Onu bəyənməsələr də,
həqiqət dəyişməz olaraq qalacaq
Tarix və etnoqrafiya məsələləri
barəsində Sovetlər dövründə həddən
artıq az və təhriflə dolu məlumatlar
yazılması ucbatından indi bu mövzuya daha çox
müraciət edilməsində təəccüblü bir
şey yoxdur. Lakin təəccüb və gülüş
doğuran odur ki, bu mövzuda yazılara obyektiv yanaşma əvəzinə
bir çox müəlliflər buna milli-etnik və ya
yerliçilik nəzərləri ilə yanaşır və
ciddi təhriflərə yol verirlər.
Bəzi
şəxslər isə özləri barəsində həddən
artıq yüksək mif yaradaraq, müəyyən
mövzuları öz inhisarlarına almağa və özlərini
bu sahənin yeganə və mühüm bilicisi kimi cəmiyyətə
sırımağa çalışırlar. Belələri Lənkəranda
daha çoxdur. Sanki tarix-etnoqrafiya mövzusunda məqalə
yazarkən aparıb onlara göstərmək, onlardan icazə
almaq lazım imiş. Onlar isə hər şeyə yalnız
talışçılıq prizmasından yanaşır,
çox güman ki ifrat etnik təəssübkeşliyə
yuvarlanırlar. Son illər apardığım tədqiqatlar
bir sıra məsələlərin üstünün məhz
bu kimi səhvlər ucbatından örtüldüyünü
və əsil həqiqətin məhz bilgisizlik ucbatından təhrif
edildiyini üzə çıxartmışdır. “Olaylar” qəzetinin
bu kimi hallarda daha çox obyektiv mövqedə durduğunu nəzərə
alaraq və bu mövzunun Cənub bölgəsinin digər
rayonları üçün də spesifik olduğunu nəzərə
alıb bir sıra yazılarım barəsində
aparılmış qərəzli və səbatsız
müzakirələrə öz münasibətimi bildirmək
istəyirəm.
“Aşkarlıq”
qəzetinin 18 fevral və 5 aprel 2011-ci il tarixli saylarında mənim
“Qozəkdən başlanan tarix” və “Ürgə” adlı
yazılarım dərc olunmuşdu. Həmin qəzetin 25
oktyabr 2011-ci il tarixli sayında bu yazılara “üç cavab”
dərc edilmişdir. Hər üç müəllif əsaslı
faktları, mənbələri bir tərəfə qoyub, mənim
yazılarıma dəlilsiz-sübutsuz, yuxarıda qeyd etdiyim tərzdə
və öz subyektiv mülahizələrini bildirmiş və
bu zaman talışçılığa ifrat meyl göstərmişlər.
Milli təəssübkeşlik hər bir şəxs
üçün əzizdir, amma Allahın və Quranın bizi
hidayət etdiyi ədalət daha əzizdir, daha dəyərlidir.
Mən hələ 12 fevral 1992-ci ildə “Lənkəran” qəzetində
“Göyşaban yox, Gamışavan” adlı yazı ilə
çıxış etmişəm. Onu da məlum edim ki, 12-30
iyul 2001-ci il tarixli “Aşkarlıq” qəzetində “Şirinsu
yox, Şirinquyu”, 26.XI-20.XII 2002-ci il tarixli “Lənkəran” qəzetində
“Ürgə nə deməkdir və ya yurdun pasportu” adlı məqalələrim
dərc olunub. İldırım Şükürzadə
adlı “cavab” müəlliflərindən birinin ya bu
yazılardan xəbəri yoxdur, ya da köhnə məlumatları
bir qədər başqa biçimdə təzə kimi
oxuculara sırımaq istəyir. İ.Şükürzadə
bilməli idi ki, “Gamışavan” talış dilində yox,
fars dilindədir. “Gamış” fars dilindəki
“gavmış”dır: “gav”-öküz, mal + “mış”-qara, yəni
“qara rəngli mal” mənasındadır. “Dovşan”, “dovğa”
və s. sözlərdə “v” səsi deyilmədiyi kimi,
“gavmiş”da da “v” düşmüş, söz bizə
“gamış” şəklində çatmışdır.
