Uşaqların
yeni oyun məkanı
Əvvəllər uşaqlar ya həyətdə,
ya yaxınlıqdakı parkda, ya da qonşuda oynayardılar. İndi
isə informasiya texnologiyaları bir çox sahəyə
yeniliklər gətirdiyi kimi, uşaqların oyun məkanını
da dəyişib. Artıq uşaqlar oynamaq üçün
internet klublara gedirlər. Ümumiyyətlə, həkimlər
insanlara uzun müddət kompüter qarşısında
oturmamağı məsləhət görürlər.
Çünki bu zaman həm göz zəifləyir, uzun
müddət eyni vəziyyətdə oturmaqla bədən
öz görünüşünü itirir-onurğa
sütununda əyrilik əmələ gəlir, əllər,
qollar öz formasını itirir.
Bu həmçinin bəzi psixoloji
problemlər də yaradır. Məsələn, insanlar virtual
aləmə daha çox meyl edirlər, normal ünsiyyət
qura bilmirlər. Əlbəttə, bu uşaqlara daha çox zərər
vurur, onlara həm fiziki, həm də psixoloji təsiri daha
güclü olur. Bütün bu zərərlərə
baxmayaraq, uşaqların internetə olan marağı
günü-gündən artır. Artıq analar
uşaqlarını qonşuda yox, internet klublarda axtarırlar.
Bəs uşaqları maqnit kimi internet klublara çəkən
nədir? Bunu öyrənmək üçün biz də
yollandıq həmin klublara. Bəzi klublardan dedilər ki, onlar
oyun yazmırlar, ona görə də bura uşaqlar gəlmir.
Çünki uşaqlar gəlib səs-küy salırlar, həm
də kompüterləri tez xarab olur. Amma oyunları olan və
uşaqların da sevə-sevə oyun oynadıqları klublar da
tapdıq. Klub rəhbərləri deyir: “7-8 yaşdan başlayaraq, müxtəlif yaşlı
uşaqlar gəlir. Oyun da oynayan olur, internetə də girirlər”.
Başqa
bir klub rəhbəri isə deyir: “Bəzən uşaqlar
valideynləri ilə, bəzən dostları ilə, bəzən
tək gəlirlər. Günorta saatlarında daha çox gəlirlər.
Oyun da oynayırlar, internetə də girirlər. Amma daha
çox oyun oynayırlar. Elə uşaq olur 5-6 saat oynayır.
Yayda elə çox gəlmirlər, gündə 6-7 uşaq gəlir.
Amma məktəb vaxtı daha çox gəlirlər. Dərsdən
çıxırlar, kütləvi halda gəlirlər. O qədər
çox gəlirlər ki, bəzən yerimiz də olmur.10-15 nəfər
birdən gəlirlər, yəqin ki, əksəriyyət bir
sinifdə oxuyanlardır”. Bəzi xarici ölkələrdə
internetin, oyunların uşaqlara zərərini nəzərə
alıb onların internet klublara gəlməsi qadağan olunub.
Hansı klub rəhbəri buna icazə versə, cərimələnir.
Düzdür, bizdə belə bir qanun yoxdur, amma görəsən,
klublar azyaşlıların ora daxil olmasına maneə
olurlarmı?
***
İnternet
klublardan deyirlər: “6-7 yaşlı uşaqları çox
vaxt qoymuruq, onlar gəlib səs-küy salırlar, çünki
insanlar gəlib məktub göndərirlər, vacib iş
görürlər, onlara maneə olurlar. Həm də valideynlər
də gəlib şikayət edirlər. “Uşağımı
bir də bura qoysanız, sizi məhkəməyə verəcəm”
deyirlər. Biz də deyirik ki, “uşağı evdən
buraxmayın, özünüz nəzarət edin onlara.” Əslində
valideynləri də qınamaq olmur. Onların çoxu işləyir.
Uşaq da deyir: “Yarım saat,
bir saat oynayıb qayıdacam, amma gəlib saatlarla otururlar.
Valideyn də işdədir, nə bilsin uşaq neçə
saat burada olur. Biz 24 saat işləyirik, bəzən gecə
saat 2-də, 3-də valideynlər gəlir ki,
“uşağımız yoxdu, bura gəlməyib ki? ” Xüsusən
də yayda belə hallar daha çox olur”. Bəzi klub rəhbərləri
isə bu məsələyə biganə yanaşır: “Biz
heç kimə maneə ola bilmərik, kim istəyir gəlib
oynayır, ya da internetə girir. Axı nəzarət edə
bilmərik, kim nə işlə məşğuldur. Əgər
valideynlər istəmirlərsə qoymasınlar
uşaqların, özləri nəzarət eləsinlər”.
