Gənc ailələrin möhkəmlənməsi 

 

Dövlət bu sahədə hansı işlər görür?

 

Görülən işlər nəticəyə təsir edirmi?

 

Əntiqə Qurbanova: “Təəssüf ki, gənclər qocalır,... evsiz qocalır”

 

Mətanət Əzizova: “Nə qədər maddi durum yaxşı təmin olunsa, münaqişələr də az olur”

 

Ailə problemləri, onların dağılması son zamanlar ən çox müşahidə olunan məsələlərdəndir. Xüsusən də, boşananlar arasında gənclər çoxluq təşkil edir. Bəzən gənc ailələrin ömrü heç bir il də olmur. Səbəblər müxtəlif olsa da, ümumi məsələ iqtisadi problemlər göstərilir. Hər dəfə ailələrin dağılmasından danışarkən həll yolları da işıqlandırılır və hər dəfə də bu məsələdə dövlətin də üzərinə müəyyən vəzifələrin düşdüyü qeyd olunur. Yəni, gənc ailələrin problemlərinin həllində yaxınları qədər, dövlət də bu işdə müəyyən işlər görə bilər. Bir sıra xarici ölkələrdə gənclərin iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən proqramlar hazırlayırlar, bəs bizdə vəziyyət necədir? Qadın krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ailələrin dağılması səbəblərindən danışarkən burada müxtəlif məqamların olduğunu və dövlətin də bu işdə ciddi bir proqram hazırlamasının önəmli olduğunu bildirdi:

 

 “Gənc ailələrin dağılmasına iki aspektdən yanaşmaq istərdim. Bunlardan biri psixoloji, digəri isə iqtisadi məqamlardır. Araşdırmalar göstərir ki, çox zaman gənclər psixoloji cəhətdən ailə həyatına hazır olmurlar. Bundan başqa, qadına ailədə münasibət məsələsi də, müəyyən psixoloji problemlər yaradır. Ailə daxili fiziki, psixoloji zorakılıq da müşahidə olunur. Cəzasızlıq mexanizmi də insanlarda belə bir təfəkkür formalaşdırır ki, “mən vursam da, döysəm də mənə heç nə olmayacaq”. Amma psixoloji məqamlar qədər iqtisadi amillərin də gənc ailələrin dağılmasında payı az deyil. Yəni, nə qədər maddi durum yaxşı təmin olunsa, münaqişələr də az olur. Məsələn, Rusiyada dövlət tərəfindən ailələrin maliyyələşməsi üçün “Analıq kapitalı” deyə bir proqram var. Bu proqrama əsasən, ikinci uşaq doğulandan sonra, 6-7 min manat bəzən daha çox “analıq kapitalı” ayrılır ki, bu da ancaq gələcəkdə uşağın təhsilinə, ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına xərclənə bilər. Bu da ailənin dağılmasının qarşısını almaq, müəyyən problemini həll etmək üçün yaradılan bir imkandır”. Ölkəmizdə bu sahədə görülən işlərə gəlincə isə, Mətanət xanım, bu işə məktəblərdən başlamağı vacib sayır: “Dövlətin bu məsələdə düzgün siyasəti olmalıdır. Burada həm QHT-lər, həm KİV nümayəndələri iştirak etməlidir. Düşünürəm ki, bu məsələlərə hələ bağçalardan, orta məktəblərdən başlamaq lazımdır. Həmin müəssisələrdə insanların bir-birinə sevgi hissi ilə yanaşılması təbliğ olunmalıdır. Həmçinin məktəblərdə “ailənin etika və psixologiyası” adlı ayrıca bir fənn olmalıdır, necə ki, Sovet dövründə bir il bu sistem tətbiq olunmuşdu. Həmin dərsdə “ailə nədir?”, “ailədə özünü necə aparmaq lazımdır?”, “münaqişələri necə həll etmək olar?” və s. suallara cavab verilməklə gəncləri ailə həyatına hazırlaya bilərlər. Bununla yanaşı bir hüquqi baza da olmalıdır, yəni insanlar bilsin ki, əgər “mən ailədə hansısa bir problem yaratsam, buna görə qanun qarşısında cavab verməli olacam””.

 Dilarə Əliyeva adına qadın hüquqları müdafiə Cəmiyyətinin “Din və maarifçilik” mərkəzinin rəhbəri Əntiqə Qurbanovanın gənc ailələrin dağılmasında əsas səbəblər məsələsində fikirləri Mətanət xanımın düşüncələri ilə üst-üstə düşür. Bundan başqa o, gənclərin işsizlik məsələsinə də toxunaraq, görülməli olan işlərdən də danışdı: “Bundan başqa işsizlik məsələsi də var. Yəni cavan oğlan axı nə qədər evdə otursun. Son günlər baş verən cinayət hadisələrinə baxırıq, onlar oğurluq etmələrinə əsas səbəb kimi, “banka borcum var idi, onu ödəməliydim” cavabını verirlər. Ya iş yerləri yoxdur, ya da özəl iş yerləri var, amma onlar müqavilə bağlamırlar”. Bundan başqa ailələrin dağılmasında çox zaman kölgədə qalan bir məqam isə, spirtli içki məsələsi olduğunu deyir: “Efirlərdə müəyyən verilişlərə nəzarət olunmalıdır. Yəni, daha çox maarifləndirmə verilişlərinə yer ayrılmalıdır. Spirtli içkilər reklam olunur, bunlar da bir çox hallarda boşanmanın əsas səbəbi olur”.

