Nikah
müqaviləsi boşanmaların qarşısını ala
bilərmi?
İradə Cavadova: “Hətta 5-10 ildir
evli olanlar da nikah müqaviləsi bağlaya bilərlər”
Rafiq Təmrazov: “Nikah müqaviləsi hər
iki tərəfin məsuliyyətinin müəyyənləşməsinə
səbəb olur”
Ailənin birliyi, möhkəmliyi cəmiyyətin
inkişafının birinci şərtidir. Əbəs yerə
ailə kiçik dövlətdir demirlər. Və bu
kiçik dövlətlərin ömrünün uzun
olması, demokratik normalar əsasında idarə olunması da
ümumilikdə ölkənin uğurudur. Amma son zamanlar
qloballaşmanın yaratdığı problemlərdən biri
də əsrlərdir formalaşan ailə dəyərlərinin
təhlükə altına düşməsidir. Artıq
statistik rəqəmlər də vəziyyətin narahatedici
olduğunu göstərir. 2009-cu ildə ölkədə 78072
nikah bağlanıb və elə həmin ildə 7784
boşanma qeydə alınıb. Kənd yerlərində
bağlanan nikahların sayı 37364, boşanmaların sayı
isə 2019-dur, şəhərdə isə həmin ildə
40708 nikah bağlanıb və 5765 nikaha isə son verilib.
Əslində
illər keçdikcə vəziyyətin heç də dəyişmədiyini,
hətta sayın daha da çox artdığını
görürük. Belə ki, ilin əvvəlindən rəsmi
dövlət orqanları tərəfindən ölkədə
15,7 min nikah və 2,3 min boşanma halları qeydə
alınıb və əhalinin hər 1000 nəfərinə
hesabı ilə 2010-cu ilin birinci rübünə nisbətən
nikahların sayı 6,7-dən 7,1-ə qədər,
boşanmaların sayı isə 0,9-dan 1,0-a qədər
artıb. Boşanmaların səbəbləri müxtəlif
olsa da, boşanma zamanı ortaya çıxan əsas problem əmlak
bölgüsündə olur. Bu zaman kişilər adətən
qadına heç nə vermək istəmir, qadın isə
evlilik müddətində əldə olunan bütün
mülkdə onun da payının olduğunu bildirərək
haqqını tələb edir və nəticədə həm
bu proses uzanır, həm də çox vaxt xoşagəlməz
hadisələrlə nəticələnir. Amma məsələnin daha asan bir
variantı da var-nikah müqaviləsi. Bəs nədir axı
bu nikah müqaviləsi, o problemi necə həll edə bilər?
Hüquqşünas İradə Cavadova deyir: “Nikah müqaviləsi vəkillər
tərəfindən tərtib olunur və iki tərəfin də
maraqları, istəkləri burada öz əksini
tapmalıdır. Bu müqavilə şablon olmur, iki tərəfin
razılığı əsasında maddələr
hazırlanır. Nikah müqaviləsi ailə
qurmamışdan əvvəl də tərtib oluna bilər,
amma onun qüvvəyə minməsi üçün nikah
lazımdır. Müqavilə həm nigah dövrü, həm
də nikahdan sonra da qüvvədə ola bilir. Təkcə
nikahdan əvvəl yox, hətta 5-10 ildir evli olanlar da nikah
müqaviləsi bağlaya bilərlər. Müqavilə həmçinin
boşanma zamanı da bir çox problemlərin həllində
də kömək ola bilər. Hətta boşanmadan sonra
uşaqlarla görüş, mülkiyyətin verilməsi, səhmlər,
həmçinin nigahdan sonra ər arvadına işləməyə
icazə verir və.s nə qədər şərt istəsəniz
bu müqavilədə əksini tapa bilər. Təbii ki, bu
qanunvericiliyə zid olmamalı, qarşı tərəfin vəziyyətini
çətinləşdirməməli, bir-birinə zidd şəkildə
bağlanmamalı, hər birinin mənafeyi qorunmalıdır”.
Sosioloq Rafiq Təmrazov nikah
müqaviləsinin xeyli müddətdir müzakirə
olunduğunu və ölkəmizdə bu sistemin
formalaşması, mexanizmlərin işləməsi
üçün çox ciddi ehtiyac və zərurət
olduğunu deyir: “Ailə quran zaman heç kim zamin deyil ki, bu
ailənin gələcək taleyi, boşanmadan sonra vəziyyət
necə olacaq. Bu çox ciddi məsələdir. Nikah
müqaviləsi hər iki tərəfin məsuliyyətinin
müəyyənləşməsinə səbəb olur. Həmçinin
onların gələcəkdə hüquqsuz, mülksüz
qalmamasına, hər hansı bir məsələnin normal
hüquqi çərçivədə həll olmasına
kömək ola bilər. Azərbaycanda daha çox qadınlar
bu problemdən əziyyət çəkir, onlara gələcəkdə
ikinci dərəcəli insan kimi yanaşılması fikirlərini
də aradan qaldırar. Çünki boşanandan sonra
qadınlar uşaqlarla birlikdə mülksüz, evsiz vəziyyətdə
qalırlar. Xarici ölkələrdə artıq bu məsələlər
həllini tapıb, hətta bir ailədə yaşayan kişi
və qadının özlərinin ayrı-ayrı vəkilləri
olur. Lazım olan vaxtda da onlar məsələyə müdaxilə
edirlər, hamı da bilir ki, burada qanunvericilik işləyir”.
