Reklamlar...
Hacıəmi Atakişiyev: “Sosial
reklamlar hazırlanması üçün xüsusi bir komitənin
yaranmasına ehtiyac var ki...”
“...onunla
bir dağı da yerində tərpətmək olar”
Türkiyə telekanallarında qızların məktəbə
cəlb olunması ilə bağlı çox maraqlı bir
reklam tez-tez nümayiş olunur. Yəqin
bir çoxlarınız xəbərdarsız-yəni, müəllim
sinifdə davamiyyəti yoxlayır, oğlanlar sinifdə cavab
verərkən, qızlardan kimisi odun daşıyır kimisi,
bağda işləyir, kimisi isə artıq gəlinlik
paltarındadır. Bu acı həqiqət
haqqında kitablar da yazmaq olar, verilişlər də
hazırlamaq olar, amma bu reklam qədər təsirli
olmayacağı bir həqiqətdir. Bu
gün dünyanın bir çox ölkələrində
artıq sosial reklamların sayı artır. Amma ölkəmizdə isə bununla bağlı vəziyyət
heç də ürəkaçan deyil. Öncəliklə
qanunda bu məsələnin necə əks olunduğuna baxaq.
Bunun üçün də Reklam haqqında
qanundan bəzi çıxarılışları təqdim
edirəm.
Reklam- fiziki və hüquqi şəxslər,
əmtəə, ideya və yeniliklər (reklam informasiyası)
haqqında maraq formalaşdırmaq və ya bu marağı
saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin
həyata keçirilməsinə kömək göstərmək
məqsədi ilə yayılan informasiya;
Sosial reklam-qeyri-kommersiya xarakteri
daşıyan Azərbaycan Respublikasının müstəqilliyi
və dövlətçiliyinin möhkəmləndirilməsi
istiqamətində görülən tədbirlərin, həyata
keçirilən islahatların mahiyyətinin
açıqlanması və geniş xalq kütləsinə
çatdırılan, Azərbaycan Respublikasının
müstəqilliyinə qarşı biganəliyə
qarşı barışmazlıq, milli, hərbi vətənpərvərlik
hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi
münasibətlərə uyğunlaşdıran,
sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri
bərpa edən, əhalidə nikbinlik, gələcəyə
inam, təmkinlik ovqatlarını formalaşdıran, siyasi,
sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi
məqsədi ilə dövlət orqanları, ictimai institutlar
tərəfindən sifariş olunan və istənilən
reklam daşıyıcıları ilə yayılan informasiya;
Qanunun 19-cu maddəsində isə
sosial reklamlardan bəhs olunur və orada sosial reklamlara kimlərin,
nə qədər yer ayırmaları da aydın göstərilib
“19.3
Reklam yayıcıları -kütləvi informasiya təşkilatları
- reklam sifarişçisi tərəfindən təqdim olunan
sosial reklamın yayımı üçün bu Qanunda nəzərdə
tutulan efir vaxtının və reklam sahəsinin 5 faizi həcmində
yer ayırmağa borcludurlar.
Reklam
yayıcıları qeyri-kütləvi informasiya təşkilatlarının
təqdim etdiyi illik xidmət qiymətinin 5 faizi qayəsində
sosial reklamın yayımını təmin etməyə
borcludurlar.
Reklam
istehsalçısı özünün illik reklam
istehsalının 5 faizi həcmində sosial reklamının
istehsalına xidmət göstərməyə borcludur”.
Deməli qanunda yetərincə,
aydın şəkildə sosial reklamla bağlı
bütün məlumatlar var. Bəs belə olan halda niyə
efirlərdə, küçələrdə bu tip reklamlara
çox az hallarda rast gəlirik? Bunu Azərbaycan Reklam İttifaqının Prezidenti
Hacıəmi Atakişiyevdən öyrəndik.
