Bayraq sevgisi

 

Bayraq, gerb tarixən bir dövlətin, millətin varlığını sübut edən əsas rəmzlərdəndir. Döyüşlərdə də bayraqgerb daim öndə aparılıb. Onlar milli xüsusiyyətlərə uyğun hazırlanır. Yəni bu atributlara baxarkən millətin xüsusiyyəti haqda ilk informasiyanı almaq olur. Bu gün də müxtəlif yarışlarda qalib ölkənin bayrağının qaldırılıb, himninin səsləndirilməsinə xüsusi əhəmiyyət verilir, çünki bu həmin dövlətə olan hörmətin bir formasıdır. Bu zaman baş vermiş hər hansı bir xəta bağışlanmır.

 

Təsadüfi də deyil ki, iki ölkə arasında münasibətlər gərginləşərkən də, qarşı tərəfə olan münasibəti- nifrəti bayrağı yandırmaqla göstərirlər. Yəqin siz də dəfələrlə bu tip halların şahidi olmusuz.

 Ona görə də bu atributlara göstərilən hörmət məhz həmin xalqa olan hörmətin əsas göstəricisidir. Amma bir məqam var ki, başqalarının bayrağımıza, gerbimizə və himnimizə hörmət etməyini istəyiriksə, ilk növbədə özümüz onları qiymətləndirməli və bunu təbliğ etməliyik. Bir müddət əvvəl paytaxtda bayraq meydanında böyük bir bayraq ucaldıldı. Artıq yavaş-yavaş bu bir ənənə halını alır, belə ki, bölgələrdə də belə meydanlar yaradılmağa başlanılıb. Lakin meydanlar nə qədər çox olsa da, onların mənası dərk olunmadıqca quru daşdan başqa heç nə ifadə etməyəcək. Yəni insanlar bayrağın mənasını dərk etmədikcə bayraq meydanları da əsl mənasını itirəcək. Biz də insanlar arasında kiçik bir sorğu keçirdik ki, onlar dövlət rəmzləri haqqında nə qədər məlumatlıdırlar. Xatirə Zeynalova evdar xanım - rəmzləri bilsə də, onların mənalarını izah edə bilmədi. Başqa bir evdar xanım Məlahət Hüseynova isə ümumiyyətlə bu barədə məlumatsızdır. İşi haqda məlumat vermək istəməyən Natiq Vahidov: ”Milli rəmzlərimiz bayraq gerb, himndir. Bayraqdakı göy- milliliyi, qırmızı-şəhid qanı, ulduzun səkkiz guşəliliyi isə ərəb dilində Azərbaycan sözünün səkkiz hərf olmasını göstərir. Gerb haqqında isə dəqiq heç nə bilmirəm.”

Müsahiblərim arasında müəllimlər oldu. Onlar rəmzləri bilsələr də, mənalarını dəqiq izah edə bilmədilər. Tarix müəllimi Almaz Hacıyeva bayraqdakı rənglərin mənalarını bilsə də, gerbi belə izah etdi: ”Palıq ağacı- zəngin meşələrdən, sünbül- taxılçılıqdan xəbər verir.” Azərbaycan dili müəllimi Sevil Əliyeva hər gün dərsdə uşaqlara bunlardan danışdığını desə də, gerbin üzərindəkiləri izah edə bilmədi. Nərgiz Əliyeva digər evdar xanımlardan fərqli olaraq həm rəmzləri bildi, həm də onların mənalarını izah etdi.

Tələbə Nigar Qəribova isə rəmzləri özünəməxsus şəkildə izah etdi: ”Mavi- səmanın rəngi, yaşıl isə yaşıllıq deməkdir, qırmızı rəngin, gerbin mənası, himnimizin müəllifi yadımdan çıxıb.” Deyəsən dediyi mənaları isə Nigardan başqa heç kim bilmir. Başqa bir tələbə xanım Gülər Həsənova bayrağın rənglərini izah etsə də gerbimizi təsvir edərkən:” Gerbin üzərində ulduz, ay, sünbül, qartal var.” Tələbə xanım himnimizin sözlərinin müəllifinin Cəfər Cabbarlı? olduğunu bildirdi.

Aynur Bəşirova isə dövlət rəmzlərini – “Aypara, ulduz, bayraq” kimi təsnifləndirdi. Ayparanın isə türk xalqlarının simvolu olduğunu dedi.

Evdar xanım İradə Əliquluyeva:”Bayraq, gerb var da. Bayraqda isə qırmızı, yaşıl rənglər olmalıdır. Gerbi isə yadıma sala bilmirəm.” Evdar xanım Aişə Məlikova, Aygün Musayeva isə:”Ay qızım, mən evdar qadınam nə bilirəm rəmzlər hansılardır, onların mənası nədir?”

Ümumiyyətlə sorğudan da göründüyü kimi, insanların əksəriyyəti rəmzlərdən və onların mənalarından xəbərsizdirlər. Sorğu iştirakçılarının əksəriyyəti evdar xanım olduqlarını bilməməklərinə bəhanə kimi göstərdilər. Amma onlar bilməlidirlər ki, bunu bilmək vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın borcudur və hər bir vətəndaş milli atributlarına hörmət etməlidir. Hörmətin əsas göstəricilərindən biri isə, onlar haqqında məlumatlı olmaqdır. Sadəcə hörmət edirəm deməklə iş bitmir. Axı insan tanımadığı, bilmədiyi bir şeyə necə hörmət edə bilər? Üstəlik həmin evdar xanımlar həm də anadır. Özü bilmədiyini övladına necə öyrədəcək? İstənilən halda əgər milli rəmzlərimizə hörmət edilməsini istəyiriksə, buna özümüzdən başlamalıyıq. Sonda bilməyənlər üçün bir daha bayrağın rənglərini və gerbin üzərindəkilərin mənasını təqdim edirik.

Azərbaycan Respublikası Konstitusiyası Maddə 23. “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.”

Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9 - da Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. 1991-ci il fevral ayının 5-də üçrəngli bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Mavi rəng-türklüyü, qırmızı- müasirliyi, yaşıl isə islam dininə olan inamımızı xarakterizə edir. Gerb qəbul olunması ilə bağlı Xalq Cumhuriyəti dövründə cəhdlər olsa da, 1920-ci il işğalı buna maneə olub. 1993-cü il yanvar ayının 19-da Azərbaycan Respublikasının Ali Soveti Dövlət Gerbi haqqında Konstitusiya Qanunu qəbul etmişdir. Gerbin qalxan formasında olması- müdafiə gücünü, ulduz –günəşi, alov-odlar yurdu olduğumuzu, sünbül- bolluq, palıd qozası isə- uzunömürlülük və qüdrət rəmzidir, günəşin ağ rəngdə olması xalqımızın və dövlətimizin sülhsevərliyini, sülh, stabillik tərəfdarı olduğuna xidmət edir.

 

 

Gülxar Şərif

 

Olaylar.- 2011.- 11 oktyabr.- S.13.