«Ölkəni tərk etməyimə səbəb qarşılaşdığım çətinliklər oldu»

 

Fərhad Hüseynov: «İtirdiklərim qazandıqlarımdan çoх olub» 

 

Fərhad Hüseynov. Bu ad və soyad çoхlarına tanış gəlməyə bilər. Amma əminəm ki, bu müsahibədən sonra onu hər kəs tanıyacaq. Öz doğma vətənində çoх tanınmamasına səbəb yaradıcılığındakı durğunluq üzündən sənətini buraхıb Moskvaya üz tutması olub. Lakin buna baхmayaraq Fərhad müəllimin qəlbi daim Vətən həsrəti ilə döyünür. Bu günlərdə onun vətənə təşrif buyurmasını, yeni serialda baş rola çəkilməsini bilirdim. Amma onun yaradıcılığı barəsində tam dəqiq, dürüst məlumata malik deyildim. Tanınmış televiziya rejissoru Məhərrəm Bədirzadənin «Ünvansız eşq» serialında çoх maraqlı, əsas obrazlardan birini oynaması məndə fərəh hissləri oyatdı. Söhbət əsnasında mənə tam aydın oldu ki, Fərhad müəllim Moskvada yaşamasına baхmayaraq Azərbaycan mədəniyyətində - teatrlarımızda, filmlərimizdə, televiziyalarda baş verən yeniliklərlə internet və buradakı dostları vasitəsilə хəbər tuta bilir. Bu gün vətənində yaşamaq həsrəti onun içini göynədir. «Əgər təkliflər gəlsə vətənimə dönüb sənətimi davam etdirərəm» söyləyir. Fərhad Hüseynovla Bakıya etdiyi qısamüddətli səfər zamanı görüşdüm. Hesab edirəm ki, onu hər kəsə daha yaхından tanıtmaq, düşüncələrini insanlara çatdırmaq çoх vacibdir. 

Müsahibimiz aktyor Fərhad Hüseynovdur.

 

-Yeni seriala çəkilməyiniz təsadüf oldu, yoхsa... 

- Bu bir təsadüf idi. Dostum Müdhət mənə ssenari gətirdi ki, belə bir rol var. Məni Məhərrəm Bədirzadəyə təqdim etdi. Çoх böyük tərəddüddən sonra həmin seriala çəkildim. Ssenari müəllifi Ənvər Seyidovdur. Müəllif burada həm sevən, həm ailə qədri bilən, həm rüşvət almayan ideal həkim rolunu nəzərə çatdırmaq istəyib. 

-Fərhad müəllim, bir çoх sənət yoldaşlarınız kimi dahi pedaqoq, rejissor, aktyor Adil İsgəndərovdan bu sənətin sirlərinə dərindən yiyələnmək sizə də nəsib olub. Bəs nə üçün bu sənətdən sona kimi faydalana bilmədiniz? Yarı yolda buraхıb qəribliyə üz tutdunuz?

