"Plagiat dərsliklərin və ya dərs vəsaitlərinin sayı xeyli artıb”

 

Kamran İmanov: “Plagiatçılıqla məşğul olanlar arasında alim olmaq istəyən gənclər də var”

 

Bir neçə gün bundan əvvəl Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov ÜƏMT-yə üzv dövlətlərin Baş Assambleyasının 49-cu sessiyasından qayıdıb. Toplantıda əqli mülkiyyət sahəsində qlobal xidmətlər, 2012-2013-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan proqramlar və s. məsələlər müzakirə olunub. Kamran İmanov bu və digər suallarımızı cavablandırıb. 

 

- Kamran müəllim, mənfur düşmənlərimiz tez-tez xalq mahnılarımızı, milli musiqilərimizi özününküləşdirirlər. Sonuncu dəfə isə “Dilbərim” xalq mahnısı erməni ifaçısı tərəfindən ifa olunub. Bununla bağlı Müəllif Hüquqları Agentliyi olaraq beynəlxalq təşkilatlara müraciət etmisinizmi?

-Müəllif Hüquqları Agentliyi Azərbaycanda müəllif-hüquq sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq, hər bir erməni ədəbi oğurluğu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) rəsmi qaydada öz etirazını bildirir. 184 dövlətin üzv olduğu ÜƏMT BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış hökumətlərarası qurumudur. Onu da qeyd edim ki, bu etirazlara mütəxəssis rəyləri və tarixi mənbələr əsasında hazırlanmış digər sübutedici sənədlər də qoşulur. ÜƏMT-yə sonuncu belə etiraz bu ilin iyul ayında ünvanlanmışdı. Üstəlik, Agentlik tərəfindən rus, ingilis, fransız və rumın dillərində çap edilmiş erməni ədəbi oğurluqlarını ermənilərin tanınmış elm, ədəbiyyat və incəsənət adamlarının öz dilləri ilə ifşa edən kitabı da ÜƏMT-nin baş direktoruna göndərmişdik. Bununla əlaqədar ÜƏMT-nin baş direktoru cənab Frensis Qarri cavab məktubu göndərmişdir. Cavab məktubunda ÜƏMT-nin baş direktoru kitaba görə minnətdarlığını bildirərək, bizim məktubumuzda göstərilənlərin nəzərə alındığını və Müəllif Hüquqları Agentliyi ilə ÜƏMT arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümid bəslədiyini qeyd etmişdir. Ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, həmçinin müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə artıq vərdiş ediblər. Bu da onların mənəvi kasıblığının göstəricisidir. 

Ermənilərin növbəti hədəfi “Dilbərim” xalq mahnısı olmuşdur. Artıq bununla bağlı da müvafiq araşdırma aparılır. Lazımi sənədlər toplandıqdan sonra Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məlumat göndəriləcəkdir.

Erməni ədəbi oğurluğu barədə Agentlik tərəfindən hazırlanmış və ingilis, rus və rumın dillərində nəşr edilmiş “Erməni yadelli nağılları” adlı kitabda daha geniş məlumatlar verilmişdir. Bu kitabın elektron variantı Agentliyimizin saytında yerləşdirilmişdir.

-Son vaxtlar plagiatçılıqdan tez-tez danışılır. Elmi əsərlərin və publisistik məqalələrin başqaları tərəfindən oğurlanması halları çoxdurmu? Bu cür halların olmaması üçün müəlliflərə nəyi tövsiyə edərdiniz?

