Diaspora Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır

 

Kərim Urmulu: “ÜmumAzərbaycan maraqları və problemləri bizim başlıca hədəfimizdir”

 

İldən-ilə inkişaf edən və dünyanın müxtəlif ölkələrində aktiv fəaliyyət göstərən Azərbaycan diasporu ölkəmizin üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırım siyasətinin yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində ciddi səy göstərirlər. Bu gün qətiyyətlə deyə bilərik ki, dünyanın hər bir ölkəsində güclü Azərbaycan diasporu fəaliyyət göstərir və ölkəmizi layiqincə təmsil edir.

 

Xüsusilə, Avropa ölkələrindəki diaspor təşkilatlarımızın aktiv fəaliyyəti qeyd edilməlidir. Ayrı-ayrı Avropa ölkələrində mövcud olan Azərbaycan diaspor təşkilatları, cəmiyyətlər və mədəniyyət mərkəzlərinin uğurlu fəaliyyətinin nəticəsidir ki, bu gün Avropa məkanında Azərbaycanın səsini bu qitəyə çatdıran bir neçə radio, kütləvi-informasiya vasitəsi mövcuddur. Bu gün Azərbaycanı Avropa məkanında layiqincə təmsil edən, ölkəmizin səsini bu regiona çatdıran təşkilatlardan biri də Azərbaycan Mədəniyyət Ocağı – Danimarka təşkilatıdır. Təşkilatın sədri Kərim Urmulu rəhbərlik etdiyi qurumun yaranma tarixi, bu günə qədər gördüyü işlər barədə danışıb. Bildirib ki, 1986- cı ildə təsis olunan təşkilatın əsas qarşısına qoyduğu məqsəd və vəzifə Azərbaycan diasporunu müxtəlif mədəni tədbirlər daxilində bir araya toplamaqdır. Həmçinin Mədəniyyət Ocağı hər bazar 3 saat olmaqla “Azərbaycan Mədəniyyət Axşamları” tədbiri altında ana dili dərsləri təşkil edir: “Həmçinin uşaqlar və böyüklər üçün dil kursları keçiririk. Əsas məqsəd ana dilimizi qorumaq, eyni zamanda diasporumuzu yeni elmi və texniki tapıntılarla təmin etməkdir. Ümumiyyətlə, Azərbaycanla əlaqədar hər nə varsa, imkan daxilində onu etməyə və ölkəmizi tanıtmağa çalışırıq. ÜmumAzərbaycan maraqları və problemləri bizim başlıca hədəfimizdir”. Təşkilat sədri istər Danimarkada, istərsə də qonşu ölkələrdə faəliyyət göstərən türk təşkilatları ilə də əməkdaşlıq etdiklərini deyib. Bildirib ki, Skandinaviya Türk Federasiyası ilə sıx əlaqələr mövcuddur. Məlumat üçün onu da qeyd edək ki, adı çəkilən təşkilatın təşəbbüsü ilə Danimarkada radio vasitəsilə Azərbaycanla bağlı verilişlər də səsləndirilir. Kərim Urmulu deyib ki, 1996-cı ildən Danimarkanın ikinci böyük şəhəri sayılan Arhus və ətraf şəhərlərdə həftədə iki saat canlı olaraq Azərbaycan dilində yayımlanan “BizimRadio” adında radio verilişləri aparır. Danimarka hökuməti ancaq texnikanı verir və iş yeri açmır. Ona görə başqa xərcləri redaksiya özü ödəməlidir. 1999-cu ildə isə Azərbaycan dilində və altyazıları danimarkaca bir il müddətinə həftədə 5 dəqiqəlik televiziya verilişləri hazırlanaraq yayımlanıb. Təşkilat sədri deyir ki, radio və televiziya yayımlarımızın əsas məqsədi Azərbaycan həqiqətlərini tanıtmaqdan ibarət idi: “Radio verilişlərimizdə hər cür aktual xəbərləri yayımlayırıq. Verilişlər iki, bəzən üç dildə efirə gedir. Bir sözlə Azərbaycanın ümumi problemlərini tanıtmağa cəhd edirik”. Kərim Urmulu Azərbaycan diasporunun hazırkı durumu, mövcud olan problemlər barədə də danışıb. Bildirib ki, diaspora Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır: “Azərbaycan, onun problemləri, eləcə də Azərbaycan mədəniyyətinin nümunələrini tanıtmaq diasporun əsas vəzifəsi olmalıdır. Heç şübhəsiz ki, qlobal məsələlər də bizi maraqlandırır. Ancaq hər şeydən əvvəl millətimizin qayğıları və maraqları gündəmdə olmalıdır”. Kərim Urmulu əslən Güney Azərbaycandan olduğu üçün Danimarkada mütəmadi olaraq Güneydə yaşayan soydaşlarımızın problemləri, İranda insan haqlarının kobud şəkildə pozulduğunu da gündəmə gətirdiyini deyib: “Danimarkada Cənubi Azərbaycan İnsan Haqları Təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatın tədbir və kampaniyalarında yaxından iştirak edirəm. Təşkilat İranda milli və mədəni fəallarımıza qarşı olan təzyiq və həbslərə etiraz əlaməti olaraq mütəmadi şəkildə imzatoplama kampaniyası həyata keçirir. Həmçinin İranda insan haqlarının kobud şəkildə pozulması ilə bağlı Danimarkanın insan haqları təşkilatları, Xarici İşlər Nazirliyi, parlament və digər orqanlara davamlı müraciətlərimiz olur. Bundan başqa hər il dekabr ayında 21 Azər mərasimi keçirib azərbaycanlıları bir araya toplamaq bizim ən əsas işlərimizdən sayılır. 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə də tədbirlərimiz keçirilir. Azərbaycanın müstəqillik günü, eləcə də digər əlamətdar tarixləri təntənəli şəkildə keçirməyə çalışırıq”.

 

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2011.- 15-17 oktyabr.- S.4.