Teymurun özü, Kərbəlayinin səsi, kədərli Novruz hədiyyəsi...

 

Görkəmli aktyorumuz Yusif Vəliyevin həyat hekayəti

 

... O, çoxlarının sevimlisiydi. Həm sənətinə, aktyorluğuna, həm də xasiyyətinə görə. Sənətinə kiminsə irad tutmağa haqqı çatmazdı. Çünki o, çoxdan öz sözünü demişdi. Azərbaycanda “nəhəng aktyor” adını qazanan azsaylı sənətkarlardan birinə çevrilmişdi. Xasiyyətinə görə də onu sevirdilər. Amma yalnız özü kimilər... Bir də o, xüsusilə qadınların sevimlisiydi. Yaraşığına, mavi gözlərinə, cazibəsinə və əzəmət dolu səsinə görə...

... Onu çoxları həm də sevmirdi. Tək aktyorluğuna yox, elə xasiyyətinə görə də. Fitri istedadı, bənzərsiz oyunu bəzi istedadsızların üzə çıxmasına mane olurdu. Bəziləri də onu sadəcə özünə rəqib bilirdi. Elə buna görə də bilərəkdən yolunu kəsir, irəli getməyə, layiq olduğu zirvəyə yüksəlməyə imkan vermirdilər.

 

Bəlkə doğrudan da dedikləri kimi acıdil idi. Ancaq bu da onun düzlüyündən irəli gəlirdi. Həqiqəti sevirdi və onu acı da olsa, bir başa üzə deyirdi. Heç nədən və heç kimdən çəkinmədən, qorxmadan. Yaltaq, ikiüzlü ola bilmirdi. Bu da çoxlarının xoşuna gəlmirdi. Amma həmin sərt, sözü çəkinmədən birbaşa üzə deyən, bəziləri üçün hətta kobud olan o insanın daxilində çoxlarının görə bilmədiyi başqa biri gizlənirdi - səmimi, əli açıq, ürəyi yumşaq, əl tutan, haqq tərəfdarı. Haqsızlığı, ədalətsizliyi qətiyyən qəbul etmirdi. Qarşılaşanda isə onu unutmaq üçün içirdi, sərxoş olmaq istəyirdi... Qəribəsi də odur ki, bu nəhəng aktyor bütün həyatı boyu elə haqsızlığa düçar oldu. Ömrünün əvvəllərindən son gününə qədər... Ancaq heç nə onu dəyişə bilmədi... sınmadı, əqidəsindən dönmədi, əvvəldən necə tanınırdısa, elə o cür də dünyadan köçdü - əsl kişi, əyilməz insan, nəhəng aktyor Yusif Vəliyev kimi...

 

Həyatın ilk zərbəsi – yetimlik...

 

1917-ci il martın 22-də Dərbənddə Abdulla kişinin və Minaxanımın ailəsində daha bir oğlan uşağı dünyaya gəlir. Bu uşaq o qədər gözəl olur ki, hamı onu yaraşıqda Yusifə bənzədir. Elə ona görə də körpəyə Yusif peyğəmbərin adını qoyurlar. Yusif ailənin sağ qalan ikinci oğluydu. Tanrı bu ailəyə bir neçə uşaq payı göndərmişdi. Amma onların çoxu nədənsə sağ qalmırdı. Sonda tale onların üzünə gülür. Ailədə üç oğul - Hüseyn, Yusif və Niftulla böyüməyə başlayır. Ancaq çox keçmir ki, həyat özünün ilk amansız zərbəsini vurur. Bir vaxtlar körpə qığıltısına həsrət qalan bu ailəni bu dəfə ata üzünə, ata qayğısına həsrət qoyur. Və bu üç oğlan uşağı çox erkən yaşda atasız böyümək məcburiyyətində qalır. Həmin illər ailə həqiqətən də böyük çətinliklər yaşayır. Bir tərəfdən də ananın xəstəliyi çəkdikləri zülmü birə beş artırır. Hətta anaları o qədər xəstə olurdu ki, çox vaxt yemək belə bişirə bilmirdi. Odur ki, yeməyi uşaqlar özləri bişirirdilər...

 

Teatrdan cəbhəyə, Şəkidən Bakıya...