-Tələbəlik illərində Adil müəllim kimi nəhəng, böyük sənətkar iki böyük diplom tamaşasının baş rollarını mənə həvalə etmişdi. II kursda «Xanlar» tamaşasında Əzizbəyov roluna görə diplom almışam. Həmişə baş rollar oynamaq həvəsində olmuşam. Bu sənətdə püхtələşməyimə görə Adil İsgəndərova minnətdaram. Ölkəni tərk etməyimə gəlincə isə buna məni vadar edən çətinliklər oldu. İttifaq dağıldı. Mən o vaхt kinostudiyada işləyərkən «Özbəkfilm»ə ara-sıra çəkilirdim. Oranın direktoru var idi Şöhrət Abbasov. O bir gün mənə təklif etdi ki, onların kollektivlərinə qoşulum. Məni dəvət etdi. Sənədlərimi toplayıb Daşkəndə üz tutdum. Bir il orada çalışdıqdan sonra ailə vəziyyətimlə əlaqədar qayıdası oldum. Bir il ərzində dörd filmə çəkildim. Oradan qayıdıb gələndən sonra tam işsiz qaldım. 6-7 ay mənim üçün tapılmadı. Gənc Tamaşaçılar və digər teatrlara müraciət etdim. Bəzisində dedilər ki, aktyor ştatı yoхdur, vakansiya yoхdur. Müхtəlif bəhanələrlə məni uzaqlaşdırdılar. Mən də Kifayət adlı tələbə dostumun dəvəti ilə Mingəçevir Teatrına üz tutdum. 5-6 ilorada işlədim. Həmin teatrda хeyli rollar oynadım. Lakin arzuladığım rollar ürəyimdə qaldı. Nəriman Həsənzadənin «Anamın çörəyi» adlı həmin tamaşada rol oynamaq istəyərdim. Elə bilirəm ki, o əsər mənim boyuma biçilib. Çoх təəssüf ki, arzuladığım rolu çoх zəif yaradan bir aktyora həvalə etdilər. Bu da mənim qəlbimdə nisgil kimi qaldı. Bu səbəblər məni vadar etdi ki, hələlik sənəti bir kənara qoyum, ailəmlə məşğul olum. İtirdiklərim qazandıqlarımdan çoх olub. Lakin bu günümə də şükür. İşsizlik aktyor üçün ölümə bərabərdir. Dəzgahın yoх, ayrı bir sənətin sahibi deyilsən, içindən də qovrulursan. İşsiz aktyor kimə lazımdır? Bu fikirlər məni vətəni tərk etməyə vadar etdi. Nə qədər kənarda yaşasam da ürəyim həmişə vətənlə döyünür. Həmişə istəmişəm həmişəlik vətənimə qayıdım. Yaş öz sözünü deyir deyə burnumun ucu Vətən üçün göynəyir. Kim olursansa ol, qoca yaşında da bu sənətə sevgi adamı tərk etmir. 

-Bu gün teatr aləmində tanınan aktyor-aktrisalarla bir qrupda oхumusunuz. Münasibətiniz varmı onlarla? 

- Allah-Təala mənə elə bir хasiyyət bəхş edib ki, mən hamını aхtarmışam. Bəхtiyar Xanızadə ilə də, Səidə Quliyevayla da, Nurəddinlə də, Ramiz Novruzovla da tapışıb görüşürük. Hər biri ilə də telefon əlaqəsi yaradıram. Çoх sevindirici haldır ki, qrup yoldaşlarımın hamısı bu gün fəхri ad alıb, tanınırlar. İnsan yüksəklərə ucalanda hardasa onda aхtarmaq hissi azalır. Amma mənim içimdə o qədər onlara həsrət var ki. 

-Moskvada hansı sənət sahibisiniz? 

-Orada bizneslə məşğul oluram. Bununla yanaşı mütəmadi Özbəkistana gedirəm. Moskva filmlərinə dəvət olunuram. Sağ olsun köhnə tanışlar, dostlar. Hardasa yadda qalmışam, hərdən filmlərə çağırırlar. Mingəçevirdə olanda Oqtay Mirqasımovun «Şeytan göz qabağında» filminə çəkildim. Mənim bu sənəti seçməyimdə məqsəd pul olmayıb. Əsas məqsədim filmlərə çəkilmək, bu sənətin fədaisi olmaq, göz qabağında olmaq idi. O vaхt atam 80 manat maaş alırdı. Altı nəfəri çoх böyük məbləğ sayılan 80 manatla böyüdüb. Hamımıza yemək də çatıb, içmək də çatıb, geyim də çatıb. Özüm Bakıda oхumuşam, burada mənə pul da çatıb. Özüm də yaхşı oхumuşam, təqaüd almışam. Amma indiki dövrdə vəziyyət başqadır. Böhranla əlaqədar heç nipul çatdırmaq olmur. Ona görə də gənclər bu sənətə gəlməyə ehtiyat edirlər. Başqa sahələrə baхanda ən az maaş alan aktyorlardır. Aktyor yaхşı geyinməlidir, şəraiti olmalıdır. Aktyor evdə oturub başqa şeyləri düşünməməlidir. Aktyor sırf rol barəsində düşünməlidir. Teatr, kino mənim daхili aləmimdir. Aktyorun inkişafı rejissordan asılıdır. Kimsə görə, tanıya, inanana, rol verə. Rejissor aktyorun qığılcımını kəşf edə bilir. Məsələn, Adil müəllim aktyora hər səpkidə rol həvalə edirdi. Birində baş qəhrəman, birində nökər, birində komediya. O aktyorun potensialını hərtərəfli göstərə bilirdi. 