Sosioloq nigah müqaviləsi ilə yanaşı, tibbi
sağlamlıq haqqında sənədlərin də təqdim
olunmasını perspektivdə ailənin möhkəmlənməsinə
səbəb ola biləcəyini düşünür.
Gənclər
niyə müqavilə istəmir?
Nikah müqaviləsi həm nigah
dövrü, həm də nikahdan sonra münasibətlərin
daha normal, daha etik çərçivədə həll
olunmasına imkan versə də, buna münasibət heç də
birmənalı deyil. Düzdür, heç kim ailə quranda
boşanmağı düşünmür, hamı bir
ömür boyu xoşbəxt olmaq, həmin insanla birgə
yaşamaq üçün ailə qurur. Amma heç kim də
hansısa problemdən sığortalanmayıb. İradə
xanım da gənclərin nikah müqaviləsi bağlamaqda
istəkli olmadıqlarını deyir: “Ailə quranlara nikah
müqaviləsi bağlanmasını tövsiyə edəndə
bu tərəflərin bir-birinə etibarsızlığı
kimi anlaşılır. Bəziləri bağlamaq istəməməsinin
səbəbini qarşı tərəfin “ sən mənə
etibar etmirsən” deməsi ilə əlaqələndirir və
ya deyirlər ki, nişanlıma nikah müqaviləsi
bağlamağı təklif etsəm o mənə etibar etməz,
düşünər ki, niyə mən ondan belə bir şey
istəyirəm. Bizim qanunvericiliyə əsasən nikah
zamanı əldə olunan mülkiyyət tərəflər
arasında yarı bölünür, ona görə də bəziləri
nikahdan əvvəl bütün mülklərini öz
adlarına keçirir və ümumiyyətlə nikah
zamanı heç bir mülk əldə etməməyə
çalışırlar, əlbəttə ki, bu çox təəssüf
doğurucu haldır”. Nikah müqaviləsinə gənclərin
bu cür münasibət bəsləməsini sosioloq onlara məsələnin
düzgün izah olunmaması ilə əlaqələndirir. “Hər
zaman belə olub ki, yeni olana münasibət birmənalı
olmur, cəmiyyətin böyük əksəriyyəti tərəfindən
qəbul olunmur, amma zaman keçdikcə məsələyə
münasibət yavaş-yavaş dəyişir. Ona görə
də, düşünürəm ki, nikah müqaviləsinin
mahiyyəti gənclərə düzgün izah
olunmalıdır. Bu gün onlara müqavilə
bağlanmasını kor-koranə şəkildə deyirlər,
əlbəttə ki, onlar da razı olmayacaq.
Düşünürəm ki, bu işdə vətəndaş
aktları reyster idarələri mühüm rol
oynamalıdır. Çünki onların vəzifəsi sadəcə
gəncləri siyahıya alıb, bir aydan sonra onlara şəhadətnamə
təqdim etməklə bitməməlidir. Onlar gənclərlə
söhbət aparıb bunu izah etməlidirlər”.
Boşanmaya çarədirmi?
Bəzi ekspertlərin fikrincə,
nikah müqaviləsi boşanmaların da sayını azalda
bilər. Çünki bəzən insanlar nəticələrini
düşünmədən ayrılmağa qərar verirlər,
amma müqavilənin şərtləri bəlkə də,
kor-koranə boşanmağa qərar verənləri bu fikrindən
yayındıra bilər. Artıq boşanmanın nəticələrini,
boşanarkən yerinə yetirməli olduqları vəzifələri
dərk edib bu addımdan çəkinə bilərlər.
Hüquqşünas da müqavilənin müəyyən qədər
boşanmaların qarşısını ala biləcəyini
düşünür: “Bəzən nikah dövründə
sui-istifadə hallarına yol verirlər. Ər və ya arvad
nikaha gedərkən hansısa məqsəd güdür, məsələn,
ev və ya mülk əldə etmək. Nikah müqaviləsi də
bu halların qarşısını ala bilər. Müqavilədə
belə bir bənd ola bilər ki, hər kəsin mülkiyyəti
özünə qalacaq, nikah dövründə əldə
olunacaq mülkiyyət heç də yarı bölünməyəcək”.
Sosioloq isə boşanmaların
qarşısını birbaşa ala bilməsə də ən
azından insanların ailə həyatına daha sağlam
düşüncə ilə başlamalarına şərait
yaradacağını deyir: “Nikah müqaviləsi çox sadə
bir işdir-nikah dövründə bu qədər mülk əldə
etmisən və bu müqavilə əsasında tərəflər
arasında bölünəcək. Amma hər şeydən
öncə bu müqavilə sağlam ailələrin
yaranmasına şərait yaradacaq. Bəlkə də bu
gün boşanmaların qarşısını almaq,
mülkiyyət məsələlərini həll etmək
üçün bu müqavilələr kömək olsa da, gələcəkdə
insanların məsələyə daha açıq gözlə
baxmalarına və kiminlə ailə qurub, kiminlə
müqavilə bağladıqlarına daha çox diqqət
etmələrinə səbəb olacaq”.
Gülxar Şərif
Olaylar.- 2011.- 12 oktyabr.- S.6.