Buradakı “avan” isə şəkilçidir və peşə
mənasını bildirir. “Gamışavan”, yəni
“gamışçı”, mal-qara ilə məşğul olan
deməkdir. “Malavan-çoban”, tumcaravan - tumcarda (bicar
üçün) fitil yetişdirən, dalavan – işdə
olan şəxslərin körpələrini dalında (belində)
şələləyib saxlayan, bağban (bağavan) – bağa
qulluq göstərən mənalarında olduğu kimi.
Maraqlıdır ki, İldırım müəllimin mənə
irad tutub misal göstərdiyi “pəsovon” – qoyun-quzu saxlayan,
“bızəvon”-keçi saxlayan sözləri də yer mənası
deyil, peşə bildirir. Talış dilində “pəs”-
qoyun-quzu, “bız”-keçi deməkdir. “Ovon”, “əvon” isə
yuxarıda qeyd etdiyim “avan” şəkilçisinin talış
dilinin ahənginə uyğun olaraq bir qədər təhrif
olunmuş formasıdır. “Avan” şəkilçisi sonralar
arxaikləşmiş, ədəbi dilimizdəki “çı,
çı, çu, çü” şəkilçiləri
daha işlək olmuşdur. (Məsələn: dənizçi,
balıqçı, odunçu, üzümçü və
s.). Ədəbi dildə “Camışavan – Gamışavan”
olan ad tələffüz zamanı türkdillilər tərəfindən
“Gomuşavan”, “Gömşavan”, talışdillilər tərəfindən
“Qumşəvon” şəklində deyilmişdir: malavan-moləvon,
Vilvan-Vılvon, Kərgəlan-Kaqalon, Digah-Diqo, Ləngəran
/ Lənkəran-Lankon, bazar-vojor, qara-qərə və s.
deyildiyi kimi.
Təbiidir
ki, sözlər, adlar başqa dillərdə onun ahənginə
uyğun olaraq bir qədər fərqli tələffüz
olunur. Gamışavanın adında “Göy” (köy) +
“Şaban” sözlərindən söhbət gedə bilməz.
Kəndin adı hələ A.Bakıxanovun
“Gülüstani-İrəm” (1844), Səidəli Kazımbəyoğlunun
“Cəvahirnaməye-Lənkəran” (1869), Mirzə Əhməd
Mirzə Xudaverdi oğlunun “Əxbarnamə” (1883), Firudin Əsədovun
“Talış xanlığı” (1998) əsərlərində
və digər mənbələrdə “Gamışavan” kimi
yazılmışdır. İldırım müəllim
harada oxuyub ki, “Göyşaban” məhz “Şabanın kəndi”
mənasında işlədilmişdir? Bu, tələffüzdəki
“Gömşavan”ın təhrif edilmiş formasıda ola bilər.
İldırım Şükürzadənin bir səhvi də
ondadır ki, Füzuli adına sovxoz və “28 Aprel” sovxozu
Murdov gölü qurudulmamışdan qabaq da var idi, inzibati mərkəzləri
(idarələri) də Gəgiran və Günəhir kəndlərində
idi. Ərazisi dağlıq, əkinə yararlı yerləri
isə az olduğundan əhalini iş yeri ilə təmin etmək
üçün Murdovun qurudulmuş sahəsində onlara sahə
ayrılmışdı. Sovxoz işçiləri
mövsüm ərzində maşınlarla bu sahələrə
gətirilir, axşamüstü yenidən kəndlərinə
aparılırdılar. Həmin sahələrdə sonralar
“Maröo-Martso (Marso)” və “Partiyanın XXV qurultayı” adına
sovxozları yaradıldı. Daha əvvəllər burada
yaşayış məntəqəsi olmamışdı və
yerin talış dilində hər hansı bir qədim adı
yox idi. Mənim yazılarıma Əflatun Əliyevin “iradlarını”
da əslində cavab xatirinə cavab hesab etmək olar.