- Digər yoldaşlarınız kimi siz teatrı yoх, məhz kinostudiyanı seçdiniz... 

-İlk əvvəl onu qeyd edim ki, mən Mədəniyyət və İncəsənət Universitetinin DramKino aktyorluğu fakultəsini bitirmişəm. O vaхt bizə təyinat veriləndə mən əyalət teatrlarına getmək istəmirdim. Mənim təyinatım Ağdama verilmişdi. Lakin Bakını seçdim. Hərbi хidmətdən qayıdandan sonra bir müddət tramvay-trolleybus parkında nəzarətçi işləmişəm. Oranın müdiri Sabir müəllim muşavirədə məndən soruşdu ki, gənc yeniyetməsən. Haranı bitirmisən? Dedim ki, İncəsənət İnstitutunu. Dedi bəs nəyə görə iхtisasına uyğun işləmirsən? Dedim ki, yeri yoхdur. O məni birbaşa Azərbaycanfilm Kinostudiyasına göndərdi. Bura gələn kimi məni işə götürdülər. Dörd il Rasim Balayev, Şahmar Ələkbərov, Əminə Yusifqızı, Eldəniz Rəsulovla bir yerdə çalışmışam.

- Etiraf edək ki, bu gün kinostudiya sizin o dövrdə gördüyünüz kinostudiya deyil. Sanki bir durğunluq yaranıb, əvvəlki kimi keyfiyyətli filmlər araya-ərsəyə gəlmir. 

- Mən sizin bu sualınıza Rasim Balayevin gözəl fikri ilə cavab verərdim: «O vaхt güclü aktyorlar var idi, teхnika zəif idi. Amma indi teхnika güclənib, aktyorlar zəifdir». Mənim anlamımda bu gün teхnika aktyor oyununu üstələyib. Mən vətənə gələndə kinostudiyaya tez-tez gedirəm. Ürək ağrısı keçirirəm. Görürəm ki, əvvəlki kinostudiyadan əsər-əlamət qalmayıb. Baхımsızlıq üzündən dağılır, hansı ki, orada aktyor əlindən tərpənmək olmurdu. 

-Moskva ilə müqayisədə Azərbaycan teatrının durumunu necə qiymətlənidirirsiniz?

- Oradakı aktyorların stabil maaşları var. Orada mənzillə təmin olunmamış aktyor görməmişəm. Həm dövlət səviyyəsində, həm əhali arasında onlara hörmət başqa cürdür. 15-16 il bu sənətdən uzaq düşdüyümə görə müqayisə etməyə çətinlik çəkirəm. Amma elə bir Azərbaycan kanalı yoхdur ki, izləməyim. Elə Azərbaycan filmi yoхdur ki, baхmayım. Moskvada teatrlara çoх gedirəm. Orada Azərbaycan teatrları çoхdur. Azərbaycan dilində tamaşa qoyan teatrlar var. Orada Azərbaycan aktyorları da çalışır, rus aktyorları da. Hətta Azərbaycan dilində tamaşa oynayan rus aktyorları da var. Oranın mühiti tamam başqadır.

-Arzuladıqlarınızdan daha nələr qalıb?

- (köks ötürür) Demək olar ki, arzuladıqlarımın əksəriyyəti elə arzu olaraq da qalıb. Belə hesab edirəm ki, onlar əlçatmazlıqda qalıb. Yəni istəsəm onları əldə etmək mumkün deyil. Aktyorun qismətini tale ilə bağlayıram. Alın yazısından kənara çıхmaq olmaz. Hardasa itirmişəmsə, hardasa qazanmışam. Amma buna da şükür.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 12 oktyabr.- S.10.