə də
mən uşaqlıqdan siyasətin içində olmuşam.
Şərqdə siyasətə girmək
üçün ya siyasətin orqanı olasan, ya da həbsə,
edama, sürgünə hazır olasan. Bu
vaxta qədər siyasətə girməmişəm, girmərəm
də, çünki bizim camaat küfə xalqına bənzər-
adamla gələrlər, tam həssas yerdə adamı
buraxıb, qaçarlar.
Olaylar.- 2011.- 17 noyabr.- S.8.