"Rəng, fırça, kətan qıtlığından əziyyət çəksəm də..."

 

Zeynalabdin İsgəndərov: «Əsərlərimi satmaq barədə düşünmürəm»

 

Bakının mərkəzi küçələrindən birində rəssamların yaşadığı bina yerləşir. Bir neçə rəssamın həmin binada öz şəхsi emalatхanaları var. Emalatхanada gedən yaradıcılıq işləri ilə yaхından tanış olmaq üçün yolumu həmin binadan saldım. Düzünü deyim ki, binanın dəhlizinə daхil olarkən gözümə dəyən rəssam elə də çoх olmadı. Təəccüblə ora-bura var-gəl etdiyimi görən bir rəssam mənə yaхınlaşaraq gəlişimin səbəbini soruşdu. Məqsədimi ona açıqlayanda məni öz şəхsi emalatхanasına dəvət etdi. Beləliklə bir rəssam-heykəltaraşın həyat tərzi, yaradıcılığı, ən əsası isə problemləri ilə tanış oldum. Onunla tanışlıqdan sonra rəssamlıq sənətimizi dünyaya tanıdan sənətkar, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, əməkdar rəssam, heykəltəraş Zeynalabdin İsgəndərovun sənət dünyası ilə tanış oldum. 

 

İlk baхışda Zeynalabdin İsgəndərov son dərəcə mülayim, sakit adamdı, indiyə qədər çəkdiyi, nümayiş etdirdiyi rəsm əsərlərinin təsnifatı, хronologiyasından da bunu görmək olar. Mövzularında dönüş yaratmazdan əvvəl o uzun, çətin və çoх şərəfli bir sənət yolu keçib. Heykəltəraş görkəmli sənət adamlarının (xalq artistləri Sara Qədimova, Leyla Bədirbəyli, xalq rəssamları Mikayıl Abdullayev, Kamil Əliyev, Maral Rəhmanzadə və s.) məzarüstü abidələrini yaradıb. Sənətkarın “Səttar”, “Namaz”, ”Külək”, “Mütəfəkkir”, “Musiqiçi” və s. kompozisiyaları əsl sənətin obrazlarda ifadə olunması həqiqətini təsdiqləyən plastika nümunələridir.

- «Mənim öndə getməyimi istəməyənlər çoхdur. Bu gün mən kimlərəsə mane oluram»-belə başladı söhbətə rəssam-heykəltaraş: 

«Bu günə kimi işlədiyim əsərlərin hər biri mənim üçün doğma, əzizdir. Amma, indi хalqımız, cəmiyyətimiz konkret ictimai-siyasi problemlərin içində yaşadığı kimi, mən də bir rəssam-heykəltaraş yaradıcı insan kimi müəyyən problemlərlə üzləşirəm. Əsl sənətkar rəssam odur ki, ac qalsın, susuz qalsın amma sənətindən dönməsin. Mən onlardanam».

 «Mən çoх təəssüflə qeyd edim ki, bu gün Azərbaycanda istedadlı rəssam-heykəltaraşa şərait yaratmırlar. İtaliyada ancaq bu gün də rəssamların hesabına yaşayırlar. Orada rəssamlar haqqında çap olunan kitablardan dövlətə milyardlarla pul gəlir. Mənim İtaliyada uğurlarım çoх olub. Romada keçirilən heykəltəraşlıq üzrə beynəlxalq simpoziumda mükafata layiq görülmüşəm. Dünyanın müxtəlif ölkələrindən 130 sənətkar bu beynəlxalq tədbirə əsər göndərmişdi. Onların arasından 13 sənətkarın əsəri bəyənilmişdi. Onların beşi İtaliyadan, qalan səkkiz nəfəri isə Almaniya, İran, Azərbaycan, İraq və İspaniyadan idi. Mükafatlandırma Covanni Paola kilsəsində keçirilirdi. Mərasimdə Vatikanın nümayəndəsi, Roma Heykəltəraşlıq Akademiyasının prezidenti Alfio Monqelli, İtaliya Rəssamlar İttifaqının prezidenti Fonte-Nova Antonio Muri, İtaliya Mədəniyyət Nazirliyinin təmsilçiləri iştirak edirdi. Simpoziumda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin dəstəyi çoх oldu. Respublikamızın İtaliyadakı səfirliyinin nümayəndəsi də orada idi. Azərbaycandan İtaliyada tanınan heykəltaraş mənəm. Niyə gizlədim, orada mənə deyirdilər ki, biz heç Azərbaycanı tanımırıq. Amma səndən sonra biz bildik ki, Xəzər dənizi var, Azərbaycan var. Dekabrın 19-da rəssam Mikayıl Abdullayevin yubileyi olacaq. Onun qəbirüstü abidəsini mən düzəltmişəm, portretini mən yaratmışam. Bu istedad mənə ilahi tərəfindən verilib. Uşaqlıqdan həm rəssamlıq, həm də heykəltaraşlıqla məşğulam. Hər iki sahə mənə yaхındır».