Müsahibim ümumiyyətlə ölkəmizdə
nümayiş olunan reklamlardan heç də razı deyil: “Bizdəki
reklamlar reklam xatirinə çəkilmiş reklamlardır. Nə qədər uşaq pamperslərini reklam etmək
olar, axı? Bu halda isə sosial reklamdan
danışmaq yersizdir. Gərək daxildə istehsal
olunsun ki, həmin istehsalçı da sosial reklamlara yer versin. Xaricdən gətirilən məhsulları reklam edərək,
insanların başını qatırlar. Bilmək
lazımdır ki, xarici firmalar da bizə sosial reklam verməz.
Reklam haqqında qanunun birinci maddəsində də
deyildiyi kimi, ictimai təşkilatlar, nazirliklər, partiyalar, qəzetlər,
ictimai institutlar bunlar sosial reklam hazırlamalıdırlar.
Bu gün müharibə gedən bir ölkədə
bununla bağlı bir dənə də sosial reklam yoxdur, amma
şəhərin hər tərəfində hansısa
aktrisanın on dənə reklamı var. Sosial reklam
üçün maraq, istək, millət sevgisi
olmalıdır. Dünyanın bir sıra
inkişaf etmiş ölkələrində, məsələn,
Türkiyə, Yaponiya, Rusiyada sosial reklamlar çox
genişdir. Çünki daha çox yerli
məhsullar reklam olunur. Biz xarici məhsulların
reklamına ümid etməməliyik. Amma təəssüf
ki, bu gün bizdə daha çox şou reklamlarıdır.
Onların sosial reklama maraqları yoxdur. Çalışırlar ki, ancaq özlərini
reklam etsinlər. Bu məsələ
kökündən işlənməlidir. Bir
az da bu sahədə inhisarçılıq var, bu da aradan
götürülməlidir”.
Sosial reklamın gücü
H.Atakişiyev sosial reklamın təsir
gücünə də toxunaraq bildirdi ki, bu tip reklamlarla bir
çox problemi də həll etmək olar: “Sosial reklam
çox güclü bir formadır, onunla bir dağı da
yerində tərpətmək olar. Bu gün
ağac əkmək, heyvanları qorumaq, təbiəti qorumaq,
elektrik vasitələrindən istifadə, yanğın bu məsələlərlə
bağlı reklamlar hazırlanmalıdır ki, insanlarda fikirlər
formalaşsın. Hər gün müxtəlif
qəzalar nəticəsində insanlar dünyasını dəyişir,
bunların bir səbəbi də onların məlumatlı
olmamalarıdır. Ona görə də,
dediyim mövzularla bağlı sosial reklamlar
hazırlanmalıdır ki, insanlar elektrik, qaz, nəqliyyat və.
s vasitələrlə davranış
qaydalarını insanların yaddaşına həkk olunsun. Sosial reklam ictimaiyyət üçün olduğu dərk
olunmalıdır”.
Yaxşı reklamçı yoxdur
Yaxşı reklam
üçün yeni ideyalar, fikirlər istehsal edən mütəxəsislərə
də ehtiyac var. Çünki nə qədər keyfiyyətli
texnika olsa da, əgər ideya yaxşı deyilsə, istənilən
fikir cəmiyyətə çatmayacaq. Müsahibim
bu sahədə güclü mütəxəsislərin də
olmamasından narazıdır. “Reklam
üçün həmçinin mütəxəssis də
olmalıdır. Amma bu gün bizdə bu sahə ilə məşğul
ola biləcək mütəxəsis yoxdur.
Hər yerindən qalxan reklamla məşğul
olduğunu deyir, amma bu o demək deyil ki, o
reklamçıdır. Reklamçı olmaq
üçün gərək dünyanı gəzəsən,
dünya reklam bazarı ilə tanış
olasan. Reklam hazırlamağın onun
yaymağın yollarını biləsən. Televiziya, qəzet,
radio, küçə, nəqliyyat poçt müxtəlif
vasitələr var, reklamı insanlara
çatdırmağı bacarasan.. Bunlardan ən asan variantı poçtdur ki, bunun
üçün də istədiyin məlumatı bir mətbəədə
çap edirsən, sonra da poçtla evlərə göndərirsən.
