Bakı
Eurovisiona hazırlaşır
Məlum olduğu kimi, ötən il
ölkəmiz “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində
qalib oldu və biz növbəti yarışmaya ev sahibliyi edəcəyik.
Bu müsabiqənin önəmindən danışmağa
ehtiyac yoxdu. Amma deməliyik ki, “Eurovision” sadəcə bir musiqi
yarışı deyil, bu həm də ölkənin
tanıdılması, onun gücünün, mədəniyyətinin
göstəricisi, turizm imkanlarının genişlənməsi
və.s deməkdir. Elə buna görə də, hər dəfə
qalib gələn ölkə qalibiyyətin sabahı
günündən növbəti yarış üçün
hazırlıq işlərinə başlayır. Bu il ev sahibi
olduğumuzdan paytaxtda da artıq hazırlıq işlərinə
çoxdan başlanılıb. Demək olar ki, sadə vətəndaşlardan
tutmuş, bu işin təşkilatçılarına qədər
hər kəs bu işin öhdəsindən necə gələcəyimizlə
bağlı narahatdır.
Ölkəmizə
gələn hər bir turistin bizdən razı qalması
çox önəmlidir, çünki turistlər ən
yaxşı reklam agentləridir. Bəs narahatlığa əsas
varmı? Hazırlıq işləri necə gedir?
Öncəliklə ondan başlayaq
ki, may ayında Azərbaycan Prezidenti İlham Əliyev
Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin
keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin
yaradılması haqqında Sərəncam imzaladı. Sərəncama
əsasən, təşkilat komitəsinin sədri YUNESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva təyin olunub. Təşkilat komitəsi
“Eurovision–2012” mahnı müsabiqəsinin təşkili və
keçirilməsi ilə bağlı tədbirlər planı
hazırlayıb həyata keçirməlidir. Təşkilat
komitəsi ilk iclasını iyul ayında keçirib və
yaxın günlərdə növbəti iclasın
keçiriləcəyi də planlaşdırılır.
Bununla yanaşı Məşvərət Qrupu da görülən
işlərlə bağlı tədbirlər keçirir.
Qrupun ilk iclası Bakıda keçirilsə də, budəfəki
iclas oktyabrın 7-də İsveçrənin Cenevrə şəhərində
keçiriləcək. İclasda "Eurovision 2012"
mahnı müsabiqəsinin keçirilməsi ilə
bağlı təşkilati məsələlər müzakirə
ediləcək.
Məkan dəqiq deyil
Görülən
hazırlıq işləri içərisində ən önəmlisi
müsabiqənin keçiriləcəyi yerdir. Qeyd edək ki,
bununla bağlı müxtəlif təkliflər olsa hələ
ki, bu tam dəqiqləşməyib. Müsabiqənin
keçirilməsi üçün mümkün yerlərdən
biri də “Alpine BAU Deutschland AG" şirkəti tərəfindən
tikiləcək kompleksdir. Bu 23 mindən çox
tamaşaçı tutumuna malik ən iri idman-konsert kompleksi
olacaq. Qeyd edək ki, Osloda müsabiqəsinin keçirildiyi
stadion dörd min, Drüsseldorfdakı stadion 10 min nəfər
tuturdusa, "Alpine"nin Azərbaycanda tikəcəyi
kompleksin 23 mindən çox tamaşaçı tutumuna malik
olacağı da bir üstünlükdür. Tikinti işlərinin
tez bir zamanda tamamlanması planlaşdırılır.
Müqaviləyə əsasən, "Alpine" 31 mart 2012-ci
ilədək arenanın tikintisini başa
çatdırmağı öhdəliyinə
götürüb. Həmçinin, layihənin tərkib hissələrindən
biri kompleksin yaxınlığında bütün müasir
avadanlıqlarla təchiz ediləcək 1500 nəfərlik
media mərkəzinin inşa edilməsidir. Kompleks beynəlxalq
standartlara uyğun olacaq, onun kifayət qədər
giriş-çıxışı gələnləri maneəsiz
qəbul etməyə imkan verəcək. Standartlara uyğun
olaraq, hər hansı bir fövqəladə hal baş verərsə,
stadionun bütün qonaqları 8 dəqiqə ərzində təxliyyə
oluna bilər.