 

Qardaşlarından fərqli olaraq Yusif uşaqlıqdan teatra, kinoya maraq göstərir. Elə bu maraq da onu Dərbənddən Bakıya, Teatr Texnikumuna gətirib çıxarır. Texnikumu bitirəndən sonra kurs rəhbəri Həsən Əliyev onları yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına aparır. Beləcə, Yusif Vəliyev aktyor kimi peşəkar səhnəyə ilk dəfə burada çıxır. Çox keçmir ki, uğur qazanmağa başlayır, ona böyük rollar həvalə olunur. Lakin bir neçə ildən sonra o, aktyorluq fəaliyyətinə ara verir. Könüllü cəbhəyə yollanan aktyor teatr səhnəsini döyüş meydanına dəyişir. Ancaq müharibədə az iştirak edir. Yoxluğu teatrda dərhal hiss olunan aktyoru tezliklə geri çağırırlar... Və daha bir neçə il burada işləyir. Ta ki teatr bağlanana qədər. 1948-ci ildə teatr bağlananda Yusif Vəliyev ailəsini də götürüb Bakıya köçür və bütün ömrünü, yaradıcılığını Gənc Tamaşaçılar Teatrı ilə bağlayır. Bu teatrın səhnəsində Vaqif (“Vaqif”), Ovod (“Ovod”), Rüstəm (“Rüstəm və Söhrab”), M.Ə.Sabir (“Sirli şəhər”), “Hacı Qəmbər” (“Hacı Qəmbər”) və digər maraqlı, mürəkkəb, unudulmaz obrazlar yaradır.

 

“Aktyor Yusif Vəliyev rolu direktor Adil İsgəndərovdan daha yaxşı səsləndirir”

 

Yusif Vəliyev teatrla yanaşı kinoda da silinməz izlər qoyur. Çəkildiyi filmlərin sayı o qədər də çox deyil, oynadığı rolları da əsas saymaq olmaz. Amma bu obrazların hər biri elə böyük ustalıqla yaradılıb ki, bu gün də tamaşaçıların yaddaşından silinməyib. Fərəməz (“Zirvə”), Balıqçı (“Sən nə üçün yaşayırsan), Şirməmməd (“Sən niyə susursan?”), Kəndli (“Quzu”), Prorab (“Uşaqlığın son gecəsi”), Səfərəli (“Bir cənub şəhərində”), Fəttah (“Arxadan vurulan zərbə”), Halvaçı (“Qatır Məmməd”), Teymurləng (“Nəsimi”), Qılınc Qurban (“Tütək səsi”)… bunlar Yusif Vəliyevin kino qəhrəmanlarıdır. Bir də “Axırıncı aşırım”da Kərbəlayi İsmayıl. Bu obrazın adını çəkməmək böyük günah olardı. Adil İsgəndərovun ifa etdiyi bu rolu Yusif Vəliyev səsləndirib. Özü də məhz Adil İsgəndərovun şəxsi istəyi ilə. Heç kim də inkar etməz ki, kino tariximizin ölməz simalarından biri olan Kərbəlayi obrazının bu qədər uğur qazanmasının yarı faizi məhz bu səsin payına düşür. Maraqlısı da orasındadır ki, bu iki böyük sənətkarın şəxsi münasibəti soyuq olsa da, Adil İsgəndərov bütün oynadığı rolları Yusif Vəliyevin səsləndirməsini istəyirmiş: “Aktyor Yusif Vəliyev rolu direktor Adil İsgəndərovdan daha yaxşı səsləndirir”. Hətta Topal Teymur roluna da əvvəl Adil İsgəndərov çəkilməli idi. Amma onun təkidi ilə bu obrazı Yusif Vəliyev yaradır. Təbii ki, Adil İsgəndərov Yusif Vəliyevin aktyorluq imkanlarına çox yaxşı bələd idi. Ancaq nədənsə “Azdrama”ya rəhbərlik etdiyi müddətdə Yusif Vəliyevin o teatrda işləməsinə həmişə etiraz edib...

 

Özündən 12 yaş böyük xanımla ailə qurur

 

