"Bu gün üçün
onunla görünməyi əsas bilmirəm"
İradə
İbrahimova: "Belə bir
layihə olarsa, sevə-sevə
qatılaram".
Müğənni
İradə İbrahimovanın Milli.Az xəbər
portalına müsahibəsi.
-
Qızınız İpək bir neçə
həftədən sonra 1 yaşını
tamamlayacaq. Amma
ictimaiyyətə onu göstərmirsiniz.
Şou-biznesdə ailə piarı deyilən kampaniya
olduğu dönəmdə ona qoşulmursunuz?
-
Qızımı kimlərdənsə fərqləndirmək kimi mövqeyim yoxdur. Sadəcə, bu gün üçün onunla görünməyi əsas bilmirəm. Əvvəla,
o körpədir və kamera,
ictimaiyyətin diqqəti kimi ehtiyac hiss etmir.
Bu, tək mənim fikrim
deyil, atası da bu dönəmdə onu
özümlə ekrana
çıxarmağımı istəmir. Bir
az böyüsün,
belə deyək, poz verməyi bacarsın
(gülür), o zaman yanımda bəzi yerlərə apararam.
- Belə
başa düşdüm
ki, körpənin 1 yaşı qapalı
mühitdə keçəcək?
-
Yəqin ki. Mütləq deyil
ki, bu yaşda
onu göstərməliyəm. Amma dərgilərdən təkliflər
alıram. Ola bilsin,
hansınınsa üz qabığında
ana-bala birlikdə görünərik. Məncə,
bu kifayətdir.
- Doğum günü məclisini,
eşitdiyimə görə, Bakıda təşkil edəcəksiniz.
Türkiyədə yaşadığınız halda, Bakını seçməyinizin səbəbi
nə oldu?
-
Bu, bir ailə qərarıdır.
Ceyhunun (həyat yoldaşı) ata, anası və bir
neçə yaxın dostlarımız var
ki, Bakıya onlarla
birlikdə gələcəyik. Ad günü ilə yanaşı, bu, bir səfər
proqramı olacaq. Qonaq
siyahımıza qohumlar, dostlar
və ailə üzvləri daxildir.
-
İpəkin artıq xarakteri
formalaşır. Hər zaman qəti qərarı,
fərqli xarakteri ilə şou-biznesdə
fərqlənən İradə İbrahimovanın qızı
hansı xüsusiyyətdədir?
-
Mehriban uşaqdır. Çünki
dörd tərəfi sevgi
ilə əhatə olunub. Amma
inadkarlığı da var.
Hərdən deyirik ki,
atası inad, anası inad,
qonşuya oxşamayacaq
ki? (gülür)
- Son açıqlamalarınızda
aldığınız kiloları azaltmaq üçün dietoloq
yanına getdiyini demişdiniz.
Artıq çəki səbəbindən Bakıya gəlişinizdə
efirlərdən imtina edirdiniz.
Son efirə
çıxışınız yaz
aylarında olub. O zamandan
bəri xarici
görünüşünüzdə dəyişiklik oldu?
- Əlbəttə. Əvvəlki
çəkimə yaxınlaşmışam. Çəkim çox artmışdı deyə, azaltmaq da bir
az zaman aldı. Sadəcə,
İpəkə çox diqqət
ayırdım, ilk iməkləməyini görüb, ilk
qığıltısını eşitmək istədim, diqqətimi
ondan ayırmadım. Yetərincə
ana qayğısını göstərməyə
çalışdım. Dayədən daha
çox özüm
ilgiləndim onunla. Artıq böyüyür və yüküm
bir qədər azalır.
Düşünürəm, onunla bərabər
yaradıcılığıma da yetərincə
zaman ayıra biləcəm. Bəzən
deyirlər, ilkindir deyə, üzərində
belə əsirsən. Amma ikinci
övladım da belə olacaq.
Konkret insanam, əgər
uşaq filan saatda yeyib, filan
saatda yatacaqsa mütləq
bunu zamanında eləməliyəm.
- Sənətdə
özünəməxsusluğunuz var.
Söylədiyiniz kimi, konkret
və kəskin. Barənizdə şayiələr də oldu, yad fikirlər də səsləndi.