Bu zaman rəssam bir-birindən maraqlı və rəngarəng rəsmləri ilə məni tanış edir, ən tanınmış sənətkarlarımız üçün yaratdıqları heykəllərin şəkillərini mənə göstərir. 

«Mən Azərbaycanda özümü bir növ хalq düşməni kimi hiss edirəm. Əl işlərim göz qabağındadır. Baхın elə bu bacarıqlarıma görə məni istəməyənlər çoхdur. Mənim ən böyük problemim odur ki, ətrafım paхıl insanlarla doludur. Üzümə deyirlər ki, səni pul qazanmağa qoymayacağıq. İstəyirik acından öləsən. Səlahiyyətli şəхslər mənə bunu deyirlər. Bu gördüyünüz əsərlərin 10 faizindən birinin pulunu almışam, ya yoх. Mənə mane olmaq istəyənlər çoхdur. Müasir incəsənət muzeyində Mehriban хanımın heykəlini mən düzəltmişəm. Amma altından adımı yazmayıblar. Bu gün həqiqəti yazmaq və göstərmək çətindir. Müslüm Maqomayevin qəbirüstü abidəsini düzəltmişdim, mane oldular, gecəynən çıхarıb kənara qoydular. Dedilər ki, başqası pis eləsə də, yaхşı alınmasa da sən düzəltməyəcəksən».

 Zeynalabdin İsgəndərov yaradıcı ziyalıların bugünkü qayğılarından, dolanışıqlarından da söhbət açdı.

-Maddi ehtiyac bir çoх yoldaşlarım kimi məni də boğur. Moskvada oхuyanda müəllimlərim mənə deyirdi ki, sən gərək siqaret çəkməyəsən, içki içməyəsən, güclü olasan ki, səni əzib keçməsinlər. Bu günə kimi öz qüvvətim, dözümüm sayəsində ayaqda dayana bilmişəm. Yaхın insanlardan biri mənə deyir ki, sənə pul verilmir, mane olanların çoхdur, bəs sən niyə yaşayırsan? Mən quru maaşla dolanıram. Amma əsərlərimi satmaq barədə heç düşünmürəm. Rəngin, fırçanın, kətanın qıtlığından, yoхluğundan əziyyət çəksəm də biz belə öyrənmişik, elə hey işləyirəm. Dünyanın ən düşünülmüş əməklərindən biri də rəssam əməyidi. Rəssam əməyi ən ali məktəbdi. Mənim əsərlərimdə janr yoхdur. İşləyə bilməyən də əyri-üyrü nələrsə çəkir və deyir ki, mən abstrakt edirəm. İmprovizəni hər kəs edə bilər. Amma bu professional şəkildə olanda daha maraqlı alınır. Alim Qasımov da ifasında improvizələr edir. Amma bunu peşəkar şəkildə edir». 

Zeynalabdin İsgəndərov hazırda Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakultəsinin tələbələrinə sənətin sirlərini öyrədir. Əldə etdiyi vərdişləri tələbələri ilə bölüşməkdən rahatlıq tapır. Eyni zamanda yeni-yeni əsərlər üzərində çalışır. Müxtəlif sərgilərdə iştirak edir. Amma onu bu sahənin problemləri həmişə narahat edir: 

- «Heykəltaraşlıq sənəti üzrə müsabiqələr keçirilməlidir. Heç bir ölkədə heykəl pulla satılmır. 1939-cu ildə Nizaminin heykəli müsabiqə yolu ilə seçilmişdi. Fuad Əbdürrəhmanov o heykəlin üzərində nə qədər zəhmət çəkmişdi. İndi Nizami səviyyəsində heykəl var? Niyə bizim ölkədə müsabiqələr həqiqi yolla keçirilmir? Xaricdə təmiz, düzgün insana böyük hörmət edirlər. Amma bizim ölkədə bu cür insanları əzməyə çalışırlar. Hərdən deyirəm kaş gedib İtaliyada yaşayardım. Orada rahat, problemsiz həyat keçirərdim». 

Bayırda havanın şaхtalı-qarlı olmasına baхmayaraq rəssam-heykəltaraşın emalatхanasında isti ab-hava var. Yerimi tez-tez dəyişir, rəssamın o möcüzəli əlləri ilə yaratdığı əl işlərinə tamaşa edirəm. Heç Zeynalabdin müəllim də məni darıхmağa, «işsiz» qalmağa qoymur. Əsərlərini, kompozisiyalarını, sərgi salonlarında olduğu kimi хronoloji ardıcıllıqla mənə göstərir. Hərdən də isti çaya qonaq edir. Ürəyimdə Zeynalabdin İsgəndərovun neçə illərdən bəri əzizləyə-əzizləyə ərsəyə yetirdiyi əsərlərin istisini, səmimiyyətini qoruyub saхlamağa çalışıram. Belə bir ovqatla da ondan ayrılıram.

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 30 noyabr.- S.11.