Qeyd edək ki, Prezident 2011-2015-ci gənclər proqramının həyata keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu proqrama əsasən, gənc ailələr sosial vəziyyətlərini yaxşılaşdırana qədər, onlar üçün müəyyən olunmuş evlərdə yaşayacaqlar. Bundan başqa, ipoteka haqqında qanunda da gənc ailələrə müəyyən güzəştlərin olunması nəzərdə tutulub. Amma gənclər bundan nə dərəcə bəhrələnə biləcəklər? M.Əzizova deyir: “Əslində bir çox belə qanunlar qəbul olunub. Məsələn, gənclər üçün xüsusi şəhərcik tikilmişdi ki, orada gənclərə ucuz evlər veriləcək, amma bir nəticə görmədik. Pulsuz evlərin veriləcəyinə də inanmıram, ola bilsin ki, müəyyən ödənişlər tələb olunsun. Bunun da problemi nə dərəcədə həll edəcəyi şübhəlidir. Düşünürəm ki, bu qanun sadəcə kağız üzərində qalacaq, ya da hansısa məmurlar daha çox xeyir görəcək nəinki gənclər. Şəxsi evlərinin olmaması da, yeni problemlər yaradır. Valideynlərlə birlikdə yaşayanda, onlar gəncləri öz istəklərinə uyğun hərəkət etməyə məcbur edirlər. Bəzən də olur ki, valideynlərlə yanaşı, hətta bir neçə ailə bir yerdə yaşayır. Bu da ailələrin dağılmasına səbəb olur. Çünki həmin insanların hər birinin öz düşüncəsi, dünyagörüşü olur, bu da münaqişələrə səbəb olur”.

  Bu gün paytaxtda çoxlu binalar tikilir, lakin gənclərin ən böyük problemi də evlərinin olmamasıdır. Əntiqə xanım da, gənclərin ev məsələsinin həll olunmamasının və ipoteka kreditlərinin gecikdirilməsinin ayrı-ayrı qurumların üzərinə düşən vəzifələri düzgün yerinə yetirməməsində görür: “Həmin şirkətlər güzəştli şərtlərlə gənclərə ev verə bilərlər, bundan başqa gənclərə sosial ipotekalar veriləcəyi ilə bağlı vədlər verilmişdi. Bu hər il deyilir, lakin ildən ilə gecikdirilir. Ancaq elə ki, ölkənin birinci şəxsi nəsə deyəndən sonra, bütün nazirliklər başlayacaqlar bəyanatlar verməyə ki, müəyyən işlər görüləcək. İpoteka ilə bağlı 2010-cu ildə demişdilər ki, 2011-də veriləcək, amma indi də deyirlər gələn ilə qaldı. Milli Məclisdə hər zaman bunun müzakirəsini ilin sonuna saxlayırlar. Amma düşünmək lazımdır ki, bununla gəncləri heç nəyə cəlb edə bilmərik. Bundan başqa həmin ipotekalar faizsiz olmalıdır. Təəssüf ki, gənclər qocalır, evsiz qocalır”.

  Ümumiyyətlə, bu zamana qədər qəbul olunan qanunlar gənc ailələrin daha da möhkəmlənməsinə kömək edirmi? Mətanət xanım deyir: “ Hansı proqram olursa olsun, əsas onun qəbul olunması yox, onun işləməsidir. Qanunların işləməsinə gəlincə isə, bizim mərkəzə gələn gənclərdən heç vaxt eşitməmişəm, onlar desin ki, “Hansısa proqramdan bəhrənib problemimi həll etmişəm”. Bundan başqa ailələrin möhkəmləndirilməsi üçün hazırlanan qanun layihələrinə nəzər salaq, məsələn, “Kişi və qadın bərabərliyi haqqında” qanunun əsas məqsədi qadın və kişi arasında ayrıseçkilik olmasın, hansısa qanun qəbul olunarkən qadınların hüquqları pozulmasın. Çünki bu gün ailədə yaranan problemlərdən biri də, elə qadınların hüquqları pozulmasından yaranır. Amma təəssüf ki, bu qanun sadəcə kağız üzərində qalıb, heç bəzi insanlar isə bu qanundan necə istifadə edə biləcəklərini də bilmirlər. Bundan başqa, “Məişət zorakılığı haqqında” qanun da bir ildən çoxdur ki, qəbul olunub, amma bu da hələ ki, kağız üzərindədir. Bu qanunun maddələri heç bir faiz də həyata keçirilməyib. Ona görə də, qanunlar qəbul olunarkən gender bərabərliyi nəzərə alınmalı, həmçinin onun həyata keçirilməsi üçün də nəzarət olmalıdır”. Əntiqə xanım da qanunların hələ ki, problemləri həll etmədiyini deyir:. Dövlət başçısının dediyi söz yerinə yetirilməlidir, amma nələr müşahidə edirik. Tapşırıq verilir, lakin ayrı-ayrı qurumlar isə buna müəyyən məhdudiyyətlər yaradır. Sosial ipotekalardan danışırıq, nazir qərar verir bununla bağlı, amma həyata keçirilirmi? Vədlər verilir ki, gələn ildən sosial ipoteka məsələsinə baxılacaq, niyə indi yox, gələn il. Yeni ailə quran gənclərin öz evlərinin olması çox yaxşıdır. Çünki biri var gənclər kiminsə təsiri altında olur, birivar ki, özlərini evi olur, sərbəst yaşayırlar, problemlərini də birlikdə həll edirlər. bu da boşanmalara öz təsirini göstərər”.

 

 

Gülxar Şərif

 

Olaylar.- 2011.- 17 noyabr.- S.13.