Yuxarıda da qeyd etdiyimiz kimi, Yusif Vəliyev peşəkar aktyor fəaliyyətinə Şəki teatrında başlayır. Amma bu teatr tək onun yaradıcılığında yox, elə şəxsi həyatında da bir dönüş nöqtəsinə çevrilir. Yenicə işləməyə başladığı vaxtlarda teatrda geyim ustası işləyən Rəbiyyə xanımla tanış olur. Tezliklə bu tanışlıq dostluğa, ardınca məhəbbətə çevrilir. Nəhayət, cütlük birlikdə yaşamağa qərar verir. Aralarındakı yaş fərqinə baxmayaraq. Daha dəqiqi, Rəbiyyə xanım Yusifdən düz 12 yaş böyük idi. Yusifinsə heç 20 yaşı tamam olmamışdı. Ancaq bu yaş fərqinə rəğmən onların arasında böyük sevgi vardı. Yəqin elə bu sevgiyə görə də onlar rəsmi nikaha girməyə belə ehtiyac duymurlar. Münasibətləri rəsmiyyətə çevirmədən Şəkidə ər-arvad kimi bir evdə şad-xürrəm yaşayırlar. Hətta Yusif Vəliyev 1948-ci ildə ailəsi ilə birlikdə Şəkidən Bakıya köçəndə onun artıq 10 və 12 yaşında iki qızı vardı – Naira və Natəvan...

 

Cəmi bir il sürən ikinci ailə həyatı

 

Bakı mühiti aktyorun fəaliyyətində xeyli müsbət irəliləyişlər yaradır. Tezliklə Yusif daha çox tanınmağa, sevilməyə başlayır. Yaratdığı obrazların, onu sevən və sevməyənlərin sayı artır. Bu arada həyat ona daha bir zərbəsini endirir. Çox sevdiyi Rəbiyyə xanımın beyninə qan sızır... və o, ömrünün sonuna qədər bu xəstəliyin fəsadları ilə yaşayır. Elə bu səbəbdən Yusif Vəliyev ikinci dəfə ailə qurmaq məcburiyyətində qalır. Bu dəfə də xanımı işlədiyi teatrdan seçir. Həmkarı, Gənc Tamaşaçılar Teatrının aktrisası Sona Pirverdiyeva ilə ailə qurur. Amma hansısa səbəbdən bu ailənin ömrü çox az olur – cəmi bir il...

 

Üçüncü, əbədi məhəbbət...

 

1965-ci ildə isə 48 yaşlı Yusif Vəliyev yeni, böyük və bu dəfə əbədi olacaq bir məhəbbətlə qarşılaşır. Teatrda yenicə işə başlamış özündən 22 yaş kiçik olan gənc aktrisa Zemfira Sadıqovaya aşiq olur və onların arasında böyük bir sevgi macərası başlayır. O vaxta qədər Zemfira xanım artıq bir dəfə ailə qurmuşdu. 18 yaşı olanda sevdiyi qonşusuna ərə getmişdi. Lakin ixtisasca mühəndis olan həyat yoldaşı çox erkən vəfat edir və bu izdivacdan onun oğlu Pərviz yadigar qalır. Əməkdar artist Zemfira Sadıqova Yusif Vəliyevlə tanış olduqları ilk vaxtları belə xatırlayır: “Mən 1965-ci ildə Mədəniyyət İnstitutunu qurtarıb Gənc Tamaşaçılar Teatrında işləməyə gəldim. Təxminən bir-iki aydan sonra biz artıq görüşməyə başladıq. O, ilk gündən mənə deyirdi ki, “gəl, münasibətlərimizi rəsmiləşdirək”. Doğrusu, mən qorxurdum. Çünki xeyli yaş fərqimiz vardı. Mən onun kiçik qızı ilə yaşıd idim, məndən 22 yaş böyük idi. Ancaq mən onunla görüşəndə birinci həyat yoldaşının sağ olduğunu bilmirdim. Teatrda isə Yusifdən çox çəkinirdilər deyə, bu barədə mənə heç nə deməmişdilər. Mən eşidəndi ki, Rəbiyyə xanım xəstə də olsa, sağdı, çox pis vəziyyətə düşdüm, stress keçirdim. Və Yusifdən ayrılmaq qərarına gəldim. Həmin il də məni Yerevan teatrına dəvət etmişdilər. Bu təklif Yusifdən ayrılmaq üçün mənə bir bəhanə oldu. Razılığımı verdim, anamı və oğlum Pərvizi götürüb Yerevana getdim. Amma orda da mənə o qədər zənglər edirdi, necə məktublar yazırdı... Biz bir-birimizi çox sevirdik. Hər dəfə onunla danışanda, məktubunu alanda ağlayırdım. Ürəyim onu istəyirdi, amma ağlımla başa düşürdüm ki, olmaz, onun birinci xanımı sağdı. Yusif özü də məni dəfələrlə başa salırdı ki, “bəs mən niyə ikinci dəfə evləndim? Rəbiyyə xanım xəstədi, vəziyyəti ağırdı”. Amma mən elə hesab edirdim ki, o qadına bunu etməyə ixtiyarım yoxdu. Təsadüfdənmi, ya zərurətdənmi o aralar məni “Torpaq, dəniz, od, səma” filmində çəkilməyə çağırdılar. Onda Bakıya gəldim. Yusif məni tapdı, dedi “daha səni heç yerə buraxmayacam”. Mənim də ayrılığa dözümüm qalmamışdı. Odur ki, biz nəhayət birlikdə olmaq qərarına gəldik. Yusif bacımın, ana-atamın yanına gəldi, münasibətlərimizdən danışdı. Bacım etiraz etdi ki, “səndən çox böyükdü”. Anam dedi “eybi yoxdu, qocaya gedən quyruq yeyər, cavana gedən yumruq””.