-Agentliyə ədəbi oğurluqlar barədə müraciətlər tez-tez daxil olur. Xüsusən elm, dərslik və musiqi sahəsində plagiatçılıq halları daha geniş yayılmışdır. Son iki ildə müəlliflik hüquqlarının pozulması ilə əlaqədar Agentliyə daxil olan müraciətlərin 10-u plagiatçılıqla bağlı olmuşdur. Bunların hər biri diqqətlə araşdırılaraq Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülmüşdür. Təəssüf ki, plagiatçılıqla məşğul olanlar arasında alimlər də, alim olmaq istəyən gənclər də var. Plagiat dərsliklərin və ya dərs vəsaitlərinin sayı xeyli artmışdır. Bir çox hallarda Moskvada rus dilində nəşr edilən dərsliklər Azərbaycan dilinə tərcümə edilərək başqa müəlliflərin adı altında orijinal dərslik, yaxud dərs vəsaiti kimi təqdim olunur. Yaxud dissertasiya işlərinin üzü köçürülür və ya onun ayrı-ayrı abzasları, hissələri, fəsilləri başqasına məxsus olan müstəqil elmi iş kimi qələmə verilir. Doğrudur, belə halların qarşısı həm Müəllif Hüquqları Agentliyi tərəfindən, həm də müvafiq müdafiə şuraları tərəfindən alınır. Bununla belə, plagiatçılıq, hələ də bir problem kimi qalmaqdadır. Bəzən əsərin başqası tərəfindən mənimsənilməsini sübut etmək çətin olur. Çünki əsərin əsl müəllifi vaxtında onu qeydiyyatdan keçirməmişdir. Bu cür hallardan qorunmaq üçün müəlliflərə və digər hüquq sahiblərinə tövsiyə edərdim ki, birinci addım kimi ona məxsus olan əsəri və ya ifanı Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirsin. Qeydiyyat proseduru olduqca sadədir. Müəllif (hüquq sahibi) əsərin (ifanın) bir nüsxəsini, şəxsiyyətini təsdiq edən sənədi və Kapitalbankın filiallarının birində cəmi 5 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim etməklə öz əsərini (ifasını) qeydiyyatdan keçirə bilər. Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir və mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Yeri gəlmişkən, bildirim ki, indiyədək Agentlikdə 8 min ədəbi, elmi, musiqi əsərləri, kompyuter proqramları və digər janrlardan olan əsərlər qeydiyyatdan keçirilmişdir.

Tezliklə qeydiyyat elektron sistemə keçiriləcək. Bununla əlaqədar texniki məsələlər başa çatdırılmaq üzrədir. Elektron qeydiyyat sisteminin tətbiqindən sonra müəllifin, ifaçının qeydiyyat üçün Agentliyə gəlməsinə ehtiyac qalmayacaqdır. O, öz evində ya ofisində oturub qeydiyyatla bağlı zəruri işləri qısa müddətdə yerinə yetirə biləcəkdir.

- “Eurovision” müsabiqəsinə qatılan erməni iştirakçılar bizim musiqilərimizlə yarışa qatılırlar. Sizcə bunun qarşısını necə almaq olar?

-"Eurovision-2011" mahnı müsabiqəsinin yarımfinal yarışmasında Ermənistan təmsilçiləri belə bir cəhd göstərmişdi. Həmin vaxt onlar bizim "Köçəri" rəqsimizi erməni nümunəsi kimi təqdim etməyə çalışdılar. Amma yarışmanın finalına vəsiqə qazana bilmədilər. Buna baxmayaraq biz öz etirazımızı ÜƏMT- bildirdik.

Köçərirəqsi Azərbaycanda çox məşhur olan qədimYallırəqsinin bir növüdür. Əsasən Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanda geniş yayılmışdır. Türkiyədə bu rəqs populyardır Qars-yallı rəqslərindən biri hesab olunur. Hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərindəYallırəqsinin təsvirləri verilmişdir. Əgər növbəti "Eurovision" mahnı müsabiqəsində ermənilər əvvəlki musiqi yarışmasında olduğu kimi, yenə Azərbaycana məxsus musiqidən istifadə etsələr, bunun qarşısının alınması üçün lazımi tədbirlər görüləcəkdir.

- Müəllif Hüquqları Agentliyi tərəfindən gələcəkdə hansı yeniliklər, tədbirlər həyata keçiriləcək?

- “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabineti 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli Qərar qəbul edilmişdir.

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə əsasən xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadəyə görə Azərbaycan tərəfindən icazə alınmalı, istifadəyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və miqdarda haqq ödənilməlidir. Tezliklə Nazirlər Kabineti qeyd edilən məsələlərə dair qərar qəbul edəcəkdir.