İnsanlar da alır, baxır və yadında
qalır ki, məsələn, hansısa qəzanın, xəstəliyin
və.s şeylərin baş verməməsi üçün
nələr etmək lazımdır. Amma
indi heç bu forma da istifadə etmirlər.
Bir sistem
olmalıdır
Reklam üçün tələb olunan
vəsaitə gəlincə, müsahibim qanunda bu məsələnin
həllinin göstərildiyini bildirdi: “Düzdür, reklam həmçinin
vəsait də deməkdir, amma qanunda da göstərilib ki,
reklam şirkətləri, agentliklər, reklam verənlərin
hazırladıqları reklamın 5%-ni sosial reklamlar təşkil
etməlidir. İndi bunlar da yox, daxili reklamda yox,
bir tərəfdən də daxili inhisarçılıq
olduğundan sosial reklamlara da maraq yoxdur. Nazirliklər
bu sahəyə müəyyən vəsait ayırmalıdırlar
ki, reklam şirkətləri, yayıcıları da işləsinlər.
Bu bir sistemdir, əgər bu qurulmasa, bizim
danışdıqlarımız, qanun hamısı mənasızdır.
Sosial reklamlar hazırlanması üçün
xüsusi bir komitənin yaranmasına ehtiyac var ki, həmin
qurum həm dövlət, həm də ictimai qurumları bir
yerə toplayıb onları işlədə bilsin”.
Ümumi reklam bazarındakı maliyyə vəziyyətinə
gəlincə isə, H.Atakişiyev bu gün reklam
bazarının demək olar ki, olmadığını
bildirdi: “Əgər nə isə olsaydı bu barədə
informasiyalar yerləşdirilərdi. Bu gün
ayrı-ayrı qurumlar ya reklama pul ayrılmır, ya da
aidiyyatı üzrə xərclənmir. Əgər
xərcləsəydilər, KİV-də bunu tip reklamlar
görərdik. Büdcə hazırlanarkən də
reklama nə qədər pul ayrıldığı göstərilmir”
Marağı necə artıraq...
H.Atakişiyev
bu sahəyə marağın artması üçün
birinci növbədə dövlətin buna marağının
olmasını vurğuladı: “Dövlət büdcəsində
mütləq bir bölmə olmalıdır sosial reklamla
bağlı. Burada da göstərilməlidir ki,
hansısa bir nazirliyə və ya ictimai təşkilatlara bu
tip reklamlar üçün nə qədər pul
ayrılır. Onlara sosial reklam
üçün imkanlar yaradılmalıdır. Bu zaman
da müəyyən şərtlər olmalıdır, məsələn,
ola bilər ki, həmin qurumun sosial reklama
pul ayırması üçün o, vergidən azad
olunmalıdır. Çünki əks halda, təşkilat
həm vergi verib, həm də sosial reklama pul ayırsa, bu
müəyyən çətinliklər yaradar. Ona görə də, insanları qorumaq, maarifləndirmək
xatirinə bu marağı da dövlət yaratmalıdır.
Həm də həmin qurumlar sosial reklam verməyə
özləri maraqlı olmalıdırlar.
Reklamın gələcəyi
H.Atakişiyevdən bütün bu
problemlərlə yanaşı ölkəmizdə reklamın
gələcəyini necə qiymətləndirdiyini də
öyrəndik: “Əgər bu formada davam etsə, reklam
bazarı sırf kommersiya, ticari reklam bazarına çevriləcək.
Sosial reklamlar da ancaq internetdə veriləcək, nə
KİV, nə də küçələr də bu tip
reklamlara rast gəlinməyəcək.. Hərə bir sayt açacaq,
hazırladığı reklamı da orada yerləşdirəcək.
Bu zaman ola bilsin ki, müəyyən qədər
sosial reklamalara da yer ayrılsın, amma bu zaman da onun kütləviliyi
olmayacaq, çox adam oxuya bilməyəcək”.
Gülxar Şərif
Olaylar.- 2011.- 17 noyabr.- S.12.