 

İki ildən sonra rəsmi nikaha girirlər

 

Beləcə, fikir ayrılığına baxmayaraq, ailəsi onların birlikdəliyinə razılıq verir. Və bu cütlük həyatlarını, sevgilərini, evlərini paylaşmağa başlayır. Rəsmi nikah kağızı olmadan... “Mən özüm onunla zaksa getmirdim. Fikirləşirdim ki, axı nə mənası var, sevgi belə şeylərə baxmır”, - deyir Zemfira xanım. Amma bir müddət sonra çalışdığı radioda ona deyilən söz fikrini dəyişdirməyə yetərli olur. O sözdən sonra Zemfira Sadıqova və Yusif Vəliyev rəsmi nikah bağlayır: “Mən radioda işləyəndə Yusif özü hər dəfə mənim dalımca gəlirdi, qeydimə qalırdı, paltomu geyindirirdi və biz birlikdə evə gəlirdik. Ancaq çoxları buna pis yanaşdı. Bir qız isə mənə çox iyrənc sözlər dedi, indi o sözləri dilə gətirməyə belə utanıram. Bundan sonra mən fikrimi dəyişdim. Yusif dedi “axı mən sənə demişdim belə olmaz. Təmiz adam elə bilir hamı təmizdi, çirkli elə bilir hamı çirklidi. Gəl rəsmiləşdirək, sən də rahat ol”. Məhz bu cür söz-söhbətlərə son qoymaq məqsədilə biz düz iki ildən sonra nikah kəsdirdik. 1967-ci ildə. Uşağımız isə 5 ildən sonra dünyaya gəldi. O vaxta qədər mən uşaq istəmirdim. Çünki Rəbiyyə xanım sağ idi. Həmişə fikirləşirdim ki, o eşitsə, mənim övladım olub, ona çox pis təsir edər. Onsuz da xəstədir. Bilsə ki, Yusifin evləndiyi qadından uşağı var, bu, ona daha böyük mənəvi zərbə ola bilər. Buna görə 5 il bizim uşağımız olmadı. Yalnız Rəbiyyə xanım rəhmətə gedəndən sonra bizim Bahar dünyaya gəldi. Yusif övladının olmasını çox istəyirdi. Özü də oğlan arzusundaydı. Bir gün Yusifə dedim bilirsən nə var, əgər Allahın yanında sənin hörmətin varsa, qoy sənə oğul versin, mənim hörmətim varsa, qoy Allah mənə qız versin. Ya qismət... Amma mən onu çox sevirdim. Dünyada heç vaxt heç kimi Yusif qədər sevməmişəm. Məndən 22 yaş böyük olsa da, mən bu yaş fərqini heç vaxt hiss etməmişəm. Sevgi həqiqətən də yaşa baxmırmış. 30 ildən çoxdur vəfat edib. Amma yoxluğunu hələ də hiss edirəm. O, mənə tək ər olmayıb. Dost, yoldaş, yol göstərən olub, yolda necə yerimək lazımdı, onu da deyib. Mən ona ərə gedəndə yemək bişirməyi bilmirdim. Bir borş, bir də kotlet bişirirdim. O, mənə hətta yemək bişirməyi də öyrətmişdi”.