 Görüləsi işlərimiz isə çoxdur. Layihəsi Agentlik tərəfindən hazırlanmış “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” Qanunun qəbul edilməsi gözlənilir. Hal-hazırda Qanun layihəsinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baxılır. Həmçinin “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Agentliyin təklifləri baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Müəllif-hüquq sahəsində hüquqpozmalara görə sanksiyaların sərtləşdirilməsinə dair İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə təkliflərimizə də hal-hazırda aidiyyəti orqanlarda baxılır. Bununla yanaşı “Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin ümumi daxili məhsulda iqtisadi payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydaları”, “Qeyri-maddi mədəni irs nümunələrinin qorunub saxlanması, hüquqi qorunması, qeydiyyatı, sənədləşdirilməsi və reyestrinin aparılması Qaydaları”, “Müəlliflik hüququ, əlaqəli hüquqlar və digər oxşar əqli mülkiyyət hüquqları obyektlərinin elektron ticarətinin tənzimlənməsi haqqında” və “Əsərlərin dövlət varidatı elan edilməsi haqqında” Nazirlər Kabinetinin qərarlarının layihələri müvafiq qaydada aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə göndərilmişdir.

Agentliyin benefisiarlığı ilə müəlliflik hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi məqsədi ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Tvinninq layihəsinin icrasına başlanmışdır. Düşünürəm ki, bu layihə uğurlu nəticələr verəcəkdir.

Hal-hazırda Agentliyin nəzdində ictimai əsaslarla Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi fəaliyyət göstərir. Mərkəz gələcəkdə digər funksiyalarla yanaşı, rəqəmli şəbəkədə hüquqların idarəçiliyini də həyata keçirəcəkdir. Bununla əlaqədar artıq bir sıra təşkilatı-texniki tədbirlərin görülməsinə başlanılmışdır. Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi gələcəkdə qismən büdcədən ayrılan vəsait hesabına maliyyəşəcəkdir. Piratçılığa qarşı mübarizənin gücləndirilməsi, müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət hüquqlarının qorunması sahəsində tədbirlərin koordinasiya edilməsi məqsədi ilə Nazirlər Kabinetinin nəzdində xüsusi Komissiyanın yaradılması da nəzərdə tutulur. ÜƏMT-nin tövsiyəsi ilə hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə Əqli Mülkiyyət üzrə Uzunmüddətli Milli Strategiya üzərində son iş aparılır. Strategiya layihəsi tamamlandıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcəkdir.

- Siz bir neçə gün əvvəl ÜƏMT-yə üzv dövlətlərin Baş Assambleyasının 49-cu sessiyasından qayıtmısınız. Sessiyada hansı məsələlər müzakirə olundu?

- Baş Assambleyanın iclaslarında ÜƏMT-nin fəaliyyət istiqamətləri üzrə ÜƏMT komitələrinin hesabatları dinlənildi, həmçinin üzv dövlətlərin nümayəndələrinin əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində öz ölkələrində görülən işlər barədə məruzələri dinlənildi. Bununla yanaşı, toplantıda əqli mülkiyyət sahəsində qlobal xidmətlər, 2012-2013-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan proqramlar və s. məsələlər müzakirə olundu. Baş Assambleyanın toplantısının keçirildiyi günlərdə mən ÜƏMT-nin baş direktoru cənab Frensis Qarri ilə görüşdüm. Görüş zamanı ona ölkəmizdə müəllif-hüquq sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlər, qanunvericiliyin təkmilləşdirilməsi və gələcək planlarımız barədə ətraflı məlumat verdim. Cənab Frensis Qarri Azərbaycanda aparılan işlərdən məmnun qaldığını vurğulayaraq, hal-hazırda Müəllif Hüquqları Agentliyinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin gələcəkdə regionda ÜƏMT-nin tədris bazası rolunu oynaya biləcəyini söylədi.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 11 oktyabr.- S.8.