Qonaqpərvər Bakı
Müsabiqə
ərəfəsində ölkəmizə gələcək
turistlərin sayı ilə bağlı müxtəlif
proqnozlar var. Kimisi 50, kimisi 60 min və daha çox gələcəyini
deyir. Gələcək qonaqların rahatlığını təmin
etmək heç də asan məsələ deyil. Paytaxtda fəaliyyət
göstərən otellərdəki yer sayı bu qədər
turistin yerləşməsinə imkan vermir. Ona görə də,
yeni otellər tikintisinə başlamaq qaçılmazdır.
Qonaqpərvər ölkə olduğumuzdan gələcək
turistlərin rahatlığı üçün ciddi
hazırlaşırıq. Müsabiqəyə qədər
yeni otellərin fəaliyyətə başlayacağı
planlaşdırırlır. Bu gün ölkədə fəaliyyət
göstərən 2, 3, 4 və 5 ulduzlu otellərdə
hazırlıq işlərinə başlanılıb.
Artıq bu otellərin saytları, onlayn
brounlaşdırılması sistemi də hazırdır.
Hazırda paytaxtda otellərin tikintisi davam edir və hazır
olduqdan sonra da onlar da turistlərin istifadəsinə veriləcək.
Bununla yanaşı Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin otellərdəki durumla bağlı
açıqlamasında bildirmişdi ki, müsabiqəyə
hazırlıqla bağlı sentyabrın 1-dən otellərdə
yer satışları dayandırılmalıdır.
Yalnız, “Eurovision-2012” müsabiqəsinə gələn
qonaqlar və iştirakçılar yerləşdirildikdən
sonra yerlər azad şəkildə satışa buraxılacaq
deyə nazir bildirmişdi. Qeyd edək ki, Bakıda 6 yeni 5
ulduzlu mehmanxana tikilib, 6 hotel tipli motelin isə istifadəsi nəzərdə
tutulur.
Yüksək xidmət
Yarışma
ilə əlaqədar turistlərə göstəriləcək
xidmətin səviyyəsinin yüksəldilməsi
üçün otellərə “on-line” qeydiyyat sisteminin
yaradılması və xidmət personalının peşəkarlığının
artırılması məqsədilə işlərə də
başlanılıb. Bununla yanaşı gələn qonaqlar
milli mətbəximizin ləziz yeməklərindən dada biləcəklər.
Belə ki, Bakıdakı restoranlarda Azərbaycan milli mətbəxin
nümunələri ilə tanış olmaq imkanları
yaradılacaq. Turistlərin informasiya ehtiyaclarını da
müasir tələblərə uyğun təşkil etmək
üçün yeni xidmətlər yaradılır. Bakı
şəhərinin ictimai yerlərində informasiya
köşklərinin və internet köşklərin
quraşdırılması ilə bağlı da müxtəlif
şirkətlər tərəfindən təkliflər irəli
sürülüb. Bu xidmət sayəsində turistlər
internet köşklər vasitəsilə hər yerdə
internet şəbəkəsindən, eləcə də
informasiya köşkləri vasitəsilə elektron xidmətlərdən
istifadə edə biləcəklər. Həmçinin
informasiya köşklərində istənilən sorğu baza
məlumatları, elektron bələdçilər, xəritələr,
keçidlərin sxemləri, nəqliyyatın cədvəlini
quraşdırmaq, kommersiya reklamını və digər
çox şeyləri yerləşdirmək mümkün
olacaq. İnternet köşklər şəbəkəsinin
qurulmasında Wi-Fi-dan istifadə nəzərdə tutulur.
Yüksəksürətli internet xəttinə qoşulan
qurğu arzu edənləri sürətli rabitə ilə təmin
edəcək.
İngilisdilli polislər
İlham Əliyevin
"Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi
ilə bağlı imzaladığı sərəncama əsasən
müsabiqənin keçirildiyi zaman ölkəmizdə, o
cümlədən Bakıda ictimai asayişin daha nümunəvi,
daha etibarlı mühafizəsini təmin etmək və xaricdən
gələcək çoxsaylı qonaqlarda və turistlərdə
ölkəmiz, onun tarixi və mədəniyyəti haqqında
ətraflı məlumat vermək məqsədilə ictimai
asayişin mühafizəsinə cəlb olunacaq əməkdaşlara
xarici dilin öyrədilməsinin əhəmiyyətini nəzərə
alaraq polislər üçün ingilis dili kursları təşkil
olunub. “Kaspi" Təhsil Mərkəzi ilə
imzalanmış müqaviləyə əsasən, avqustun 1-dən
başlayaraq DİN-in Çevik Polis Alayının 300 əməkdaşı
6 aylıq ingilis dili kurslarına cəlb edilib. Paytaxt
rayonlarının polis idarələrinin 120 əməkdaşı
üçün isə Azərbaycan Dillər Universitetində
oktyabrın 1-dən 4 aylıq kurslar təşkil olunması nəzərdə
tutulub.