 

“Yusif “Azdrama”ya getsəydi, orada rəqabət çox güclü olacaqdı”

 

Həyat yoldaşı deyir ki, Yusif Vəliyev çox qeyri-adi bir insan idi. Ağa ağ, qaraya qara deyərdi. Cavanları çox sevirdi. Hamı onunla işləmək istəyirdi. Çünki ondan öyrənəcəkləri çox şey vardı. Həm də o, başqaları kimi, cavanlara qarşı qısqanclıqla yanaşmırdı. Səhnədə çox tələbkar, məsuliyyətli idi. Vaxtlı vaxtında işində olardı mütləq, gecikməzdi. Onun aktyorluğuna kiminsə şübhə etməyə ixtiyarı belə çatmırdı. Çünki hər şey göz qabağındaydı. Hamı da bilirdi ki, onun potensialı Akademik Dram Teatrı üçün idi, o, məhz akademik səhnəyə çıxmağa layiq idi. Ancaq burda da haqsızlığa düçar olur. Onu “Azdrama”ya getməyə qoymurlar. Hətta Tofiq Kazımov şəxsən onu teatra dəvət etmişdi. Özü də orada işləməyi çox istəyirdi. Amma Gənc Tamaşaçılar Teatrının baş rejissoru Zəfər Nemətov getməyə icazə vermir, deyir, “sən burdan getsən, gərək bütün teatr bağlana”. Əslində “Azdrama”nın kişi aktyorları da bunu cani dildən istəmirdilər: “Mən deyərdim ki, o aktyorların paxıllığı buna imkan vermədi. Çünki onlara çox güclü rəqib gəlirdi. Yusif “Azdrama”ya getsəydi, orada rəqabət çox güclü olacaqdı. Çünki Yusif çox istedadlı aktyor idi. Ümumiyyətlə, ona qarşı çox böyük ədalətsizliklər oldu. Daim haqsızlıqlarla qarşılaşdı. Amma heç vaxt heç kimə ağız açmadı, qapı döymədi, yalvarmadı, əyilmədi”.

 

Mədəniyyət naziri aktyoru tanımayıb...

 

Yusif Vəliyev ömründə bircə dəfə xahiş üçün mədəniyyət nazirinin yanına getdi. O da evlə bağlı problemini həll etmək məqsədilə. İllər sonra aktyora, nəhayət, mənzil vermişdilər. O da lifti olmayan binanın 9-cu mərtəbəsində. “Ürəyi xəstə adamam, çıxıb düşə bilmirəm”, - deyir aktyor. Və dişi bağırsağını kəssə də, qürurunu bir kənara qoyub nazirin qəbuluna gedir. “Bəlkə evimi aşağı mərtəbədəki mənzillərdən birinə dəyişərlər” ümidi ilə... Aktyorun nazirdən etdiyi ilk və son xahişi yerinə yetmir. Hətta deyilənlərə görə, bütün xalqın tanıdığı o böyük aktyoru nazir heç tanımayıbmış...

 

“Yusif öləndən sonra başıma oyun açdılar...”

 

Xalqın artisti olan Yusif Vəliyevə “Xalq artisti” fəxri adı da çox gec verildi. Ölümündən bir il qabaq. Onda aktyor bu adı aldığına heç sevinməmişdi də. “Nəyimə lazımdı, ondansa maaşımı artırardılar”, - demişdi. Əslində o, daxilən çox incimişdi. Layiq olduğu qiyməti vaxtında ona vermədiklərinə görə. Müxtəlif zamanlarda ona haqsızlıqlar etdiklərinə görə. Artıq bu o zamanlardı ki, Yusif Vəliyev səhnəyə demək olar ki çıxmırdı. Daha doğrusu, imkan vermirdilər, şərait yaratmırdılar. Oynadığı tamaşaları repertuardan çıxartmışdılar: “Ağakişi Kazımov teatra baş rejissor gələndən sonra onun bütün tamaşalarını repertuardan çıxardı, bir yeni rol vermədi. Sənəti, səhnəni dəlicəsinə sevən bir aktyor belə halda necə yaşaya bilərdi?! Onu yaşadan səhnə, oynadığı tamaşalar idi. Ancaq Ağakişi Kazımov Yusifin necə sənətkar olduğunu bilə-bilə onu tamaşalardan uzaqlaşdırdı, səhnədən məhrum etdi. Yusif öləndə demişdim ki, Ağakişi onun qəbrinin üstündə danışmasın. Amma o, danışdı. Hələ bu azmış kimi, Yusif öləndən sonra da mənim başıma oyun açdılar. Onlar bizdən aşağı mərtəbədə yaşayırdılar. Yoldaşı, cuhud qızı hər dəfə mənə rast gələndə ağzına gələn söyüşləri söyürdü, təhqir edirdi. Özü də məndən 10 yaş kiçik idi. Səbəbini də bilmirəm ki, niyə belə eləyirdilər. Mən də iki uşaqla, bir də anamla yaşayırdım. Axırda qonşular yığışıb polisə şikayət ərizəsi yazdılar. Getdik polisə. Əvvəl Ağakişi girdi içəri. Yəqin ki, pis şeylər danışdı. Sonra mən girdim. Mənimlə söhbət edəndən sonra kimin kim olduğunu başa düşdülər. Polis onları içəri çağırıb dedi: “Ayıb olsun sizə. Bu danışıqlar kişiyə yaraşmaz. Görmürsüz necə ziyalı qadındır”. Dedi və onları otaqdan qovdu”.