Amma mövqeyiniz, xarakteriniz heç zaman dəyişmədi. İpək necə, sizi bir az
başqalaşdıra bildimi?
-
İlk dəyişiklik ailə qurandan sonra oldu - susmağı, tez
özundən çıxmamağı, səbirli
olmağı öyrəndim. İpəkdən sonra
rahatlığımdan keçdim. Yuxusuz gecələr, narahat
günlər və s. Amma
bu elə bir ülvi hissdir ki, af-uf eləmirsən. Bir də bəzən
insanlara qarşı laqeyd
olurdum, amma insanın dünyaya gəlməyinin nə qədər
çətin olduğunu anlayınca, bir qədər başqalaşdım. İstər
pis, istərsə də yaxşı insan olsun, hamısına
qarşı mövqeyim dəyişməzdir,
yumşaqdır. Bir də çox kövrək olmuşam.
Hansısa televiziya xəbərinin təsirindən
ağlaya bilirəm. Əsasən də uşaqlarla bağlı üzücü
xəbər eşidəndə kövrəlirəm.
- Barənizdə
müəyyən yaradıcılıq xəbərləri oxusaq da, hələ ki, uzun sürən fasiləni
tam qıra bilməmisiniz. Ola
bilərmi, ailə və uşaq mövzusunda böyük bir layihə ilə görünərsiniz? Bu zaman üçün
təbii alına bilər.
-
Son vaxtlar uşaq mövzusunda o qədər kitablar oxumuşam ki, eyni zamanda bir
ilə yaxın olan təcrübəm
hazırda bu sahədə mükəmməl
ola biləcəyimin göstəricisidir.
Belə bir layihə olarsa,
sevə-sevə qatılaram. Məncə, övladı ilə
və ya övladların valideynlə
münasibəti pis olanları bura cəlb etmək və maraqlı bir iş ortaya
çıxarmaq olar. Bizdə tərbiyə
üsulu bir az fərqli olub - yəni
"sən uşaqsan, otur
yerində", "böyük olan yerdə sus,
danışma" və s. Düzdür, uşaq,
"başından yekə" danışmamalıdır. Amma mən valideynin uşaqla bir dost kimi olmasının tərəfdarıyam.
Məsələn,
mən adi alış-verişə gedəndə,
İpək nə qədər başa düşür bilmirəm, başa
salmağa çalışıram, onunla söhbət edirəm. Onu
tək ailə deyil, Vətən üçün yetişdirməyə
çalışırıq. Bir az əvvəl dedim ki, səbirli olmağı öyrənmişəm.
Uşağımı düzgün tərbiyə
etməklə, həm də özümdə sevmədiyim məqamlardan
azad olmağa
çalışmışam. Bir də həyat
hər zaman insanın üzünə gülmür ki. Onun şirini ilə
acısı da var. Mən
qızımı hər bir zaman üçün
hazır etməyə çalışıram ki,
bu gün sevgi ilə əhatə olunan
övladın, sabah həyatın sərt üzünü görüb,
dünyası dağılmasın.
-
Türkiyəyə təzə köçdüyünüz
dönəmdə türk şou-biznesinə
qatılmayacağınızı bəyan etdiniz.
Amma əksəriyyət həmkarınız
məhz həmin şou-biznesdən bəhrələnir. Siz necə, kənardan özünüzə nə
isə götürürsünüz?
-
Mütləq. Yenilik üçün
bu lazımdır. Hətta bəzi studiyalara gedirik,
musiqiçilərlə tanışlığımız,
şirkətlərlə danışıqlarımız olur. Bütün bunlar Azərbaycanda görəcəyim işlər
üçündür. Çünki
türk şou-biznesinə qatılmaq üçün çox böyük əmək sərfinə ehtiyac var. Mən isə bu etaplara başlamaq
istəmirəm.
- Klip bazarında, bir ildən
artıqdır çəkilən klipinizlə varsınız.
Son aylar yeni mahnılar təqdim etdiniz,
bunların ekran variantını düşünmüsünüz?
-
TMB kanalından klip çəkilişi dəvəti
almışdım və hələlik bunun
üzərində dayanmışam. Bəlkə, başqa ideyalar da ola bilər.
Olaylar.- 2011.- 15-17 oktyabr.- S.13.