Taksilər də hazırlaşır
Müsabiqəyə
hazırlıq işləri hər yerdə hiss olunur. Yollar təmir
olunur, ölkəyə müasir tələblərə cavab
verən avtobus, taksilər gətirilir. Yol mədəniyyətdir
və hər şey yoldan başlanır prinsipinı uyğun
olaraq paytaxt yollarında təmir işləri daha da gücləndirilir.
Yeni dayanacaqlar quraşdırılır. Əlbəttə,
bütün bu təmir işləri birbaşa müsabiqə
ilə bağlı olmasa da, hər halda atılan bütün
addımlarda bir neçə aydan sonra ölkəmizə
dünyanın müxtəlif ölkələrindən minlərlə
turistin gələcəyi nəzərə alınır. Yeni
dayanacaqlar müasir tələblərə cavab verir, yeni
texnoloji imkanlara uyğun olaraq hazırlanır. bununla
yanaşı nəqliyyat sektorunda da işlər
görülür. Bu vaxta qədər ölkəyə 300 yeni
taksi gətirilib, ilin sonunda bu rəqəmin 1000-ə
çatacağı proqnozlaşdırılır. Üstəlik,
bu taksilər bir çox yeni imkanların, hətta WI-FI xidmətinin
olması, sürücülərin ingilis dili bilmələri
işlərin bir hissəsidir.
Turistlər rahat-rahat gəzəcək
Dənizkənarı Milli Park da
“Eurovision-2012” yarışması ərəfəsində bir
sıra yeniliklər edəcək. Heç şübhəsiz
ki, Bakı şəhərinin ən gözəl, turistlər
üçün ən maraqlı məkanlarından biri Dənizkənarı
bulvar ərazisidir. Müsabiqəyə qədər Dənizkənarı
Bulvar ərazisi daha 2 kilometr genişlənəcək. Bayraq
meydanına qədər olan məsafədə genişlənmə
işləri aparılır. Paytaxtımıza gələn
qonaqlar artıq 4 yox, 6 kilometr ərazini rahat gəzəcəklər.
Bununla yanaşı, piyadalar üçün də, velosiped
sürənlər üçün də xüsusi xətt
tikilir. Həmçinin müsabiqəyə qədər yeni
velosipedlər, gəzinti taksiləri, hətta dəniz gəzintisi
üçün gəmi də alınacaq.
Bütün bu görülən işlərlə
yanaşı bu gün də işlər davam etdirilir
İctimai
Televiziyanın ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri Tahir
Məmmədov müsabiqə ilə bağlı
görülən son işlər haqqında danışarkən
yer məsələsinin hələ tam həll
olunmadığını, yaxın bir neçə ay ərzində
isə məsələnin həllini tapacağını dedi. T.Məmmədov
həmçinin hələ hansı ölkələrin
iştirak edəcəyinin də dəqiqləşmədiyini,
yanvara qədər isə bütün ölkələrin
iştirakla bağlı açıqlamaları Avropa
Yayımlar Birliyində təsdiqini tapacağını bildirdi.
Hansı ölkələrdə ki, hazırlıq
görülür, onlar məlumatları mediada yerləşdirirlər.
O, müsabiqənin aparıcılar məsələsinin də
hələ dəqiqləşdirilmədiyini deyir.
Aparıcıların seçim məsələsinə gəlincə
isə, layihənin tələblərinə uyğun
olacağını, ingilis dili bilgisi olan və müsabiqənin
formatına uyğun birinin olacağını dedi. T.Məmmədov
biletlərin qiyməti məsələsinin də hələ
dəqiqləşmədiyini bildirdi. Xatırladaq ki, “Eurovision
2012” mahnı müsabiqəsi Bakıda mayın 22-si, 24-ü və
26-sı keçiriləcək.
Gülxar Şərif
Olaylar.- 2011.- 6 oktyabr.- S.12.