Bir də səbəbkarların fikrini öyrənməyə
çalışdıq. Onlar internet klublarda nə edirlər?
11 yaşlı Orxana evdən icazə vermirlər
küçədə çox oynamağa, internet kluba getməyə:
“Ancaq qohumumuzun internet klubu var, orada oynamağa icazə verirlər.
Onda da 1-2 saat “Geta”, “sun andress” belə oyunlar oynayıram”.
7
yaşlı Emin hərdən
gedir internet kluba: “15 dəqiqə, yarım saat “Geta”
oynayıram. Özümün kompüterim var, orada da
oynayıram”.
14 yaşlı Kamil deyir: “Baxır günə də, elə vaxt
olur ki, 2-3 saat, bəzən də yarım saat oynayıram. Dərsə
gedəndə vaxt az olur, amma yayda lap çox oynayıram. “Point black”, “constrike” belə oyunlar lap maraqlıdır. Evdən çox icazə
vermirlər. Deyirlər yarım
saat oyna, mən gedib 2 saat oynayıram, bezənə qədər.
İnternetə də girirəm”.
“Oyun da oynayıram, “google”da girirəm. Evdə kompüterim var,
amma internet kluba da gedirəm. Ora lap maraqlı olur. İki nəfər yarışırıq,
maşın, futbol oynayırıq. Yarım saat,
bir saat oyun oynayıram” 11 yaşlı Vüqar.
12 yaşlı Elnurun həyətdə oyun oynamaqdan
xoşu gəlmir, deyir: “İnternet klubda oyun oynamaqdan
xoşum gəlir. “Geta”, “snayper” belə oyunlar oynayıram. Evdən çox icazə vermirlər. Yayda tez-tez
gedirəm, məktəbə
gedəndə vaxtım
çox qalmır dərslərdən. 15 dəqiqə, yarım saat oynayıram, amma evdən qoysalar, 2-3 saat oynamaq istəyərəm”.
Bəs valideynlər uşaqların
bu klublara getmələrindən nə
qədər xəbərdardırlar?
Bilirlərmi ki, uşaqlar
orada nə ilə məşğul olurlar. Söhbət etdiyimiz valideynlər deyir: “Hə xəbərimiz olur. Deyirlər oyun oynayırıq, amma yanlarında olmuruq axı hardan bilək nə edirlər. Düzdür, əslində
oyun da ziyandır,
qadağa qoysaq onsuz da gedəcəklər”.
Söhbət
elədiyimiz uşaqların
çoxu internet klubda
daha çox oyun oynadığını
deyir, amma internetə girənlər
də az
deyil. Əlbəttə,
az yaşlı
uşaq internetdə nə ilə məşğul olur bu da düşündürücü
məqamdır. Bununla
yanaşı oyunların
da zərəri heç də az deyil.
Sorğulardan göründüyü kimi, uşaqlar əsasən, dava, ölüm olan oyunlara daha çox
meyl edirlər. Yəni, kim
daha çox adam öldürsə, o qalib gəlir. Yəni bu oyunlar uşaqlara
daha yaxşı cinayətkar olmağı öyrədir. Bu da onların onsuz da tam formalaşmamış
psixologiyalarını da
məhv edir. Həmin uşaqların ətrafdakılarla
da münasibəti korlanır, davaya meylli olurlar. Son zamanlar cinayət hadisələrinin artmasında,
yəqin bu oyunların da rolu az deyil. Burada da
əsas iş düşür valideynlərin
üzərinə. Düzdür, bütün günü uşağa nəzarət
etmək mümkün
deyil. Amma uşaqların həmin
klublarda müəyyən
məbləğ ödəyərək
oynadığını nəzərə
alsaq, ən azı maddi cəhətdən onlara müəyyən məhdudiyyətlər
yarada bilərik.
Qonşumuz evində bu
problemə görə
hər gün davadır. Ana qoymur uşaq internet kluba gedib oyun
oynasın, ata isə uşağın istəyini yerə sala bilmədiyini deyib icazə verir. Əgər uşağı bu
oyunlardan çəkindirmək
istəyiriksə, hər
iki valideyn bu işdə birlik nümayiş etdirməlidirlər.
Gülxar Şərif
Olaylar.- 2011.- 11 oktyabr.- S.11.