Görünür müəllimlərimiz hamını öz
sinifində və şagirdi olaraq zənn edir. Belə ki, Əflatun
müəllim “Qozəkdən başlanan tarixi” necə diqqətlə
oxuyub ki, mən Qozək yaşayış məntəqəsinin
vaxtilə dənizin səviyyəsi qalxdıqdan sonra suyun
altında qaldığını yazdığım halda, o, həmin
ərazini ada kimi başa düşüb. Əflatun Əliyev
desin ki, ora yurd olmayıbsa, bəs nə olmuşdur? Niyə bu
adı ürgəlilər, gamışavanlılar nəsilbənəsil
qoruyub bu günümüzə qədər
yaşatmışlar? Bölgəmizin əhalisi yaxşı
bilir ki, Gamışavan (Göyşaban) torpağı qumluqdur.
Orada şirə haradan ola bilərdi? Gamışavan ərazisində
başqa bir yerdə haqqında danışılan şirə
olmayıb və indi də yoxdur. Əflatun müəllim
yadına salsın ki,15-20 il bundan əvvəl dəniz sahilindəki
evlər suyun altında qalanda gamışavanlılar nisbətən
hündür yerə-Gamışavan ilə Ürgənin
arasına köçüb təzə məhəllə
yaratmışlar. Bir də onu yadına salsın ki,
A.Bakıxanov yazmışdır: “......nəinki əsrlər,
hətta min illər belə bu ölkənin (Azərbaycanın-Ə.A)
bir çox yerlərinin və tayfalarının ilk
adlarını məhv edə bilməmişdir...”
(“Gülüstani-İrəm,” EA nəşriyyatı
Bakı-1951, səh11) O, ”Ürgə” haqqında
yazdıqlarıma da şübhə ilə yanaşmışdır.
Görəsən, görkəmli ictimai xadim, dünyada
tanınan məşhur qazax yazıçısı, publisist
Oljas Süleymenova da şübhə edirmi? Axı mən onun
“Az-Ya” kitabından nümunələr vermişdim. Bəs o,
“Ürgə” nin Mannadakı, sonralar Midiya ərazisindəki
“Uraş”la (Uraş qalası) əlaqəsinə niyə
şübhə edir? Bununla da Ə.Əliyev tariximizi çox
yaxşı bildiyini çox ciddi şübhələr
altına almışdır. O, unutmamalı idi ki, Urmiyaətrafı
ərazidəki bir sıra xalqlar hələ eramızdan əvvəlki
minillikdə Orta Asiya ərazisinə, onlardan bir qismi
hunların tərkibində indiki Qazaxıstan, Uralətrafı,
Sibir ərazilərinə köçmüşdülər və
öz doğma yurdlarının adını bu ərazilərdə
yaşatmışdılar. Məsələn: Sibir qədim
subirlərin/ sabarların, keçmış Xarəzmdə
Ürgənc, məşhur Ural, Orenburq, Orsk və s. adları
urmiyaların adını özündə yaşadır. Azərbaycanda
orta əsr şəhəri olan Örənqala (Beyləqan) əvvəllər
Uranqala/ Uran şəhər adlanmışdır. Masallı
rayonunda Qəriblər Orand, Köçəri Orand, Lerik
rayonunda Orand, Yardımlı rayonunda Urakəran adlı kəndlər
vardır. 1920-ci illərə aid siyahıda Lənkəran qəzasında
Oran yer adı göstərilmişdir. 70-ə yaxın
yaşı olan gamışavanlı Fəxrəddinin atası
Məmmədhüseyn deyərmiş ki, bir-birinin oğlu olan 4
babasının qəbri Ürgədədir. 82 il ömür
sürmüş Cavadov Əbdülsalam və 74 yaşı
olan Məşədi Barat söyləyirlər ki, onların
ulu babalarının bir neçəsinin məzarı Təbrizin
yaxınlığında, bir neçəsinin də qəbri
Ürgədə qalmışdır. 88 il ömür
sürmüş Cəfərov Baba uşaqlıq illərini
xatırlayaraq danışardı ki, Ürgədə
qarağaclarımız vardı. Elə böyük idilər
ki, üç nəfər əl-ələ tutsaydı,
dövrələyə bilməzdi.