 

“Məni qucaqlayıb çoxlu öpdü, sonra da hönkürüb ağlamağa başladı”

 

Təbii ki, bütün bu ədalətsizliklər, ona vurulan zərbələr təsirsiz ötüşə bilməzdi. Bu da mənfi təsirini səhhətində göstərdi. Ürəyi dözə bilmədi və xəstəlik tapdı. Sağalmaq əvəzinə, ildən-ilə irəlilədi və axırda... Son vaxtlar isə ürəyi heç sözünə baxmırdı, onu yaman incidirdi. Hətta vəziyyət o yerə gəlib çatdı ki, aktyoru xəstəxanaya yerləşdirməyə məcbur oldular. Düz iki ay xəstəxanada yatdı. Qış qurtardı, bahar gəldi və çox sevdiyi bayrama az qaldı - Novruz bayramına: “Martın 17-si yenə xəstəxanaya, yanına getdim. Amma həmin gecə qəribə bir yuxu gördüm. Yusif qara kostyumda içəri girdi. Əlində də sellofan var, içi dolu dərmanla. Dərmanların arasında “Aspirin” sözünü oxudum. Dedi “indi bayrama gəlmişəm, ayın 20-də gedəcəyəm”. Çox pis vəziyyətdə ayıldım yuxudan. Həmin bayram da Yusif xəstə olduğu üçün heç nə bişirmək istəmirdim. Amma Yusif qoymadı, məcbur etdi ki, bişir. Çünki biz hər il mütləq Novruz şirniyyatı bişirirdik. Özü də Novruz bayramını çox sevirdi. 17-si bişirdiyim bayram şirniyyatlarından yığıb Baharla yanına getdik. Söhbətləşdik... Yuxumu da ona danışdım. Məni möhkəm qucaqlayıb, çoxlu-çoxlu öpdü, sonra da hönkürüb ağlamağa başladı. Birinci dəfəydi onu ağlayan görürdüm. Dedim “Yusif, narahat olma, bir az da döz, az qalıb. Sabah konsilium olacaq, görək nə deyirlər axı”. Gəldik evə. Sabah saat 2-də yenə getməliydim. Xəstəxanaya gələn kimi dedilər baş həkimin müavini sizi çağırır. Getdim yanına. Başqa-başqa mövzulardan danışmağa başladı. Birdən xəstəxananın işçilərindən biri içəri girib soruşdu ki, mərhumun pasportunu gətirdiz? Onda başa düşdüm ki, Yusif artıq yoxdu... Ağlamadım, ağlaya bilmədim. Elə yerimdəcə donub qaldım ki, axı necə ola bilər? Demə, səhər durub çayını içib, çörəyini yeyib, siqaretini çəkib, elə oturduğu yerdəcə rəhmətə gedib”.

Beləcə, Yusif Vəliyev 1980-ci ildə 63 yaşına 5 gün, çox sevdiyi Novruz bayramına 2 gün qalmış, bu əziz günü qeyd edə bilmədən həyatla vidalaşdı. Vida mərasimi isə evində oldu. Teatrda keçirilməsinə Zemfira xanım özü icazə vermədi. Deyir, “xalq artisti olsa da, heç ikinci Fəxri Xiyabanda da dəfn etmədilər. Mənə çatan xəbərə görə deyiblər ki, o, buna layiq deyil. Dedim əgər layiq deyilsə, onda qoy cənazə də öz evindən getsin, teatrdan yox”. Cənazəsi isə 3 gün evdə saxlanıldı. Böyük qızı xaricdən gəlib atası ilə vidalaşsın deyə. Və yuxu çin çıxdı... Yusif Vəliyev martın 20-də Novruz bayramı günü torpağa tapşırıldı. “Qurd qapısı” qəbiristanlığında...

 

 

Olaylar.- 2011.- 14 oktyabr.- S.10.