Qeyd: Ağac gövdəsinin belə
qalın olması, şübhəsiz ki, onların bir neçə
yüz il yaşı olmasını bildirir. Göyşaban
(Gamışavan) kəndindəki indiki qəbiristan
gamışavanlıların sayca 3-cü qəbiristanıdır.1-ci
qəbiristan isə Ürgə ərazisində
qalmışdır. Keçmiş ürgəlilərin-indiki
gamışavanlıların Təbrizin
yaxınlığında olmuş Camışavan
(Gamışavan) elindən gəlmiş olduqları barədə
geniş bəhs etmək bir qəzet məqaləsində
mümkün deyil. Hazırda qədim Camışavan Təbriz
şəhəri ilə birləşmiş, lakin adını
da saxlamışdır. Təbrizdə Camışavan adlanan
yer mövcuddur. Bunu həm Təbrizdən olan bir sıra
qonaqlarımız (Ağayi Məhəmməd İbrahim Poladi,
Ağayı Rəşidi, Təbrizdən olub hazırda Lənkəranda
yaşayan Əli və s.), həmçinin Təbrizdə
olmuş həmyerlilərimiz, məsələn, hüquq elmləri
doktoru, professor İbrahim Quliyev də təsdiq etmişdir.
Təbrizli
qonaqlar hətta bildirmişdir ki, buradakı
gamışavanlıların danışığı, məişəti
və xörəklərinin dadı Təbrizlilərinkinə
çox oxşayır. Əflatun müəllim barəmdə
yazmışdır: “Ayaz müəllim bilməmiş deyil ki,
köçürmə siyasətindən
işğalçı dövlətlər: sasanilər, ərəblər,
ruslar daha çox istifadə etmişlər. Səfəvilərin
isə buna ehtiyacı yox idi. ”Bu irad barədə çox
şey yazmaq olar. Ancaq bir sitat kifayətdir: “Şah Abbas
özünə arxa yaratmaq məqsədilə Azərbaycanın
şimal bölgələrinə yarımköçəri
tayfalar köçürürdü. Məsələn,
Muğanda çoxlu şahsevən ailəsi yerləşdirilmişdi.”
(Azərbaycan tarixi, ali məktəblər üçün dərslik,
Bakı-1994, səh. 485; Azərbaycan tarixi,“Təhsil” nəşriyyatı,
8-ci sinif üçün dərslik, Bakı-2004,səh241).
Qayıdım
o məsələyə ki, Ə.Əliyev keçmiş ürgəliləri
talışlar hesab etmişdir. Çoxdan dünyasını
dəyişmiş gamışavanlılardan Hacının, Məşədi
Musanın, Məşədi Mirməmmədin, Məşədi
Əsədgilin, Molla Fəttahgilin, Kərbəlayı Cəfərin,
Quliyev Nəcəfgilin və başqalarının Ürgədə,
Şirinquyuda(indi “Şirinsu” adlanır) binələri,
bicarları bostanları olub. Oralarda çəltik, qarpız, yemiş,
boranı, Məşədi Mirməmmədgil hətta tənbəki
becərmişlər. Adları çəkilən
gamışavanlılar da türkdilli olmuşlar və
müasir dövrə gəlib çatmış törəmələri
də türkdillidirlər. Keçmiş ürgəlilərin
törəmələri Məşədi Barat, Fəxrəddin
babalarının Təbrizin Gamışavan kəndindən
gamış sürüləri ilə gəlib Ürgənin
yerində sakin olduqlarını söyləyirlər.
İndi də
atın balası sayılan “ürgə” barədə:
Axı mən
“Azərbaycan dilinin izahlı lüğəti”ndə misal
çəkmişdim ki, atın ikiyaşar balası ədəbi
dildə “ürkə”dir və “ürkmək” (hürkmək) mənasındadır.
Əflatun Əliyev öz yazısının
(“cavabının”) bir yerində “Ürgə” və “Marso”
sözlərinin mənasını da öz bildiyi və ya
arzuladığı kimi yozmuşdur. Belə ki, o, “ürgə”ni
“at ilxıları saxlanan”, “Marso”nu isə “su ilanları olan
yer” kimi qələmə vermişdir. O, bilməli idi ki, ”Ürgə”at ilxıları
mənasında deyil. Ad ”Marso” yox,
“Maröo” (“Martso”)dur. Ə.Əliyev “Mar”ı “Mor” edib, sözü zorla talışlaşdırıb,
”so”nu “su” kimi sırımağa, nəticədə ”Mor –ilan+”su” (Morsu)
birləşməsini quraşdırıb,“su
ilanları” nəticəsini
çıxardır. Bu isə əsla ağlabatan deyil. Qeyd etdiyimiz kimi, sözün əsli “Maröo (Martso) olmuşdur. “Ürgə” haqqında isə yuxarıda kifayət qədər şərh verilmişdir.
Beləliklə, İldırım Şükürzadə və
Əflatun Əliyev həmin fikirləri düşünülmüş şəkildə yanlış
yola yönəltmişlər.
Bu isə heç şəksiz ki, onların ifrat millətçilik hisslərindən
qaynaqlanmışdır; bölgədə
olan hər şeyi zorla talışlaşdırmaq! “Aşkarlıq”
qəzetinin baş redaktoru Etibar Əhədov da ”Ürgə məsələsində” mənim
yazımdakı bir çox faktları nəzərə almadan, Molla Müqbilin fikirlərinə üstünlük
vermişdir. Halbu ki, mən 1036 səhifəlik “Ərəb-fars
sözləri lüğəti”ni
axtardım, “Ürgə”
sözünə rast gəlmədim. Axı “ur / ür”
türk mənşəli
sözdür. Təcrübəli jurnalist nədənsə
“Murdov”u da “Marso”ilə qarışıq
salmışdır. O, yaxşı bilir ki, “Murdov” əslində
“Murdab” (farscadır: “Mürdə”-ölü + ”ab”-su),
yəni “ölü su” deməkdir. ”Maröo(Martso // Marso)” haqqında isə özü demişkən,
tədqiqatçı-müəllim Musarza Mirzəyev yazmışdır: “Marso”
rus sözü olub, mənası “çayın ağzında
göl” deməkdir. Görünür, Musarıza müəllim
hansısa xəyali bir mənbəyə əsaslanmışdır. Bu kimi fikirlərin
əsla elmi əsası yoxdur. Elmi əsası olmayan fərziyyələr əsasında
yalnız qondarma tarix yaratmaq olar. Bu isə
Azərbaycanın parlaq
gələcəyinə əsla
müvafiq deyil. Ən böyük həqiqət
düzlükdür. Məsələlərə
ifrat milli təəssübkeşlikdən uzaq, tam obyektiv məntiqə və qərəzsiz mənbələrə
istinad edərək yanaşdıqda ortaya çıxan həqiqət
uzunömürlü olacaqdır.
Digər
yanaşma tərzi ilə alınan “həqiqət” isə qondarma olacaq, tarixin müəyyən mərhələlərini adlaya
bilmədən unudulacaqdır.
Mənim
yazılarıma “cavab”
yazmış müəlliflərin
təqdim etmək istədikləri “həqiqətlər”
kimi.
Ayaz Əhmədov
Olaylar.- 2011.-
17 noyabr.- S.10.